18 Dekabr Beynəlxalq Miqrant
Günüdür
Azərbaycanda dövlət
miqrasiya siyasəti uğurla həyata keçirilir
Azərbaycan dövlətçiliyinin inkişaf tarixində malik olduğu coğrafi mövqeyi, təbii resursları, Qərb və Şərq sivilizasiyalarının qovşağı kimi strateji əhəmiyyəti, çoxşaxəli siyasi, iqtisadi, mədəni və s. əlaqələri üçün optimal tranzitar məkan qismində mövcudluğu burada özünəməxsus miqrasiya şəraitini formalaşdırmışdır. Yəni, ölkəmiz tarix boyu istər-istəməz insanların bir yerdən digər yerə intensiv köçmə proseslərinin, müxtəlif dövlətlərin maraqlarının toqquşduğu münaqişələrin, müharibə, fəlakət və sarsıntıların qaynar nöqtəsinə çevrilmişdir. Müxtəlif imperiyaların köçürmə siyasətinin, siyasi xəritəni yenidən ölçüb-biçmək cəhdlərinin həyata keçirildiyi meydan olmuşdur.
Son bir əsrdən artıq dövr ərzində Azərbaycan dövlətində miqrasiya şəraiti Birinci və İkinci dünya müharibələrinin, xarici müdaxilə, Ermənistanın xalqımıza qarşı dövlət siyasəti çərçivəsində həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və zorakı miqrasiya proseslərinin təsiri altında formalaşmışdır. Hələ 1913-1920-ci illər arasında Azərbaycan əhalisinin sayı müharibə və soyqırımı fəlakəti nəticəsində 16,6 faiz azalmış, 2 milyon 339 min nəfərdən 1 milyon 952 minə düşmüşdü. 1948-1953-cü illər arasında Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlı öz əzəli tarixi torpaqlarından zorla qovulmuş, deportasiya olunmuşdur. Yəni son bir əsr ərzində erməni şovinizmi, etnik-separatizmi və genosid siyasəti nəticəsində təcavüzə məruz qalan Azərbaycan torpaqlarından əhalinin zorakı miqrasiyaya məcbur edilməsi prosesləri dəfələrlə baş vermişdir.
XX əsrin 90-cı illərində SSRİ-nin süqutu ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də ən mürəkkəb, tarixdə, demək olar ki, rast gəlinməmiş xaos, hərc-mərclik mövcud idi. Belə bir tarixi reallıq, həqiqətən də, heyrət doğurur ki, müstəqilliyin əldə edilməsi ilə eyni vaxtda Azərbaycan əhalisinin 55 faizi, yəni yarıdan çoxu bu proseslərə istər-istəməz məruz qaldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra miqrasiya problemi dövlət siyasətinin və milli inkişafın strateji hədəflərindən birini təşkil edən ən mühüm sahəyə çevrilmişdir. Bu məsələnin aktuallaşmasına və dövlətçiliyin həyati vacib sahələrindən birinə çevrilməsinə, həm ümumilikdə beynəlxalq aləmdə və regionda, həm də ölkəmizdə gedən proseslərlə bağlı bir sıra önəmli şərtlər və amillər zərurət yaratmışdır.
Azərbaycan Ermənistanın deportasiya, soyqırımı və təcavüzkar siyasəti nəticəsində keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olmuşdur. İşğal nəticəsində başlayan məcburi miqrasiya axını Azərbaycanı əhali sayının nisbətinə görə dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi torpaqlarımızdan zorla qovulmuş qaçqın axınının - zorakı və məcburi miqrasiyanın tənzimlənməsi, humanitar fəlakətin qarşısının alınması və onun yeni qurulan dövlətçiliyin kövrək təhlükəsizliyinin əsaslarını sarsıtmaması üçün göstərdiyi fədakar tarixi xidmətləri məhz bu dövrə təsadüf edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin rəhbərliyi altında məcburi miqrasiyanın tənzimlənməsi, qaçqın problemlərinin həlli ilə bağlı 10 qanun, onlarca qərar, fərman və sərəncam imzalanmış, ölkəmiz miqrasiya sahəsində beş beynəlxalq müqaviləyə tərəfdar çıxmış, Azərbaycanda milli təhlükəsizlik sisteminin davamlı və işlək mexanizmin möhkəm təməli yaradılmışdır. Yalnız ölkəmiz üçün deyil, bütün region üçün fəlakətli olan bu vəziyyətdə miqrasiyanın tənzimlənməsinə nail olan ümummilli lider Heydər Əliyevin bu sahədə siyasəti geniş tədqiqatların mövzusudur.
