Quba: Azərbaycanın İsveçrəsi

 

Axırıncı dəfə 80-ci illərin ortalarında Azərbaycanda olmuş ukraynalı alim dostum Vitali Xarlamov bu yaxınlarda Azıx mağarasının kəşfinin 50 illiyi ilə bağlı keçirilən beynəlxalq elmi konfransda iştirak etmək məqsədilə yenidən Bakıya gəlmişdi. Onunla "İrsad" otelində keçirilən tədbir öncəsi görüşdük. İlk sözü bu oldu:

- Afərin sizə! Bakını tanımadım. Paytaxtınız az vaxtda necə də dəyişib?! Hava limanından şəhərə gələnədək bir anlığa elə düşündüm ki, görünür, səhv gəlmişəm, bu mənim gördüyüm, mənim tanıdığım Bakı deyil! Siz paytaxtı tamamilə yenidən tikmisiniz. Bura Avropa şəhərlərindən heç nə ilə seçilmir.

Dostumun ürəyi dolu idi. O, hələ ki, ötəri olaraq yolüstü gördüklərinin təəssüratları barədə danışırdı. Vitaliyə bildirdim ki, dəyişən, yeniləşən tək Bakı deyil. Ölkənin ən ucqar güşələrində belə güclü inkişaf gedir. Mən çox istərdim ki, sən heç olmasa, bəzi kənd rayonlarımızda da olasan. O, sözümü kəsərək, - mən o vaxt gələndə Qubada da olmuşdum, çox gözəl və mənzərəli rayondur, - dedi. Təbiətinə görə Qərbi Ukrayna şəhərlərinə çox bənzəyir. Vaxt eləyə bilsəm yenidən Qubaya getmək istərdim.

Konfrans öz işini başa çatdıran günün səhərisi tezdən Vitali ilə birlikdə Qubaya yola düşdük. Bakı-Sumqayıt yolunda mürgüləməyə başladı. Ayılanda artıq Beşbarmaq ərazisini keçirdik. O, gözlərini ovuşdura-ovuşdura dalbadal suallar yağdırmağa başladı:

- Bu ikitərəfli beton yol haraya qədər davam edir, onu nə vaxt çəkmisiniz, digər istiqamətlərdə də belə yollarınız varmı və s.

Lazım olan informasiyaları aldıqdan sonra yenidən dostumun monoloqu başladı:

- Son illər yol tikintisi sahəsində Azərbaycanda həqiqətən çox böyük işlər görülüb. Məsələn, Heydər Əliyev Hava Limanından şəhərə gələn yol Avropanın ən müasir və və nümunəvi yolları səviyyəsindədir. Yenicə istifadəyə verilmiş çoxsaylı yol ötürücüləri hərəkətin intensivliyini tənzimləmək baxımından çox əhəmiyyətlidir. Şimal istiqamətində uzunluğu təqribən 200 kilometr olan bu ikitərəfli beton yol da Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Nəqliyyatın intensivliyinə bir diqqət edin! Yol boyu daş, qum, çınqıl və bitium aparan yüzlərlə maşına rast gəldik. Deməli, haradasa tikinti və abablıq işləri davam edir. Dünyanın bir sıra qüdrətli dövlətlərinin hələ ki, iqtisadi böhrandan xilas ola bilmədiyi indiki vaxtda bütün bunları seyr etmək olduqca xoşdur.

Qubanın girəcəyində son vaxtlar yolboyu tikilmiş bir-birindən yaraşıqlı binaları görüncə dostumun heyrəti daha da artdı. Quba Olimpiya İdman Kompleksinin və Diaqnostika Mərkəzinin yanından otəndə o maşının sürətini bir qədər azaltmağı xahiş edərək foto-kameranı işə saldı. Heydər Əliyev prospekti boyunca irəlilədikcə onun təkidi ilə daha bir neçə yerdə dayanmalı olduq.

- Çox xahiş edirəm tələsməyin, qoy, bunları yaxşı-yaxşı çəkim. Dünyanın işini bilmək olmaz, bəlkə bir də bu yerlərə gələ bilmədim.

