"Yazıçının
yaradıcılığı
onun tərcümeyi -
halıdır"
Atatürk Mərkəzinin geniş iclas salonunda
Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Birliyinin
təşəbbüsü və
təşkilatçılığı ilə yazıçı-dramaturq,
Milli Məclisin deputatı Hüseynbala Mirələmovun bu
yaxınlarda işıq üzü görmüş
"Qırxıncı otaq" kitabının müzakirəsi
keçirildi. Tədbirə
yazıçı dramaturqun ədəbi fəaliyyətinin
açıqlaması ilə başlayan jurnalist Reyhan
Mirzəzadə bildirdi ki, Hüseynbala Mirələmovun
istər sənədli siyasi-publisistik əsərləri,
istər nəsr, istərsə də dram əsərləri
həmişə cəmiyyətdə ciddi əks-səda
doğurmuşdur.
Hüseynbala Mirələmovun dünya
şöhrətli "Molodaya qvardiya"
nəşriyyatının "Görkəmli adamların
həyatı" seriyasında nəşr etdirdiyi, istedadlı
qələminin məhsulu olan "Heydər Əliyev",
"İlham Əliyev" və "Zərifə
Əliyeva" əsərləri XXI əsr Azərbaycan
ədəbi mühitində sənədli siyasi
publisistikanın ən parlaq nümunələrindən
sayılır. Nahaq deyil ki, yazıçının hər
üç əsəri müxtəlif ölkələrin
məşhur kitabxanaları, muzeyləri, arxivləri, elm,
tədris ocaqları, ziyalıların şəxsi
kitabxanalarının ən qiymətli mədəni
sərvətinə çevrilmişdir.
XXI əsrin ilk on ilində möhtəşəm bir
yaradıcılıq yolu keçmiş H.Mirələmovun
siyasi publisistikadakı bu uğurları ilk növbədə
onun Heydər Əliyev şəxsiyyətinə, amal və
ideallarına, Azərbaycan dövlətçiliyinə,
Prezident İlham Əliyevin dövlətçilik
siyasətinə inam, etibar və sədaqətinin
təcəssümüdür.
Daha sonra R.Mirzəzadə redaktoru olduğu
"Qırxıncı otaq" romanının
yazıçının hansı məramından
ərsəyə gəldiyindən danışaraq bildirdi ki,
ədalətə, haqqa xidmət göstərən əsl
vətəndaş-hüquqşünas obrazı
H.Mirələmovun yaradıcılığının ən
müxtəlif mərhələlərində onu
düşündürən əsas mövzulardan olmuşdur. O, demokratik, hüquqi dövlət quruculuğunda
müstəsna rol oynayan, xalq qarşısında haqqa
sədaqət nümunəsinə çevrilən,
saxtakarlığa, dünyanın axarını dəyişən
yalana, riyakarlığa qarşı barışmaz
mübarizə aparan, dünyanın malına tamah salmayıb
mərdi-mərdanə mübarizə aparan, insanın
şəxsiyyət olması üçün mühüm
keyfiyyətlərdən biri kimi vicdan paklığı ilə
zirvəyə ucalan Adil Hüseynli obrazını böyük
ustalıqla qələmə almışdır.
Ümumən,
Hüseynbala Mirələmovun ədəbi
yaradıcılığında ali məqsədlərdən
biri insanın bu qarışıq və dolaşıq
dünyada öz simasını qoruyub saxlaya bilməsinə
xidmət etməkdir. Bunun üçün insan və
cəmiyyət, insan və sosial həyat arasında çox
sərt mübarizə gedir. Kimin qalib gələcəyi, son
nəticədə bəşəriyyətin taleyinin kimin
ixtiyarına buraxılacağı bütövlükdə
hamını düşündürən məsələdir.
Araqon
əsərlərinin birində yazır: "Antik
qəhrəmanlar əjdahaları məğlub etmiş,
kralların qızlarını azad etmiş, Avgi
tövləsini təmizləmişlər. Müasir
qəhrəmanlar isə bu vaxta qədər heç bir
rəssamı, heç bir heykəltəraşı
ruhlandırmayan sosial eybəcərliklə mübarizə
aparırlar". H.Mirələmovun qəhrəmanları da
məhz bu mübarizədən boy verib, oxucu qəlbinə yol
tapıb.
