Fransada Azərbaycan həqiqətlərini
əks etdirən təqvimli qeyd kitabının növbəti
sayı nəşr edilmişdir
Cari il dekabrın 16-da
"Azerbaijani Diary" ("Azərbaycan Gündəliyi")
adlı təbliğat xarakterli təqvimli qeyd kitabının
növbəti sayının nəşri Strasburqda yerləşən
"Bateliers" nəşriyyatı tərəfindən
başa çatmışdır.
Nəşrin işıq üzü görməsində əsas məqsəd beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına və xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların təbliğ edilməsi və ölkəmizin dünya arenasında imicinin artırılması ilə bağlıdır. Bu səbəbdən "Azerbaijani Diary"nin hazırkı sayı kitab formasına salınmış və Azərbaycanın maraqlarına uyğun yeni sahələr əlavə olunaraq, 50 bölməyə, 283 səhifəyə çatdırılmışdır. Kitabın müəllifləri - Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin əməkdaşı Əfqan Mehtiyevin nəşrin işıq üzü görməsində böyük əməyi olmuşdur.
Kitabda "Qafqazın xəritəsi", "AR haqqında faktlar və ölkə xəritəsi", "Tarix", "Coğrafiya", "Azərbaycan Respublikasının bayrağı", "Azərbaycan Respublikasının Prezidenti", "Azərbaycan Respublikasının ümummilli lideri", "Heydər Əliyev Fondu", "Heydər Əliyev Fondunun rəhbəri", "Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olması", "Azərbaycan Respublikasının tanınmış şəxsiyyətləri", "Bakı rəsmlərdə", "Bakı keçmişdə", "Bakı indiki dövrdə", "Bakı gecə vaxtlarında", "Bakı gələcəkdə", "Bakının tarixindən maraqlı məqamlar", "Qız qalası", "İçərişəhər", "Şirvanşahlar sarayı", "Atəşgah", "Yanar bulaq", "Yanar dağ", "Qobustan", "Naxçıvan", "Azərbaycanda göllər", "Azərbaycanda dağlar", "Azərbaycanda çaylar", "Azərbaycanda din azadlığı", "Milli bayramlar", "20 Yanvar faciəsi", "Xocalı soyqırımı", "Azərbaycanlıların soyqırımı günü və Dağlıq Qarabağ müharibəsi", "Milli oyunlar", "Azərbaycanda idman", "Milli xalçalar", "Milli zinət əşyaları", "Milli qədimi sikkələr", "Milli geyimlər", "Milli mətbəx", "Azərbaycan kürüsü", "Milli rəqslər", "Milli musiqi alətləri", "Şuşa - Azərbaycan musiqisinin beşiyi", "İşğal olunmuş ərazilərin fotoşəkilləri", "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri barədə məlumat", "İşğal olunmuş ərazilərin Azərbaycan Respublikasına mənsub olmasını göstərən beynəlxalq sənədlərdən çıxarışlar", "Atları ilə tanınmış Qarabağ", "Azərbaycan gündəliyi-2011", "Zəruri telefon nömrələri" bölmələri əksini tapmışdır.
2009-cu ildə olduğu kimi, "Azerbaijani Diary" əsasən Avropa Şurasının və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri, AŞ yanında daimi nümayəndəliklərin rəhbərləri, Strasburq şəhər meriyası və bələdiyyə rəhbərləri, Strasburq şəhərində yerləşən ali təhsil ocaqlarının rəhbərləri və tanınmış professor-müəllim heyəti, nüfuzlu həkimlər, sahibkarlar və digər şəxslər arasında paylanacaqdır. Bununla yanaşı, 2010-cu il dekabrın 30-dək "Azerbaijani Diary" Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbərlərinə, bütün nazir və nazir müavinlərinə paylanacaqdır.
Xatırladaq ki, əvvəlki "Azerbaijani Diary" 500 nüsxədə nəşr olunmuşdusa, hazırkı tələbatı və sifarişləri nəzərə alaraq, budəfəki tiraj 7 min nüsxəyə çatdırılmışdır.
2011-ci il yanvarın 25-də Avropa Şurasında kitabın təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Xalq qəzeti.- 2010.- 17 dekabr.- S.4.