Yüksək
ixtisaslı kadr hazırlığı prioritet vəzifədir
Azərbaycan Dövlət İqtisad Universiteti - 80
1930-cu ildə
əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad
Universiteti (ADİU) Cənubi Qafqaz ölkələrinin ən
iri ali təhsil ocaqlarından biridir. Xatırladaq
ki, hazırda ADİU-da 1000-dən çox müəllim , o
cümlədən sıralarında Milli Elmlər
Akademiyasının, Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvləri, Dövlət mükafatı
laureatları, əməkdar müəllim və elm
xadimlərinin olduğu 100 dən artıq elmlər doktoru,
600-ə yaxın elmlər namizədi işləyir.
Ötən müddətdə universitetdə 100 minə
yaxın müxtəlif profilli iqtisadçı kadrlar hazırlanmışdır.
ADİU-da
hazırda 14 fakültə fəaliyyət göstərir,
burada 55 ixtisas üzrə 18 mindən çox
tələbə və magistrant təhsil alır.
Universitetdə bütün ixtisaslar üzrə tədris
planları Avropa təhsil sisteminə
uyğunlaşdırılmış, tədris standartları
və proqramları unifikasiya edilmiş, eyni zamanda, kredit
sisteminə keçid prosesi tam başa
çatmışdır.
Hazırda
ADİU -da ixtisasların mənimsənilməsi prosesində
iqtisadi təhsilin yeni innovasiya modeli uğurla
reallaşdırılır. Bu isə fundamental
hazırlıqla yanaşı, tələbələrin
tətbiqi, praktiki bilik və bacarıqlara
yiyələnməsinə imkan verir. Tədris prosesində
bazar təcrübəsinin , biznes texnologiyalarının və
iqtisadi siyasətin ən yeni nailiyyətləri tətbiq
edilir. Onu da deyək ki, universitetdə müasir standartlara
uyğun aparılan elmi araşdırma işləri
dövrün real iqtisadi problemlərinin həllini tapmağa
imkan verir.
Ümumilli liderimiz Heydər Əliyevin
dövlətçilik siyasətini uğurla həyata
keçirən ölkə Prezidenti İlham Əliyev milli
təhsilimizin Avropa standartları səviyyəsində qurulması
istiqamətində iri miqyaslı tədbirlərin
reallaşdırılması məqsədilə yeni proqram
qəbul etmişdir. Dövlət
başçımız bildirmişdir ki, hər bir
ölkənin inkişafı onun təhsil sərvətləri
ilə deyil, bilikli və savadlı kadrları ilə
müəyyən olunur. Cənab İlham Əliyevin iqtisadi
imkanların insan kapitalına çevrilməsi haqqında
məşhur tezisi təhsil sistemində yeni
vəzifələr müəyyən etmişdir.
Möhtərəm Prezidentimizin bu tezisi təhsildə
alınan biliyin, intellektin dərinləşməsini və
insan kapitalının formalaşmasını nəzərdə
tutur. Bu intellektual proses təhsil sisteminin qarşısında
duran ən böyük vəzifədir, çünki elm
təhsildə yaranır, yeni informasiya texnologiyaları
elmə əsaslanır.
Son illər universitetin bütün
fakültələrində olduğu kimi, "Texnologiya və
dizayn" fakültəsində də tədris prosesinin
günün tələbləri səviyyəsində
qurulması bütövlükdə kadr
hazırlığı sahəsində yüksək uğurlar
əldə etmişdir. Fakültənin dekanı,
professor Vəkil Hüseynov dedi :
- Universitetin rektoru, professor, Milli Məclisin
deputatı Ş.Hacıyevin rəhbərliyi ilə həyata
keçirilən əsaslı yenidənqurma işləri,
struktur dəyişiklikləri, iqtisadi təhsilin yeni,
mütərəqqi modelinin işlənib hazırlanması
və tətbiqi proqramı uğurla həyata keçirilir.
