Naftalan uğurlu yol üstədir...

 

İndi Murovun ətəklərinə sığınmış bu şəhərə yolu düşənlər yalnız coğrafi mənada buranın Naftalan olduğunu hiss edirlər. Əslində onları qınamaq da olmaz. Ona görə ki, hazırda şəhərin elə bir küçəsi, binası, meydanı, parkı yoxdur ki, orada tikinti-abadlıq, quruculuq və səliqə-səhman işləri aparılmasın. Diqqəti cəlb edən daha bir vacib məqam da ondan ibarətdir ki, aparılan tikinti-abadlıq işləri müasir arxitektura tələblərinə cavab verməklə yanaşı, milli element və üslub da unudulmur.

Bir sözlə, dünyada analoqu olmayan bu misilsiz müalicə ocağı az qala günlərlə, saatlarla öz simasını dəyişir, müasirləşir, gözəlləşir. Axırıncı dəfə Naftalana səfərimiz zamanı şəhər icra hakimiyyətinin rəhbərləri ilə, ziyalılarla, ağsaqqallarla, gənclərlə söhbət etdik, şəhərdə aparılan genişmiqyaslı tikinti-abadlıq tədbirləri ilə yaxından tanış olduq. Gördüklərimizə, müşahidə etdiklərimizə və eşitdiklərimizə əsaslanıb deyə bilərik ki, Naftalan öz inkişafının yeni, daha məsul mərhələsinə qədəm qoymuşdur. Bütün diqqət və səylər ona yönəldilmişdir ki, Naftalanın əvvəlki şöhrəti özünə qaytarılsın.

Şəhərin şöhrətli vaxtları, qonaqlı-qaralı günləri isə, hamının qeyd etdiyi kimi, ötən əsrin 70-80-ci illərində, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz həmin illərdə ulu öndərin təşəbbüsü ilə "Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında" xüsusi qərar qəbul edilmişdir. Çoxmərtəbəli yaşayış binalarının, sanatoriya-kurort kompleksinin tikintisinə başlanılmış, onun maddi-texniki bazası möhkəmləndirilmişdir. Heç təsadüfi deyildir ki, həmin illərdə buraya müalicəyə gələnlərin sayı 70 minə qədər artmışdır.

Ancaq təəssüf ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bütövlükdə respublikanı bürüyən xaos və qarşıdurma Naftalan şəhərindən də yan keçməmişdir. Erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın xeyli hissəsi burada yerləşdirildi. Təkcə onu qeyd edək ki, sanatoriya-kurort birliyinin 5 binası məcburi köçkünlərin ixtiyarına verilmişdir. İqtisadi göstəricilər kəskin şəkildə aşağı düşdü, dağıdıcılıq meylləri gücləndi, müalicəyə və istirahətə gələnlərin sayı dəfələrlə azaldı. Yeri gəlmişkən, onu da qeyd edək ki, 1993-cü ildən respublikamızın bütün guşələrində başlanan və geniş vüsət alan yeniləşmə və inkişaf, irimiqyaslı tikinti-abadlıq işləri Naftalanda, demək olar ki, hiss olunmurdu. Bu isə yerli sakinlərin haqlı narazılığına, işsizlik ordusunun artmasına, adamların dolanışıq dalınca başqa yerlərə köçüb getməsinə səbəb olurdu.

Son vaxtlar burada başlanan və getdikcə geniş vüsət alan tikinti-abadlıq və quruculuq işləri, mövcud mənəvi-psixoloji mühit, adamların sabaha olan inam və ümidi barədə isə biz yuxarıda bəhs etdik. Bəs, bu inkişafın və yüksəlişin, mənəvi-psixoloji mühitin əsasında nə dayanır? Başlıca səbəb və əsas amil nədən ibarətdir?

Bu məqamda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla söhbətimizi xatırlatmaq yerinə düşərdi. İcra başçısı böyük inam və qətiyyətlə bildirdi:

- Əlbəttə, Naftalanda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri ölkə Prezidenti cənab İlham Əliyevin bu misilsiz müalicə ocağına, onun sakinlərinə göstərdiyi gündəlik diqqət və qayğının nəticəsidir. Ona görə də bütün imkan və səylər hərəkətə gətirilmiş, əsas diqqət ona yönəldilmişdir ki, qarşıya qoyulan konkret vəzifələr nəzərdə tutulmuş müddətdə uğurla yerinə yetirilsin. Şübhə yoxdur ki, yaxın vaxtlarda Naftalan öz əvvəlki şöhrətini özünə qaytaracaq, şəhər yenə də dünyanın bütün ölkələrindən qonaq qəbul edəcəkdir.

Şəhər icra hakimiyyəti başçısının sözünə qüvvət olaraq bildirək ki, 2010-cu ilin ötən ayları ərzində ümumi məhsul buraxılışının həcmi 9817,3 min manat olmuşdur. Bu da 2009-cu ilin müvafiq dövründən 11 faiz çoxdur. Sənaye məhsulunun həcmi isə 255,1 min manat təşkil etmişdir. Hazırda ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 24 faiz artaraq 9174,8 min manat, orta aylıq əmək haqqı 29 faiz artaraq 161,2 manat, nəqliyyat xidmətinin həcmi 13,1 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 893,5 min manat olmuşdur. 53 ailə ünvanlı sosial yardım alır ki, bu da ümumilikdə 207 nəfəri əhatə edir. Orta hesabla hər bir ailəyə 101 manat 53 qəpik yardım göstərilir. Şəhərdə 422 yeni iş yeri açılmışdır ki, ondan da 12-si daimi, 125-i mövsümi, 285-i isə müvəqqəti yerləridir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, eləcə də Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.

