Prezident
İlham ƏLİYEV: Bizim üçün işğal
edilmiş
torpaqların
azad olunmasından vacib məsələ yoxdur
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində beynəlxalq təşkilatların qəbul
etdikləri qərarlar, imzalanmış birgə bəyanatlar
və aparılan danışıqlar bir daha təsdiqləyir
ki, Azərbaycan tərəfinin problemin həllindəki
mövqeyi artıq bütün dünyada
dəstəklənir. Ermənistanın qeyri-konstruktiv
mövqeyi və danışıqları süni
şəkitdə uzatmaq siyasəti bu ölkənin
işğalçılıq missiyasından hələ də
əl çəkmək istəmədiyini göstərir. Bu
da Ermənistanı bütün regional layihələrdən
təcrid edir. Əgər Ermənistan
təcavüzkarlığını davam etdirərsə, daha
ağır iqtisadi və sosial vəziyyətlə
qarşılaşacaq.
Azərbaycanın
iqtisadi potensialının getdikcə gücləndirilməsi,
sosial məsələlərin həlli, iri infrastruktur
layihələrin həyata vəsiqə alması, əhalinin həyat
səviyyəsinin ildən-ilə yüksəldilməsi
bugünün reallığıdır. Düzgün
müəyyənləşdirilmiş iqtisadi strategiya
ölkəmizin dünya birliyindəki əlaqələrini
daha da genişləndirib. Avropa ilə Asiyanın
qovuşuğunda strateji baxımdan əlverişli,
mühüm geostrateji mövqeyə malik olan Azərbaycan
dünya birliyinə sürətlə inteqrasiya olunur.
İctimai-siyasi və mədəni-mənəvi həyatın
bütün sahələrində özünəməxsus xüsusiyyətləri
yaşatmaqla yanaşı, dünya təcrübəsinə
yiyələnən ölkəmiz milli maraqlarını qorumaq,
beynəlxalq aləmdə mövqelərini daha da
möhkəmləndirmək üçün
dövlətlərarası əlaqələrini
mütəmadi olaraq genişləndirir. Hazırda
dünyanın fövqəldövlətləri və
nüfuzlu şirkətləri iri infrastruktur layihələrin
reallaşdırılmasında Azərbaycanla birgə
fəaliyyət göstərməyə maraqlıdırlar.
Son
illərdə dünyanı ağuşuna almış qlobal
maliyyə və iqtisadi böhranın Azərbaycanda ciddi
fəsadlar törətməməsi, ölkə
iqtisadiyyatının inkişaf tempinə bir o qədər
də təsir edə bilməməsi müstəqil
dövlətimizə olan maraqları daha da artırdı.
Azərbaycanın öz təbii sərvətlərini Avropa
və dünya bazarlarına digər dövlətlərin
vasitəçiliyi olmadan çıxarması da
iqtisadiyyatımızın qüdrətlənməsində mühüm
rol oynamışdır. Bütün bu uğurlar
Azərbaycanın daxili imkanları, Prezident İlham
Əliyevin düzgün müəyyənləşdirdiyi
iqtisadi və siyasi strategiyanın hesabına
qazanılmışdır. Digər tərəfdən
Azərbaycanda xalqla iqtidar arasında sıx birlik mövcuddur.
Xalq böyük etimad göstərdiyi Prezidentə inanır
və güvənir. Tanınmış beynəlxalq
təşkilatların apardıqları rəy
sorğularının nəticələrində də
bildirilir ki, xalqın iqtidara olan inamına görə
Azərbaycan MDB ölkələri arasında birincidir.
Azərbaycanda
uzun illərdir ki, siyasi sabitlik hökm sürür. Bu da
ölkəmizə sərmayə qoyan şirkətlərin
sayını getdikcə artırır. Hazırda dünya
miqyasında ən sürətli iqtisadi inkişafa malik
dövlətlərdən biri Azərbaycandır.
Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı
qüvvələrinin işğalında olmasına baxmayaraq,
Azərbaycanın rolu olmadan regionda hər hansı bir
layihənin reallaşdırılması
qeyri-mümkündür.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
qarşıya qoyduğu vəzifələrin uğurlu
icrası ölkəmizin iqtisadi qüdrətini daha da
artırdı və əhalini ən çox narahat edən
işsizlik probleminin aradan qaldırılmasında böyük
rol oynadı. Son 7 il ərzində ölkəmizdə 900 min
yeni iş yerinin açılması da bunu təsdiqləyir.
Minlərlə yeni müəssisələr, fabriklər,
zavodlar, sosial obyektlər, iki mindən artıq məktəb,
yüzlərlə xəstəxana regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının qarşıya
qoyduğu vəzifələrin uğurlu icrasının
məntiqi nəticəsidir.
