Heydər Əliyev bütün
varlığı ilə Azərbaycana bağlı idi
Artıq yeddinci ildir ki, ulu öndərimiz Heydər Əliyev əbədiyyətə qovuşub, insanların qəlbinə, ürəyinə köçüb. Ötən müddətdə bu dahi şəxsiyyətin xatirəsi daim ehtiramla anılıb, onun liderlik keyfiyyətləri, siyasi dühası hörmətlə, məhəbbətlə qeyd olunub. Böyük vətənpərvər, dahi azərbaycanlı kimi tarixin yüksək qiymətini alan Heydər Əliyevin təməlini qoyduğu siyasət, banisi olduğu dövlətçilik xətti bu gün də yaşayır. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi onun memarı olduğu Azərbaycan dövlətinin inkişaf və yüksəlişində, çiçəklənməsində ən bariz şəkildə öz təsdiqini tapmışdır.
Azərbaycanın dünəni də, bu günü də gözümüz önundədir. Xalqımızın başı hansı bəlalar çəkdiyini yaxşı bilirik. Mən qətiyyətlə, cəsarətlə deyərdim ki, Azərbaycan ən xoşbəxt, firavan dövrünü ulu öndərin rəhbərliyi illərində yaşayıb. Heydər Əliyev Azərbaycana rəhbərliyə gələnə, yəni 1969-cu ilə qədər ölkəmiz geridə qalmış aqrar bir respublika idi. Zəngin sərvətləri olan xalqımız ehtiyac içində yaşayırdı. Ulu öndər rayonlara səfər edir, adamlarla görüşür, onların problemlərini öyrənir, kəndin, aqrar sahənin, infrastrukturun geridə qalmasının səbəblərini araşdırır, onu inkişaf etdirməyin yollarını təhlil edirdi. Tikinti-quruculuq işlərinə xüsusi əhəmiyyət verirdi. O illər gənc olsam da yaxşı xatırlayıram, Azərbaycanın elə bir kəndi, qəsəbəsi, şəhəri yox idi ki, orada tikinti-quruculuq işləri aparılmasın. Yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilirdi...
Mən bir məqamı xüsusi vurğulamaq istərdim. Vəzifə həmişə insanlardan yüksək məsuliyyət tələb edir. Eyni zamanda vəzifə tutan şəxsdən, xüsusilə o, dövlət rəhbəri olduqda, ondan həyatda fitri idarəetmə bacarığı, zəngin təcrübə tələb olunur. Əksinə, sadalanan keyfiyyətlər vəzifəli şəxsdə yoxdursa, o, tez bir zamanda xalqın inamını itirir, yaddaşlardan silinir... Heydər Əliyevin xoşbəxtliyi onda idi ki, xalq tərəfindən sevilirdi, fitri istedadı, idarəetmə qabiliyyəti ilə xalqın dərin sevgisini qazanmışdı. O, bütün mənalı həyatını Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə, insanların firavan yaşamasına həsr etmişdi. Məhz elə buna görə də xalqımız bu dahi şəxsiyyəti ölkənin başının üstünü qara buludlar aldığı təlatümlü günlərdə yenidən hakimiyyətə gətirdi...
Heydər Əliyevi nadir dövlət xadimi edən, onu ucalara qaldıran, xalqın ümummilli liderinə çevirən keyfiyyətlərdən birincisi onun xalqına qırılmaz tellərlə bağlı olması idi. O, heç zaman xalqından aralı düşmədi, onunla birgə oldu - yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə fəxr etdi ulu öndər. Bütün şərəfli ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, Azərbaycanın dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına sərf etdi. Bundan heç vaxt, heç zaman yorulub-usanmadı, xalqına namuslu xidməti hər şeydən uca tutdu. Güclü, yenilməz və müstəqil bir dövlət qurdu...
Bəli, ulu öndər müstəsna idarəetmə bacarığı ilə ötən əsrin 60-cı illərinin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş İttifaq miqyasında son sıralarda dayanan Azərbaycanı qısa müddətdə öncül mövqelərə çıxarmağa müvəffəq oldu. Sənayedə, kənd təsərrüfatında tətbiq olunan səmərəli idarəçilik mexanizmlərinin nəticəsi olaraq 70-80-ci illərdə ictimai məhsulun və milli gəlirin həcmi ayrılıqda 2,1 dəfə, o cümlədən, sənaye istehsalının həcmi 2,2 dəfə, əmək məhsuldarlığı 67 faiz artdı. Təkcə 1971-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44, milli gəlirin ümumi həcmi 39 faiz artmış, sənayedə məhsul artımının 76 faizi əmək məhsuldarlığının yüksəlməsi hesabına əldə edilmişdi.
