Azərbaycanı
qələbədən-qələbəyə qovuşduran
lider
Mən bu
yazını ABŞ Konqresi Silahlı Qüvvələri
Komitəsinin sədri Kurt Ueldonun aşağıdakı
sözləri ilə başlamaq istəyirəm. O,
Azərbaycan Prezidenti cənab İlham Əliyevə xitabən
deyirdi: "Siz təkcə Azərbaycanda deyil, bütün
regionda əsl liderlik nümayiş etdirir, ölkənizi
irəli aparırsınız. Dünyada çox az sayda lider
tapılar ki, dünyanın hansı səmtə doğru
irəlilədiyini, onun gələcək perspektivlərini
əvvəlcədən görə bilsin. Eyni zamanda,
dünyada Sizin kimi çox az lider tapılar ki, xarici
dilləri mükəmməl bilsin və prezidentliyinin qısa
müddəti ərzində bu dərəcədə liderlik
nümayiş etdirsin. Regionda Sizin nümayiş etdirdiyiniz
liderliyə, həqiqətən, valeh olmuşuq".
Bu gün
cənab Prezident İlham Əliyev siyasi çevikliyinə,
cəsarətinə, uzaqgörənliyinə görə
çoxlarını heyran etmişdir. Bu böyük
siyasət xadimi hələ ulu öndərin hakimiyyəti
dövründə özünün yüksək siyasi
qabiliyyəti ilə seçilirdi. Ulu öndər deyirdi: "İlham
Əliyev həm biliyinə, həm ağlına, həm
təcrübəsinə, həm də insani
keyfiyyətlərinə görə Azərbaycanın siyasi
səhnəsində öz yerini tutub". Doğrudan da,
cənab İlham Əliyev ona həvalə edilən
bütün sahələrdə yeniliklər yaratdı, ona
bəslənilən inamı doğrulda bildi. Hələ o
vaxtlar cənab Prezident İlham Əliyev deyirdi: "Mən
vəd verməyi xoşlamıram. Ancaq inana bilərsiniz ki,
yaxın gələcəkdə Azərbaycanın o
qədər güclü iqtisadi potensialı olacaqdır ki,
bunu ölkəmizin hər bir vətəndaşı hiss
edəcəkdir. Buna heç bir şübhəniz
olmasın". O vaxtdan çox da uzun bir dövr
keçməyib. Amma cənab İlham Əliyevin bu
uzaqgörən fikirləri artıq reallığa
çevrilib. Azərbaycan regionda, doğrudan da, güclü
iqtisadiyyata malik lider dövlətə çevrildi.
Hakimiyyətə gəldiyi ilk vaxtdan etibarən
cənab İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq
olacağını, dahi siyasət xadimi Heydər Əliyevin
başladığı islahatları davamlı olaraq həyata
keçirəcəyini inamla bildirmişdi.
Ümumiyyətlə, İlham Əliyevin böyük
siyasətə gəlişi də onun Heydər Əliyev
ideyalarına və əməllərinə dərin
sədaqətinin, Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsinə göstərdiyi
xidmətlərin təbii yekunu idi.
Cənab İlham Əliyev 2003-cü ildən
başlayaraq bütün sahələrdə islahatların
davam etdirilməsinə geniş imkanlar yaratdı. Azərbaycan
ilbəil inkişaf etdi, insanların sosial vəziyyəti
əsaslı şəkildə yaxşılaşdı.
Azərbaycanda həyat davamlı inkişafın axarına
düşdü. İqtisadiyyatda sürətli tərəqqi
həyatımızın bütün sahələrinə
öz müsbət təsirini göstərir.
Bu gün
həyatımızın hansı sahəsini
götürürsən götür, orada son illər
əsaslı yeniliklər müşahidə
edəcəksən. Bütün bu nailiyyətlərin
əsasında çevik, düşünülmüş siyasət,
millətin, xalqın inkişafına yüksək
qayğı dayanır.
İndi
dünyanın mötəbər beynəlxalq maliyyə
qurumları Azərbaycanda gedən islahatları çox
yüksək qiymətləndirirlər. Dünya İqtisadi
Forumunun hesabatında rəqabət qabiliyyətliliyinə,
informasiya kommunikasiya texnologiyalarının inkişafına
görə Azərbaycan MDB məkanında lider
dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi
böhran hələ başa çatmayıb, Azərbaycan
beynəlxalq reytinq agentlikləri tərəfindən çox
yüksək qiymət alıb. Bu, çox mühüm
nailiyyət kimi qiymətləndirilir. Respublikamız iqtisadi
böhrandan ən az itkilərlə
çıxmışdır. Bu da
düşünülmüş siyasətin, siyasi iradənin,
ölkədəki sabitliyin, investisiya qoyuluşuna
cəlbediciliyin, ölkədə biznes üçün yaranan
çox əlverişli mühitin nəticəsində
mümkün olmuşdur.
