Saatlı:
2010-cu ilin uğurları
Saatlı
rayonu Azərbaycanın bütün güşəsi kimi,
mənim üçün doğmadır, əzizdir. Mən
Saatlı rayonunda dəfələrlə olmuşam...
Saatlılara mənim həmişə hörmətim olubdur.
Heydər
ƏLİYEV Ümummilli lider
... Saatlı
rayonunun inkişafı üçün tədbirlər
görülür. Rayonda işlər yaxşı gedir. Mən
də Saatlıda gedən işləri həmişə
diqqət mərkəzində saxlamışam.
İlham
ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Başa çatmaqda olan ilin baharında - aprel-may
aylarında Azərbaycan, sözün həqiqi
mənasında, təbii fəlakətlə üzbəüz
qaldı. Güclü leysan və qışboyu dağlara
yağmış qalın qar örtüyünün
əriməsi nəticəsində Kür və Araz
çayları öz məcrasından çıxaraq
ətraf rayonların kəndlərini,
qəsəbələrini su altında qoydu. Sabirabad,
Saatlı, Kürdəmir, İmişli, Zərdab, Salyan,
Neftçala və Hacıqabul rayonlarında çoxlu sayda
evlər, ictimai binalar, təhsil və səhiyyə
ocaqları dağıldı, qəzalı vəziyyətə
düşdü, minlərlə ailə evsiz-eşiksiz
qaldı, fərdi və ictimai təsərrüfatlara külli
miqdarda ziyan dəydi.
Şübhəsiz, daşqınların
törətdiyi fəlakətin miqyası daha böyük
və faciəli ola bilərdi. Əgər dövlət
səviyyəsində operativ şəkildə lazımi
tədbirlər görülməsəydi. Çaylarda suyun
səviyyəsi təhlükəli həddə
çatarkən və bəzi yerlərdə
ilkin daşqınlar başlarkən - mayın 7-də Prezident
İlham Əliyevin sədrliyi ilə fövqəladə
müşavirə keçirildi və dövlətimizin
başçısı fəlakətin qarşısının
alınması, nəticələrinin aradan
qaldırılması ilə bağlı müvafiq
qurumların rəhbərləri qarşısında
konkret vəzifələr qoydu. Minlərlə texnika və
canlı qüvvə təbii fəlakət zonasında
xilasetmə və bərpa işlərinə cəlb olundu. Təbii fəlakətin insan itkisi olmadan başa
çatması və bu bəlanın miqyasının
genişlənməsinin qarşısının
alınması dövlət strukturularının həyata
keçirdiyi tədbirlər və yerli icra orqanlarının
rəhbərliyi altında əhalinin elliklə
səfərbər edilməsi nəticəsində
mümkün oldu. Dağılan bəndlər dərhal
bərpa edildi, əhali fəlakət zonasından
təhlükəsiz yerlərə
köçürüldü və beləliklə, insan
tələfatının qarşısı alındı.
Mayın 11-də
Prezident İlham Əliyev təbii fəlakət zonasına
getdi, sakinlərlə görüşdü, onların
problemləri ilə maraqlandı və dəyən ziyanın
aradan qaldırılması istiqamətində əlavə
göstərişlərini verdi. Bundan sonra, bütün
işlər planlı şəkildə və operativ
surətdə icra olundu. Daşqınlar
nəticəsində dağılan evlərin yeniləri
ilə əvəz olunması və ziyan dəymiş
evlərin isə bərpası istiqamətində uğurlu
işlər aparıldı. Respublikanın rəhbəri
qarşıya konkret vəzifə qoymuşdu: daşqın
zonasında işlər tezliklə başa
çatdırılmalı, evlərini
itirən insanlar qışadək yeni mənzillərlə
təmin olunmalıdır. Ümumilikdə, 7 rayonda 70 min
hektardan çox ərazi su altında qalmış, 1617 ev
qəzalı vəziyyətə düşmüşdü.