Sərhəd
bölgələrində yerləşən
ərazilərdə beynəlxalq standartlara uyğun təhsil,
səhiyyə müəssisələrinin, istirahət
parklarının, idman və sağlamlıq komplekslərinin
tikilib istifadəyə verilməsi orada yaşayanların
gələcəyə inamını daha da artırıb.
Düşmənlə üz-üzə olan rayonlarda belə
müəssisələrin yaradılması böyük
məna daşıyır və işğal olunmuş rayonların
sakinlərində öz doğma ocaqlarına
qayıdacaqlarına inam yaradıb. Bir vaxtlar ermənilər
tərəfindən dağıdılmış binalar
bərpa olunmuş, abadlıq işləri
aparılmış, müasir tələblərə cavab
verən obyektlər açılmışdır. Belə
tədbirlərin ermənilərlə üz-üzə dayanmış
Füzuli və Ağdam rayonlarında həyata
keçirilməsi ölkəmizin getdikcə
qüdrətləndiyindən xəbər verir. Azərbaycan
Prezidenti İlham Əliyev Füzuli rayonunda yeni
müəssisələrin açılışı
zamanı demişdir: "Bizim üçün işğal
edilmiş torpaqların azad olunmasından vacib
məsələ yoxdur. Demək olar ki, ciddi
məsələlərin arasında buna bənzər və
ikinci belə məsələ yoxdur. Çünki biz
bütün başqa sahələrdə istədiyimizə nail
oluruq. İnsanların yaşayış səviyyəsi
yüksəlir, sosial müdafiə güclənir, iqtisadiyyat
artır".
Məcburi
köçkünlərin öz doğma ocaqlarına
mütləq qayıdacaqlarını qətiyyətlə
bildirən dövlətimizin başçısı həmin
ərazilərdə yeni həyat yaradılacağını da
vurğulayıb. Buna Azərbaycanın həm iqtisadi, həm
də hərbi qüvvəsi imkan verir. Prezident İlham
Əliyev bu məsələ ilə əlaqədar deyib:
"Azərbaycanın imkanları ilə Ermənistanın
imkanlarını müqayisə etmək mümkün deyildir.
Əgər müharibə dövründə, xüsusilə
Ermənistana o vaxt göstərilmiş xarici dəstək
nəticəsində demək olar ki, qüvvələr
nisbəti bərabər idisə, artıq biz çoxdan bu
qüvvələr nisbətini öz xeyrimizə
dəyişdirə bilmişik. Getdikcə Azərbaycan həm
iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu
baxımından daha da güclənəcək və biz
istədiyimizə nail olacağıq".
Azərbaycan
Prezidenti bildirib ki, biz heç vaxt indiki vəziyyətlə
barışmayacağıq, ərazi
bütövlüyümüzü istənilən yolla
bərpa edəcəyik, öz ərazilərimizi
işğalçılardan təmizləyəcəyik və
orada yeni həyat yaradacağıq: "O gün
gələcək və biz hamımız - bütün
Azərbaycan xalqı, hər bir vətəndaş öz
zəhməti ilə o günü yaxınlaşdırır
və yaxınlaşdırmalıdır".
Ermənistan
silahlı qüvvələrinin işğal etdikləri
Azərbaycan ərazilərində tarixi mədəni
abidələri məhv etmələri, qəbirstanlıqları
dağıtmaları, yaşayış evlərini,
həyət-bacaları viran qoymaları, bir sözlə
insanlığa sığmayan vəhşiliklər
törətməsi barədə beynəlxalq ictimaiyyətin
məlumatlandırılması ermənilərin necə
qəddar olmaları barədə tam təssürat yaradır.
Bu istiqamətdə Azərbaycan tərəfinin
apardığı siyasət öz müsbət
nəticələrini göstərmişdir. Hələ 2005-ci
ildə Azərbaycan rəhbərliyinin təşəbbüsü
ilə ATƏT-in faktaraşdırıcı missiyası
işğal edilmiş ərazilərdə olarkən orada
ermənilərin törətdikləri vəhşiliklərin
şahidi olmuş və bunu öz hesabatında əks
etdirmişdir. Onların hazırladıqları
fotoşəkillər, videomateriallar dünyanın hər
yerinə yayılmış və erməni vəhşilikləri
barədə beynəlxalq ictimaiyyətdə dolğun rəy
formalaşdırmışdır. Dövlət
başçımızın diplomatik fəaliyyəti
nəticəsində bu yaxınlarda ATƏT-in
qiymətləndirmə missiyası işğal edilmiş
bölgələrdə, o cümlədən Ağdamda
olmuş, ermənilərin törətdikləri ağlasığmaz
vəhşiliklər onlarda tam təəssürat
yaratmışdır. Beynəlxalq təşkilatın
nümayəndələrinə bəlli olmuşdur ki,
ermənilər qəddar, zalım olmaqla yanaşı, həm
də talançı, oğru və qarətçidirlər.
