Dünyada ilk dəfə Azərbaycanda
üzüm bitkisinin
birinci ilində məhsul əldə
edilməsi mümkün olmuşdur
Üzümçü alimlərimizin yeni
kəşfi
Dünya üzümçülüyü
tarixində qeyri-adi hadisə baş vermişdir. Azərbaycanda
üzüm bitkisindən əkildiyi ildə cüzi də olsa
məhsul alınmışdır. Bəri başdan qeyd edək
ki, bu məsələ üzrə dünya
üzümçülüyündə indiyədək fikir
söylənməyib və həlli mümkün
olmadığından tədqiqatlar belə aparılmayıb.
Üzümlüyün ikinci ilində məhsul verməsi də dünya üzümçülüyü tarixində ilk dəfə bizim eksperimentlərdə rast gəlinib. Həmin vaxtlar bu məsələnin opponentləri müxtəlif iradlar söyləyirdilər. Onların çoxsaylı iradlarından biri və əsası bu idi ki, ikinci ilində üzüm bitkisinin kök sistemi və yarpaq səthi hələ lazımi böyümə səviyyəsinə çatmayıb ki, o məhsul verməyə hazır olsun. İradlarda müəyyən qədər obyektivlik vardır və bu uzaq keçmişdən indiyə qədər dünyada və Azərbaycanda tətbiq edilən ənənəvi becərmə texnologiyasından qaynaqlanır. Bəli, ənənəvi becərmə texnologiyasında üzüm bitkisində bu gün bizim istədiyimiz güc (enerji) olmur. Bunu bilərək ənənəvi becərmə texnologiyasına əks olan yeni konsepsiya hazırladıq. Artıq bir çox illərdir həmin konsepsiya əsasında yeni-orijinal becərmə texnologiyasının tətbiqindən sonra müsbət nəticələr əldə edilir. Göstərilən texnologiyanı super-intensiv becərmə texnologiyası adlandırırıq. Üzümçülükdə super-intensiv məfhumunu ilk dəfə biz işlətmişik və mərhələlər üzrə onun işlənmə mexanizmini də hazırlamışıq. Super-intensiv becərmə texnologiyasının düzgün tətbiqindən üzümlüyün 3-cü, 4-cü və 5-ci illərində müvafiq olaraq hektardan 400-500 sentner, 500-700 sentner və 800-1000 sentner məhsul əldə olunması bizim eksperimentlərdə artıq bir neçə onilliklərdir ki, öz müsbət həllini tapmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetində 2 ildir ki, müsbət yönümlü yenidənqurma işləri aparılır. Tədris və elmi-tədqiqat işləri üçün ayrı-ayrı ixtisas və fənlər üzrə ayrılan torpaq sahəsində müxtəlif kafedralar eksperiment aparmağa başlayıblar. O cümlədən üzümçülük kafedrası da 2010-cu ildə aqronomluq korpusunun həyətində 70 koldan ibarət müxtəlif sortlardan üzümlük salmışdır. Üzümlük çoxdan həyatda reallaşdırdığımız super-intensiv becərmə texnologiyasının tələbləri əsasında salınmış və becərmə işləri də bu istiqamətdə aparılmışdır. Ənənəvi becərmə texnologiyasından fərqli olaraq super-intensiv becərmə texnologiyasında yaşıl əməliyyatın tətbiqi ilə orada becərmə işləri üzüm bitkisində yerüstü hissənin sürətlə böyüməsinin və formalaşmasının təmin edilməsinə yönəldilməlidir. Bu il də göstərilən qaydalara ciddi şəkildə əməl etdik. Ancaq salxım əmələ gətirmək məqsədilə müəyyən etdiyimiz məsafədə (yaşıl zoğun uzunu boyu) yaşıl zoğun ucunu qırpmaqla gələcəyin məhsulunu bu il oyatdıq. Bu sətirləri oxuduqda üzümçülər deyə bilər ki, burada heyrətləndirici nə var? Hamı bilir ki, yaşıl zoğun ucu qırpılmadıqda belə bic zoğları yaranır və onların bir qismində salxım olur. Yaşıl zoğların ucu qırpıldıqda isə bu proses sürətlənir. Hər iki halda olan salxım üzüm bitkisinin 2-ci məhsulu adlanır və üzümçülər bu məsələni yaxşı bilir. Ancaq bizim aldığımız məhsul gələn ilin əsas məhsuludur və ikinci məhsul adlandırıla bilməz.
