Prezident İlham ƏLİYEV: Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir

 

"Şahdəniz" yatağının tammiqyaslı işlənməsi Azərbaycanı dünyanın əsas qaz təchizatçılarından birinə çevirəcək

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası uğurla həyata keçirilir. Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edən bu strategiya çərçivəsində nəzərdə tutulan bütün məsələlər həll olunur, neft və qaz hasilatı ilbəil artır. Təkcə onu demək kifayətdir ki, başa çatmaqda olan 2010-cu ildə Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcəkdir. Bu da ölkəmizin enerji sahəsində vacib müttəfiqə, fəal tərəfdaşa çevrilməsinə imkan yaradır. Azərbaycan dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.

Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair layihə uğurla həyata keçirilir. Xatırladaq ki, bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsinin ilk mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə həyata keçirilən genişmiqyaslı tikinti-quraşdırma tədbirləri "Şahdəniz" yatağının zəngin qaz-kondensat ehtiyatlarının istismarına başlamasına imkan yaratmışdır.

Artıq "Şahdəniz" yatağında quraşdırılmış unikal platformadan dörd ildir ki, qaz hasil olunur. Məlum olduğu kimi, sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Göründüyü kimi, "Şahdəniz" layihəsi çərçivəsində çıxarılan təbii qaz bir neçə ildir ki, bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Təsadüfi deyil ki, hazırda gündəmdə olan "Nabukko" layihəsinin tərəfdaşları da ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər.

2010-cu ilin əvvəlindən ötən dövr ərzində layihənin reallaşdırılması istiqamətində uğurla addımlar atılmışdır. bp Azərbaycan şirkətinin 2010-cu ilin doqquz ayının yekunları ilə bağlı hesabatında qeyd olunur ki, yanvar-sentyabr aylarında "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 121 milyon dollar, əsaslı məsrəflərinə isə 251,1 milyon dollar sərf olunmuşdur. İl ərzində isə layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 177,8 milyon dollar və 604,8 milyon dollar xərclənməsi nəzərdə tutulmuşdur.

Cari ilin doqquz ayı ərzində "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

Xəzərin Azərbaycan sektorunda - "Şahdəniz" yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Cari ilin yanvar-sentyabr ayları ərzində "Şahdəniz" yatağından gün ərzində 29 milyon kubmetr qaz və 41900 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. Bütövlükdə isə doqquz ayda yataqdan 5,3 milyard kubmetr qaz və 1,4 milyon ton kondensat çıxarılmışdır. Xatırladaq ki, 2010-cu il üçün "Şahdəniz" layihəsi çərçivəsində 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton kondensat hasilatı nəzərdə tutulur. 2006-cı ilin sonlarından - "Şahdəniz" yatağında hasilata başlanıldığı vaxtdan cari ilin üçüncü rübünün sonunadək yataqdan təqribən 24,3 milyard kubmetr təbii qaz və 5,8 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.

"Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı davam etdirilir. 2010-cu ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra fevral ayında platformadan yeni bir quyunun qazıntısına start verilmişdir. Bundan əlavə, layihə iştirakçıları tərəfindən ilin üçüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları aparılmışdır. Hazırda SDA-06 quyusunda qazma işləri davam etdirilir. Bu quyunun isə 2011-ci ildə tamamlanması nəzərdə tutulur. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın səviyyəsi ildə 8,6 milyard kubmetr qaz və təqribən 16,4 milyon barrel kondensatın təşkil edəcəyi gözlənilir.

"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də ilin əvvəlindən uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəldir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. Cari ilin doqquz ayı ərzində kəmərin orta ötürücülük gücü gündə təxminən 15,3 milyon kubmetr təşkil etmişdir. 2007-ci ilin mart ayından indiyədək Cənubi Qafqaz boru kəməri ilə dünya bazarına 20 milyard kubmetrə yaxın qaz ixrac olunmuşdur. Bundan əlavə, ötən müddətdə yataqdan hasil edilən 5,8 milyon ton kondensat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılmışdır.

2010-cu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 6,9 milyon dollar vəsait xərclənmişdir. İlin sonunadək isə bu məqsədlə daha 5,8 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.

"Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını artırmaqla yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.

2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti iləhj Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addımdır. Bu addım, eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Hazırda isə qazın sonrakı marketinqi və satışı üçün ən optimal variantın müəyyən edilməsi üzrə danışıqlar davam edir. Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir.

Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. Cari ilin ötən dövründə adıçəkilən layihələri reallaşdırmaq məqsədilə aparılan mühəndis-layihə və qiymətləndirmə işlərinin ilin sonunadək davam etdirilməsi planlaşdırılmışdır.

Yeri gəlmişkən, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsi Azərbaycanı dünyanın yeni qaz bazarlarının əsas təchizatçılarından birinə çevirməklə yanaşı, ildə təqribən 16 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacaq. Eyni zamanda, bu, dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olmaqla yeni bir cənub dəhlizi vasitəsilə Avropanın qaz bazarlarına əlavə təchizat və müxtəliflik gətirmək baxımından da diqqəti cəlb edir. Məlumat üçün bildiririk ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, eyni sayda qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 500 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri üçün kompressorların yerləşdirilməsi məqsədilə Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan əlavə, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də Türkiyəyə, Gürcüstana və Avropaya planlaşdırılmış qaz satışı da sözügedən konsepsiyaya daxil olan müddəalardandır. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.

 

Mirbağır YAQUBZADƏ,

 

Xalq qəzeti.-2010.-19 dekabr.-S.1.