Ölkə Prezidentinin verdiyi tapşırıqlar, qarşıya qoyduğu proqram xarakterli tələblərə
uyğun olaraq təhsildə və elmi araşdırmalarda
innovasiyalara geniş yol verilmiş, maddi-texniki baza
möhkəmləndirilmiş, ən müasir standartlara cavab
verən tədris korpusları istifadəyə verilmiş,
"Elektron Universitet" konsepsiyasının reallaşdırılmasına
başlanılmışdır. Son illərdə Avropa
təhsil məkanına inteqrasiya etmək , Baloniya prosesinə
qoşulmaq məqsədilə universitetdə bütün
tədris planlarının Avropa standartlarına uyğunlaşdırılması
istiqamətində çox işlər
görülmüşdür.
Universitetdə
həyata keçirilən islahatların əsas hədəfi
tələbələrin bilik səviyyəsini
yüksəltmək , onlara diqqət və qayğının
artırılması, maddi-texniki bazanın
möhkəmlənməsi və müasirləşməsi
olmuşdur.
2007-ci il oktyabrın 8-də yeni tədris
binasının açılışında iştirak edən
Prezident İlham Əliyev universitetdə son illərdə
görülən işlərdən məmnun
qaldığını bildirmiş, tədris binasına ,
buradakı yeniliklərə yüksək qiymət vermiş,
eləcə də universitet qarşısında duran proqram
vəzifələri müəyyən etmişdir.
Tədrisin
keyfiyyətin yüksəltmək məqsədilə bir
sıra uzunmüddətli proqramlar hazırlanmış və
ardıcıl surətdə müvəffəqiyyətlə
həyata keçrilir. Bunların əsasında
"İnkişafa dəstək proqramı" ,
"İnkişaf-1", "İnkişaf-2"
proqramlarını, respublikada ilk dəfə tətbiq olunan
"İşıqfor" proqramını və s.
göstərmək olar.
Bizim
unversitetin əsas strateji məqsədi yüksək
səviyyəli, peşəkar kadrlar hazırlamaqla
yanaşı, öz Vətəninə, xalqına
sədaqətli vətəndaş yetişdirməkdir.
Universitetlər arasında ilk dəfə 2006-cı
ildən ADİU-da keçirilən "Məzun yarmarkaları"
hər il fakültəni bitirən məzunların xeyli
hissəsinin işlə təmin olunmasına şərait
yaradır. 2008-ci ildə universitetdə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
və Beynəlxalq Əmək Təşkilatının
dəstəyi ilə Gənclər üçün karyera
mərkəzi yaradılmışdır.
Tələbələrin
asudə vaxtının səmərəli keçməsi
üçün universitetdə ən müasir
tələblərə cavab verən idman kompleksi, voleybol
zalı, şahmat klubu, tələbə yeməkxanası
fəaliyyət göstərir.
Son
illərdə ölkə Prezidenti cənab İlham Əliyevin
respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi
ilə bağlı bir sıra sərəncamları
olmuşdur. Hazırda ölkədə yeyinti və
yüngül sənaye müəssisələrinin
inkişafı ilə əlaqədar xeyli işlər
görülmüşdür. Bu qəbildən olan bir sıra
sahələrin ixtisaslı kadrlarla təminatı
Universitetdə fəaliyyət göstərən
"Texnologiya və dizayn" fakültəsinin
üzərinə düşür.
Professor Vəkil Hüseynov
daha sonra dedi:
-
"Texnologiya və dizayn" fakültəsi 1997-ci ildən
fəaliyyət göstərir. Hazırda
fakültədə yeyinti və yüngül sənaye
sahələrini özündə əks etdirən 4
istiqamət və 9 ixtisas üzrə bakalavr təhsil
pilləsi ilə kadr hazırlığı həyata
keçirilir. "Texnoloji maşınlar və sahə
avadanlıqları" , "Qida məhsullarının
texnologiyası", "Dizayn" , "Fizika-kimya"
kafedralarında 6 professor və elmlər doktoru, 52 dosent və
elmlər namzədi, 23 baş müəllim və
müəllim çalışır. Fakültənin
əyani şöbəsində 623 tələbə oxuyur, 162
nəfər isə qiyabi təhsil alır.