Bu faktlar ATƏT-in qiymətləndirmə missiyasının
hesabatında da öz əksini tapacaq.
Göründüyü
kimi, artıq dünyanın tanınmış nüfuzlu
təşkilatlarının demək olar ki, hamısı
ermənilərin işğal etdikləri ərazilərdə
törətdikləri vəhşiliklərin şahidi olublar.
Tarixən köçəri tayfa kimi yaşayan, digər
dövlətlərin torpaqlarını işğal etməklə
Ermənistan dövlətini yaratmış təcavüzkar
millət indi də Azərbaycan yaşayış
məntəqələrinin adlarını
dəyişərək erməni adları qoymaqla bu
ərazilərin tarixən onlara məxsus olması
barədə rəy formalaşdırmaq istəyirlər.
Ağdam və Zəngilan rayonlarının adını
dəyişdirib erməni adı ilə adlandırmaları da
bu məqsədi güdürdü. Lakin tarixi
saxtalaşdırmaq cəhdləri bu dəfə də iflasa
uğradı. Çünki Azərbaycanın ərazi
bütövlüyü dünyanın bütün
dövlətləri tərəfindən tanınır və
dəstəklənir. Azərbaycan müstəqillik
qazandığı ilk vaxtlarda Birləşmiş
Millətlər Təşkilatına üzv olandan
ölkəmizin ərazi bütövlüyü
tanınmışdır.
Ümumilli
lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz
İlham Əliyevin yeritdikləri uğurlu daxili və xarici
siyasətindən sonra Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzunu getdikcə artmış, ərazi
bütövlüyümüz bütün dövlətlər
tərəfindən tanınmışdır. İndi
dünyada elə bir dövlət yoxdur ki, ölkəmizin
ərazi bütövlüyünü tanımasın.
Dünyanın aparıcı beynəlxalq
təşkilatlarının sənədlərində də bu
məsələ öz əksini tapıb. BMT, İslam
Konfransı Təşkilatı, Avropra Şurası, ATƏT,
Avropa Parlamenti və digər təşkilatlar
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə
yanaşır. Bu zaman beynəlxalq hüququn norma və
prinsiplərinə istinad edilir. Beynəlxalq hüquq hər bir
məsələnin ədalətli və qanun
çərçivəsində həll olunması
üçün başlıca şərtdir. Çünki
dünya birliyi beynəlxalq hüququn əsasında
yaradılır. Ermənistan tərəfi isə beynəlxalq
hüququn norma və prinsiplərini kobud şəkildə
pozaraq öz işğalçılıq missiyasını
hələ də davam etdirir. Ancaq onların bu hegemonluğu
uzun müddət davam edə bilməz. Çünki
Azərbaycanın öz ərazilərini qorumaq və
işğaldan azad etmək üçün güclü,
qüdrətli ordusu var. Gündən-günə
mətnləşən Milli Ordumuz düşmənə
ağır zərbə endirməyə qadirdir. Lakin
Azərbaycan dünyada sülhsevər dövlət kimi
tanındığından münaqişənin dinc yolla aradan
qaldırılmasına üstünlük verir. Əgər
sülh potensialı tükənərsə, digər
vasitələrdən istifadə etmək
məcburiyyətində qalacağıq. Hər bir
ölkənin öz sərhədlərini, ərazi
bütövlüyünü qoruması beynəlxalq hüququn
norma və prinsiplərində də öz əksini tapıb.
İşğal
altında olan rayonların ərazilərində yeni
müəssisələrin yaradılması, orada insanların
daimi məskunlaşmaları üçün hər cür
infrastruktura malik qəsəbələrin salınması,
məşğulluq mərkəzlərinin yaradılması erməniləri
ciddi təşvişə salıb. Bu tədbirlərin
həyata keçirilməsi həm də Azərbaycanın
iqtisadi gücünü, qüdrətini nümayiş etdirir.
Artıq Ermənistan tərəfi dərk etməyə
başlayıb ki, Azərbaycan öz torpaqlarının
işğal altında qalması ilə barışmır
və ərazi bütövlüyünün təmin
olunması üçün ciddi tədbirlərə əl
atıb. Dövlətimizin başçısı da
ictimaiyyətlə görüşü zamanı bu məsələni
xüsusi vurğulayaraq demişdir: "Mən heç
şübhə etmirəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik,
vətəndaşlarımızı doğma dədə-baba
torpaqlarına qaytaracağıq. O torpaqlarda yeni həyat
başlanacaq, şəhərlər bərpa olunacaqdır. O
bölgələr, bu gün işğal altında qalan torpaqlar,
bax ölkəmizin başqa bölgələri kimi
çiçəklənəcəkdir. Mən buna
əminəm, buna şübhə etmirəm və
hamımız işimizlə o günü
yaxınlaşdırmalıyıq".
Əliqismət
BƏDƏLOV,
Xalq
qəzeti.-2010.-18
dekabr.-S.1.