İnkişafın yeni mərhələsində bu siyasət, ölkəmizdə bəyan edilən modernləşmə strategiyası bütün sahələrdə həmin xəttin, dəyişən reallığa və yeni təhdidlərə adekvat olan çevik və uğurlu milli təhlükəsizlik sisteminin formalaşması yönündə yüksələn xətlə davam etmişdir.
Azərbaycanın müstəqillik tarixinin banisi, ümummilli lider Heydər Əliyev suveren dövlətçilik tarixinin təməli ilə yanaşı, milli miqrasiya siyasətinin əsaslarını, strateji hədəflərini, təxirəsalınmaz istiqamətlərini öz siyasi dühası ilə ilk dəfə müəyyən etdi. Ümummilli liderin alternativi olmayan siyasi kursu ilə zorakı miqrasiyanın tənzimlənməsi, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və yerləşdirilməsi keçmiş sovet respublikaları arasında bu problemlə üzləşən ilk ölkə olan Azərbaycanda, dünyada qaçqın əhalinin sayına görə bu gün də birinci yerdə olan məmləkətdə miqrasiya siyasətinin banisi kimi tarixdə həmişəlik öz adını həkk etdi. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin başçılığı altında Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başlandı. Bu tarixi bir nailiyyət idi. Çünki sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Ümumi siyasi ideoloji xətt əsasında bir çox azsaylı xalqların məcburi deportasiyası da sovet dönəmində baş verən hallardan idi. Əvvəllər deportasiya olunaraq Gürcüstana, oradan da Orta Asiya Respublikalarına köçürülən məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş münaqişə nəticəsində Azərbaycana pənah gətirdi. 1989-91-ci illər ərzində onların sayı 51 649 nəfər təşkil etmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə mövcud olan son dərəcə mürəkkəb miqrasiya şəraiti hər bir azərbaycanlı vətəndaşın yaxşı xatirindədir. Bu cür fövqəladə miqrasiya vəziyyətində tarixi nailiyyət olan suveren Azərbaycanın müstəqillik taleyi də, demək olar ki, həm də miqrasiya siyasətinin təməllərini düzgün müəyyənləşdirməkdən birmənalı şəkildə asılı idi. Ulu öndərin rəhbərliyi dövründə miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlərlə Azərbaycanda miqrasiyanın idarə olunmasının uzun müddətli perspektivlər üçün milli strategiyasının müəyyənləşməsi və bu günümüzdə də həmin xəttin yüksək səviyyədə davam etdirilməsi diqqəti cəlb edir.
İlk növbədə onu qeyd edək ki, ulu öndərin rəhbərliyi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında artıq miqrasiya siyasətinin strateji əsasları, insanların bu sahədə hüquq və azadlıqları məsələsi öz əksini tapmışdı. Belə ki, Konstitusiyanın "Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqları" adlanan 69-cu maddəsində qeyd olunur: "Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquqlarından istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti qalan və ya vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər". Digər mühüm məsələ Əsas Qanunumuzda Azərbaycan vətəndaşlarının azad və müstəqil hərəkət etmək hüququnun öz əksini tapması idi. Belə ki, Konstitusiyanın 28-ci maddəsində qeyd olunur: "Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu o deməkdir ki, Azərbaycan artıq suveren dövlətdir, o öz ərazi bütövlüyünü bütün vasitələrlə müdafiə edəcəkdir. Artıq bundan sonra heç bir işğalçı dövlət Azərbaycan vətəndaşına təcavüz edə, onu zorakı miqrasiyaya məcbur edə bilməyəcəkdir. Bu da ulu öndərin dühası ilə möhkəm təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən miqrasiya siyasəti nəticəsində Azərbaycan vətəndaşının heç zaman öz torpaqlarından qaçqın düşməyəcəyinə birmənalı əminlik hissini yaradır. Hər kəsin bir ölkədən digərinə hərəkət etməsi, dünyanın istənilən yerinə getməsi bundan sonra yalnız azad, könüllü seçimə əsaslanacaqdır. Bu seçimin konstitusion əsasları ulu öndərin qəbul etdiyi Azərbaycan Respublikasının Əsas Qanununda ilk dəfə təsbit olunmuşdur.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində miqrasiya və etnik-milli təhlükəsizlik probleminə də həssaslıqla yanaşılırdı. İctimai-siyasi, sosial-iqtisadi vəziyyətin gərginliyi üzündən respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləmiş, digər xalqları təmsil edən bir çox ailələr geri qayıtmışdır. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə söylədiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur: "Bilirsiniz, təxminən 1988-1989-cu illərdən başlayaraq Sovetlər İttifaqından Qərb ölkələrinə, Amerikaya, İsrailə yəhudilərin axını güclü olmuşdur. Azərbaycandakı bu proses, eyni zamanda, Azərbaycanda gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan müharibəsinə görə və daxildə vəziyyət çox gərgin olduğuna görə daha da çətin olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların miqrasiyası çox kəskin şəkildə dayandı. Hətta sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan İsrailə köçmüş insanlar - yəhudilər indi artıq Azərbaycana dönürlər".
