Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi
sənayenin
inkişafını sürətləndirmişdir
Bu ilin ötən ayları ölkə
iqtisadiyyatının heç şübhəsiz ki,
növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd
olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin
ideyaları əsasında
müəyyənləşdirilmiş və Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən inamla həyata
keçirilən sosial-iqtisadi kurs əvvəlki
illərə xas olan ardıcıllıqla ölkə
iqtisadiyyatının artımını təmin etməklə
xalqın maddi rifahının durmadan
yaxşılaşmasını şərtləndirmişdir.
İqtisadiyyatın dinamik inkişafı sənaye
sahəsində də özünü göstərir.
Ümumiyyətlə, sənaye Azərbaycan
iqtisadiyyatının ən mühüm və inkişaf
etmiş qollarından biridir. Əsasən yanacaq və
energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti,
yüngül və digər sənaye sahələrini
özündə birləşdirən bu
vacib sahə Azərbaycanda ümummilli lider Heydər
Əliyevin gərgin əməyi sayəsində ötən
əsrin ortalarından inkişaf etməyə
başlamışdır. Ötən əsrin 90-cı
illərinin ortalarından isə ulu öndərin
əsasını qoyduğu ölkəmizin yeni neft
strategiyasının həyata keçirilməsindən
sonra inkişaf mərhələsinə qədəm qoyan neft
sənayesi digər istiqamətlərdə də sənaye
sahələrinin tərəqqisinə yol
açmışdır. Qeyri-neft sektorunda
yaradılan əlverişli investisiya mühiti və
aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin
kompleks inkişafını təmin etmişdir.
Əvvəllər xarici ölkələrdən idxal olunan
malların bir qisminin artıq Azərbaycanda istehsal olunmağa
başlanması daxili bazarın
zənginləşməsinə, idxaldan asılılığın
aradan qaldırılmasına imkan yaratmışdır.
İqtisadi
prosesləri yüksək qiymətləndirən Prezident
İlham Əliyev demişdir: "Azərbaycan iqtisadiyyatı
artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu
ilin iqtisadi və maliyyə böhranı bunu bir daha
göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu
inkişafı davam etmişdir. Bütün sosial
məsələlər həllini tapmışdır, valyuta
ehtiyatı dayanıqlılığını sübut
etmişdir. Biz elə etməliyik ki, əldə olunan
uğurlarla kifayətlənməyək. Görüləsi
işlər çoxdur. Biz iqtisadi sahədə
sənayeləşmə prosesinin
sürətləndirilməsi, iqtisadiyyatın
şaxələndirilməsi işləri ilə
məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun
inkişafına böyük əhəmiyyət verilir və
biz bunun gözəl nəticələrini görürük.
Təkcə son 7 ilin statiskasına baxmaq kifayətdir ki,
Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında
hər kəsdə əyani təsəvvür
yaransın".
Həyata
keçirilən düzgün iqtisadi siyasətin
nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektorunun
davamlı olaraq yüksək artım tempi təmin edilib,
həmçinin infrastruktur əhəmiyyətli
dərəcədə müasirləşdirilib və
yeniləri qurulub. Sənaye sektorunun
inkişafına yönəldilən investisiyalar
ölkədə elmtutumlu və yüksək texnologiyalı,
rəqabətədavamlı və ixracyönümlü,
dünya standartlarına cavab verən sənaye
məhsullarının istehsal edilməsinə imkan verir. Ötən
illərdə olduğu kimi, bu il də sənaye
istehsalındakı artım ÜDM-in tərkibində
xüsusi çəkiyə malikdir. Belə ki, cari ilin 11
ayı ərzində sənaye sahəsində məhsul
istehsalı keçən ilin yanvar-noyabr ayları ilə
müqayisədə 3,1 faiz artıb. Sənaye
məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı
mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud
4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya
1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı,
çirkli suların və tullantıların
təmizlənməsi bölməsində istehsal olunub.
Sənaye
məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda
isə 5,9 faiz artıb. Yanvar-noyabr ayları ərzində
mədənçıxarma bölməsində 47,1 milyon ton
neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Emal bölməsinin məhsullarından qida
məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7
faiz, kağız və karton istehsalı 22,9 faiz, neft
məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi
məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi
məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları
istehsalı 83,2 faiz, maşın və avadanlıqlar
istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və
yarımqoşqular istehsalı 74,4 dəfə artıb.
İlin əvvəlindən ölkənin elektrik
stansiyalarında 16 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Ötən
illərin statistik yekunlarına diqqət yetirdikdə sənaye
sahəsində istehsalın artımında ilbəil xeyli
irəliləyişin olduğunu görərik. Azərbaycanda
2000-ci ildə 3640, 2001-ci ildə 3769, 2002-ci ildə 4019,
2003-cü ildə 4982 milyon manatlıq sənaye məhsulu
istehsal olunub. Sonrakı illərdə ölkədə istehsal
olunan sənaye məhsullarının həcmi
sürətlə artıb. Belə ki, sənaye
məhsullarının həcmi 2005-ci ildə 9309, 2006-cı
ildə 15544, 2007-ci ildə 22496, 2008-ci ildə 29773, 2009-cu
ildə 22564 milyon manat təşkil edib. 2009-cu ildəki azalma
beynəlxalq iqtisadi böhranın nəticəsində baş
verib.