Dövlət başçısının
tapşırığı əsasında bütün
evsizlərə ev tikildi, bir çoxunda təmir və
bərpa işləri aparıldı. Bütövlükdə
fəlakət zonasında yaşayan 7424 ailəyə 6 milyon
545 min manatdan çox maddi yardım göstərildi. Təbii
fəlakət bölgələrində 27 məktəb, 6
məktəbəqədər təhsil müəssisəsi, 12
səhiyyə ocağı və digər obyektlər bərpa
olunaraq yenidən əhalinin istifadəsinə verildi.
Qeyd etdiyimiz
kimi, builki daşqınlardan ziyan görən rayonlardan biri
də Saatlıdır. Bəs saatlılar belə bir
çətin ili necə başa vururlar? Rayon icra
hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu
barədə dedi:
- Son
illər regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının uğurlu icrası Saatlı rayonunun da
sosial-iqtisadi həyatında sürətli inkişafa zəmin
yaratmışdır. Rayon icra hakimiyyəti
mövcud potensialdan, yerli ehtiyatlardan və xammaldan,
dövlətin dəstəyindən və daxili imkanlardan
səmərəli istifadə etməklə 2009-2013-cü
illərdə iqtisadi sahədə sürətli
inkişafı təmin etməklə məhsul
istehsalını artırmaq, emal və tədarük
müəssisələri yaratmaq, yeni iş
yerləri açmaq, əhalinin məşğulluğunu
artırmaq və yoxsulluq səviyyəsini azaltmaq, kommunal
xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz,
içməli su ilə təchizatını
yaxşılaşdırmaq, sosial layihələri yerinə
yetirməklə əhalinin rifah halını
yüksəltmək, bu işlərdə sahibkarlara
dəstək olmaq və bununla da rayonu iqtisadi
cəhətdən hərtərəfli inkişaf etdirmək
vəzifələrini qarşıya qoymuşdur.
Ümumiyyətlə, cari ilin yaz aylarında Kür
və Araz çaylarında suyun səviyyəsinin
yüksək həddə çatması rayonun sahilboyu
yaşayış məntəqələrində
fövqəladə vəziyyət yaratmışdı. Bu
təhlükədən böyük itki vermədən
çıxmaq üçün rayon icra hakimiyyəti mövcud texnikanı, ağır maşın və
mexanizmləri, bütün canlı qüvvəni
səfərbər edərək gecəli-gündüzlü
bənd bərkitmə, sahil mühafizə tədbirləri
görmüş, idarə, müəssisə və
təşkilatların əmək kollektivləri, rayonun
bütün yaşayış məntəqələrinin
əhalisi xilasetmə tədbirlərinə yüksək
mütəşəkkilliklə qoşulmuşlar. Lakin Sarısu gölündə mühafizə
bəndlərinin dağılması nəticəsində
rayonun sahil boyunda yerləşən 5 yaşayış
məntəqəsi - 152 ev, 656 nəfər əhalisi olan
Novruzlu kəndi, 357 ev və 1961 nəfər əhalisi olan
Dəllər kəndi, 226 ev və 1468 nəfər əhalisi olan Nərimankənd kəndi, 192 ev və 968
nəfər əhalisi olan Musalı kəndi, 101 ev və 436
nəfər əhalisi olan Nərimankənd köçkün
qəsəbəsi, ümumilikdə 5479 nəfər əhali
olmaqla 1028 ev subasmaya məruz qalmışdır.
Baş vermiş təbii fəlakət
nəticəsində subasmaya və qrunt sularının
təsirinə məruz qalmış 5951,08 hektar əkin
sahəsi, 148393 ədəd ağac, əhalinin fərdi
təsərrüfatlarındakı əmlak, məişət
əşyaları və ev avadanlıqları, həmin
ərazidə fermerlərə, hüquqi və fiziki
şəxslərə məxsus heyvandarlıq,
quşçuluq və balıqçılıq
təsərrüfatları ciddi maddi ziyanla
üzləşmişdir.
