Kainat, insan və poeziya
Pənah Göyçə - 70
70 il
bundan əvvəl, 1940-cı ildə Qərbi
Azərbaycanın Göyçə mahalının
Ağkilsə kəndində dünyaya bir uşaq gəldi. Valideynləri ona nəslin ulu babasının
şərəfinə Pənah adı verdilər. Bu insan dədə Ələsgərin gəzdiyi
torpaqda ayaq açdı, içdiyi bulaqlardan içdi. Sonralar
1948-ci ildə ailə Nizami yurdu ulu Gəncəyə
köçmüş və Pənah Abdulla oğlu Qurbanov
orada orta məktəbi və H.Zərdabi adına
Gəncə Pedaqoji İnstitutunu bitirmişdir. 1966-cı
ildə isə indiki Azərbaycan Dövlət Neft
Akademiyasının aspiranturasına daxil olub, oranı
bitirdikdən sonra 1995-ci ilə qədər elə həmin elm
ocağında da elmi-pedaqoji fəaliyyət
göstərmişdir. Kimya elmləri
doktorudur, şairdir, filosofdur, üstəlik də, milli musiqi
alətlərimizin təkmilləşdirilməsi
üzərində işləyir.
Bu qısa
təqdimatdan göründüyü kimi, Azərbaycanın
dəyərli ziyalı oğlu P.A.Qurbanovun
yaradıcılığı çoxşaxəlidir. Kimya
elmləri doktoru P.A.Qurbanov üzvi kimya sahəsində
dərsliklərin, vəsaitlərin və çoxlu elmi
məqalələrin müəllifidir. Pənah
müəllim kimya sahəsindən başqa poeziya ilə
də müntəzəm məşğul olur. Onun ilk "Göyçə gözüm
işığı" adlı şeir kitabı 1991-ci
ildə işıq üzü görmüşdür. 5000 tirajla çıxan bu kitab qısa
müddətdə əldən-ələ gəzərək
şöhrət tapmış, cəmi 6 aya çox
yüksək qiymətə tamamilə satılıb
qurtarmışdır. Bu, şeir
kitablarının satışında az-az rast gəlinən
nadir hallardan idi.
2005-2006-cı
illərdə Pənah Göyçənin külliyyatı 5
cilddə işıq üzü gördü. Bu
kitabların hər biri əsl sənət nümunəsidir.
Orada poeziyanın hər bir nümunəsinə, janrına ,
bayatı, qoşma, təcnis, beşlik, rübai, qəzəl,
sərbəst şeir, mənsur şeir, esse, telepyes, poema,
əfsanə, nağıl, nağıl-dastan, rəvayət
və s. rast gəlinir. Bu
əsərlərdə Böyük Nizami Gəncəvidən
bizə gəlib çatmış bir ənənə
özünəməxsus şəkildə qorunmuşdur.
Belə ki, külliyyat ayrı-ayrılıqda 5
kitabda cəmlənmiş və hər biri Allah və
Peyğəmbərin tərif və minacatla başlayır.
Şeirlərinin hər biri məna
dolğunluğu, dilinin sadəliyi və bəşəriliyi
ilə səciyyələnir. Bu əsl
klassikadır.
Anam Göyçə
fəxr eləsin,
Mən
dünyanın balasıyam.
Hər bəşərin
ürəyini
Sazım kimi
çalasıyam.
Bunlar
sadəcə olaraq söz xatirinə deyilməmişdir. "Mən
dünyanın balasıyam", arxasında əməl durur,
əlahəzrət əməl.
Alim, şair
Pənah Göyçə ədəbiyyatımıza
zəngin töhfələr vermişdir. O, özündən
əvvəlki şairlərin, filosofların tarixi
missiyalarını dolğun şəkildə, ustalıqla
davam etdirmiş və geniş, çoxşaxəli, zəngin
irs yaratmışdır. Məhəbbət
ayrıca mövzu kimi yox, həm də
yaradıcılığının sistematik təməl
bazasını, qayəsini təşkil edir. Bu çox vacib məsələdir, çünki
təməlindən düzgün, saf qoyulan fikir, ideya
özünün təntənəsinə nail olur. Daha geniş ifadə etsək deyə bilərik ki,
istənilən sahədə, mövzuda qoyulan proqressiv fikir
bölgüsü şərtidir və onlar məhəbbət
adlı qüvvənin təsir dairəsinə aiddir. Belə ki, Dostoyevskinin məşhur kəlamı olan
"Gözəllik dünyanı xilas edəcək"
ifadəsi Pənah Göyçənin poetik
fəlsəfəsi ilə uzlaşmır və qüsurlu
görünür. Pənah müəllimin
dünya görüşünə əsasən irəli
sürdüyü fikir isə "Dünyanı
məhəbbət xilas edəcək" kimi səslənir.
