Əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin hər birinin
hüquq
və azadlıqları Azərbaycan Respublikasının
normativ
hüquqi aktları ilə qorunur
18 Dekabr - Beynəlxalq Miqrant
Günüdür
Birləşmiş
Millətlər Təşkilatı Baş Assambleyasının
18 dekabr 1990-cı ildə qəbul etdiyi "Bütün
əməkçi miqrantların və onların ailə üzvlərinin
hüquqlarının müdafiəsi haqqında"
Konvensiyanın qəbul edilmə tarixi 4 dekabr 2000-ci ildə
Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant
Günü elan edilmişdir. Həmin vaxtdan etibarən 18
dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Bu Konvensiya
Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 1998-ci il
tarixli Qanunu ilə ratifikasiya olunmuşdur.
Miqrasiya
ictimai proses olub, eyni zamanda, iqtisadi, siyasi və mənəvi
amillərin təsiri nəticəsində də baş verir.
Miqrasiya
tarixən çox qədim prosesdir və sinifli
cəmiyyətin yaranmasına qədər kortəbii xarakter
daşımışdır. Dünyada ilk miqrasiya prosesləri
ibtidai icma dövründə təbii şəraitdən
asılı olaraq baş vermişdir.
BMT-nin
məlumatına görə, hazırda dünyada 15,2 milyon
qaçqın və 27,1 milyon məcburi köçkün
qeydə alınmışdır. Qəsbkarlıq qurbanı
olan, torpağını itirib ağır miqrant həyatı
yaşamağa məcbur olan xalqlardan biri də Azərbaycan
əhalisidir. Ölkəmizdə qaçqın və
köçkünlərin sayı bir milyondan çoxdur.
Azərbaycan
dünyada ərazisində ən çox daxili miqrant
məskunlaşan ölkədir. Hazırda dünyada hər 35
nəfərdən, Azərbaycanda isə hər 8
nəfərdən biri miqrantdır. Dünyada miqrantların
97-98 faizi başqa ölkə vətəndaşları
olduğu halda, Azərbaycanda miqrantların 70 faizi
ərazilərin işğalı nəticəsində
ölkə daxilində yaşayış yerini
dəyişməyə məcbur olmuş daxili miqrantlardır.
Azərbaycanda məskunlaşan miqrantların 90 faizdən
çoxu milli mənsubiyyətinə görə
azərbaycanlılardır.
19 mart 2007-ci
ilə qədər - Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti yaradılanadək
ölkədə miqrasiya proseslərinin tənzimlənməsi
ayrı-ayrı nazirliklərin müvafiq idarələri
tərəfindən həyata keçirilirdi.
Dövlət Miqrasiya Xidmətinin yaradılması
ilə miqrasiya sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, idarəetmə sisteminin
inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi
və proqnozlaşdırılması, bu sahədə
müvafiq dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi vahid mərkəzdən
idarə olunur.
Azərbaycan Respublikası keçid
mərhələsini yaşadığından təkcə
xarici deyil, həm də daxili miqrasiya prosesləri ilə
üzləşmiş bir ölkədir. Ötən əsrin
80-ci illərinin sonlarından etibarən Ermənistanın
deportasiya, soyqırımı və təcavüzkarlıq
siyasəti ilə şərtlənmiş və
keçmiş sovet məkanında
qaçqın və məcburi köçkün problemi
ilə üzləşmiş ilk respublikadır.