Azərbaycan xalqının böyük
xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü
sürətlə dəyişən, dinamik dünyanın
nəbzini əlində saxlaya bilir, müasir, çevik və
cəsarətli dövlət xadimi kimi beynəlxalq
münasibətlərdə sürətlə baş verən
dəyişikliklərdən öz Vətəninin və
xalqının xeyrinə məharətlə istifadə
etməyi bacarır.
Cənab
Prezident beynəlxalq aləmdə baş verən siyasi və
iqtisadi proseslərə yaxşı bələddir, dünyada
gedəcək prosesləri qabaqcadan görür və
ölkəmizi bu dəyişikliklərə hazırlaya bilir.
Azərbaycanı ilbəil yeni qələbələrə
qovuşdurur. Ulu öndərin siyasi kursu bunu tələb edir
və bu gün Heydər Əliyev siyasəti,
həqiqətən, inamla zəfər çalır.
Azərbaycanın
son illər dünyanın nüfuzlu beynəlxalq
təşkilatları ilə səmərəli
əməkdaşlıq etməsi, söz yox ki, cənab İlham
Əliyevin çox uğurlu xarici siyasətinin
nəticəsidir. Bu gün Azərbaycan Avropa İttifaqı,
BMT, Avropa Şurası ilə çox sıx
əməkdaşlıq edir. İslam Konfransı
Təşkilatı, türkdilli xalqların Türksoy
təşkilatı ilə də yaxın əlaqələr
qurulmuşdur. MDB ölkələri ilə də
əlaqələr geniş miqyas almışdır.
YUNESKO
ilə əməkdaşlıq daha səmərəli xarakter
almışdır. Bu sahədə Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
məxsusi xidmətləri vardır. Mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin dünyada
tanınmasında və təbliğində Mehriban
xanımın həyata keçirdiyi tədbirlər öz real
bəhrəsini vermişdir.
Bəli,
Azərbaycanda bütün sahələrdə uğurlu
inkişaf davam edir. Ölkədə müxtəlif siyasi
və iqtisadi islahatlar həyata keçirilir. Ölkəmizin
müasirləşmə prosesi çox uğurla gedir.
Azərbaycanda beynəlxalq əhəmiyyətli
layihələr reallaşdırılır.
Cənab
Prezidentin siyasi və iqtisadi islahatların reallaşması
ilə bağlı belə bir fikrini diqqətə
çatdırmaq istəyirəm: "Fikrimcə, siyasi və
iqtisadi islahatlar bir-biri ilə yanaşı həyata
keçirilməlidir. Bir islahat digərini
dəstəkləməlidir. Bu, bizə uzun müddət
üçün güclü və
çiçəklənən ölkəni qurmaq imkanı
yaradacaqdır. Hesab edirəm ki, bunun üçün
yaxşı imkanlarımız vardır. Əsas sosial və
iqtisadi problemlərimiz arxada qalıb".
Doğrudan da, ölkəmizdə sosial problemlər
artıq həllini tapmışdır. Əhalinin
mənzil-məişət şəraiti
yaxşılaşmış, əməkhaqları, pensiyalar,
sosial müavinətlər artırılmış,
ölkənin yol, nəqliyyat strukturu yeniləşmiş,
regionlarda sosial problemlər həll olunmuşdur. Belə
bir fakta diqqət yetirək. Altı il əvvəl
yoxsulluğun səviyyəsi 49 faiz idisə, hazırda bu
rəqəm 11 faiz təşkil edir. Yeni iş yerlərinin
yaradılması, əhalinin məşğulluğunun
artırılması istiqamətində cənab Prezidentin
həyata keçirdiyi tədbirlər də öz
nəticəsini vermişdir. Dövlət
başçımızın hakimiyyətdə olduğu
dövrdə Azərbaycanda 900 mindən çox yeni iş yeri
yaradılmışdır. Bu istiqamətdə işlər
davam etdirilməkdədir. Cənab Prezident demişdir:
"Ölkəmiz üçün mühüm sosial problem
olan işsizlik artıq mövcud deyildir. Hazırda əks
proses gedir. Azərbaycanda işçi qüvvəsinin
miqrasiyası prosesi müşahidə olunur və biz bu prosesi
beynəlxalq standartlara uyğun şəkildə
tənzimləməyə çalışırıq".
