Tarixi faktları təhrif etmək

ermənilərin köhnə şakəridir

 

Ermənistan prezidenti Serj Sarkisyan öz sayıqlamaları ilə bu ölkənin siyasətinin yalan üzərində kökləndiyini bir daha təsdiqlədi

Dünya birliyində Azərbaycanın mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun artması, ərazi bütövlüyünün tanınması və dəstəklənməsi Ermənistanda ciddi təşviş yaradıb. Azərbaycan dövlətinin uğurlu diplomatik fəaliyyəti nəticəsində işğalçı dövlət kimi tanınan Ermənistanın yeritdiyi siyasət dünya dövlətləri tərəfindən pislənilir. Son illər dünyada baş verən proseslər də təsdiqləyir ki, hazırda işğalçı dövlətlə iqtisadi, siyasi və mədəni əlaqə qurmağa maraq göstərən ölkə yoxdur. Ona görə də Ermənistan öz işğalçılıq siyasətinə haqq qazandırmaq üçün ağlasığmaz yalanlara əl atır, tarixi faktları saxtalaşdırmağa çalışır. Bu işdə qəsbkar dövlətin hazırkı prezidenti Serj Sarkisyan əsl artistlər kimi roldan-rola girir. Lakin hadisələrin gedişi göstərir ki, siyasi səhnədə naşı olan S.Sarkisyan bu rolun da öhdəsindən gələ bilmir. O, yalanlarını söyləyib başa çatdırmamış ifşa olunur.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Xalq qəzeti"nin 4 noyabr 2010-cu il tarixli sayında dərc olunmuş "Gorus-2010: Absurd teatrı mövsümü" sərlövhəli məqaləsini oxuduqdan sonra erməni yalanlarının tarixi faktlarla ifşasının bir daha şahidi oldum. Təəccüblü də olsa, ağlasığmaz yalanlar danışan, tarixi faktları saxtalaşdırmağa çalışan Ermənistan prezidenti Serj Sarkisyandır. Söz yox ki, yalan, iftira, böhtan və saxtakarlıq sanki bu millətin alın yazısıdır. Ancaq dövlət başçısının yalan danışması, özünü qeyri-ciddi aparması, utanıb-qızarmadan işğalçılıq siyasətinə haqq qazandırmaq səhdləri qəbuledilməzdir. Ən əsası odur ki, Serj Sarkisyan özü də bilir ki, ermənilərin qədim tarixə malik olmasına dair fikirlər inandırıcı deyil, ancaq o, yenə də yalan danışır.

Tarixə nəzər saldıqda bir daha görürük ki, Ermənistan Azərbaycan torpaqları hesabına bərqərar olmuş, zaman keçdikcə öz işğalçılıq siyasətini genişləndirərək bir dövlət kimi formalaşmışdır. Etiraf etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə buraxılan kobud səhvlər ucbatından Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmişdir. O vaxt istiqlaliyyət elan edildikdən sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti meydana çıxmışdı və Transqafqazda yaranan milli respublikalar içərisində ən çətin vəziyyətə Ermənistan düşmüşdü. Tarixi faktlar və sənədlər təsdiqləyir ki, hələ müqavilə bağlanmazdan əvvəl erməni nümayəndələri yardım üçün Azərbaycan hökumətinə müraciət etmişdir. 1918-ci il mayın 29-da Erməni Milli Şurası ilə danışıqlar barədə Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycan Milli Şurasının iclasına məlumat verib. O göstərirdi ki, Ermənistan dövləti yaratmaqdan ötrü onlara siyasi mərkəz lazımdır. O vaxt qərara alınır ki, belə bir siyasi mərkəz ancaq İrəvan şəhəri ola bilər. Ona görə də bu şəhərin ermənilərə güzəştə gedilməsi qərara alınır. Milli Şuranın iclası İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi barədə öz razılığını bildirir. O vaxt Milli Şura İrəvan şəhərinin güzəşt edilməsi ilə bağlı meydana çıxan problemləri həll etməkdən ötrü hətta İrəvana nümayəndə heyəti də göndərib. İrəvan şəhəri bu şərtlə ermənilərə güzəştə gedilir ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, Qarabağa olan iddialarından imtina edəcəklər. Ancaq sonrakı hadisələr göstərdi ki, bu səhv addım Azərbaycana çox baha başa gəldi. Çünki ermənilər indi həmin ərazilərin onlara məxsus olduğunu iddia edirlər. Ermənistan prezidenti Serj Sarkisyan da bu iddiaya həqiqət donu geyindirmək üçün ağlasığmaz yalanlar uydurur, erməni diaspor jurnalistlərini başına toplayaraq erməni dilinin ən azı səkkiz minillik tarixinin olması ilə bağlı təbliğat aparmaları barədə göstəriş verib. Jurnalistlərə bərk-bərk tapşırıb ki, yaşadıqları ərazilərdə ermənilərin bir millət kimi ən azı səkkiz min ildir ki, mövcud olması barədə məqalələr çap etdirsinlər. Bu yolla işğal etdikləri Azərbaycan torpaqlarını özününküləşdirmək barədə düşünən Serj Sarkisyanın planları alt-üst oldu. Çünki akademik Ramiz Mehdiyev öz məqaləsində Ermənistan prezidentinin sayıqlamalarına layiqli cavab verib. Akademik yazır: "Qeyd etmək lazımdır ki, Ermənistan müstəqil dövlət kimi çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir qədər artıq müddətdə müstəqil dövlət kimi mövcud olduqdan sonra Ermənistan müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir. Çünki 63-cü ildən sonra Roma ilə Parfiya arasında müqaviləyə əsasən Ermənistanın ikiqat müstəqilliyi müəyyən edilmişdir. Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər dövlətlərdən - İran, Roma, Osmanlı, Rusiya imperiyalarından da vassal kimi, ya da tam asılı olmuşdur. Müstəqil erməni çarlığının mövcud olduğu qısa dövrdə onun hökmdarları dəfələrlə ölkə ərazisini genişləndirməyə cəhd göstərmişlər. Çar Böyük Tiqranın hakimiyyəti dövrü istisna olmaqla, Ermənistanın nəzarətinin müasir Azərbaycan ərazisinə yayılması barədə elmi sübutlar yoxdur. Yalnız Tiqranın hakimiyyəti dövründə Ermənistan öz apogeyinə çatmış və həqiqətən Araz çayından şimalda yerləşən torpaqları müvəqqəti tutmuşdur".