Fakültədə biz
əsas diqqəti öncə tələbələr və
professor-müəllim heyəti arasında yüksək
intizamın saxlanmasına
,tələbkarlığın və məsuliyyətin
artırılmasına yönəldirik. Fakültədə
kredit sistemi ilə təhsil alan
tələbələr yaxşı bilirlər ki, yalnız
semestr ərzində yüksək davamiyyətlə və
tədris olunan fənləri lazımi səviyyədə
mənimsəməklə onlar imtahanlarda yüksək uğur
qazana bilərlər. Tələbələrimiz
bu devizlə gündəlik fəaliyyətlərini qururlar.
Bütün bunlar və rektorun hər
dəfə imtahanların tam obyektiv, demokratik və
şəffaf keçirilməsi barədə verdiyi əmr
və sərəncamlar istər tələbələrimizin,
istərsə də müəllimlərimizin
məsuliyyətini birə-beş artırır.
Fakültəmizin
tələbələri təkcə fakültə daxilində
deyil, bütövlükdə universitetin ictimai-siyasi
həyatında da yaxından iştirak edirlər.
Fakültəmizdə
hər il "Dizayn" ixtisası üzrə təhsil alan
xüsusi istedada malik tələbələrin əl
işlərinin sərgisi keçirilir. Həmin
sərgilərdə nümayiş olunan müxtəlif
sənət nümunələri ölkəmizin zəngin
tarixinin, mədəni həyatının , təkrarolunmaz
təbiətinin təsdiqidir.
Hər il
fakültəmizin məzunları universtetimizdə
keçirilən Məzun yarmarkalarında iştirak
etməklə onların bir qismi işlə təmin olunur.
Fakültənin
kafedralarının əməkdaşları Rusiya, Ukrayna,
Belarus, Türkiyə, Almaniya, Özbəkistan,Qazaxıstan
və digər dövlətlərin universitetləri ilə elm
və tədris sahəsində fəal
əməkdaşlıq edirlər.
Son illərdə tələbələrimizdən bir
neçəsi əl işlərini Uzaq Şərq
ölkələrində (Tokio və Pekin
şəhərlərində) keçirilən Qafqaz ölkələrinin
ixracat sərgilərinə göndərməklə
nümayiş etdirmiş , onlardan 3 nəfəri Tokioda
keçirilən sərgidə laureat adına layiq
görülmüş, bir nəfəri isə Pekində
keçirilən sərgidə II yeri tutaraq diplomla təltif
olunmuşdur.
Biz
"Texnologiya və dizayn" fakültəsində olarkən
Dizayn kafedrasında təşkil edilən
tələbələrin əl işlərindən ibarət
ənənəvi sərgiyə də baxdıq. Burada
nümayiş olunan müxtəlif sənət
nümunələri ölkəmizin zəngin tarixinin,
mədəni həyatının , təkrarolunmaz
təbiətinin təsdiqidir. Sərgiyə təqdim olunan
işlərin böyük əksəriyyəti müxtəlif
janrlarda olmaqla məntiqi və məzmunu ilə seçilir,
bədii-estetik tutumu ilə yadda qalır. Yeri
gəlmişkən , sərgidə diqqəti
çəkən bir məqam da odur ki,
tələbələrin əl işlərindən ibarət
ayrı-ayrı məntiqli atributlar tamaşaçının
təxəyyülünü pərvazlandırır, estetik
zövq verməklə yanaşı, həm də
təbiət, cəmiyyət barədə yeni bilgi
aşılayır, onu düşündürür.
Nəhayət,
sonda fakültənin dekanı, professor Vəkil Hüseynov qeyd
etdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin
illərin sınağından çıxmış
özünəməxsus tədris və ictimai-təşkilati
ənənələri var. Biz universitetin bir fakültəsi
olaraq bu ənənələrə sadiq qalmaq, onu daha da
zənginləşdirmək üçün səylərimizi
daim artırmağa çalışırıq.
Vaqif
BAYRAMOV,
Xalq
qəzeti.-2010.-19
dekabr.-S.7.