İşğalçı dövlətin etnik
təmizləmə və təcavüzkarlıq siyasəti
nəticəsində bir milyondan çox soydaşımız
doğma ev-eşiyindən didərgin düşərək,
respublikamızın müxtəlif bölgələrində
sığınacaq tapmışdır. Ümummilli lider
Heydər Əliyev müxtəlif səbəblərdən
miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunmasına, onların üzləşdiyi problemlərin
həllinə çalışmışdır. Bu sahədə dövlət siyasətini uğurla
davam etdirərək, yeni dövrün
tələblərinə uyğun təkmilləşdirən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev son beş ildə həm xarici, həm də daxili
miqrasiyanın mənfi təzahürlərinin aradan
qaldırılması istiqamətində
səmərəli və məqsədyönlü
tədbirlər görmüşdür. Dövlət
başçısı, xüsusən də, regionlardan
Bakıya və digər iri şəhərlərə
yüksək axının - urbanizasiya prosesinin
qarşısının alınmasını ilk gündən
iqtisadi siyasətdə mühüm prioritetlərdən biri
kimi müəyyənləşdirmiş, sosial ədalət
prinsipinin qorunması baxımından respublikanın
hər bir bölgəsinin proporsional inkişafını vacib
saymışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral
2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı" isə ilk
növbədə təkmil konsepsiya olmaqla, sosial-iqtisadi
səbəblərlə bağlı daxili miqrasiyanın
fəsadlarının aradan qaldırılmasına
yönəlmişdir. Nəticədə regionların
tarazlı inkişafı, infrastruktur yeniləşdirilmiş,
yeni iş yerləri açılmış, sosial
problemlərin həlli nəticəsində respublikada
sosial-iqtisadi səbəblərlə bağlı olan daxili
miqrasiyanın səviyyəsi əhəmiyyətli
dərəcədə azalmışdır.
2006-cı
ilin 25 iyul tarixində Prezident İlham Əliyev "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Proqramının
(2006-2008-ci illər) təsdiq edilməsı haqqında"
sərəncam imzalamışdır. Dövlət proqramı ölkədə
mövcud miqrasiya proseslərinin təhlili əsasında bu
sahənin gələcək inkişaf istiqamətlərini
və həyata keçirilməli olan zəruri
tədbirləri özündə əks etdirmişdir. Proqramın əsas məqsədi miqrasiya
sahəsində dövlət siyasətinin həyata
keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf
etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi
və proqnozlaşdırılması, bu sahədə
qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün
tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin
təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat
bankının, müasir avtomatlaşdırılmış
nəzarət sisteminin yaradılması, qeyri-qanuni
miqrasiyanın qarşısının alınması,
miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin
həyata keçirilməsidir.
Dövlət Miqrasiya Xidmətinin yaradılması
haqqında Prezident İlham Əliyevin 19 mart 2007-ci il tarixli
fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, idarəetmə sisteminin
inkişaf etdirilməsi, miqrasiya proseslərinin
tənzimlənməsi və proqnozlaşdırılması,
bu sahədə müvafiq dövlət orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi
məqsədinə xidmət etmişdir.
Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi
məqsədi ilə Prezident İlham Əliyevin 8 aprel 2009-cu
il tarixdə imzaladığı Fərmanla Dövlət
Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu
verilmişdir. 4 dekabr 2009-cu il tarixdə Milli Məclis
tərəfindən "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə" təsdiq edilmişdir.
Miqrasiya sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara
və müasir dövrün tələblərinə uyğun
təkmilləşdirilməsi, qanunların tətbiqində
yol verilən nöqsan və sui-istifadə hallarının,
tənzimlənməyən miqrasiya proseslərinin neqativ
təsirinin aradan qaldırılması, Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin və sabit
sosial-iqtisadi, demoqrafik inkişafının təşkili
Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir.
Bu vəzifələr sırasında
həmçinin əmək ehtiyatlarından
səmərəli istifadə olunması, ölkə
ərazisində əhalinin mütənasib
yerləşdirilməsi, miqrantların intellektual və
əmək potensialından istifadə edilməsi, insan alveri
də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının
alınması önəmli yer tutur.
Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ölkədə olma müddətlərinin uzadılması,
ölkə ərazisində müvəqqəti və daimi
yaşama icazələrinin, sığınacaq axtaran
əcnəbilərə qaçqın statusunun, haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün fərdi icazələrin verilməsi məsələləri ilə
məşğul olur, müvafiq icazə almış
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri yaşayış yeri üzrə
qeydiyyata alır, vətəndaşlıq
məsələlərinin həllində, həmçinin
qanunvericiliyə edilmiş son əlavə və
dəyişikliklərə əsasən Azərbaycan
Respublikasına gələn bir qrup əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə vizaların
rəsmiləşdirilməsi prosedurunda iştirak edir.
Dövlət Miqrasiya Xidmətinə müraciət
edənlərin vəsatətlərinə ölkə
qanunvericiliyinin tələblərinə uyğun
şəkildə baxılaraq müvafiq qərarlar qəbul
olunur.
Dövlət Miqrasiya Xidməti ölkə
ərazisində müvəqqəti olan, habelə
müvəqqəti və daimi yaşayan əcnəbilərin
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
riayət etmələri üzərində miqrasiya sahəsinə
nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin
tələblərini pozmuş əcnəbilərin
ölkə ərazisindən çıxarılması
üçün müvafiq tədbirlər görür.
Miqrasiya
proseslərinin sürətli inkişaf etdiyi bir dövrdə
əlbəttə ki, ölkəmizdə bu sahədə
siyasətin təkmilləşdirilməsi, nəzarətin
gücləndirilməsi bu və digər tədbirlərin
reallaşdırılması zərurətini
yaratmışdır.
Miqrasiya proseslərinin idarə olunması və
tənzimlənməsi məqsədilə son illər
qanunvericilik aktlarına edilmiş əlavə və
dəyişikliklər bu sahədə boşluqların aradan
qaldırılmasına kömək etməklə
yanaşı, əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
yaşama icazələrinin verilməsi ilə
bağlı prosedurlara daha ciddi əməl olunmasına,
miqrasiya sisteminin inkişafı ilə bağlı qanunvericilik
bazasının daha da təkmilləşdirilməsinə
xidmət edir.
Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi
tədbirlər miqrasiya proseslərinin tənzimlənməsi,
bu sahədə əngəllərin tamamilə aradan
qaldırılması, sənədləşmənin
sadələşdirilməsi ilə nəticələnmişdir.
Bu baxımdan dövlət
başçısı tərəfindən "Miqrasiya
proseslərinin idarəolunmasında "bir
pəncərə" prinsipinin tətbiqi haqqında"
imzalanmış 4 mart 2009-cu il tarixli Fərmanın tətbiqi
ölkəmizdə bu sahədə operativliyin təmini və
həllini gözləyən problemlərin aradan
qaldırılmasına səbəb olmuşdur. "Bir
pəncərə" prinsipinin işə düşməsi
ilə respublikada miqrasiya idarəetmə mexanizmi
təkmilləşdirilmişdir.
Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
ölkə ərazisində qanuni əsaslarla yaşamaları
və əmək fəaliyyəti ilə məşğul
olmaları üçün müvafiq icazələrin
verilməsi, onların yaşayış yeri üzrə
qeydiyyata alınması prosedurunu sadələşdirmək
və bu sahədə şəffaflığı tam
təmin etmək bu prinsipin əsas məqsədidir.
Məhz müvafiq icazələrin alınması
və qeydiyyat prosedurlarının mürəkkəb olması
səbəbindən ölkəmizə gələn
əcnəbilər 1 iyul 2009-cu il tarixə qədər
müxtəlif orqanlara müraciət etmək
məcburiyyətində qalırdılarsa, indi onlar yalnız
bir ünvana - Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazələrin
verilməsi ilə bağlı vəsatətlərə
Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti tərəfindən 20 iş günü
müddətində baxılır. Miqrasiya
proseslərinin idarəolunmasında "bir
pəncərə" prinsipi tətbiq edildiyi gündən
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə almış
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər şəxsiyyətlərini təsdiq
edən etibarlı sənədlər və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti
tərəfindən verilmiş müvafiq vəsiqələr
əsasında Azərbaycan Respublikasından gedir və
Azərbaycan Respublikasına qayıda bilirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin bilavasitə rəhbərliyi ilə
ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi
islahatlar nəticəsində yaşayış
səviyyəsinin yüksəlməsi, ölkənin əlverişli
coğrafi-strateji mövqeyi, Şərqlə Qərbin,
Şimalla Cənubun qovuşuğunda yerləşməsi
Azərbaycanı əcnəbilər üçün
cəlbedici dövlətə çevirmişdir.