Bir kolda 7 ədəd salxım var idi (irili-xırdalı). Sual olunur: cari ilin mart ayında əkilən üzüm bitkisinə bu qədər yük verilməsi nə dərəcədə düzgündür? Axı kolda əməliyyat aparılması ənənəvi becərmə texnologiyasının leksikonunda olmayıb. Yuxarıda qeyd etdik ki, ənənəvi becərmə texnologiyasına görə birinci ildə üzümlükdə kol üzərində heç bir əməliyyat aparılmamalıdır. Bir növ kol sərbəst buraxılmalıdır. Belə olduqda kol gələcəyə bir qədər güc toplayır. Bununla ənənəvi becərmə texnologiyası özü-özünü inkar etmiş olur. Əgər kol müəyyən qədər güc toplaya bilirsə, onda nə üçün 2-ci ildə kol yenidən 2-3 gözcüyə kəsilir? Qeyd edək ki, göstərilən yaşda becərmə texnologiyası üzüm bitkisinin potensial gücündən istifadənin səviyyəsini aça bilmir. Ancaq işləyib hazırladığımız yeni becərmə texnologiyası bitkidə əlavə potensial güc yaradır. Əlavə potensial güc nədir? Ənənəvi becərmə texnologiyasında kolda heç bir əməliyyat aparılmır. Nə qədər zoğ və yarpaq varsa hamısı saxlanılır. Bizim texnologiyada isə kolda yalnız bir ədəd yaşıl zoğ saxlanılır və xüsusi qayda ilə becərilir, eyni zamanda, dayağa qaldırılır. İlk vaxtlar ənənəvi texnologiyada olan kollarda zoğ və yarpaqlar çox olur. Ola bilsin bəzi kollarda bu çoxluq axıra kimi davam edir, ancaq bu mütləq həqiqətdir ki, yarpaq səthi lazımi həddə çatmır. Bizim texnologiyada kolda saxlanan bir ədəd zoğ 5-10 dəfə uzun olur. Elə cari ildə bizim üzümlükdə zoğlar 4-5 metr uzanmışdır. Məhsulu olan kolda yarpaq səthi 1,2 m2 -ə çatmışdır. Bundan başqa ənənəvi becərmə texnologiyasında zoğlar torpağın səthi ilə üfüqi böyüdüyündən onların təbii böyümə qanunauyğunluğuna görə polyarlığı məhdudlaşır. Yeni becərmə texnologiyasında isə zoğlar şaquli böyüdüyündən polyarlıq onlarda maksimum həddə çatır. Buna aid epizodik bir misal çəkmək istəyirəm. 2005-ci il aprel ayının 4-də Göygöl şəhərinin ətrafında "Aqro-Azərinvest" MMC-yə məxsus sahədə Fransadan gətirilmiş tinglərdən ibarət üzümlük saldıq. Üzümlük bizim texnologiya əsasında becərildi və həmin il sentyabrın 15-də tingi bizə satan adlı - sanlı Fransa fermerləri assosiasiyasının sədri cənab Terri Frerez həmin təsərrüfata gəldi və təsərrüfatın rəhbərliyi ilə birlikdə onu həmin üzümlüyə apardıq. Üzümlük çox yüksək aqrofonda becərilmişdi və bir neçə yaşı olan üzümlüyü xatırladırdı. O, mənə sual verdi ki, bu üzümlüyün neçə yaşı var? Cavabında bildirdim ki, bu il sizdən aldığımız tinglər hesabına saldığımız üzümlükdür. Qonaq heyrətini gizlədə bilməyərək dedi ki, mən heç vaxt heç yerdə belə sürətlə formalaşan üzümlük görməmişəm. Onu da qeyd edim ki, Fransada "Kontard Frerez" firması çox yüksək keyfiyyətli və enerjili ting istehsalı texnologiyasına malikdir.
