Könül budağından qopub qürub
edən günəşi öpən son yarpaq
Əli Nəcəfxanlının
kitabı haqqında yazmağa başlayanda ilk növbədə nədən başlamağın
çətinliyi qarşısında
qaldım. Müəllifin
insanlığı, jurnalist
kimi fəaliyyəti, yoxsa şairliyinə - hansı istiqamətə istinad edəcəyimi kəsdirə bilmədim. Hərdənbir redaksiyanın dəhlizində
rastlaşdığım usduf
yerişli, mülayim tövrlü, həlim danışığı ilə
ətrafındakılardan seçilən
Əlinin bütövün
bir parçaları olaraq dediyim və unutduğum xarakterik cizgiləri ilə onu tam
şəkildə tanımaq
,bəlkə də, imkansızdır.
Əlini daha yaxından tanımaq üçün
onun iç dünyasına bir az da yaxınlaşmaq,
ürək çırpıntılarını
hopdurduğu misraları
dönə-dönə oxumaq
lazımdır. Əslində
Nəcəfxanlının şeirləri,
daha doğrusu şeirləri toplanmış
kitabı haqqında yazdığımın fərqindəyəm.
Amma böyük əminliklə
deyə bilərəm
ki, xarakteri və davranışı yaradıcılığına bu
qədər hopmuş,
özü sözü
ilə iç-içə,
başbaşa olan, özü sözünü,
sözü isə özünü tanıdan
çox az qələm sahiblərindən
biri də məhz Əlidir. Kitabının adı düşündürücü və çəkicidi:
"Payız prospekti".
Onun bu kitaba
toplanmış şeirlərini
oxuyandan sonra belə qənaətə gəldim ki, şair yaradıcılığı
müddətində məzmun
kəsb etməyən,
dəyərsiz şeir
yazmayıb, və yaxud da gərəksiz,
lazımsız şeyləri
şeirləşdirməyib.
Mən bu qənaətdəyəm
ki, kimliyindən asılı olmayaraq əgər şeir oxuya-oxuya ruhunun təzələnməyini hiss
etmirsə, qəlbinin
atlanmağını duymursa,
deməli onun oxuduğu şeir deyil, sadəcə söz yığınıdır.
Əli nədən yazırsa yazsın, hansı mövzuya əl atırsa atsın, onun həllini ustalıqla açıqlayır, hadisəyə
öz münasibətini
bildirməklə oxucunu
da düşünməyə
vadar edir. Dağı-aranı dolaşan
şair hara üz tutursa "dünyanın dəyişmədiyini"
görür, "düzlərin
düzdə qalmasından",
"aldadanın ar eləmədiyindən" təəssüflənir.
Vətən həsrəti, Qarabağ dərdi onun şeirlərinin ana xəttini təşkil edir desəm, yanılmaram. Şuşanı
gözüdolusu görməyən
şair bir də ayılır ki, iş işdən
keçib, Şuşa
dağılır və
xəyanət kirvədən,
keşişdən keçib,
ona görə də ürəyi dəlik deşik olur, xəcalətdən üzünün örtülməsini
istəyir, hətta özünə qarğış
edir.
Şuşanı görmədim
gözüm dolusu,
Vaxtında getməyə vaxtım olmadı,
Vaqifin məzarı qənimim olsun,
Şuşanın dağları
taxtım olmadı.
"Varın yoxluğundan və yoxun çoxluğundan
çaşqına dönən"
qaçqınların, "çaşıb qorxduğundan
qaçqına dönən"
çaşqınların taleyi
ona rahatlıq vermir, gecə-gündüz
yaralarının gözünü
qoparır. Göz yaşını daşqına
çevirən qaçqının
dərdinə yandıqca
dərd onun da qəddini əyir, "Uyub yalanlara, Misri qılıncı Kaş ki, qoymayaydı heç qına qaçqın"-deyir.
Amma o, bu
ağrı-acıya sadəcə
dərd kimi baxmır, sızıldamır,
bədbinləşmir, onu
böyük ustalıq,
lakonik poeziya dili ilə oxucunun
mühakiməsinə verir.
Ocağımız kor qalıbdı,
Alov sönüb, qor qalıbdı.