Azərbaycan
təkcə iqtisadiyyatda deyil, mədəniyyət, təhsil,
səhiyyənin inkişafı sahəsində də
böyük uğurlar qazanmışdır. Ölkəmizin
böyük tarixi, ənənələri və
mədəniyyəti vardır. Bütün bunlar ulu
öndər Heydər Əliyev və onun ləyaqətli
davamçısı İlham Əliyev tərəfindən
yüksək qayğı və məhəbbətlə
qorunmuş və inkişaf etdirilmişdir.
Milli-mənəvi
dəyərlərimizə son illər xüsusi diqqətlə
yanaşılır. Ölkədə həyata
keçirilən mədəniyyət siyasəti
mədəniyyətimizin və incəsənətimizin
inkişafına əsaslı stimul yaratmışdır.
Mədəniyyətimiz dünyaya inteqrasiya yolunu
seçmişdir. Bu fakt çox əhəmiyyətlidir.
2009-cu il Bakının İslam Mədəniyyətinin
paytaxtı elan olunması böyük beynəlxalq
səviyyəli hadisə idi. Bu bir daha onu göstərdi ki,
Azərbaycan dünyəvi dövlətdir. Burada yüksək
səviyyədə dini dözümlülük vardır. Biz
çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif
millətlər bir ailə kimi yaşayırlar. Bunlar
ölkəmizdə aparılan siyasətin nəticəsidir. Bu
sahədə Azərbaycanın heç vaxt problemi olmayıb.
Azərbaycanda vəziyyət həqiqətən sabitdir.
İnsanlar burada bütün azadlıqlardan
bəhrələnirlər.
Təhsil
sahəsində çalışdığıma görə
burada qazanılan uğurlar mənə daha yaxşı
tanışdır. Azərbaycan təhsilinin
bugünkü nailiyyətləri ulu öndərin adı
ilə bağlıdır. İstər sovetlər
dönəmində, istərsə də müstəqillik
illərində Heydər Əliyevin böyük
himayədarlığı ilə milli təhsilimiz
formalaşmış, Azərbaycanda bu sahə xüsusi
diqqət mərkəzində olmuşdur. Heydər
Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə
gəlişindən sonra müstəqil Azərbaycanın yeni
təhsil siyasəti həyata keçirilməyə
başladı. 1999-cu ildə ulu öndərin
imzaladığı sərəncamla təsdiq olunan
"Təhsil İslahat Proqramı" milli təhsilimizin
inkişafında yeni mərhələnin
əsasını qoydu.
Proqramın
reallaşmasında Heydər Əliyev siyasi kursunun
davamçısı cənab Prezident İlham Əliyevin
xüsusi xidmətləri oldu. Belə ki,
hakimiyyətə gəldiyi ilk vaxtlardan təhsil
islahatlarını diqqət mərkəzində saxlayan
cənab İlham Əliyev bir sıra sərəncamları
ilə bu sahədə yeni nailiyyətlərə imza atdı.
İlk növbədə təhsilə informasiya
texnologiyalarının gətirilməsi kimi çox
əhəmiyyətli bir dövlət proqramı qəbul
olundu. Bu proqram orta ümumtəhsil məktəblərinə
aid olsa da, təhsildə informasiya texnologiyalarının
tətbiqi baxımından olduqca faydalı bir başlanğıc
oldu. Həmin proqramda qarşıya qoyulan vəzifələr
uğurla yerinə yetirildi. İndi orta ümumtəhsil
müəssisələrimizdə hər 20 şagirdə bir
kompyuter nisbəti artıq reallığa çevrilmişdir.
Bu sahədə qəbul olunan ikinci Dövlət Proqramı
isə daha geniş spektrli idi. Hazırda bu proqramın
reallaşması istiqamətində işlər uğurla davam
etdirilir.
Cənab
İlham Əliyev hakimiyyətdə olduğu dövrdə
təhsilin müxtəlif problemlərinin həllinə
yönəldilmiş 16-dan çox Dövlət Proqramı
qəbul olunmuşdur. Onların arasında texniki peşə
təhsilinin, ali təhsilin inkişafı
məsələləri də vardır.