Təbii fəlakətin törətdiyi
fəsadların nəticələrinin qısa
müddətdə aradan qaldırılması
istiqamətində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırıq və
göstərişlərinə uyğun olaraq
təxirəsalınmaz tədbirlərə
başlanılmış, bununla bağlı
dövlət başçısının xüsusi
sərəncamı ilə yaradılmış Hökumət
Komissiyası kompleks tədbirlər
müəyyənləşdirmişdir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli
sərəncamına əsasən əhaliyə dəymiş
maddi ziyanın həcminin dəqiqləşdirilməsi və
qiymətləndirilməsi, birdəfəlik kompensasiyaların
ödənilməsinin təmin edilməsi, subasmaya məruz
qalmış ərazilərin iqtisadi, sosial həyatının,
aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər
infrastrukturun bərpası və yenidən qurulması
üzrə tədbirlərin həyata keçirilməsinə
başlanılmışdır.
Nazirlər Kabinetinin sözügedən
sərəncamı ilə aidiyyəti mərkəzi icra
orqanlarının və digər əlaqədar
təşkilatların, o cümlədən, yerli icra
orqanlarının nümayəndələrinin daxil olduğu
sahə komissiyaları yaradılaraq həmin komissiyaya
dəymiş ziyanın müəyyən edilərək
hesablanması və az vaxt ərzində Hökumət
Komissiyasına təqdim edilməsi üçün müvafiq
tapşırıqlar verilmişdir. Ötən müddət
ərzində komissiyalar yerlərdə ətraflı
araşdırma aparmış, əhalinin
təsərrüfatlarına, sosial obyektlərə, dövlət
və bələdiyyə mülkiyyətində olan
əmlaklara dəymiş ziyanı müəyyən
edərək aidiyyəti üzrə təqdim etmişdir.
Göstərilənlər əsasında ilkin
mərhələdə rayon ərazisində subasma və qrunt
sularının təsiri nəticəsində uçmuş,
qəzalı vəziyyətə düşmüş, təmirinə,
bərpa-gücləndirilməsinə zəruri ehtiyac
yaranmış evlər qeydiyyata götürülmüş,
eyni zamanda, yeni salınan qəsəbəyə
köçürələcək 916 ailə
müəyyənləşdirilmiş və bu günə kimi
onlardan 742 ailəyə, ümumilikdə 756200 manat
məbləğdə kompensasiya ödənilmişdir.
Ödənilmiş kompensasiyalardan 521700 manatı 372 ailənin
evinin bərpa-gücləndirmə tədbirlərinə, 77400
manatı qəzalı və uçmuş evlərin 91
ailəsinə, 74300 manatı yeni
qəsəbədə yaşayacaq 178 ailəyə
(nəzərdə tutulan vəsaitin ilkin olaraq 50 faizi
məbləğində), 82800 manatı isə
Nərimankənd daş evlər şəhərciyində
yaşayan 101 məcburi köçkün ailəsinə
evlərinin təmiri məqsədilə
ödənilmişdir. Bundan əlavə, komissiyanın
rəyi əsasında təmirə ehtiyacı olan daha 174 evin
sahibinə kompensasiya ödənilməsi nəzərdə
tutulmuşdur.
Qeyd etmək
lazımdır ki, cari ilin avqust ayından etibarən su
altında qalan və bərpası mümkün olmayan
evlərin tikintisinə başlanılmışdır.