Vətən dərdi şor balıqdı,
Yedikcə yandırar səni.
O, torpaqların işğal edilməsinin səbəbini
dünyanın buz meydanına bənzəməsi
ilə əlaqələndirir.
Görür ki, bu meydanda hər
şey- sərhədlər
oyuncaq kimi o yan-bu yana,
sümüyə dirənən
bıçaq boğazda,
hətta ehtiyacdan baş fırlananda acından ayaq belə sürüşür.
Əli şeirlərində bir sözlə böyük məna tutumu verə bilir, qlobal problemi sadə dillə oxucuya çatdırır,
istənilən mövzuya
poetik don geydirir, minaaxtarana "Ölümlə üz-üzə
gəlsən nə var ki, Ölüm
ayağının altında,
bala!" deyərək
ehtiyatı əldən
verməməyi, hər
addımda ayıq-sayıq
olmağı tövsiyə
edir, ölümün
ona məhz yerdən-torpağın altdan
gələcəyinə işarə
edir. O, sözdən
söz seçir, sözü məna tutumlarına görə ayırır, onu inciyə, mirvariyə bənzədir. Şeirlərinə
qarşı hədsiz
məsuliyyətli olan
şair özünə
çox tələbkardır.
"Ürəkdən gəlməsə
dilimə yatmır, Çünki bir ayrıdı mənim şeirim."- deyərək millətin yolunda məşəl olmayan şeirini fərari adlandırır.
Gecələrə həsr olunmuş
nə qədər şeirlər oxumuşuq: hərəsi bir mənalı, başqa mövzulu, fərqli baxışlı... Əlinin
"Gecələr"i
bambaşqadı... Ömrü
muğamata bənzədir
- zil gündüzləri,
bəm gecələri
ilə. Onun qələmi gecələri
sübhə kimi qan ağlayır,
çünki ümid
kövrək, xəyal
qırıqdı, zalım
fələk də ürəyindən vuraraq gözlərində məclis
qurubdu. Gecələr qəmin kef məqamıdı... şairə
cəza çəkdirir,
bu isə təbiidi, axı o, öz növbəsində
cəza çəkməyə
vərdişkardı.
Əli sevəndə lap uşaq olub,
heç ağlı da olmayıb, amma dünyanın bir anda dəyişdiyini
elə hiss edib ki, Tanrının
min illik qibləsi ilə sevdiyinin qapısını
səhv salıb. Qarşısı kəsilib,
başının kəsiləcəyinə
hədələnib, lap
elə qanına bələnib, amma sevib. Bir "hə" almaqdan
ötrü əsim-əsim
əsən şairin təlaşdan dili dolaşıb, ayağının
ucunda gedən canıyanmış qıza
qoşulub xəyalını
qızın yellənən
saçında gəzdirib.
Şairin məsum sevgisini hopdurduğu, birnəfəsə oxunan təcnisləri, lirikası,
körpələrə həsr
etdiyi
"Gül balam, bülbül balam " və bundan başqa kitabda toplanan "Dolaşdım
dağı, aranı",
"Ömrüm sözüm
qədərdi", "Mən
səni sevəndə"
bölmələrindəki şeirləri onun yaradıcılıq diapazonunun
genişliyini sübut
edir. 50-ni arxada qoyan, nəhayət, ömrün payız prosrektinə çatan şair, küçənin
sağında nar satan qıza, sol tərəfində heyvasına müştəri
səsləyən qadına
və prospektin sonunda könlünün budağından qopan son yarpağın qürub edən günəşi öpməsinə
baxır...
... Şənbə günü
Azərbaycan Yazıçılar
Birliyinin Sumqayıt Şəhər şöbəsi
və Sumqayıt şəhər Mədəniyyət
və Turizm İdarəsinin Əli Kərim adına poeziya klubu "Əli Nəcəfxanlının
imza günü" adlanan geniş toplantı təşkil etdi. Biz də
imzalar içində imzası seçilən həmkarımıza düşündürücü,
geniş məna tutumlu şeirlərə imza atmağı və daha geniş
coğrafiyada tanınmağı
arzulayırıq.
Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti.-2010.-19 dekabr.-S.7.