İlk baxışda burada elə bir ciddi
fərq görünmür. Amma təhlil
etdikdə Pənah Göyçənin söylədiyi fikir
Dostoyevskinin söylədiyi fikirdən daha irəli gedir,
mövzunu daha da inkişaf etdirməklə əsas elmi
prinsiplərə uyğunlaşdırılır. Belə
ki, dünyada iki qüvvə var: dini baxımdan xeyir və
şər, elmi baxımdan pozitiv və neqativ. Xeyir
- pozitiv qüvvə məhəbbətdir, Ulu Tanrıdan
gəlir, şər - neqativ qüvvə isə nifrətdir,
şeytanın əməlidir. Məhəbbət
adlı qüvvə yaradıcıdır, nifrət isə
dağıdan. Təbii ki, gözəl
əməllər məhəbbətdən yaranır, hər
cür gözəllik də məhəbbətdən doğur
və onun bəhrəsidir. Gözəllik
qüvvə deyil, əksinə onu qorumaq lazımdır,
əlbəttə ki, məhəbbət adlı qüvvə
ilə. Məhəbbət bütün
zamanların baş mövzusudur və klassikanın bədii,
sinkretik və poetik strukturunu təşkil edir. Pənah
Göyçə yaradıcılığı ilə
...Aqil olan kəsə
aşkardır aşkar,
Həyat
eşq üstündə tutubdu qərar.
Bu ucsuz, bucaqsız, sonsuz
kainat,
Ən kiçik zərrənin
sirri neçə qat,
Yarandı Tanrının
Məhəbbətindən,
Lisana sığmayan
səxavətindən!..
Kim deyər ki,
bu fikirlər elmi, dialektik deyil. O əbədidir, universaldır:
Nə qədər ki, kainat
var,
Olduğu
tək qalacaq eşq.
Tanrı özü verib
qərar,
Olub, vardır, olacaq eşq!
Və həm də
əbədi, universal olduğu qədər də fərdidir,
təkrarsızdır, əsrarəngizdir:
Biz ona mütiyik, cana hakimdi,
Ruh ona tabedi,
qana hakimdi.
Hər bir
hüceyrədə genə hakimdi,
İnsanlığın
tacı, taxtı məhəbbət!
Göründüyü
kimi, Pənah Göyçə poeziyası məhəbbəti
istənilən zaman üçün, ibtidai insanlardan
müasir insanlara və gələcək nəsillərə,
hər kəs üçün verilən sərvət,
həyat - ülviyyətin maddiyyatı kimi xəbər verir. Elə bu
məhəbbətdəndir ki, onun
yaradıcılığında insansevərlik, humanizm kimi
keyfiyyətlər özünün layiqli
təzahürünü tapmışdır. Bu barədə mən Pənah Göyçə
külliyyatının redaktoru kimi son söz əvəzi
qeydlərimdə bildirmişdim. Bu həm
də bir insan kimi onun hər Allah bəndəsi ilə
şəxsi davranışından da aydın
görünür. Hətta anasına ithaf etdiyi
"Ana" poemasında bir epizodda poetik dillə qeyd edir ki,
uşaq vaxtı, ikinci dünya müharibəsinin aclıq
illərində anası ona həyətlərindən
oğurluq edilməməsi üçün keşik
çəkməyi tapşırır. Lakin o,
ehtiyacdan "oğru" olmuş qonşunun
uşağına "iş başında" mane olmur,
əksinə, ona yükünü tutmaqda kömək edir.