Sənaye
məhsulunun artımı daha çox mədən
sənayesinin payına düşsə də, Azərbaycan
hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsi
olaraq emal sənayesinin də ümumi istehsalda payı
getdikcə artmaqdadır. Son illərdə qida
məhsullarının, neft-kimya məhsullarının,
sementin, metal məmulatların, məişət
cihazlarının, avtomobillərin istehsalı davamlı olaraq
artmaqdadır.
Sənaye istehsalının artımında yeni yaranan
müəssisələrin böyuk rolu var. Əgər
2003-cü ildə ölkə üzrə 2421 sənaye
müəssisəsi qeydə alınmışdırsa,
bütün mülkiyyət növləri üzrə
onların sayı 2005-ci ildə 2621-ə, 2006-cı ildə
2732-yə, 2007-ci ildə 2825-ə, 2008-ci ildə isə
2887-yə çatıb. Ötən il və bu ilin 11
ayında da yeni sənaye müəssisələrinin
yaranması dinamik xarakter daşımışdır.
Son vaxtlar
yaranan sənaye müəssisələri arasında
Səngəçal taxıl elevatoru xüsusi
əhəmiyyət kəsb edir. Bu müəssisənin
istifadəyə verilməsi respublikamızın ərzaq
təhlükəsizliyinin təmin olunması ilə
bağlı həyata keçirilən mükəmməl
strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə
bilər. Qeyd edək ki, ilk taxıl elevatoru olan anbarda hər
birinin tutumu 10 min ton təşkil edən 10 saxlanc
çəni quraşdırılıb. Bu isə,
ümumilikdə 100 min ton taxılın saxlanması
deməkdir. Qeyd edək ki, elevatorlarda taxılın
uzun müddət saxlanması və qorunması
üçün bütün texniki imkanlar mövcuddur. İlk
növbədə, xaricdən gətirilən və yerli
istehsalçılardan qəbul olunan taxıl
məhsullarının mühafizəsi əsas diqqət
mərkəzində olacaq. Bunun üçün xarici
dövlətlərdən gətirilmiş texniki avadanlıqlar
və mühafizə vasitələrinin köməyi ilə
məhsulun istehsal edildiyi dövrdəki keyfiyyətdə
saxlanması mümkündür. Bu isə ilin
istənilən dövründə, xüsusilə də,
aprel-may aylarında taxıl tədarükünün
azaldığı vaxtda, dəyirmanları və
çörəkbişirmə müəssisələrini
ən yüksək keyfiyyətli buğda ilə təmin
etməyə imkan verəcək.
Xatırladaq
ki, elevatorda saxlanılan məhsul əsasən,
ölkədə ərzaq qıtlığı
yarandığı təqdirdə, bazara
çıxarılacaq ki, bu da daxili bazarın tam tənzimlənməsinə
səbəb olacaq. Beləliklə, istehlak
bazarına çıxarılan unun və çörəyin
keyfiyyət göstəriciləri ekoloji baxımdan
bütün tələblərə cavab verəcək.
Əhaliyə verilən unun və çörəyin
nəmliyi, yapışqanlığı, digər keyfiyyət
göstəriciləri ekoloji baxımdan bütün normalara
uyğun olacaq. Bu isə ölkəmizin ekoloji təmiz
məhsulla təmin edilməsi və ərzaq
təhlükəsizliyi ilə bağlı strategiyasına tam
uyğundur.
Onu da qeyd
edək ki, Taxıl Fondu Səngəçal elevatoru ilə
yanaşı, tutumu 100 min ton olan daha bir elevatorun tikintisini
də planlaşdırır. Fövqəladə Hallar Nazirliyi
artıq yeni elevatorun tikinti layihəsini, anbarın yerini
nəzərdən keçirir. Yaxın günlərdə
bununla bağlı işin icrasına başlanılacaq.
Hazırda İqtisadi İnkişaf Nazirliyi
tərəfindən də taxıl anbarlarının tikintisi
maliyyələşdirilir. Həmin anbarlar istifadəyə
verildikdən sonra isə Azərbaycanda həm yerli, həm
də idxal taxılın saxlanılmasında heç bir
problem olmayacaq. Respublikamızda 500 min tondan
artıq taxılın saxlanması mümkün olacaq ki, bu da
anbarların payız mövsümündə, yəni,
taxılın tədarükünün ilk dövründə
ucuz qiymətə yüksək keyfiyyətli məhsulla
təmin edilməsi deməkdir. Bir sözlə,
oktyabr-noyabr aylarında ölkəmizin taxıl anbarlarında
toplanan taxıl məhsulları hesabına yarım illik ehtiyat
əldə ediləcək. Həmin məhsul adətən,
yaz-yay aylarında, yəni, taxılın bazarda
azaldığı dövrdə
çörəkbişirmə müəssisələrinə
təhvil verilə bilər.
Sənaye
sektorunun inkişafı bu sahədə
çalışanların əmək haqlarının
artımına da öz təsirini göstərmişdir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, bu ilin yanvar-oktyabr aylarında sənaye
işçilərinin orta aylıq əmək haqqı 457,5
manat təşkil etmiş və 9 faiz artmışdır.
Əmək haqqının daha çox artımı kimya,
əczaçılıq, qida, geyim və avtomobil istehsalı
ilə məşğul olan müəssisələrin
işçilərində müşahidə olunmuşdur. Qeyri-dövlət
sənaye müəssisələrində işçilərin
əmək haqqı 584 manat təşkil etmişdir.
Vaqif
BAYRAMOV,
Xalq
qəzeti.-2010.-21
dekabr.-S.1.