Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət

 

Professor Nigar Vəliyevanın tərtib etdiyi, yenicə çapdan çıxmış "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət" Azərbaycan leksikoqrafiyası tarixində ilk fundamental irihəcmli üçdilli frazeoloji lüğətdir.

Lüğət hər üç dildə olan frazeloji birləşmələri əhatə etməsi baxımından xüsusi önəm kəsb edir doqquz mindən artıq ifadəni əhatə edir.

Kitabın baş redaktoru AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundov, ön sözün müəllifi isə professor Nizami Cəfərovdur.

Azərbaycan dilinin zənginliyinin göstəricilərindən biri olan frazeoloji ifadələrinin həm ingilis, həm rus dillərində qarşılığının tapılaraq verilməsi bu kitabın gərgin əməyin, araşdırmanın nəticəsi kimi ortaya çıxdığını göstərir. Təsadüfi deyil ki, on yeddi ildən çoxdur ki, ingilis dilini tədris edən Nigar Vəliyeva üçdilli frazeoloji lüğət tərtib etməyə keçən əsrin 90-cı illərinin əvvələrindən başlayıb, on ildən artıq müddətdə bu sahədə müqayisəli araşdırmalar aparıb.

Müasir dövrdə, qloballaşan dünyada aparıcı əcnəbi dillərin öyrənilməsində bu sahədə biliklərin daha da artırılmasında lüğətlər mühüm əhəmiyyət daşıyır. Müxtəlif səpkili lüğətlər; xüsusilə ingilis, alman, fransız bu kimi geniş yayılmış dillərlə bağlı tərcümə lüğətləri buna nümunə ola bilər.

Ancaq onların əksəriyyəti daha çox dildə işlədilən adi söz ifadələri əhatə edir, ümumi orta səviyyədə tərcümədə istifadə olunur. Ona görə yenicə çapdan çıxmış bu lüğətin tərtibçisinin məqsədi hər üç dildə işlədilən adi söz ifadələr deyil, frazeoloji birləşmələr üzərində çalışmaq onların məzmunca bir-birinə oxşar mənaları ifadə edənləri qruplaşdırıb əcnəbi dil bilgilərini daha da artırmaq istəyən oxuculara çatdırmaqdır.

Lüğətdəki ifadələri nəzərdən keçirərkən aydın olur ki, beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dili, Azərbaycan rus dilləri fərqli dil qruplarına aid olsalar da, onların ortaq cəhətləri var. Bu ortaqlıq fərqli söz tərkibinə malik, ilk baxışda bir-biri ilə əlaqəsi olmayan, ancaq oxşar fikri ifadə edən frazeoloji birləşmələrdə öz əksini tapır.

Lüğətin əhəmiyyəti aktuallığını AMEA-nın müxbir üzvü, professor N. Cəfərov bu cür dəyərləndirir: " Doğrudur, son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqət artmışdır. Lakin bilavasitə irihəcmli frazeoloji lüğət tərtib olunmamışdır. İlk dəfə olaraq, Azərbaycan, ingilis rus dillərində frazeoloji vahidlər toplanmış, təsvir edilmiş, bir-birindən uzaq olan müxtəlif sistemli dillərə məxsus bu leksikləşmiş vahidlər sistemə salınmışdır. Azərbaycan dilinin digər dünya dilləri ilə, o cümlədən rus ingilis dilləri ilə birbaşa əlaqələrinin artdığı indiki dövrdə bu istiqamətli tədqiqatların səmərəsi əhəmiyyəti danılmazdır. "

Lüğət ali məktəb tələbələri, müəllimlər, tərcüməçilər, diplomatlar, jurnalistlər, ümumiyyətlə, ingilis dilini mükəmməl öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Nigar Vəliyeva 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dilçilik sahəsində "Müxtəlif sistemli dillərdə nitq təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər" (1999), "Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili", (2001), "Müxtəlif sistemli dillərdə fel birləşmələrinin tipoloji təhlili" kimi elmi monoqrafiyaların müəllifidir.

Bu günlərdə "Park İnn" otelinin konfrans zalında kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən akademik A. Axundov, Milli Məclisin deputatı N. Cəfərov, ADU-nun rektoru, millət vəkili S. Seyidov, professorlar İ.Həmidov, Q. Paşayev, İ. Hüseynova, D. Yunusov bu fundamental lüğətin məziyyətlərindən danışmış, onun təkcə Azərbaycan deyil, eyni zamanda, ingilis rus filologiyaları üçün elmi praktik əhəmiyyətə malik olduğunu vurğulamışlar.

Sonda lüğətin müəllifi proffesor N. Əliyeva çıxış edərək xoş sözlər üçün təşəkkürünü bildirmiş, elmi araşdırmalarını bundan sonra daha inamla davam etdirəcəyini söyləmişdir.

 

Əfsanə BAYRAMQIZI,

Xalq qəzeti.-2010.-19 dekabr.-S.8.