Yuxarıda qeyd etdiyimiz məsələyə - üzümlüyün birinci ilindəki məhsula qayıdaq. Kolda olan çiçək qrupları iyul ayının birinci ongünlüyündə çiçəklədi və normal gilələr əmələ gəldi və oktyabr ayının ilk 5 günlüyündə yetişməyə başladı. Ancaq havalar sərin keçdiyindən gilələrin yetişməsi ləngidi. Həm də sortumuz çox gec yetişən sortlar qrupuna daxildir (Bayanşirə). Tez və yaxud orta tez yetişən sortlardan olsa idi bəlkə də, 20-25 gün bundan əvvəl tam yetişmiş olardı. Bugünkü tarixə-dekabrın 13-nə məhsul kolun üstündədir və yeyilmə yetişkənliyi mərhələsindədir.
Bu məsələ yarı təsadüf, yarı zərurətdir. Üzümlüyü salanda 2010-cu ildə proqramımızda məhsul məsələsi yox idi. Bu fikir bizdə sonradan yarandı və nəticəsi də izah etdiyimiz kimidir. Məqsəd super-intensiv becərmə texnologiyası fonunda üzüm bitkisini sürətlə böyüdüb və formalaşdırıb ikinci ildən etibarən məhsul əldə etmək olub.
İşin gedişində müşahidələr və analizlər göstərdi ki, biz bu məsələnin müsbət həllinə nail olmuşuq. Yəni, 2011-ci ildə həmin bitkilərdə müəyyən qədər məhsulun (hektardan 6-8 ton hesabı ilə) əsası qoyulmuşdur. Ancaq üzüm bitkisinin 1-ci ilində alınan məhsulu heç də təsadüfün nəticəsi hesab etmək olmaz. Təhlillər göstərir ki, burada bir qanunauyğunluq vardır. Əgər gələcəyin bar orqanları cari ildə əmələ gəlib formalaşırsa, əlverişli şərait yaratmaqla onun əmələ gəlmə məsələsini, formalaşmasını və oyadılmasını tezləşdirmək nəzəri cəhətdən mümkündür. Ancaq qeyd olunan hadisə birinci dəfə bizə rast gəldiyinə və dünyanın heç yerində də təsadüf olunmadığına görə bu məsələ üzrə tamamilə yeni konsepsiya irəli sürmək mümkündür. Artıq bu konsepsiyanın ilkin variantları bizdə formalaşmaqdadır. Üzüm bitkisinin ilkin mərhələsində onun inkişaf prosesinə müəyyən dəyişiklik aparılması lazım gəlir və bu iş üçün o qədər də böyük olmayan xərc tələb olunur. Yeri gəlmişkən daha bir epizodu yada salmaq istəyirəm. Keçən əsrin 70-ci illərində SSRİ-nin cənub rayonlarından şimala-əsas sənaye və mədəniyyət mərkəzlərinə hər il 1 milyon tona qədər süfrə üzümü göndərilirdi. Leninqraddakı (Sankt Peterburq) Aqrofizika İnstitutunun "Svet" laboratoriyasının müdiri professor Moşkov o vaxtlar hidraponika ilə məşğul olurdu və hidroponika şəraitində üzüm çubuqları əkib onların hərəsindən bir ədəd salxım alırdı. Çoxlu miqdarda üzüm məhsulunun daşınmasının çətinliyini görüb Dövlət orqanları professor Moşkova müraciət etdi ki, daha bəsdir laboratoriyada işlədiyin, gəl bu işləri geniş və açıq sahədə apar. O, cavabında bildirmişdir ki, laboratoriya şəraiti açıq sahədə yaradılsa bu məsələnin həllinə girişmək olar. Ancaq prosesin ağırlığına və çox vəsait tələb etdiyinə görə o vaxtlar həmin məsələnin həlli mümkün olmamışdır. Lakin bizim təklif etdiyimiz məsələnin reallaşmasına çox cüzi vəsait tələb olunur.