Həmin illərdə milli iqtisadiyyatda neft sənayesinin prioritet rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına da xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlamış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O zaman respublikanın neft maşınqayırması keçmiş İttifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini istehsal edirdi. Həmin illərdə İttifaq miqyasında yeni yataqların kəşfiyyatı, işlənməsi ilə bağlı əsas yeniliklər də Azərbaycanın payına düşürdü. Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdı. Geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artması nəticəsində 8 yeni yataq kəşf edilmiş, sənaye istehsalı artımı neftçıxarmada və qaz sektorunda dəfələrlə çoxalmışdı.
Ulu öndərin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdı. Həmin illərdə yaradılan neft donanmasının tərkibində təchizat gəmiləri, borudüzənlər, üzən xüsusi seysmik tədqiqat və axtarış qurğuları var idi. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı sahəsində aparıcı respublikalardan idi və bu töhfələr bilavasitə ölkəmizin inkişafına yönəldilirdi.
Ümumiyyətlə, Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə İttifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşırdı. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərmişdi. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu ki, bu da Azərbaycan üçün son 10 ildə ən aşağı artım tempi idi. Bu, yeni istehsal güclərinin vaxtında işə salınmaması, hasilat sənayesində kəskin azalma ilə əlaqədar idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər üzündən iqtisadiyyatında tənəzzül, böhranlar və əks proseslərin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı...
Belə vəziyyətdə Azərbaycanı yaranmış daxili və xarici təhlükələrdən hifz edə biləcək, onu həqiqi müstəqillyinə qovuşduracaq, bazar iqtisadiyyatına sürətli keçidini təmin edəcək yeganə şəxs, ümid yeri hələ SSRİ dönəmində göstərdiyi fəaliyyətinə görə adı ölkəmizin tarixində qızıl hərflərlə həkk olunan ümummilli lider Heydər Əliyev idi. Bu mənada ulu öndərin yenidən hakimiyyət rəhbərliyinə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas etməsi üçün xalqın istək və təkidli tələbi tamamilə təbii xarakter daşıyırdı. Beləliklə, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyət başına gələn Heydər Əliyev müstəqil Azərbaycanın, eləcə də azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycanın qısa zaman kəsiyində iqtisadi sferada böyük uğurlara imza atması bu sahədə də uğurlu idarəçiliyin, Heydər Əliyev uzaqgörənliyinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi idi.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaos yaratmışdı. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmış, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Bir sözlə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.
Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti tərəfindən "Əsrin müqaviləsinin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ulu öndərimizin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 32 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkə Azərbaycandır.
Heydər Əliyevin uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi hazırda demək olar ki, 100 faizə çatmışdır. Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.
Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Dahi rəhbərin səyi ilə Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.
Heydər Əliyev strategiyasının uğurla həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə - XX əsrin sonunda Azərbaycanda iqtisadiyyatın dörd vacib seqmentinin - yanacaq-energetika ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatı və onunla bağlı sənaye kompleksinin, regionların istifadə olunmamış əmək və iqtisadi imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunması hökumətin strateji məqsədi hesab edilmişdir. Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir.
Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Respublikamızda özəl sektorun dinamik inkişafı həm də dövlətlə münasibətlərin sivil və işgüzar, qarşılıqlı faydalı xarakteri ilə şərtlənmişdir. Heydər Əliyev iş adamlarının hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları 2003-cü ilin oktyabrından bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızı sürətli tərəqqi yoluna çıxarmış, onun davamlı və tarazlı inkişafını təmin etmişdir. Son yeddi il yarımda respublikamızda həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəldilmişdir. Cənab İlham Əliyev yürütdüyü siyasətin gerçəkliyə adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ölkə həyatında yeni intibah mərhələsinin başlanmasına nail olmuşdur.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmış, regionların tarazlı və davamlı inkişafı, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində ardıcıl tədbirlər sistemi həyata keçirmişdir. "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" - deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun - sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə, davamlı tərəqqiyə zəmin yaradan investisiya layihələrinin gerçəkləşməsinə xüsusi diqqətlə yanaşır.
Qeyri-neft sektorunun tərəqqisi ilk növbədə özəl sektorun, sahibkarlığın inkişafından keçir. Təsadüfi deyil ki, hələ 2004-cü il fevralın 1-də yerli sahibkarlarla görüşən dövlət başçısı İlham Əliyev onların fəaliyyətinə hər cür təşkilati dəstəyin göstəriləcəyini, qanunvericiliyin təkmilləşdiriləcəyini, maliyyə-kredit təminatının yaxşılaşdırılacağını bəyan etmişdir. Ötən müddətdə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, inhisarçılığa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın və qanunun imzalanması və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanmışdır...
Elşad
ABBASOV,
EMBAWOOD
şirkətinin prezidenti
Xalq
qəzeti.- 2010.- 12 dekabr.- S.4.