Ümumilikdə, rayon üzrə ilkin mərhələdə
269 evin tikintisi nəzərdə tutulur. Bu məqsədlə
rayonun Yeni Novruzlu kəndində 35,22 hektar torpaq
sahəsində 178 evdən ibarət yeni qəsəbə
salınmışdır. Yeni
qəsəbədə tikilən 178 evdən 152-si Novruzlu
kəndinin, 21-i Dəllər, 3-ü Nərimankənd, 2-si
isə Musalı kənd sakinləri üçün
nəzərdə tutulmuşdur. İnşa edilən 178
evdən 104 ev 2 otaqlı, 71 ev 3 otaqlı, 3 ev isə 4
otaqlıdır. Eləcə də, rayonun
Dəllər, Nərimankənd, Musalı və digər 4
yaşayış məntəqəsində uçmuş
və ya qəzalı vəziyyətdə olan əlavə 91
evin əvəzinə hər bir vətəndaşın
həyətində olmaqla yeni fərdi yaşayış
evlərinin tikintisinə başlanılmışdır.
Yeni Novruzlu kəndində salınan
qəsəbədə 132 şagird yerlik 1 məktəb
binası, 50 yerlik uşaq bağçası və
körpələr evi, tibb məntəqəsi, klub, kitabxana,
poçt şöbəsi və EATS üçün
ayrıca bina, icra nümayəndəsi üçün
inzibati idarə binası, sahə müvəkkili
binası tikilmişdir. Qəsəbədə
müasir infrastruktur şəbəkəsini təmin etmək,
sakinlər üçün normal kommunal-məişət
şəraiti yaratmaq məqsədilə 2 ədəd hər
biri 250 kubluq su hovuzu tikilməklə qəsəbədəki
evlərin həyətinə su xətləri
çəkilmiş, yağış sularının kənara
axıdılması üçün kanallar inşa
edilmişdir. Elektrik enerjisi ilə fasiləsiz təminat
üçün müasir sistem qurulmuş, yaşayış
məntəqəsinə gedən yolun və daxili
küçələrin, ətraf ərazinin
asfaltlaşdırılması və abadlıq işləri
görülmüşdür.
Təbii
fəlakət rayonun sahilboyu kəndlərinin iqtisadiyyatına,
əhalinin əkininə, fərdi təsərrüfatına,
heyvandarlıq və quşçuluq sahəsinə ciddi ziyan
vurmuşdur. Bütün bunlarla yanaşı, aqrar
sahədə görülən işlər ardıcıl
olaraq davam etdirilmiş və istehsalçılara kömək
məqsədilə bütün imkanlar səfərbər
edilmişdir. Xüsusən də, 2009-2013-cü illər
üçün regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında nəzərdə tutulan
məsələlərin öz həllini tapmasına daha
böyük diqqət yetirilmişdir.
2010-cu ilin
məhsulu üçün 2009-cu ilin payızında 21023
hektar taxıl əkilmişdir. Bundan 18413 hektarını
buğda, 2610 hektarını isə arpa təşkil edirdi.
Kür və Araz çaylarının, Sarısu
gölünün daşması nəticəsində 2135 hektar
taxıl sahəsi su altında qalmışdır. Yaz əkininin sonuna qədər salamat qalmış
18888 hektar taxıl sahəsindən 16857 hektarını
buğda, 2031 hektarını arpa təşkil edir. 01 oktyabr
2010-cu il tarixə cəmi 55453 ton taxıl istehsal edilmişdir
ki, bunun 50233 tonunu buğda, 5220 tonunu isə arpa təşkil
edir. 01 oktyabr 2010-cu tarixə 5815 ton ət, 27282 ton
süd və 6809 min ədəd yumurta istehsal edilmişdir.
Heyvandarlıq sahəsində artım müşahidə
edilmişdir. Belə ki, hazırda rayon üzrə
bütün təsərrüfat kateqoriyaları üzrə
qaramalın sayı 64924 baş, o cümlədən ana
inək və camışların sayı 30668 baş, qoyun
və keçilərin sayı 92115 baş olmuşdur.
Keçən ilin müvafiq dövrü ilə
müqayisədə qaramal 1061 baş, qoyun və
keçilərin sayı isə 802 baş artmışdır.