Azərbaycan
gənclərinin xaricdə təhsil almaları ilə
bağlı qəbul edilən Dövlət Proqramı
çərçivəsində son illər
əhəmiyyətli nəticələr qazanılmışdır.
Bu gün gənclərimizin dünyanın ən nüfuzlu
universitetlərində təhsil almaları məhz cənab
Prezidentin müasir tələbata cavab verən yüksək
ixtisaslı kadr hazırlığına göstərdiyi
qayğının nəticəsidir.
Ümumiyyətlə,
son illər ölkəmizdə ali təhsil sahəsində
keçirilən islahat daha sürətli xarakter
almışdır. Məlumdur ki, Azərbaycan ali təhsilinin
Avropaya inteqrasiyası istiqamətində çox uğurlu
iş aparılır. Təhsilin Baloniya sisteminə
keçirilməsi bu yöndə atılan çox uğurlu
addımdır. Ali məktəblərimizin böyük bir
qismi bu sistem əsasında işləyir və onun
üstünlükləri müsbət nəticəsini
verməkdədir.
Pedaqoji kadr
hazırlığına dövlətimizin göstərdiyi
qayğı bu sahədə kadr hazırlayan təhsil
müəssisələrinin üzərinə çox
mühüm məsuliyyət qoyur. Ulu öndər Heydər
Əliyevin xeyir-duası ilə yaradılan Azərbaycan
Müəllimlər İnstitutu və onun filialları son
illər kadr hazırlığı sahəsində
əhəmiyyətli rol oynamışlar. Müəllimlər
İnstitutunun rektoru, millət vəkili, professor Aqiyə
xanım Naxçıvanlının
təşkilatçılıq bacarığı,
prinsipiallığı Müəllimlər İnstitutunun
və onun filiallarının işinə öz müsbət
təsirini göstərmişdir. Bu gün bu institutun
hazırladığı kadrlar ölkədə təhsil
islahatının reallaşması istiqamətində çox
önəmli iş aparırlar.
Əlbəttə,
hazırladığımız kadrlar bu gün yeni,
yaraşıqlı, müasir tipli məktəblərdə
dərs deyirlər. Məlumdur ki, son illər ölkədə
yeni məktəblərin tikintisi geniş vüsət
almışdır. Bu sahədə qəbul olunan dövlət
proqramları və hörmətli Prezidentimizin məktəb
tikintisinə xüsusi qayğısı nəticəsində
Azərbaycanın bütün rayonlarında yeni məktəblər
tikilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın
xidmətlərini xüsusi olaraq qeyd etmək istərdim. Fondun
"Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi əsasında bu gün əksər
bölgələrimizdə, böyük
şəhərlərimizdə müasir tipli yeni
məktəblər tikilir, onlar müasir avadanlıqlarla,
informasiya texnologiyaları ilə təmin olunurlar.
Bu gün
təhsilin məzmunu əsaslı şəkildə
yeniləşmişdir. Yeni nəsil təhsil proqramları,
dərsliklər, dərs vəsaitləri
yaradılmışdır. Müəllimlər
üçün metodiki vəsaitlər hazırlanır.
Təhsildə həyata keçirilən kurikulum islahatı da
öz müsbət nəticəsini verməkdədir.
Cənab
İlham Əliyevin hakimiyyəti dövründə
təkcə mədəniyyətdə, təhsildə deyil,
səhiyyə sahəsində də əsaslı inkişafa
nail olunmuşdur. Bu gün Azərbaycanın müxtəlif
bölgələrində inşa edilən regional tibb
mərkəzləri əhalinin sağlamlığının
keşiyində dayanır. Azərbaycana ən müasir tibbi
avadanlıqlar gətirilir. Bununla yanaşı, Heydər
Əliyev Fondu da bu istiqamətdə uğurlu layihələr
reallaşdırır.
Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Bu inkişaf hər şeydən əvvəl
Heydər Əliyev siyasi kursunun bu gün inamlı
şəkildə davam etdirilməsi ilə bağlıdır.
Azərbaycan xalqı gələcəyə böyük inamla
irəliləyir. Və yaxşı bilir ki, onun etibar etdiyi
hakimiyyət işıqlı gələcəyimizi təmin
edəcək.
Raya
NƏCƏFOVA,
Azərbaycan
Müəllimlər
İnstitutunun Sumqayıt
filialının direktoru,
kimya
elmləri doktoru
Xalq qəzeti.-2010.-19 dekabr.-S.3.