Əsərin
müzakirəsinin məhz bu məqamında söz,
Hüseynbala Mirələmov yaradıcılığına
yaradıcı münasibətlə seçilən filologiya
elmləri doktoru, professor Nizaməddin Şəmsizadəyə
verildi. Bu yaxınlarda məhz
yazıçının ədəbi-bədii
yaradıcılığından bəhs edən
"Yazıçı ömrünə üvertüra"
əsərində "Hüseynbala Mirələmov həyatda
və sənətdə əbədini ötəridən
ayırmağı bacaran adamdır və məhz buna
görə də mən onu sevirəm... dost kimi,
yazıçı kimi, şəxsiyyət kimi..." yazan
N.Şəmsizadə onun əsərlərinə bu gün
qadınların daha çox maraq göstərməsini
təbii hesab etdi:
-
Hüseynbala Mirələmovun yazdıqları onun
tərcümeyi-halıdır. Bu nasirin vətənkeşliyini
görmək üçün "Xəcalət"i,
humanizmini dərk etmək üçün
"Cəza"nı, cəsarətinə bələdlik
üçün "Qırxıncı otağ"ı,
sevgisini duymaq üçün "Gəlinlik paltarını"
oxumaq lazımdır.
Onun
yaradıcılığında iki üslub öz əksini
tapıb. Sərt
realist üslub və romantik üslub. Realist üslubdan
romantik üsluba keçid həyata münasibətin
çoxqütüblüyündən irəli gəlir.
Ona görə
Hüseynbala Mirələmov XX əsrin adamı, XXI əsrin
yazıçısıdır. O, əsərləri ilə
özünü Azərbaycan cəmiyyətinə, cəmisi on
ilə tanıtmağı və sevdirməyi bacardı.
Hüseynbala Mirələmov
haqqında on beş kitab, beş
yüzdən artıq məqalə çap olunub. Və bu yazıların əksəriyyətində
o, bir yazıçı kimi təqdir olunur. Bunlar da, bu görüşlər də onu
göstərir ki, Hüseynbala Mirələmov çox oxunan,
ədəbi-ictimai fikrin diqqət mərkəzində olan bir
yazısıdır.
Yazıçının
bu gün müzakirə olunan "Qırxıncı otaq"
romanı müasir Amerika romanı ilə müqayisə oluna
bilər. H.Mirələmov bu romanda ruhu dolaşmış
cəmiyyətə ehtiraslı bir müdaxilə edir. Dünyada insan ehtirasından qüdrətli və
qiymətli heç nə yoxdur. Alman
filosofu Hegel yazırdı ki, "ehtirassız dahiyanə
heç nə yaranmır". "Qırxıncı
otaq" amansız bir ehtirasla cəmiyyətin
sosial-mənəvi ifliclərini açan, onlara milli
şüurla etiraz edən, tarixilik duyğusu ilə yazılan
əsərdir.
Azərbaycan
ədəbiyyatı tarixində bəlkə də heç
vaxt bədii ədəbiyyatın bu qədər
kasıbların
C.Məmmədquluzadə
deyirdi ki, "Sözün düzünü danışmaq
hünərdir". Biz çoxdan bu sözün
fərqinə varmırıq. Amma
H.Mirələmov bizim, hətta bütöv bir
cəmiyyətin görmək istəmədiyi düzü,
həqiqəti çox sərt şəkildə,
çəkinmədən, cəsarətlə ortaya qoyur.
Bizim
nağıllarda qəhrəman otuz doqquz otağı
aça-aça gəlib yetişir bütün sirlərin
gizləndiyi qırxıncı otağa. Adil
Hüseynlinin yazdığı taleh kitabının adı
"Qırxıncı otağın sirri" adlanır.
Adil 40 il hakimlik edir, romanda sirlərin
hamısı Şahin Verdiyevin oturduğu 40-cı otaqda
sökülüb açılır. Cinayətkar
hakim Şahin Verdiyevin 40-cı otaqda oturması
nağıllarda divin gözəl qızın dizinə baş
qoyub yatması ilə eyni assosasiya yaradır. Ədalət
uğrunda mübarizə aparan qoca hakim 40-cı otağı
dağıtsa da, özü də cəmiyyətdə baş
verməkdə olan terrordan yaxa qurtara bilmir...
Adil Hüseynli
sürdüyü şərəfli ömrün
xatirələrinin iztirablarını yaşayır. Həzzini
ötüşdürməyə macal tapmır. Qırx il hakimlik etdiyi "Ədalət
sarayının kiçik hücrəsinə
çəkilib", "zülmün, halallığın
kökü hardadır, ilahi, göydəmi, yerdəmi?!" - kimi düşüncələr içində
çırpınarkən, ümumi şöbədə
işləyən qız ona qadın həbsxanasından
göndərilən bir məktub verir. Bu,
zorən cinayətkara çevrilən Cahan Axundovanın
"Könül dəftəri" idi. Buradan
da roman içindən roman başlanır.
