Rusiya mətbuatı
səhifələrində Azərbaycanla bağlı sevgi dolu
sətirlər
"Azərbaycan",
"Xəzər" və "Kəlamın sirli
dünyası"...
Təxminən 70 il dünyanın
ən güclü və mötəbər ədəbi mərkəzlərindən
olan SSRİ Yazıçılar
İttifaqının dağılmasından
sonra bilavasitə həmin təşkilatın
hüquqi varisi rolunu oynayacaq bir ədəbi qurum formalaşdırılmışdı.
Belə ki, 1992-ci ilin iyun ayında
SSRİ Yazıçılar İttifaqının IX qurultayında
Yazıçılar Birliklərinin
Beynəlxalq İttifaqı
adlı yeni təşkilat yaradılması
barədə qərar
qəbul edilmiş, orada Rusiyanın və postsovet ölkələrinin 37 yaradıcı
təşkilatının təmsil
olunmasına imkan yaradılmışdı. Hazırda
bu təşkilatın
İcraiyyə Komitəsinə Müstəqil
Dövlətlər Birliyi
ölkələrini təmsil
edən 41 yazıçı
daxildir. Təşkilatın "Ümumyazıçılar
Ədəbiyyat qəzeti"
("Obşepisatelskaya literaturnaya
qazeta") və
"Xəbərlər almanaxı"
adlı iki mətbuat vasitəsi işıq üzü görür. İndi haqqında söz açacağımız Xaydar
Bedretdinov da həm təşkilatın
İcraiyyə Komitəsinin
üzvü, həm də adı çəkilən mətbuat
vasitələrinin ən
fəal müəlliflərindən
biridir.
Xaydar Süleymanoviç Bedretdinov türk əsilli şair-tədqiqatçı
olduğuna görə
Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Tatarıstan
və Türkiyə ilə bağlı çoxsaylı ədəbi-təhlili
materialların və şeirlərin müəllifidir.
Təsadüfi deyildir
ki, onun çoxsaylı kitablarından
biri də məhz "Türk motivləri" adlanır.
Moskva ədəbi ictimaiyyətinin
üzvləri Xaydar Bedretdinovun hərbçi kimi Əfqanıstanda olduğu illərdə qələmə aldığı
şeirlərdən ibarət
"Əfqan gündəliyi"
və sonradan türk dünyasını
dolaşaraq yazdığı
"Türk motivləri"
kitablarını daha yüksək qiymətləndirirlər.
Bu günlərdə isə şairin həm təmsil etdiyi təşkilatın internet səhifəsində,
həm də yuxarıda adını çəkdiyimiz "Ümumyazıçılar
Ədəbiyyat qəzeti"ndə Azərbaycanla bağlı bir sıra materialları verilmişdir. Bedretdinov Rusiya Federasiyası
Yazıçılar İttifaqının
göndərişi ilə
Bakıda - böyük
rus şairi Sergey Yeseninin anadan olmasının 115 illiyi münasibətilə
keçirilən tədbirlərdə
iştirak etdikdən sonra qələmə aldığı "Azərbaycan"
şeirini "Salam, xoşbəxt, gözəl
diyar, dostlar üçün açıq süfrə"
- ifadələri ilə
başlayır. "Xəzər"
şeirində isə
bu diyarın qanlı-qadalı tarixini yada salaraq belə
bir ümid ifadə edir ki, Xəzər daha silahların deyil, neftçilərin, balıqçıların və
... dənizçilərin dənizi
olacaqdır. "Bazarda"
və "Şair"
şeirləri də başdan-başa Azərbaycan
koloriti üzərində
qurulmuş, dostluq, qardaşlıq tellərinin
zənginləşdirilməsinə xidmət edən sətirlərdən ibarətdir.
Tədqiqatçı şairin
"Ümumyazıçılar Ədəbiyyat qəzeti"ndə verilmiş "Kəlamın sirli dünyası" adlı
növbəti bədii
yazısı da Azərbaycanla bağlıdır.
Azərbaycan, Türkiyə və
Rusiya Federasiyası Yazıçılar Birliklərinin
və Avrasiya Yazıçılar Liqasının
üzvü, yazıçı-filosof
Hacı Fərhad Mirzənin Moskvada nəşr edilmiş
"Kalamı" ("Kəlamlar")
kitabına yazılmış
geniş ressenziya Moskva ədəbi ictimaiyyəti tərəfindən
maraqla qarşılanmışdır.
"Kəlamlar" kitabını
sevərək oxuduğunu
qeyd edən şair yazır: "Bu bir həqiqətdir ki, Tanrı yer üzünə öz mənəviyyat müəllimlərini
göndərərkən sosial
yeniləşməni və
ya texniki tərəqqini deyil, cəmiyyətin əxlaqi qüdrətini dirçəltmək
məqsədi daşıyır.
Çünki cəmiyyət
üçün ən
vacib məsələ
məhz əxlaqi dəyərlərin
aşınmasının qarşısının
alınmasıdır... Belə
müəllimlərdən biri
olan Hacı Fərhad Mirzə öz ana dilindən
əlavə üç
dildə dünyanı
gəzən "Kəlamlar"
kitabını ərsəyə
gətirmək üçün
titanik bir əmək sərf etmişdir".
Azərbaycanlı filosof-mütəkəllimin kəlamlarının bədii-fəlsəfi
mahiyyəti, müasir
dünya, xüsusən,
insanları beynəlxalq
aləmdə baş verən mənfi çalarlı ictimai-siyasi
proseslərdən, eləcə
də təbii kataklizmlərdən daha az itki ilə
xilas etmək üçün söylənilən
çağırışların
əhəmiyyəti barədə
geniş söz açan Bedretdinov bu kitabı rus dilində oxumaq imkanından da məmnunluq ifadə edir. Onun fikrincə, tərcüməçi "Kəlamlar"ı rus dilinə
çevirərkən orijinaldakı
sözlərin sehrini,
müəllifin özünü
ifadə etmək istəyini, fikirlərin söz və musiqi əhəmiyyətini
saxlamağa nail olmuşdur: "Dil
mədəniyyətinin, şeir
ənənəsinin, bu
məqamda şeirin enerjisinin - insanlarda vicdanın oyanmasına, mənəvi gücün hərəkətə gəlməsinə
səbəb olan gücün saxlanması -
bütün bunlar tərcüməçinin ustalığıdır".
Qeyd edək ki, "Kəlamlar" kitabını rus dilinə fəlsəfə
elmləri doktoru, professor Əli Abbasov tərcümə etmişdir.
Yazıçılar Birliklərinin Beynəlxalq
İttifaqının internet
səhifəsində bildirilir
ki, Xaydar Bedretdinov Azərbaycanlı
yazıçının kitabı
haqqında resenziyanı
Rusiya Federasiyası Yazıçılar Birliyi
Moskva şəhər
təşkilatının sifarişi
ilə yazmışdır.
Ölkəmizin və
xalqımızın dostu
olan Xaydar Bedretdinovun 65 illik yubileyi Moskva ədəbi ictimaiyyəti tərəfindən
təntənə ilə
qeyd edilir və biz də
həmin təbriklərə
qoşuluruq.
Natəvan İSMAYILLI
Xalq qəzeti.-2010.-16 dekabr.-S.6.