- Mən isə tələsirəm ki, Qubadakı digər yenilikləri də sizə göstərə bilim. Çəkməli, görməli yerlər bilirsiniz nə qədərdir?! Düzünü bilmək istəsən, mən özüm də Qubaya tez-tez gələ bilmirəm. Odur ki, baş verən yeniliklərdən bəzən mən özüm də kifayət qədər gec xəbər tuturam. Yaxşısı budur, rayon icra hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri Əsədulla Babayevlə görüşək, birlikdə çay içək. O, yeniliklər barədə bizə ətraflı məlumat verəcək.

Şöbə müdirinin dediklərindən:

- Quba rayonu üzrə 158 yaşayış məntəqəsi var. Tikinti, abadlıq və quruculuq işləri təkcə Quba şəhərində, yaxud da Qırmızı qəsəbə və Qonaqkənd qəsəbələrində deyil, rayonun bütün yaşayış məntəqələrində aparılır. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonun ən ucqar yaşayış məntəqəsi olan Xınalıq kəndinə asfalt yol çəkilib, orada bir sıra ictimai binalar tikilib, yeni-yeni xidmət obyektləri işə salınıb. İndi Xınalıq sakinləri də Avropanın mərkəzində olduğu kimi, istədikləri telekanallara baxır, sürətli internet xidmətlərindən istifadə edir, ən müasir poçt xidmətlərindən yararlanır və s. Digər kəndlərimiz də onun kimi. Təkcə belə bir faktı deyim ki, son bir neçə ildə Qubada sovet hakimiyyəti illərində olduğundan daha çox məktəb binası tikilərək istifadəyə verilib. Müasir tələblərə cavab verən idman zalları və isitmə sistemləri olan bu məktəblərin hamısı ən yeni avadanlıq və texnoloji xidmətlərlə tam şəkildə təmin olunub.

- Bəs Quba şəhərində?!

- Mən ona görə ucqar kəndlərdən başladım ki, Quba şəhərində görülən işlər onsuz da göz qabağındadır, onları özünüz də gəzib-görə bilərsiniz. Arayış üçün bildirim ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə bağlı ötən il başladığımız işləri bu il də davam etdiririk. Belə ki, prospekt boyunca geniş ərazidə hasar və fərdi yaşayış evlərinin fasad hissələri müasir şəhərsalma tələblərinə uyğun səviyyədə üzlənmiş, köhnə dam örtükləri yeni dəmir örtüklərlə əvəzlənmiş, su, qaz və rabitə xətləri təzələnmişdir. Həsən Əliyev, Xaqani, Nəriman Nərimanov, Tofiq Əhmədov küçələrində geniş ərazidə asfaltlaşma işləri aparılmış, daha 6 küçəyə asfalt örtüyü vurulması məqsədilə zəruri tədbirlər görülmüşdür. Tikilməkdə olan Heydər Əliyev Mərkəzində inşaat işlərinin sürəti daha da artmışdır. Quba şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış evi tikilmiş, bütövlükdə rayon üzrə ümumi sahəsi təqribən 15 min kvadratmetr olan fərdi yaşayış evləri tikilərək istifadəyə verilmişdir.

Nizami adına mədəniyyət və istirahət parkında başlanılan yenidənqurma işləri uğurla başa çatdırılmışdır. Parkın ərazisində yerləşən köhnə binalar sökülmüş, orada şahmat məktəbi üçün müasir tələblərə cavab verən və ümumi sahəsi 800 kvadratmetr olan iki mərtəbəli bina inşa edilmişdir. Ərazidəki ictimai iaşə və sosial obyektlərin bərpası, yenidən qurulması və fasadlarının üzlük materiallarla üzlənməsi başa çatdırılmışdır.

Uşaq əyləncə mərkəzində və şəxsiyyətlər muzeyində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Bu məqsədlə 3500 kvadratmetr sahəyə tamet plitələr düzülmüş, 800 kvadratmetr sahədə yaşıllıq salınmış, 15 nəfər ədəbiyyat xadiminin heykəllərindən ibarət açıq səma altında şəxsiyyətlər muzeyi yaradılmış, Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında 16 ədəd panno işlənmiş, 2 ədəd fəvvarə quraşdırılmış, işıq və suvarma sistemi yenilənmişdir. Nizami parkı ərazisində hündürlüyü 18 metr olan qala bərpa edilərək üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Dövlət Statistika Komitəsi rayon şöbəsinin inzibati binası əsaslı təmir olunmuş, fasad hissəsinə 600 kvadratmetrlik üzlük ağlay çəkilmiş, dam örtüyü təzələnmiş, qapı və pəncərələri yeni plastik pəncərələrlə əvəz edilmiş, 3 yerdə metal seyf qapıları quraşdırılmışdır. Park ərazisindəki ictimai-iaşə obyektləri də əsaslı təmir olunmuş, fasadları üzlük materialla üzlənmişdir.