Kənd təsərrüfatı məhsullarının
saxlanması məqsədi ilə rayonun Gomuşçu
kəndində 2000 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisi
davam etdirilir.
Müvafiq dövr ərzində abadlıq, quruculuq
və yaşıllaşdırma sahəsində
görülən işlər davam etdirilmiş, "Ekologiya
ili" çərçivəsində ağacəkmə
kampaniyasına əmək kollektivləri cəlb olunmuş,
bütün daxili imkanlar səfərbər edilmişdir.
Bəylik kəndi istiqamətində Saatlı rayonunun
girişindən başlamaqla Varxan kəndinədək 25 km-lik
məsafədə magistral yol ətrafı və şəhər
daxili küçələr, prospekt və xiyabanlarda
təmizlik və yaşıllıq diqqətdə
saxlanılmışdır.
Şəhərin Heydər Əliyev prospektində
yerləşən "Şəhidlər Xiyabanı"
parkının qarşı tərəfində olan parkda
səkilərin kənarına 600 metr uzunluğunda borular
düzülmüş, 1 ədəd 2,5 x 3,5 metr
ölçüdə "söhbətgah"
düzəldilmiş və yaşıllıqların
suvarılması üçün 200 metr uzunluğunda
daxili su xətti çəkilmişdir. Prospektdə 620
kvadratmetr daş hasar çəkilmiş, 720 kvadratmetr divar
suvanmış, Nəsimi küçəsində 280 kvadratmetr
daş hasar çəkilmiş və
suvadılmışdır. Bundan əlavə, Heydər
Əliyev prospektində, Nəsimi, H.B.Zərdabi, C.Cabbarlı,
Gənclər küçələrində divarların 11500
kvadratmetr hissəsi rənglənmişdir. Heydər Əliyev
prospektində səkilərə 1480 və Nizami
küçəsində isə 500 kvadratmetr bəzək
piltəsi döşənmişdir.
Heydər
Əliyev prospektinə (8-ci döngə), O.Rzayev, M.P.Vaqif,
M.Əzizbəyov, Cavanşir, Nəsimi, A.Abuzərov,
M.Əzizov, 20 Yanvar, Q.Qarayev, M.F.Axundov, Şəhriyar,
H.Aslanov, M.Sübhi, Babək, Ş.Yusif, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, M.Müşfiq, 28 May və
Ə.Hüseynov küçələrinə 54368 kvadaratmetr
çınqıl örtük verilmiş və
şəhərin küçələrinə 25433 kvadratmetr
asfalt vurulmuşdur.. Rayonun yerli avtomobil yollarında 46400
kvadratmetr ərazidə 162 min manatlıq cari təmir
işləri aparılmışdır. Hazırda bu
işlər davam etdirilir. Sevindirici haldır ki, Saatlı
şəhərindən başlamaqla Sarıcalar kəndinə
qədər el arasında "Qazanbatan" yolu adlanan 10 km-lik
məsafəyə keyfiyyətli asfalt örtüyü vurulur.
Qeyd etdiyim kimi mühüm strateji əhəmiyyəti olan
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən
qurulması da reallaşmışdır.
Saatlı
şəhərində Milli Təhlükəsizlik Nazirliyi
rayon şöbəsinin yeni inzibati binası, Varxan
kəndində seysmik stansiya tikilmiş, rayon icra
hakimiyyətinin inzibati idarə binasının əsaslı
təmirinə başlanılmışdır.
Cari ilin yaz və payız mövsümündə
rayon ərazisində 42,7 hektar sahədə 42 min
ədəddən çox müxtəlif növ ağaclar
əkilmiş və həmin ağacların yay
mövsümündə davamlı su ilə təminatına
xüsusi diqqət ayrılmışdır. Bu tədbirlər sırasında Əlisoltanlı
kəndi ərazisində magistral yol kənarında 7,0 hektar
ərazi əvvəllər mövcud olmuş qrunt sularından
təmizlənmiş, əraziyə torpaq daşınaraq
çökəkliklər doldurulmuş, meliorasiya
tədbirləri aparılaraq yeni drenaj və su kanalı sistemi
çəkilmiş, mövcud drenajlar lildən təmizlənərək
əraziyə şam və əzgil ağacları
əkilmişdir.