Cahanın
"Könül dəftəri" ilə yazıçı
Hüseynbala Mirələmov gözəl və bədbəxt
bir qadının taleyi prizmasından cəmiyyətin
sosial-mənəvi ifliclərinə işıq salır,
xərçəng kimi insan talelərini öz amansız
məngənəsinə almış psixoloji ifliclərin maddi
bağlarını, tilsimli düyünlərini inadkar bir
inamla açmağa nail olur.
Hüseynbala
Mirələmov Cahan obrazında mənəvi təmizliyin ilahi
abidəsini, dövrün və dəyanət mələyinin
əfsanəvi timsalını yaradır. Yazıçının
"Qırxıncı otağ"ı həm də terror
əleyhinə yazılmış və insanın yaşamaq
haqqını təsdiq edən talelər romanıdır.
Əsər kəsişən,
çarpazlaşan talelərin xoşbəxt sonluğu ilə
bitir. Fəqət ölümsüz,
qurbansız da ötüşmür.
Professor
N.Şəmsizadə müzakirə mövzusu olan kitabda yer
almış "Qumru yumurtaları" povestinə də
münasibətini bildirdi. "Qumru
yumurtaları" yazıçı Hüseynbala
Mirələmovun bir gəncin taleyinə yazdığı
elegiyadır. Müəllifin bu
əsərindən sonra mənə bir daha aydın oldu ki,
Hüseynbala Mirələmov zahirən
göründüyündən çox-çox dərin
adamdır".
"Qırxıncı
otaq" kitabı haqqında fikirlərini müzakirə
iştirakçılarına yazıçı-publisist Nahid
Hacızadə də özünəməxsus şəkildə
çatdırdı:
- Mən elə bilirəm ki,
bu gün çox həvəslə müzakirəsinə
toplaşdığımız Hüseynbala Mirələmovun
"Qırxıncı otaq" kitabı haqqında ən
səmimi sözləri, sağ qalsaydı, dostum,
həmkarım Əlibala Hacızadə deyəcəkdi. Əlibala müəllim həm bir insan, həm də
bir filosof yazıçı kimi Hüseynbala Mirələmovun
vurğunu idi. Yadımdadır, o
yazıçının "Xəcalət" və
"Yanan qar" əsərlərini oxuyandan sonra
Hüseynbalanın uğuruna sevincindən gözü
yaşarmışdı.
Bu gün
yazıçı dostumuz yenə öz
"Qırxıncı otağ"ı ilə ədəbi
ictimaiyyəti silkələdi. Kitabı ələ
alırsan, əl sevinir, baxırsan göz sevinir, oxuyursan
ürək sevinir. Bu kitab gözəl bir fransız atalar
sözü ilə başlayır: "Həyat göy
qurşağına bənzəyir: onun rənglərini
görmək üçün günəş və
yağış lazımdır". Hüseynbala
Mirələmovun bu əsərində günəş də,
yağış da, sevinc də, göz yaşı da var.
Yazıçı xeyirxah adam olmalıdır. Belə
olmasa, Hüseynbala Mirələmov
yaşadığımız cəmiyyətin naqisliklərini,
ziddiyyətlərini, sosial bəlalarını açıb
göstərməzdi. Yazıçı,
eyni zamanda, bir insan kimi ədalətlidir. Süleyman
peyğəmbərin vəziri Asəfin üzüyünün
üstünə belə bir kəlam yazılmışdı:
"Ədalətli olana Allah da mərhəmət
göstərir". Ədaləti olmayan, haqq
tanınmayan cəmiyyətdə mərhəmət olmaz.
Bu, böyük, bəşəri problemdir.
Bütün böyük problemlər isə
böyük sevgi tələb edir. Hüseynbala
müəllimdə bu ilahi sevgi var.
Filologiya elmləri doktoru,
professor, şairə Firuzə Məmmədli isə
yazıçı dramaturq Hüseynbala Mirələmovun klassik
Azərbaycan nəşrinin ənənələrinə sadiq
qalaraq dilin saflığına necə böyük
qayğı ilə yanaşdığından bəhs etdi:
- Yazıçının
əsərlərində hər bir surətin öz
intonasiyası var. Onları fərqləndirən təkcə
xarakterləri, düşüncə tərzləri, əxlaq
və tərbiyələri deyil, həm də dilləridir. Bu da onu göstərir ki, müəllif
personajların kaloritini tam vermək üçün
onların dil xarakteristikasından da ustalıqla istifadə
edir.