Əvvəlki illərdə olduğu kimi bu il də rayon ərazisindən keçən respublika və yerli əhəmiyyətli yollarda bir sıra təmir-tikinti işləri yerinə yetirilmişdir. Belə ki, Bakı-Quba-Rusiya Federasiyası istiqamətində olan avtomobil yolunda asfalt-beton örtük işləri aparılmış, yol çiyinləri əsaslı təmir edilmişdir. Pirvahid kəndini magistral yolla birləşdirən kəndarası yol genişləndirilmiş, yol boyunca 15 yerdə su ötürücü borular quraşdırılmış, 9,5 kilometr məsafədə asfalt-beton qatı döşənmişdir. Quba-İspik-Xınalıq və Quba-Qonaqkənd yolunun torpaq sürüşmələri nəticəsində dağılmış hissələri mütəmadi olaraq təmizlənmiş və nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti təmin edilmişdir. Quba-İspik-Xınalıq yolunun 38-39-cu kilometrliyində 3 yerdə partlayış işləri aparılmaqla yol genişləndirilərək qaydaya salınmışdır.

Şəhər əhalisinin içməli suya olan tələbatının və kanalizasiya xidmətinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər yerinə yetirilmişdir. Bu məqsədlə şəhərin 24-cü məhəlləsində və Nəsimi küçəsində metal borularla 260 metr uzunluqda içməli su xətti, diametri 150 millimetr olan azbest borularla 140 metr kanalizasiya xətti, 29-cu məhəllədə diametri 150 millimetr olan azbest borularla 160 paqonometr kanalizasiya xətti və 120 paqonometr su xətti çəkilmişdir. Zərdabi kəndinə 1000 paqonometr uzunluqda və diametri 100 millimetr olan metal borularla magistral su xətti çəkilmişdir.

Söhbətin bu yerində şair dostum Ramiz Qusarçaylı şöbə müdirinin dediklərinə əlavə olaraq belə bir cəhəti xüsusi olaraq vurğuladı ki, əvvəlki vaxtlarda aparılan işlərlərdən fərqli olaraq son illər Qubada görülən abadlıq və quruculuq işləri kosmetik xarakter daşımır. Bu işlər uzun bir perspektivə hesablanmış işlərdir. Bunu yəqin etmək üçün təmir və bərpadan sonra şəhərin gözəl və mənzərəli guşələrindən birinə çevrilmiş "40 pilləkən" ərazisinə tamaşa etmək yetər.

Xatırladaq ki, Nizami parkından Qudyalçay dərəsinə enən bu pilləkənlər Böyük Vətən müharibəsindən sonrakı illərdə inşa edtlib. Deyilənlərə görə o zaman bu iş əsasən əsir düşmüş almanlar tərəfindən görülüb. 60 il ərzində orada heç bir təmir və bərpa işi görülməyib. Bu səbəbdən də 40 pilləkən, demək olar ki, başdan-başa sökülüb-dağılmış, ərazini isə kol-kos basmışdı. Ora, sözün əsil mənasında, ətraf məhəllələrin sakinlərinin zibilxanasına çevrilmişdi. Rayon icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə bu il 40 pilləkən ərazisi bütünlüklə, həm də yüksək zövqlə bərpa və təmir olunub. Ərazi başdan-başa işıqlandırılıb. Ətrafdakı natəmizlik və tör-töküntüdən əsər-əlamət belə qalmayıb.

İsti yay vaxtlarında gün düşməyən bu ərazi Quba ağsaqqallarının bir növ gəzinti və istirahət məkanına çevrilir. Hərə tanışları və ya dostları ilə şirin söhbət edə-edə bir-iki dəfə 40 pilləkəni enib-qalxandan sonra həkimlərin idman etməklə bağlı tövsiyələrinə artıqlaması ilə əməl etmiş olur.