Dövlət
Proqramına uyğun olaraq rayonun elektrik
şəbəkələrinin və
yarımstansiyalarının yenidən qurulması
istiqamətində 2009-cu ildə işlərə başlanılmışdır.
Saatlı şəhər, Mollavazlı,
Qıraqlı kəndlərində bu işlər başa
çatdırılaraq, hazırda Mustafabəyli
kəndində quraşdırma işləri davam etdirilir.
İlin sonuna kimi əlavə olaraq Bəylik kəndində bu
işlərə başlanılması nəzərdə
tutulub. Ümumiyyətlə, 2010-cu ilin doqquz ayı
ərzində 1289,4 min manat dəyərində işlər
görülmüşdür. Bu işlər sırasında 10
və 0,4 kv-luq 2830 ədəd dayaq dəyişdirilmiş, 2003
ədəd "Smart-kart" sayğacları
quraşdırılmış və 95,7 km SİP tipli kabel
çəkilmişdir.
Əhalinin
mavi yanacaqla təminatı sahəsində də bir sıra
işlər görülmüşdür. Belə
ki, Saatlı şəhərinin M.Əliyev, A.Abuzərov və
M.Əzizbəyov küçələrində 11105 metr
uzunluğunda polietilen boru çəkilmiş və bu
işlər hazırda davam etdirilir. İlin sonuna kimi
H.B.Zərdabi, Nizami və M.F.Axundov
küçələrindəki 3600 metr uzunluğunda boru daha
böyük diametrli boru ilə
əvəzlənəcəkdir. Eyni zamanda, 1993-cu ildən qaz
verilişi dayandırılmış Əlisoltanlı,
Bəylər, Potubəyli, Qıraqlı, Mustafabəyli və
Bəylik kəndlərinin qazlaşdırılması
tədbirlərinə də başlanılması
nəzərdə tutulub. Bundan əlavə, Saatlı
şəhərində 1250 abonentin mənzilinə yeni qaz
sayğacı quraşdırılmışdır. Hazırda
bu işlər davam etdirilir.
Saatlı şəhər əhalisini,
Nərimankənd və Əlisoltanlı məcburi
köçkün qəsəbəsinin sakinlərini
içməli su ilə təmin etmək üçün
müntəzəm olaraq nasaz olan və ya sıradan
çıxmış su nasosları təmir edilmiş, Sabir
kanalı üzərində əlavə 1 ədəd su nasosu
quraşdırılmış, yararsız hala
düşən su boru xətləri təmir edilmiş və
ya yeni xətlərlə əvəzlənmiş, nasosların
işlədilməsi üçün 100 metr kabel
dəyişdirilərək transformatorlarda olan nasazlıqlar
aradan qaldırılmışdır.
Əmək
qabiliyyətli əhalinin işlə təmin olunması, yeni
açılan müəssisələrin qeydiyyatı
sahəsində işlər davam etdirilmişdir. 2010-cu ilin
doqquz ayında 465 yeni iş yeri açılmışdır.