Tarixi faktlar da təsdiqləyir ki, ermənilər qədim tarixə malik xalq deyillər. Onlar digər xalqların ərazilərini işğal etməklə, himayədarları hesabına sərhədlərini genişləndirməklə Ermənistan dövləti yaradıblar. Hansı dövlətin ərazisinə köçüb orada bir müddət yaşayıblarsa, həmin məkanı özlərinin dədə-baba torpağı adlandırıblar. Elə Qarabağ ərazisini də bu yolla işğal edərək öz vətənləri hesab edirlər. Həmin ərazilərdə yaşayan, tarixən öz doğma torpaqlarında həyət-baca, ev-eşik quran azərbaycanlılara qarşı amansız divan tutulmasına rəhbərlik edən, insanları vəhşicəsinə qətlə yetirməkdən sanki həzz alan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Gorusda "alimliyini" nümayiş etdirərkən, heç bir fakta əsaslanmadan deyib ki, guya, Qarabağ ərazisində ta qədimdən ermənilər yaşayıb. Onun sayıqlamalarına görə, "türk-müsəlman" köçəri tayfaları isə yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlamışlar. S.Sarkisyan hətta özünü "tədqiqatçı-alim" kimi də göstərərək deyib ki, guya buraya "köçüb-gəlmiş" türk-müsəlman əhalisi ümumi əhalinin 5 faizini təşkil edirmiş. Ermənistan prezidenti öz yalanlarını tarixi faktlarla "zənginləşdirmək" üçün hansısa müəmmalı "XVIII əsr rəsmi türk mənbələri"nə istinad etmişdir. Akademik R.Mehdiyev Ermənistan prezidentinin bu sayıqlamalarına da cavab olaraq yazır: "Təbii ki, elmə zidd bu cəfəngiyyatın müəllifi məhz hansı mənbələri nəzərdə tutduğunu dəqiqləşdirməmişdir, çünki ermənilərin tarixin saxtalaşdırılması laboratoriyalarında belə mənbələr yoxdur. Əslində, türk arxivləri bunun əksini sübut edir. 2009-cu ilin noyabrında Türkiyə Nazirlər Kabineti yanında Mərkəzi Dövlət Arxiv İdarəsi 660 səhifəlik arxiv materiallarından ibarət "Qarabağ Osmanlı sənədlərində" kitabını nəşr etmişdir. Kitab "Siyasi, hərbi və diplomatik münasibətlər" və "Köçmə" hissələrindən ibarətdir. Kitabda arxiv materialları əsasında ermənilərin Qarabağa köçməsinə dair sübutlar gətirilir. Osmanlı arxivlərində Qarabağda ermənilərin olmasını xatırladan heç bir sənəd yoxdur. Bütün sənədlərdə söhbət ermənilərin Qarabağda XVII-XIX əsrlərdə məskunlaşması prosesindən və əhalinin etnik tərkibinin dəyişməsindən gedir".