Belə ki, "Azərenerji" ASC tərəfindən yerüstü elektrik xətləri yüksək gərginlikli yeraltı elektrik xətləri, yeniləri ilə əvəz edilmiş, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən şəhərin yeni salınmış yaşayış massivi qazlaşdırılmış, şəhərdaxili qaz xətləri ilə dəyişdirilmiş və Goranboy qazpaylayıcı məntəqəsindən 14,5 kilometr uzunluğunda diametri 273 mm olan metal qaz boruları diametri 315 millimetr olan yeni plastik borularla əvəzlənmişdir. Bundan başqa, əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin birinci mikrorayonunun ərazisində tutumu 500 kubmetr, ikinci mikrorayonun ərazisində isə tutumu 1000 kubmetr olan su anbarı tikilmişdir. Demək olar ki, bütün çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su və kanalizasiya xətləri yenisi ilə əvəz olunmuşdur. Çoxmərtəbəli yaşayış binalarını istiliklə təmin etmək üçün də işlərə başlanılmışdır. Artıq 3 ədəd qazanxana binasının tikintisi və bütün mənzillərə istilik radiatorlarının quraşdırılması işləri başa çatdırılmışdır.

Onu da əlavə edək ki, dövlət proqramlarında nəzərdə tutulmayan, ancaq həlli vacib olan məsələlərlə bağlı da geniş tədbirlər həyata keçirilmişdir. Məsələn, şəhərin giriş hissəsindən Heydər Əliyev parkına və Şirvan prospektinə qədər uzunluğu 3300 metr olan yolun hərəkət hissələri genişləndirilmiş, köhnə hasarlar sökülərək yendən hörülmüş və istinad divarları çəkilmişdir. Goran dəmir yolu stansiyasından şəhərə qədər uzunluğu 18 kilometr olan magistral yolun əsaslı təmir olunaraq müasir standartlara cavab verən ikitərəfli yolla əvəz edilməsi işlərinə də yaxın günlərdə başlanacaqdır. Şəhərdə 1994-cü ildən sıradan çıxmış doqquz mərtəbəli yaşayış binalarının liftləri yenisi ilə əvəz edilmiş, həmin binaların fasad hissəsi aqlayla üzlənmiş və hər bir mənzildə yeni plastik pəncərələr quraşdırılmışdır. Bütün küçələrin qarşısındakı işıq dirəkləri və çoxmərtəbəli yaşayış binalarının girişləri işıqlandırılmış, zirzəmilərdə isə işıqlandırma işləri artıq başa çatmaq üzrədir. Cari ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq şəhərdə mövcud olan çoxmərtəbəli yaşayış binalarının dam örtüyündə də təmir işləri aparılır.

Naftalan şəhərində 6 yaşa qədər 1246 uşağın olmasını nəzərə alaraq şəhərdəki yeganə 240 yerlik uşaq bağçası - körpələr evinin tamamilə yenidən qurulması, şəhər 7 illik uşaq musiqi məktəbi üçün yeni müasir məktəb binasının tikintisi, uyğunlaşdırılmış və heç bir standartlara cavab verməyən binalarda yerləşən xəstəxana binasının əvəzinə yeni xəstəxana və poliklinika binalarının, məişət tullantılarının təkrar emalı zavodunun, Naftalan neftindən dərman preparatları hazırlayan zavodun və müasir olimpiya idman kompleksinin tikintiləri də yaxın vaxtlarda öz müsbət həllini tapacaqdır.

Şəhərin Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov adına parklarında və "Şirvan" prospekti boyunca 7300 ədəd eldar şamı, 2000 ədəd sərv ağacları əkilmişdir. Onların suvarılması üçün 2 yeni subartezian quyusu qazılmış və 1 köhnə quyu təmir edilərək istismara verilmişdir. Bundan başqa, şəhərin Vaqif Quliyev və Qasımbəyli kəndindəki həyətyanı sahələrin suvarılması üçün diametri 300 millimetr metal borularla, uzunluğu 1500 metr olan su xəttinin çəkilməsi işləri davam etdirilir. Həmçinin Naftalan çayı vadisi ilə diametri 2 metr dəmir-beton borularla, uzunluğu 1000 metr su ötürücüsünün tikintisi də artıq başa çatmaq üzrədir.

Məlumdur ki, Naftalan şəhərinin iqtisadiyyatının əsasını sanatoriya-kurort xidməti təşkil edir. Hazırda sahibkarlar tərəfindən yeni inşa edilən, dünya standartlarına uyğun və hər biri 250-320 yerlik olan iki sanatoriya tam hazırdır.

Göründüyü kimi, bu gün Naftalanda həyatın axarı gurdur. Bütün sahələrdə irəliləyiş və canlanma aydın görünür, sağlam mənəvi-psixoloji mühit mövcuddur. Sənətindən, yaşından, peşəsindən asılı olmayaraq hər bir şəhər sakini bu ümumi inkişaf və irəliləyişdə fəal iştirak etməyə çalışır, doğma Naftalanı daha abad və yaraşıqlı görmək istəyir, sabaha dərin inam və ümidlə baxır.

Bəli, Naftalan uğurlu yol üstədir...

 

Ziyəddin SULTANOV,

 

Xalq qəzeti .-2010.-19 dekabr.-S.5.