Dövlət Proqramında təhsil, səhiyyə,
mədəniyyət və idman bölmələri üzrə
öz əksini tapmış tədbirlər bilavasitə
həmin sahələrdə mövcud vəziyyət və
sosial sifarişlər nəzərə alınmaqla təsdiq
olunmuşdur. Biz
çalışmışıq ki, əsasən yeni
obyektlərin tikintisi, mövcud müəssisələrin
əsaslı təmiri və müasir avadanlıqlarla
təchizi məsələləri öz həllini tapmaqla qeyd
olunan bu vacib sosial sahələrdə iş günün
tələbləri səviyyəsində qurulsun. Əhalinin
müraciətləri nəzərə
alınaraq Prezident İlham Əliyevin 30 mart 2010-cu il tarixli
sərəncamı əsasında Mərkəzi Rayon
Xəstəxanasının əsaslı təmiri
sahəsində işlərə başlanılmış
və indiyədək təmir-tikinti işlərinə 450 min
manat vəsait xərclənmişdir. 2011-ci ildə təmir-tikinti
işlərinin tam başa çatdırılması,
xəstəxananın müasir tibb avadanlıqları,
yumşaq və bərk inventarlarla təchizi nəzərdə
tutulmuşdur. Bundan əlavə, rayonun Varxankənd
kəndində Yaponiya səfirliyinin vəsaiti hesabına 8
otaqdan ibarət, 10-12 nəfər həkim və orta tibb
işçisinin çalışdığı həkim
məntəqəsi tikilərək aprel ayında
istifadəyə verilmişdir. Məntəqənin
tikintisinə 60 min, avadanlığına isə 38 min ABŞ
dolları dəyərində vəsait xərclənmişdir.
ABŞ-ın "Kaunterpart" qeyri-hökumət
təşkilatının dəstəyi ilə rayonun
Dədə Qorqud kəndində fəaliyyət
göstərən həkim məntəqəsi əsaslı
təmir edilərək istifadəyə vermişdir.
Əsaslı təmir işlərinə 9600 ABŞ dolları
məbləğində vəsait xərclənmişdir.
Digər xidmət təşkilatları kimi
Mərkəzi Rayon Xəstəxanası, Gigiyena və
Epidemiologiya Mərkəzi və Baytarlıq idarəsi subasmaya
məruz qalmış yaşayış
məntəqələrində yoluxucu xəstəliklərin
baş verməməsi üçün tibbi-profilaktik, əks
epidemik tədbirlər həyata keçirmiş, epidemioloji
vəziyyəti nəzarətdə saxlamış,
köçürülən əhalinin
məskunlaşdığı yerlərdə operativ tibbi
xidməti təşkil edərək əhalini lazımı
dərman preparatları ilə təmin etmişdir.
Ötən
dövr ərzində rayonda təhsil
müəssisələrinin əsaslı təmiri,
əlavə sinif otaqlarının və yeni məktəb
binalarının tikintisi, müasir avadanlıqlarla təchizi
sahəsində geniş həcmli işlər
görülmüşdür. Belə ki, Təhsil Nazirliyinin
tikinti təşkilatları tərəfindən rayonun
Kamallı kəndində inşa olunan 180 şagird yerlik
əsas məktəb binası tikilib istifadəyə
verilmişdir. Bundan əlavə, Saatlı
şəhər 4 saylı, Gomuşçu, Dədə Qorqud,
Məzrəli, Nərimankənd, Mustafabəyli,
Məmmədabad, Azadkənd və Nəsimikənd orta,
şəhər 2 saylı, Mollavazlı, Potubəyli,
Qıraqlı, Dəllər, Qara Nuru, Əliabad və
Günəşli məktəbləri əsaslı və cari
təmir olunmuşdur. Sarısu gölünün
daşması nəticəsində ziyan çəkmiş
Nərimankənd və Dəllər kəndlərinin
məktəbləri əsaslı təmir edilmişdir.
2009-2010-cu
dərs ilində yüksək hazırlıqlı və
dərin bilikli şagirdlərin yetişdirilməsi
məsələlərinə diqqət daha da
artırılmışdır. Rayonun müxtəlif
məktəblərinin şagirdləri bu il olimpiyadaların
respublika turunda iştirak etmiş və yaxşı
nəticələr göstərmişlər. Cari tədris
ilində attestat almış 642 nəfər məzundan 325
nəfəri ali məktəblərə sənəd
vermişlər. Onlardan 93 nəfəri müxtəlif ali
məktəblərə qəbul olunmuşdur.