Vitali biləndə ki, 40 pilləkən Böyük Vətən müharibəsindən sonrakı dövrdə tikilib, təəccüblə soruşdu:

- Keçən dəfə buranı mənə göstərməmişdilər. Amma o zaman buralarda qədim bir körpü görmüşdüm.

Ramiz müəllim dərhal aydınlıq gətirdi:

- Yəqin Qudyalçay üzərindəki XVIII əsrə aid tağlı körpünü deyir. Tarixi abidə olduğundan indi o körpü maşınlar və digər ağır texnika üçün bağlanıb. Yaxın vaxtlarda orada da kompleks təmir və bərpa işləri aparılması nəzərdə tutulur.

Biz tağlı körpünün yanından ötərək yaxınlıqdakı kütləvi məzarlığa gəldik. Doğrusu, oraya gələnədək ermənilərin 1918-ci ilin yazında Qubada törətdikləri qırğınlar və bu qırğınların əyani təsdiqi olan kütləvi məzarlıq barədə Vitaliyə və onunla birlikdə Bakıya gəlmiş digər arxeoloqlara da yetərincə məlumat verilmişdi. Yəni, Vitali haraya gəldiyini və orada nə görəcəyini əvvəlcədən bilirdi. Bununla belə kütləvi məzarlıq ərazisinə daxil olan kimi onun rəngi-ruhu tam dəyişdi və ilk ifadəsi də bu oldu:

- İlahi, bu ki vəhşilikdir! Uzun illərdir ki, qədim məzarlıqlarda tədqiqat aparıram. Belə dəhşətli mənzərəni heç yerdə görməmişəm. Göründüyü kimi, burada müxtəlif yaşlı, müxtəlif cinsli insanları vəhşicəsinə qətlə yetirərək, cəsədlərini üst-üstə quyulara tökərək üzərini torpaqla örtmüşlər. Bu məzarlıq göstərir ki, harada olursa-olsun, insanlığa qarşı törədilən cinayətləri əbədi olaraq gizli saxlamaq heç kəsə müyəssər olmayıb. Quba məzarlığı 90 il gizli saxlanılsa, nəhayət, aşkara çıxdı. Bütün bunlar erməni daşnaklarının əsl simasının əyani göstəricisidir.

Mən Vitalinin diqqətinə onu da çatdırdım ki, 1918-ci ilin yazında ermənilər Quba ilə yanaşı, Azərbaycanın digər yerlərində də kütləvi qırğınlar törədiblər. Bakı ətrafında, Şamaxı, Göyçay, İsmayıllı və digər yerlərdə də Quba məzarlığına bənzər kütləvi məzarlıqların olması şəksizdir.

Vitalinin qulağı məndə, nəzərləri isə nizamsız və qarmaqarışıq vəziyyətdə üst-üstə qalaqlanmış kəllə sümüklərində idi. Və birdən sanki gördüklərinə və məndən eşitdiklərinə reaksiyaya verərək ucadan hayqırdı:

- "Bütün bunları unutmaq olar?!"

Bir anlığa mənə elə gəldi ki, Vitali sanki bununla millət olaraq bizdəki unutqanlığa işarə etdi. Bu, bəlkə də bütün olub-keçənlərə baxmayaraq, erməniləri yenə də qucağına alaraq himayə edənlərə ünvanlanan bir sual-nida idi. Bunu həm də beynəlxalq təşkilatların və həmsədr ölkələrin Qarabağ münaqişəsinin həlli istiqamətində tutduqları qeyri-konstruktiv mövqeyə, işğalçı Ermənistanla torpaqları işğala məruz qalan, 1milyon nəfərdən artıq əhalisi ev-eşiyindən qaçqın-didərgin düşən Azərbaycana fərq qoymamalarına və bütün bunlar az imiş kimi bizdən də çox ciddi kompromislər umduqlarına etiraz kimi də başa düşmək olardı.

Şeytana da, şeytan xislətində olanlara da lənət yağdıra-yağdıra Quba ilə tanışlığı davam etdiririk. Qəçrəş məktəbinin yanından ötəndə və onun məktəb binası olduğunu biləndə Vitalini yenidən heyrət hissi bürüdü:

- Necə də gözəl binadır? Lap Avropa universitetlərinin binalarına bənzəyir. Əhsən, onun ustadına!