Ölkə
iqtisadiyyatının kompleks inkişafına nail olunmuş,
yeni istehsal sahələri yaradılmışdır. Bu da
təbii ki, əcnəbilərin bu sahələrə cəlb
olunması zərurətini yaratmışdır.
Qeyd edim ki, ölkəmizə turist kimi səfər
edən əcnəbilər də vardır ki,
ölkədəki iqtisadi inkişaf, sabit vəziyyət,
insanların yüksək rifah halı onların burada
yaşamaq üçün qalmaları ilə bağlı
qərar vermələrinə səbəb olur. Onlar
ölkədə qalmalarını ya mövcud yaxın qohumluq
münasibətləri, ya da Azərbaycan
vətəndaşı ilə ailə qurmaları ilə
qanuniləşdirirlər. Bütün bu sadalananlar bir daha
Azərbaycanın gündən-günə inkişaf etdiyini,
beynəlxalq aləmdə artan nüfuzunun və möhkəmlənən
mövqeyinin mövcudluğunu, ölkədə ictimai-siyasi
sabitliyin hökm sürdüyünü sübut edir.
1 il ərzində
ölkəyə daxil olan əcnəbilərdən 120 minə
yaxını Azərbaycanda qalıb. Əvvəlki
illərdə ölkəmizdə qalanlarla birlikdə
onların ümumi sayı 400 mindən artıqdır.
Ölkəmizə
gələn əcnəbilər əsasən Avropa və MDB
dövlətlərinin vətəndaşlarıdır. Bununla
yanaşı təbii ki, Amerika və Asiya
dövlətlərindən də gələnlər var.
Təkcə bu ilin 11 ayında Dövlət Miqrasiya
Xidmətinə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
tərəfindən ölkədə müvəqqəti olma
müddətlərinin uzadılması, müvəqqəti
və daimi yaşamaq üçün icazələrin
verilməsi, vətəndaşlığa qəbul,
bərpa, xitam, eləcə də vətəndaşlıq
mənsubiyyətinin və qaçqın statusunun
müəyyənləşdirilməsi, həmçinin
əmək fəaliyyətinin həyata keçirilməsi
üçün fərdi icazələrin verilməsi və
mövcud fərdi icazələrin müddətlərinin uzadılması
ilə bağlı 50.000-dən artıq müraciət daxil
olmuşdur.
Müraciətlərin
hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin
tələblərinə uyğun olaraq
araşdırılmış və müvafiq qərarlar
qəbul edilmişdir.
Azərbaycanda
olan əməkçi miqrantların əsas qismi yüksək
səviyyəli mütəxəssislərdir ki, onların da
əmək fəaliyyəti ilə məşğul olduqları
sahələrə əsasən sənaye, tikinti, təhsil
və s. daxildir. Amma turist kimi səfər
edənlər, keçirilən tədbirlərdə
iştirak etmək məqsədilə gələnlər,
dövlət qurumlarına, eləcə də
şirkətlərə dəvət edilən
şəxslər, əməkçi miqrantlar və onların
ailə üzvləri, tələbələr, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
şəxslər, investorlar, yaşamaq məqsədilə
gələnlər, Azərbaycan Respublikasının vətəndaşı
ilə nikahda və ya yaxın qohumluq
münasibətlərində olanlar da üstünlük
təşkil edir.