İstərdik ki, 30-40 il müddətində üzümçülükdə aşkar etdiyimiz bir çox kəşflərin: üzüm bitkisinin 2-ci ilində hektardan 60-80, 3-cü ilində 400-500, 4-cü ilində 500-700, 5-ci ilində isə 800-1000 sentner məhsul alınması , belə çox yüksək məhsul əldə edilməsini təmin edən yeni modifikasiyalı geniş fəzalı şpalerin yaradılması və üzümlükdə bilavasitə kol ilə bağlı işlərin 60-65 faiz azaldılmasını təmin edən yeni modifikasiyalı şaquli şpalerin kəşfi Azərbaycan Respublikası ilə bağlı olduğu kimi, üzümlüyün birinci ilindəki məhsul məsələsi də respublikamızla bağlı olsun. Bu kimi kəşflər haqqında çoxsaylı mərkəzi mətbuat səhifələrində yazılar dərc olunması, yerli və mərkəzi televiziya kanallarında mütəmadi verilişlər hazırlanması əldə olunan uğurlarımızın geniş ictimaiyyətə çatdırılmasına kömək göstərərdi. Digər tərəfdən aidiyyətı təşkilatlar bu işlərlə ciddi şəkildə maraqlanmalı, alimlərimizə hər cür kömək göstərməlidirlər. Üzümçülüyün əldə etdiyi uğurlar yerli sahibkar və fermerlərə təbliğ edilməli, bu sahənin inkişaf etdirilməsi üçün zəruri addımlar atılmalıdır.
Şəxsi təşəbbüsümuzlə İtaliyanın "VCR" şirkəti, Fransanın "Kontard Frerez" firması, Türkiyənin "Sun fidan" firması və hətta Çin XR-nın bir firması ilə tanışlıq əlaqələri yaratmış, ancaq onlarla işgüzar münasibətlərin qurulması tək-tək insanların imkanı xaricində olduğundan uzunmüddətli əməkdaşlığımızı davam etdirə bilməmişik.
Yeri gəlmişkən qeyd edim ki, bu gün respublikamıza calaq ting ancaq xaricdən gətirilir. Bu işin özümüzdə təşkili üçün Çindən başqa göstərdiyimiz digər ölkə şirkət və firmaları ilə danışıqlar aparmışıq. Bu vacib məsələ də dövlət dəstəyi olmadığından indiyədək həllini tapmayıb. Əminəm ki, lazımi investisiya qoyulsa qeyd olunan problemin öhdəsindən layiqincə gələrik.
Üzümçülüyün inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqində kadr məsələsi günümüzün ən aktual problemlərindəndir. Respublikamızda sanballı üzümçü mütəxəssislər çox azdır və onların əksəriyyəti üzümçülüyün qeyd olunan məsələlərindən xəbərsizdirlər.
Sırf üzümçü mütəxəssis hazırlığının iki yolunu təklif edərdim. Birincisi, aqronomluq ixtisası nəzdində üzümçülük ixtisaslaşmasının təsis edilməsi, ikincisi meyvə-tərəvəzçilik və üzümçülük kafedrasının nəzdində 6 aylıq və yaxud bir illik üzümçülük kursunun rəsmiləşdirilməsi.
Universitetimizin üzümçülük kafedrasının nəzdində son illərə qədər 6 aylıq kurslar fəaliyyət göstərmişdir. "Üzümçülük" məktəbi adlandırıdğımız kurslara tələbələr təsərrüfatların sifarişi əsasında gəlirlər. Həmin kursda tələbələr yalnız üzümçülüklə məşğul olmuşlar, onlara az miqdarda nəzəri məsələlər izah edilmiş: əksər dərs saatlarında isə onlar işləmiş və praktiki vərdişlər əldə etmişlər. Hazırda kursu bitirənlərin əksəriyyəti respublikamızın üzümçülük təsərrüfatlarında müvəffəqiyyətlə çalışırlar. Etiraf edim ki, bəzən müdavimlər o dərəcədə püxtələşirlər ki, ali təhsilli üzümçü mütəxəssislər onlarla ayaqlaşa bilmirlər.
Famil ŞƏRİFOV,
ADAU-nun meyvə-tərəvəzçilik
və üzümçülük
kafedrasının müdiri, əməkdar
müəllim, professor
Xalq qəzeti.-2010.-16 dekabr.-S.6.