Naxçıvanda "Xan Sarayı" Dövlət

Tarix-Memarlıq Muzeyi açılmışdır

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır. Dekabrın 17-də muzeyin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, ictimaiyyətin nümayəndələrini təbrik etmiş, ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırlatmışdır: "Azərbaycan xanlıqlara bölünən dövrdə... Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar".

Bu, ümummilli liderimiz tərəfindən Naxçıvan xanlığının 81 illik fəaliyyətinə verilən qiymətdir. Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılmışdır. 1828-ci il martın 21-də Naxçıvan İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır.

Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın xidmətləri xüsusi qeyd edilməlidir.

Ali Məclisin sədri Xan Sarayını Kalbalı xanın tikdirdiyini, bu tarixi şəxsiyyətin 1787-ci ildən 1820-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik etdiyini bildirərək demişdir: "1820-ci ildən sonra Kalbalı xanın oğlanları Ehsan xan İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə etmişlər. 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Naxçıvan ərazisinin qorunub bu günümüzədək gəlib çatmasına görə o dövrdə fəaliyyət göstərən xanlığa, insanlara borcluyuq. Ona görə bir daha onları yad edərək ruhları şad olsun deyirik.

Naxçıvan xanlığının fəaliyyəti Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrlə bitmir. Eyni zamanda, Naxçıvan xanlığı böyük dövlət xadimləri, sərkərdələr yetişdirmişdir. Tək bir nəsildən 6 generalın, bir çox ictimai xadimlərin yetişməsi bu sülalənin Azərbaycanın tarixində qədər böyük yeri rolu olduğunun göstəricisidir.

Binanın yenidən qurulmasına başlanıldı, muzeyin fəaliyyəti üçün lazımi arxiv materialları digər sənədlər toplanaraq muzeyə verildi. Bu, son hədd deyildir. Naxçıvan xanlığına aid digər tarixi sənədlər muzeydə toplanmalı, tariximiz olduğu kimi göstərilməlidir.

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan ictimaiyyətinə müraciət edərək demişdir ki, muzeyin fəaliyyəti, zənginləşdirilməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır. "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi bu gündən fəaliyyətə başlayır. Burada müəyyən dərslərin, elmi müzakirələrin, simpoziumların təşkili muzeyin daha da zənginləşdirilməsinə, tanıdılmasına xidmət edəcəkdir.

Muzeyin arxiv sənədləri ilə zənginləşdirilməsi sahəsində müxtəlif işlər görülür. Naxçıvan xanlığının o dövrdə əlaqədə olduğu dövlətlər, o cümlədən Rusiya ilə aparılır, onların arxivlərindən əldə edilməsi mümkün olan sənədlər muxtar respublikaya gətirilərək muzeydə yerləşdirilir. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Muzeyin daha da zənginləşdirilməsi işinin uğurlu olması üçün əlaqədar təşkilatlarımız vəzifələrini layiqincə yerinə yetirməlidir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış olmuşdur. Məlumat verilmişdir ki, 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat vardır. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir. Burada nümayiş etdirilən müxtəlif kitablarda Naxçıvan xanlığının tarixi barədə ətraflı məlumat vardır.

Baxış zamanı Ali Məclisin sədri bildirmişdir ki, Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilmiş, 1918-20-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülmüşdür. "Xan Sarayı" müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə , qorunub saxlanılmışdır. Muzey o dövrün tarixini özündə əks etdirməli, Naxçıvan xanlığının fəaliyyəti dövrünü gələcək nəsillərə daşıyan bir mənbə olmalıdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Naxçıvanın tarixinin öyrənilməsinə göstərilən diqqət qayğıya görə ziyalılar adından minnətdarlığını bildirmiş, bu nailiyyətlərin son 15 ildə əldə olunduğunu vurğulamış, muxtar respublikaya rəhbərliyinin 15 ilinin tamam olması münasibətilə tədbir iştirakçıları adından Ali Məclisin sədrini təbrik etmişdir.

Binada muzey işçiləri üçün otaqları ayrılmış, binanın daxili fasadı milli ornamentlərlə bəzədilmiş, həyətdə geniş abadlıq işləri aparılmış, oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

Xalq qəzeti.-2010.-18 dekabr.-S.2.