Ölkə Prezidentinin 6 fevral 2009-cu il tarixli
Sərəncamına əsasən fəaliyyəti təmin
edilmiş Vahid Miqrasiya Məlumat Sistemi bu gün
ölkədə baş verən miqrasiya proseslərinin
dinamikası barədə tam təsəvvürün
yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya
ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq
tədbirlərin görülməsi üçün
əlverişli şərait yaratmışdır. Ölkə
ərazisində miqrasiya proseslərinin idarəedilməsi
funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat
Sistemi (VMMS) vasitəsilə əcnəbi və
vətəndaşlığı olmayan şəxsin
ölkə ərazisinə daxil olduqdan sonra harada olması
və nə işlə məşğul olması
müşahidə olunur və ciddi nəzarətdə
saxlanılır.
Əlbəttə, bu gün ölkəyə daxil
olduqdan sonra ölkədə olma qaydalarını və yaxud
ölkədə müvəqqəti və daimi yaşama
qaydalarını pozan, etibarsız sənədlərlə
yaşayan, qanunsuz əmək fəaliyyəti ilə
məşğul olan əcnəbilər - qeyri-leqal miqrantlar
yox deyildir. Dünyanın bütün inkişaf etmiş
ölkələrində qanunsuz miqrasiya halları mövcuddur.
Əsas məsələ bu xoşagəlməz halın
qarşısını almaq və ciddi mübarizə
aparmaqdır.
Qeyd edim ki,
Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət
istiqaməti olaraq qanunsuz miqrasiya ilə fasiləsiz olaraq daim
mübarizə aparılır, Xidmət
əməkdaşları tərəfindən
müntəzəm tədbirlər həyata keçirilir.
Cari ilin 11
ayı ərzində qanunsuz miqrasiyanın
qarşısının alınması məqsədi ilə
keçirilən tədbirlər nəticəsində 11.104
əcnəbi tərəfindən inzibati qanunvericiliyin
tələblərinin pozulması halı müəyyən
edilmişdir. Onlardan 2.625 nəfərin
cərimə tətbiq edilməklə ölkə
ərazisində yaşamaları
leqallaşdırılmışdır. 7.269 əcnəbi
barəsində Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələri
ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində
ölkəni tərk etmə, 1.210 əcnəbinin isə
inzibati qaydada ölkə hüdudlarından kənara
çıxarılması barədə qərarlar qəbul
edilmişdir.
Prezident İlham Əliyevin 13 sentyabr 2010-cu il
tarixdə "Azərbaycan Respublikasına gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə vizaların
rəsmiləşdirilməsi ilə bağlı bəzi
məsələlər haqqında" Fərmanı da qanunsuz
miqrasiya hallarının qarşısının
alınması və müəyyən
problemlərin yaranmaması üçün vaxtında
atılmış addımdır. Əcnəbi
ölkəyə gəlməmişdən öncə viza alınması
üçün müəyyən edilmiş qaydada
müraciət edir, məqsədəuyğun hesab olunduqda onun
ölkəyə girişi üçün müvafiq
tədbirlər görülür.
Qeyd edim ki,
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun
olaraq əcnəbi və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasına
gəlmək, burada yaşamaq, həmçinin əmək
fəaliyyəti ilə məşğul olmaq hüquqlarına
malikdirlər. Onların hər birinin hüquq və
azadlıqları müvafiq normativ hüquqi aktlarla qorunur.
Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin yaradılmasından ötən müddət
ərzində əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquqlarının müdafiəsi daim diqqət
mərkəzində saxlanılmış və bununla
bağlı miqrasiya sahəsində bir sira yeni
normativ-hüquqi aktlar qəbul olunmuş, mövcud
qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilmiş, institusional və təşkilati tədbirlər
həyata keçirilmiş, əcnəbilərin
ölkəyə gəlməsi, ölkədən getməsi,
onların yaşayış yeri üzrə qeydiyyata
alınması sahəsində göstərilən
xidmətlər və ümumiyyətlə miqrasiya
proseslərinin idarə olunması mexanizmi
təkmilləşdirilmiş, elektron informasiya resursları
yaradılmışdır.