Həmin dövrdə yalnız məcburi miqrasiyanın tənzimlənməsi deyil, bütövlükdə miqrasiya və iqtisadi təhlükəsizlik prosesləri də ulu öndərin milli inkişaf strategiyasının tərkib hissəsi olmuşdur. Hələ 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərlərinin çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla yanaşı, əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyasının başlaması, iqtisadi böhrandan qurtarmağa çalışan, işsizliyin baş alıb getdiyi respublikada son dərəcə kəskin şəkildə dururdu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu iki problemin qarşılıqlı bağlılığını siyasi fəhmi ilə hələ o vaxtdan sezərək qeyd etmişdir: "Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir".
1999-cu il mayın 21-də qəbul edilmiş "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu məcburi miqrasiyanın tənzimlənməsi sahəsində tarixi sənədlərdən biri oldu. Heydər Əliyev milli və qlobal təhlükəsizlik siyasətinin özünəməxsus Azərbaycan modelini yaratdı ki, bu modeldə məcburi miqrasiya, ərazilərin işğalı və vətəndaş müharibəsi həddində olan bir ölkədə sabitliyin təyin olunmasında müstəqil miqrasiya siyasətinin mühüm əhəmiyyətə malik olması özünü tam əsasla sübut etdi.
Ulu öndərin təhlükəsizlik modeli Azərbaycanın milli və qlobal əhatədə siyasətinin ideal balansını təmin edə bildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə davam edən çətin və möhtəşəm quruculuq işləri miqrasiya proseslərində tədricən yeni-konstruktiv amillə şərtlənən məzmununu da aşkara çıxardı. Son illərdə isə bazar iqtisadiyyatına keçid, dünyaya inteqrasiya kursunun ardıcıl həyata keçirilməsi, Azərbaycanın geosiyasi vəziyyəti, ölkəmizin qlobal enerji layihələrinin tranzitar məkanı kimi investisiya cəlbediciliyi, dinamik inkişafın lideri kimi qazandığı imici Azərbaycanda miqrasiya sahəsində yeni reallığı üzə çıxarmışdır.
Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyinin yaradılması və inkişaf etdirilməsi yönündə dövlətin həssaslığı qısa bir müddət ərzində bu sahədə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsini təmin etmişdir. Miqrasiya probleminin Azərbaycanda milli təhlükəsizliyin strateji hədəflərindən biri kimi aktuallığına ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyini son illərdə qəbul edilən 21 qanun, Azərbaycanda bu proseslərin vahid mərkəzdən idarə və koordinasiya olunmasını təmin etməyə yönəlmiş Dövlət Miqrasiya Xidmətinin yaradılması, müvafiq qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsi, dövlət miqrasiya informasiya sisteminin yaradılması kimi real faktlar sübut edir. Təkcə 2009-2010-cu illərdə Prezident tərəfindən miqrasiya ilə bağlı 22 fərmanın, 13 sərəncamın imzalanması hər şeyi aydın göstərir. Bunların sırasında müstəqillik dövründə ilk dəfə qəbul edilən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nı, dövlət proqramlarını və miqrasiya təhlükəsizliyi ilə bağlı məsələlərə geniş yer verilməsini qeyd etmək vacibdir.
(ardı var)
Fətəli ABDULLAYEV,
Hüquqi İslahatlara Yardım
Mərkəzi İctimai Birliyinin sədri,
AMEA-nın
İnsan Hüquqları İnstitutunun dissertantı
Xalq qəzeti.- 2010.- 17 dekabr.-
S.4.