Fövqəladə Hallar Nazirliyinin yaradılmasının beşinci
ildönümü ilə
əlaqədar təntənəli
mərasim
Dekabrın 16-da Fövqəladə
Hallar Nazirliyinin (FHN) yaradılmasının beşinci
ildönümü ilə əlaqədar təntənəli
mərasim keçirilmişdir.
Tədbirdən əvvəl nazirliyin əməkdaşları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.
FHN-in mərkəzi aparatında keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndikdən sonra nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.
Sonra Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, Türkiyənin, Qazaxıstanın, Belarusun, Gürcüstanın və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirak etdikləri mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək qurumun gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
Nazir demişdir ki, Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqımızın ümummilli lideri Heydər Əliyev əhali və ətraf mühitin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən qorunması işinə daim xüsusi qayğı ilə yanaşmışdır. Ulu öndərin ölkə ərazisində baş verən hər hansı fövqəladə hadisəyə çevik reaksiyası, fəlakətlərin vaxtında xəbərdar edilməsi, qarşısının alınması, nəticələrinin səmərəli şəkildə aradan qaldırılması sahəsində müdrik tapşırıq və tövsiyələri ilə həm də aidiyyəti strukturları daha sayıq fəaliyyətə, vəzifələrinə daha məsuliyyətli yanaşmağa sövq edirdi. Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi məqsədini daşıyan müdrik siyasi kursun əsasını qoymuş ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla yaradılmış Fövqəladə Hallar Nazirliyinin kollektivi ötən 5 il ərzində dövlətimizin başçısının yüksək etimadını əməli fəaliyyətlərində doğrultmağa çalışmışdır.
Kəmaləddin Heydərov qeyd etmişdir ki, ötən beş il ərzində nazirliyin inzibati binası, eləcə də tabe qurumların bir neçəsinin binası tikilib istifadəyə verilmişdir. Ötən dövr ərzində, əsasən, Fransa və Almaniya istehsalı olan 279 yanğınsöndürən avtomobil, Finlandiyada hazırlanmış 2 hündürlük nərdivanı, yanğınsöndürənlər üçün 6 min dəst xüsusi geyim və mühafizə avadanlığı, 2 xüsusi təyinatlı avtomobil, 46 qəza-xilasetmə avtomobili, xilasetmə əməliyyatlarının aparılmasında istifadə olunan müxtəlif adda 200-dən çox xüsusi texnika, Almaniya istehsalı olan 50 motosiklet, 24 bomba zərərsizləşdirici sistemi, 4 yüksək sürətli və çoxfunksiyalı kater, sularda xilasetmə işlərini həyata keçirmək üçün müxtəlif ölçülü 50 kater, 6 helikopter, "BE-200" amfibiya tipli bir təyyarə, şəxsi heyət üçün xüsusi geyim, xüsusi naviqasiya avadanlığı, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalar və digər zəruri texnika və avadanlıq alınaraq istismara verilmişdir.
Bildirilmişdir ki, FHN fəaliyyətində əməkdaşlığa böyük əhəmiyyət verərək, fövqəladə halların idarə olunması üzrə zəngin təcrübəyə malik bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlar, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Kəmaləddin Heydərov xüsusi vurğulamışdır ki, yüksək dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyinin kollektivi ölkə ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması, habelə beynəlxalq çağırışla planetin istənilən nöqtəsində baş verən fəlakətlərin vura biləcəyi ziyanın minimuma endirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığımızı səfərbər edəcəkdir.
Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək çıxış edərək bayram münasibətilə nazirliyin əməkdaşlarını təbrik etmiş, dost və qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin müvafiq qurumlar arasında da genişləndiyini demişdir. O, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin ölkədə gördüyü işləri yüksək qiymətləndirmişdir.
Tədbirdə Rusiya fövqəladə hallar nazirinin müavini-stats katib Vladimir Puçkov Kəmaləddin Heydərova "Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı"nı təqdim etmişdir.
Sonra Rusiya Prezidentinin fərmanı ilə ordenlərlə təltif olunmuş FHN-in Aviasiya Dəstəsinin komandiri, polkovnik Əşrəf Qasımova və fövqəladə hallar nazirinin birinci müavini, general-leytenat Rafael Mirzəyevə ordenlər təqdim olunmuşdur.
Tədbirdə nazirə Belarus və Qazaxıstan fövqəladə hallar nazirlikləri adından xatirə hədiyyələri təqdim olunmuşdur.
Nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilmişdir.
Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Xalq qəzeti.- 2010.- 17 dekabr.-
S.2.