Cahanın, Adil
Hüseynlinin dili sadə və aydındır. Bu həm də
yazıçının seçdiyi janrın
tələbindən irəli gəlir: sadə,
mürəkkəb olmayan düşüncələr və
yaşanan hisslər sadə qrammatik konstruksiyaya rahat yatır.
Müəllif
cəmiyyətdə baş verənləri, cərəyan
edən hadisələri kamil
dünyagörüşündən keçirərək onlara
qiymət verir. Yeni dövr, yeni sosial-iqtisadi
münasibətlər köhnə sualları yeni şəkildə
qarşıya qoyur. XX əsrin yazarı,
cəmiyyətin, iqtisadi münasibətlərin sərt və
amansız çağırışlarına tab gətirməyən,
onlara təslim olub simasını itirən obrazlara
qarşı, şəxsiyyəti formalaşdıran,
mənəvi, əxlaqi dəyərlərin
alçaldılıb ayaqlar altına atılması ilə
razılaşmayıb üsyan qaldıran
şəxsiyyətləri də ədəbiyyata gətirir.
Tədbirdə millət vəkilləri Hadi
Rəcəbli, Eldar İbrahimov, 525-ci qəzetin baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi
Rəşad Məcid, şərqşünas Xuraman Ağayeva,
Ombudsmanın nümayəndəsi Müqalib Məmmədov,
Ailə, Qadın və Uşaq problemləri üzrə
Dövlət Komitəsinin nümayəndəsi
Yeganə Musazadə, Qeyri-Hökumət Təşkilatları
Forumunun sədri Rauf Zeyni, diktor Eldost Bayram, Dünya Ana və
Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım
Əliyeva, yazıçı Nüşabə Məmmədli
və başqaları da "Qırxıncı otaq"
kitabını ədəbi aləmdə hadisə kimi
qiymətləndirdilər.
Kitab və yazar
haqqında təbii ki, fikir sahiblərindən biri də
mən idim. Vaxtı ilə Andre Morua belə
düşünürdü ki, "tarixi həqiqətə
sədaqət bioqrafik əsərlərin müəllifini
romançı sənətinə yaxınlaşdırır."
Amma Hüseynbala Mirələmov nəinki romançı,
artıq ədəbi ictimaiyyətə özünü
qəti şəkildə tanıdan dramaturqdur.
"Qırxıncı
otaq"ın süjetindəki qeyri-adi dramatizm
müəyyən mənada yazıçıya teatral
düşüncəsindən gəlib.Yazıçı
müasir həyatda cərəyan edən
mənəviyyatların mübarizəsini cəsarətlə
açıb göstərir. Müəllif əxlaqi,
mənəvi dəyərlərin tapdalandığı yerdə
son dərəcə amansızdır. Amma bu reallıq
bütün ziddiyyətləri ilə həm də insan
üçün prespektivlər açır. İşıq
gələn, görünən yolun varlığı artıq
gəncliyi, oxucunu pessimizmdən qurtarır.
Personajlarının bütün daxili aləminə
işıq salmağa çalışan yazıçı,
eyni hiss və hərəkətləri müxtəlif
şəxslərin simasında göstərməyə
çalışır. Özünün başlıca
vəzifəsini "cəsarətlə həqiqəti
axtarmaqda, dünyanın ən böyük
əxlaqsızlığı olan yalanla mübarizədə,
bütün mürəkkəbliliyi və ziddiyyətləri
ilə insan haqqında gerçəyi üzə
çıxarmaqda görən yazıçı, "Qumru
yumurtaları"nda da buna çalışır. Məhz buna
görə də AMEA-nın müxbir üzvü, millət
vəkili Nizami Cəfərov haqlı olaraq yazır: "Hüseynbala Mirələmov
əsərlərində yalnız bir yazıçı kimi
deyil, bir cəmiyyətşünas-mütəfəkkir kimi
də irəli gedir, insanlığın, xüsusən, yeni
həyat tərzinə başlamış Azərbaycan
insanının hansı qlobal fəlakətlər
qarşısında qaldığını
cəsarətlə açıb göstərir".
İlqar
RÜSTƏMOV,
Xalq
qəzeti.-2010.-18 dekabr.-S.6.