Təbii ki, belə bir "günahına"
görə anası onu cəzalandırır, sadəcə
olaraq bu mənzərəni kənardan
mənalı-mənalı seyr edən anası onun başını
sığallayaraq qürur hissi keçirir. Bu özünəməxsus hadisə dünyada
baş vermiş sonsuz faktlardan biri idi və son
dərəcə ibrətamizdir. Uşaqlıqdan
bu ruhda, bu cür tərbiyə ilə, halallıqla
böyüyən Pənah Göyçə də
şəxsiyyət kimi yetişmişdir.
* * *
Atatürk Mərkəzində təqdimatı
keçirilmiş 22 məqalədən ibarət
"Həyati oçerklər (Yeni fəlsəfi konsepsiya və
ya sivilizasiyanın xilas şansı)" adlı kitab
P.A.Qurbanovun bir alim kimi bütöv bir ömürlük
düşüncələrinin, araşdırmalarının
məhsuludur. Bu kitab iki dildə, ingilis və
Azərbaycan dillərində tərtib olunmaqla dünyaya, elmi,
fəlsəfi mərkəzlərə, düşünən
və qabiliyyətli, ədalətli insanlara,
ümumiyyətlə, hər kəsə
ünvanlanmışdır. Məqsəd həyatı
qorumaqdır. 22 məqalənin hər biri istinad edildiyi elm
sahələrində yeni sözlər deyir və
araşdırılması, tədqiq edilməsi zəruridir.
Həmin müddəalar, fikirlər obyektiv həqiqət
statuslu olduğu üçün müəllifin subyektiv
fikirləri hesab edilməməlidir. Bu bir şansdır,
baxmayaraq ki, təvazökar bir insan tərəfindən
qələmə alınmışdır, gəlin həssas
olaq, etinasız yanaşmayaq. Bu gün
dünyamızı ekoloji fəlakət məhşər
ayağına çəkir, demək, deyilən hər bir
ağıllı sözə, hər bir ideyaya həssas və
məsuliyyətli yanaşmaq istəyən hər kəsin,
xüsusən səlahiyyət sahiblərinin, mütəxəssislərin,
elm adamlarının borcudur.
Müəllif
göstərir ki, insanlar yalnız icmada - insan
cəmiyyətində yaşaya bilərlər. Aləmi
bürümüş, günü-gündən daha
şiddətlə hədələyən, bütün
canlıları - dünyamızı məhşər
ayağına çəkən ekoloji fəlakətə
qarşı ayrı-ayrı dövlətlər,
cəmiyyətlər effektli mübarizə aparmaq iqtidarında
deyillər. Bu ümumbəşər bəlaya
qarşı yalnız bütün dünyanı əhatə
edən tək ali insan cəmiyyəti - Ali İcma uğurlu
mübarizə apara bilər. Keçid dövrünü tez
başa çatdıraraq əbədi xilas yoluna, hidayət
yoluna çıxmaq üçün şansımızı
qaçırmamalıyıq.
Kitabdakı
fikirlər Pənah Göyçə poeziyasında
müxtəlif formalarda öz təzahürünü
tapmışdır. Bu ideyalar, fikirlər illərlə
cilalana-cilalana yol gəlmiş, nəhayət, bir kitabda
konsepsiya halında cəmlənmişdir. Kimya elmləri
doktoru, professor Ə.L.Şabanovun təbirincə desək, bu
kitab dünyaya açılmış sirlərin
xəzinəsidir.
Mən 70
illiyində, ömrünün müdrik çağında
Pənah Göyçəni oxucuları,
tələbələri (mən də özümü
Pənah müəllimin tələbələrindən hesab
edirəm), dostları adından təbrik edirəm. Bizim
hər birimizin, hər bir insanın, bəşərin
uğuru sizin fəxarətinizdir, sizin uğurunuzdur. Arzu
edirəm ki, sizin mənalı ömrünüzə,
həyatınıza Azərbaycanımızın torpaq itkisindən
xilas olacağı gün də qarışsın.
İstərdim
öz fikrimi sizin sözlərinizlə tamamlayım:
Ucalandı,
enən deyil,
Günəş
kimi, sönən deyil.
Xislətindən
dönən deyil,
Daim
zəfər çalacaq eşq.
Rəfail
ƏLƏSOV
Xalq qəzeti.-2010.-19 dekabr.-S.8.