Belə ki, Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
ölkə ərazisində qanuni əsaslarla yaşamaları
və əmək fəaliyyəti ilə məşğul
olmaları üçün müvafiq icazələrin
verilməsi, onların yaşayış yeri üzrə
qeydiyyata alınması proseduru sadələşdirilmiş,
miqrasiya sahəsində şəffaflıq təmin
olunmuş və 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin
idarəolunmasında "bir pəncərə" prinsipi
tətbiq edilmişdir.
Miqrasiya sahəsində
vətəndaşlara göstərilən xidmətin
operativliyinin təmin olunması məqsədi ilə
Dövlət Miqrasiya Xidmətində üç dildə
fəaliyyət göstərən "Miqrasiya Məlumat
Mərkəzi" (telefon: 919) yaradılmışdır.
Beynəlxalq standartlar və təcrübəyə
uyğun olaraq Azərbaycan Respublikasında mövcud
sığınacaq sistemi təkmilləşdirilmiş, BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
Azərbaycan nümayəndəliyi tərəfindən
"himayə" sənədi ilə təmin edilmiş
xarici ölkə vətəndaşlarına münasibətdə
(qanunsuz olaraq ölkə ərazisinə
gələn və yaşayanlara) qanunvericiliklə
nəzərdə tutulmuş hər hansı inzibati
tədbirlər tətbiq olunmur.
Dövlət Miqrasiya Xidməti öz
fəaliyyətində digər ölkələrin miqrasiya
orqanları və beynəlxalq təşkilatlarla
ikitərəfli və çoxtərəfli əsaslarla
əməkdaşlığın həyata keçirilməsi
işinə də xüsusi önəm verir və miqrasiya
sahəsində təcrübə mübadiləsinin
aparılması, qanunsuz miqrasiya ilə
mübarizə və miqrantların hüquqlarının
müdafiəsinin təmin olunması məqsədi ilə
Almaniya Federativ Respublikası, Niderland Krallığı, Rusiya
Federasiyası və digər ölkələrin müvafiq
orqanları ilə əməkdaşlıq
əlaqələrini daha da genişləndirmişdir.
Azərbaycan Respublikasında akkreditə olunmuş
bir sıra ölkələrin (Almaniya, Türkiyə, Rusiya,
Hindistan, Niderland) səfirləri və digər diplomatları
ilə Dövlət Miqrasiya Xidmətində keçirilmiş
görüşlərdə Azərbaycan Respublikasında
miqrantların hüquqi vəziyyəti və miqrasiya
sahəsində qarşılıqlı
əməkdaşlığın həyata
keçirilməsi ilə bağlı məsələlər
müzakirə olunmuşdur.
Miqrantların hüquqlarının
müdafiəsinin təmin olunması sahəsində
çoxtərəfli əməkdaşlığın
həyata keçirilməsi, bu sahədə müəyyən
biliklərin əldə olunması məqsədi ilə
Dövlət Miqrasiya Xidməti BMT-nin müxtəlif
qurumları, Avropa İttifaqı, Avropa Şurası, MDB, BMT,
MSİBM və digər beynəlxalq təşkilatlar
tərəfindən təşkil olunan layihə və
tədbirlərdə yaxından iştirak etmişdir.
Azərbaycan Respublikasının
iştirakçısı olduğu beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi, ölkədə
insan hüquqlarının müdafiəsi sahəsində
görülən tədbirlərin daha da
genişləndirilməsi istiqamətində hazırda
Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti tərəfindən müvafiq tədbirlər davam
etdirilir.
Arzu
RƏHİMOV,
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli dövlət
miqrasiya xidməti müşaviri
Xalq qəzeti.-2010.-18 dekabr.-S.4.