Maşınımız Minarəni ötərək Qudyalçay vadisi ilə dağlara doğru istiqamət alır. Dostum isə sanki gördüklərindən məst olmuş kimi gah qayalara, dağlara, gah da yolun sağında və solunda zövqlə inşa edilmiş olduqca bahalı istirahət mərkəzləri və villalara heyranlıqla tamaşa etməkdə idi.

"Nazlı bulaq" istirahət mərkəzinə çatanda, doğrusu, mən həm yorulmuşdum, həm də möhkəmcə acmışdım. Vitalinin isə sanki heç vecinə deyildi. O, foto-kamera əlində elə hey çəkirdi. Yemək-içməkdən savayı, heç bir işi sonraya saxlamaq istəmirdi. Mənim isə gözləməyə daha taqətim qalmamışdı. Odur ki, təkidlə onu süfrəyə dəvət etdim. O isə, necə deyərlər, bir gözü məndə, bir gözü təbiət lövhələrində stola yaxınlaşaraq - ay qardaş, bura lap İsveçrədir ki, - deyərək bayaqdan bəri foto-kameraya köçürdüklərini şərh etməyə başladı.

Geri dönərkən, Torpaq və Xəritəçəkmə Komitəsi Quba rayon şöbəsinin müdiri Allahverdi Xudaverdiyevin bələdçiliyi ilə qonağı yeni salınmış meyvə bağları, bəzi fermer təsərrüfatları, bir neçə emal müəssisəsi, habelə meyvə və tərəvəz məhsullarının saxlanılması məqsədi ilə yenicə istifadəyə verilmiş böyük tutumlu soyuducularla da tanış etmək imkanımız oldu.

Biz Quba Olimpiya İdman Kompleksinə çatanda artıq hava qaralmaqda idi. Həmişə olduğu kimi, o gün də kompleksdə qələbəlik hökm sürürdü. Mehmanxananın vestibülündə bizi ilk qarşılayan kompleksin direktoru Samir Dadaşov oldu. Qonağımı təqdim etdikdən sonra bir qədər ərkyana tərzdə soruşdum:

- Xeyir ola, ay Samir müəllim, bu nə qələbəlikdir?!

- Burda hər gün belədir. Çoxlu qonaq var. Bu gün "Azərreyl" və "Rabitəçi" oynayır. Neçə gündür ki, boks üzrə yarışlar davam edir. Bunlardan əlavə, hər gün 300 nəfərə yaxın gənc idmanın ayrı-ayrı növləri üzrə məşqə gəlir.

Söhbət edə-edə futbol, voleybol, həndbol meydançalarında olduq, tennis, boks və güləş üzrə məşq və yarışların davam etdiyi zallara baxdıq. Üzgüçülük hovuzuna çatanda Vitali də camaata qoşularaq üzmək həvəsinə düşdü.

Ertəsi gün Quba ilə tanışlığı başa vurub Bakıya döndük. Heydər Əliyev Hava Limanında xudahafizləşərək onu Kiyevə yola saldıq. Bir gün sonra elektron poçtuma ünvanladığı məktubunda Vitali bir daha hər şey üçün "Sağ ol" bildirərək yenidən Qubaya gəlmək arzusunda olduğunu ifadə etmişdi: "Sağ ol ki, məni Qubaya apardın. Bu, sanki mənim 25 il əvvəl gördüyüm Quba deyil. Quba, həqiqətən çox dəyişib, çox gözəlləşib. İlahi qismət etsə, Azərbaycana olimpiya oyunlarını seyr etməyə gələndə yenidən Qubada olmaq istərdim. Bilirəm ki, Azərbaycan olimpiya oyunlarına ev sahibliyi etməyə çox iddialıdır".

Bəli, dostum, sən haqlısan. Azərbaycanın uğurları kimi hədəfləri də böyükdür. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu hədəflərə doğru əzmlə irəliləyir. Bizi aqillərimiz belə öyrədib: "Niyyətin hara, mənzilin ora".

 

Q.CƏFƏROĞLU

Xalq qəzeti.- 2010.- 17 dekabr.- S.5.