Səyyar qəbullarda qaldırılan
problemlərdən Mərkəzi Rayon
Xəstəxanasının əsaslı təmiri,
Varxankənddə həkim məntəqəsinin tikilməsi,
Saatlı-Sarıcalar, Saatlı-Musalı-Məzrəli avtomobil
yollarının yenidən qurulması, kənd yaşayış
məntəqələrində "Smart-Kart" tipli
sayğacların
quraşdırılması, şəhər və kənd
yaşayış məntəqələrinə yeni transformatorların,
Kamallı kəndində yeni məktəbin tikilməsi,
kollektor-drenaj şəbəkələrində təmir-tikinti
və təmizləmə işlərinin görülməsi,
bir sıra kəndlərdə müasir tipli elektron
ATS-lərin qurulması, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının texnika, mineral
gübrələrlə təminatı, suvarma suyuna olan
ehtiyacın ödənilməsi, şəhərdaxili
küçələrin asfaltlaşdırılması kimi
sosial sifarişləri əhatə edən
məsələlər artıq öz həllini
tapmışdır.
Rayon icra
hakimiyyətinin başçısı S.Cabbarov söhbət
əsnasında xüsusi olaraq vurğuladı ki,
saatlılılar qədirbilən camaatdır. Onlar ümummilli
lider Heydər Əliyevin Saatlıya göstərdiyi
qayğını heç vaxt unutmur, ulu öndərin bu rayona
1974-cü, 1976-cı, 1980-ci və 1998-ci illərdəki
səfərlərini xoş xatirə kimi yadda saxlayırlar.
Ulu öndərin Saatlıya hər gəlişi rayonda əsl
toy-bayrama çevrilərdi. O, zəhmətkeşlərlə
görüşür, problemləri ilə maraqlanır və
dərhal onların aradan qaldırılması
üçün tədbirlər görərdi. Sevindirici
haldır ki, ümummilli liderin kursunu uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev də
saatlılılara eyni qayğını göstərir.
Dövlət başçısı son 2 ildə iki
dəfə - 2008-ci ilin sentyabrında və 2010-cu ilin
noyabrında Saatlıda olmuş, rayonun problemləri ilə
maraqlanmış və onların aradan qaldırılması
üçün lazımi köməkliyi
göstərmişdir. Elə bu yaxınlarda - 21
oktyabr 2010-cu ildə Ağcabədi, İmişli, Saatlı
və Qusar rayonlarının sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanmış sərəncam
dövlət başçısının bölgələrin
əhalisinə növbəti bir töhfədir. Bu sərəncama əsasən
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən
qurulması üçün Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan ilkin olaraq 1,5 milyon manat məbləğində
vəsait ayrılmışdır. 20 min nəfərdən
artıq əhalinin yaşadığı 8 yaşayış
məntəqəsini birləşdirən bu yolun
yenidən qurulması daha bir arzumuzun ölkə
başçısının diqqəti sayəsində
reallığa çevrilməsidir. Bu tarixi
sərəncam bütün Saatlı ictimaiyyəti
tərəfindən böyük sevinclə
qarşılanmış, əhalinin müxtəlif
təbəqələri cənab İlham Əliyevə
müraciətlər edərək dərin minnətdarlıq
hisslərini bildirmişlər. Mən bir
daha rayon əhalisi adından xalqımızın böyük
oğlu, Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevə bu münasibətlə
insanlarımızın ən ülvi və xoş
sözlərini çatdırır, dövlət
başçısını əmin edirəm ki, rayona göstərdiyi
yüksək diqqəti öz əməli işimizlə
doğruldacağıq.
Səməd
HÜSEYNOĞLU,
Xalq
qəzeti.-2010.-21
dekabr.-S.5.