Ermənistan prezidenti erməni diaspor jurnalistləri qarşısında öz "savadını", "biliyini" nümayiş etdirərkən nədənsə ermənilərin Qarabağa nə vaxt köçürüldüyünü "unudub". Tarixi faktlar təsdiqləyir ki, XIX əsrdən başlayaraq, Qarabağın dağlıq hissəsində aparılmış tarixi, arxeoloji, etnoqrafik və toponomik tədqiqatlar sübut etmişdir ki, hazırda burada yaşayan ermənilər mənşə etibarı ilə üç qola ayrılır. Onlardan birincisi farsdilli ermənilərdir. Tərtərçay vadisindəki Marağa, Mərgüşəvan, Aşağı və Yuxarı Çaylı kəndləri, İsfahancıq, Talış və bir sıra kəndlər fars dillidirlər. Onları mənşə etibarı ilə tatlaşdıran tədqiqatçılar da vardır. Həm də farsdilli ermənilər təkcə Qarabağa deyil, eləcə də Qərbi Azərbaycana və Şirvana da köçürülmüşlər. XIX əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində cəmi 2 farsdilli erməni kəndi qeydə alınmışdırsa, XIX əsrin 30-cu illərində bu qəbildən olan kəndlərin sayı 20-yə çatır. Farsdilli ermənilərin Qarabağa köçürülməsi prosesi əsasən, 1828-ci ildən sonra başlanır. Rusiya-İran müharibəsinin qurtarması ilə əlaqədar Türkmənçay kəndində bağlanmış müqavilənin 15-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Maraqlıdır ki, İran erməniləri bu bir ili gözləmədən, rus ordusu ilə şimala keçir və Qarabağın müxtəlif guşələrində məskunlaşırdılar. Lakin İran ermənilərinin Qarabağa kütləvi köçməsi 1828-ci ildən sonra başlamışdır. 1828-30-cu illərdə Zaqafqaziyaya 40 mindən çox erməni köçürülmüşdür. Bu ermənilər, əsasən Qarabağın dağlıq hissəsində və Göycə gölü ətrafında, həmçinin Şirvanda yerləşdirilmişdir. Tarixi mənbələrdə göstərilir ki, 1828-ci ilin təkcə üç ayı ərzində Arazdan 8249 erməni ailəsi keçirilərək Qarabağda və Şirvanda yerləşdirilmişdir.Qarabağa yerləşdirilmiş ermənilər özlərini vəhşi kimi apararaq yerli əhalinin torpaqlarını zorla alıb özününküləşdiriblər.

Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin bir qismini də Türkiyədən köçürülən ermənilər təşkil edir. Bu ermənilərdən təxminən 10 minə yaxın ailəni rus-türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən Zaqafqaziyaya köçürülənlər təşkil edir. Türkiyədən Qarabağa köçürülən ermənilər çalışırdılar ki, sıx məskənlər salıb bir yerdə yaşasınlar. Qarabağın bir çox yerlərində Bizans tipli kilsələrin inşa edilməsi də məhz türk ermənilərinin burada məskunlaşması ilə əlaqədardır. Bəzi erməni tarixçilərinin faktları bilərəkdən saxtalaşdırmaları da ermənilərin Qarabağda qədimdən məskunlaşmalarına haqq qazandıra bilməz. Çünki İ.Petruşevski, İ.Orbeli, N.Marr, T.Ter-Qriqoryan, M.Barxudaryan və Qaradağda tədqiqat aparmış bir çox digər alimlər haqlı olaraq Dağlıq Qarabağı Qarabağın dağlıq hissəsi hesab etmişlər. Müasir erməni tədqiqatçılarından fərqli olaraq V əsrdən XIX əsrə kimi bütün erməni tarixçiləri obyektiv olaraq Qarabağın Alban ərazisi olduğunu, buradakı mədəniyyətin, tarixi abidələrin albanlara məxsus olduğunu dönə-dönə qeyd etmişlər.

Ermənilər 1917-ci ildə çar Rusiyası devrilən vaxtdan başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda yeni kampaniyaya başladılar. Erməni şovinistləri, Yerevanda yaşayan ziyalılar Qarabağa gələrək hər vəchlə bu ərazinin Ermənistana qatılması uğrunda min oyundan çıxır, "faktlar" axtarır, tarixi saxtalaşdıraraq nəyisə sübuta yetirmək istəyir, siyasi münaqişələri qızışdırır, lakin son anda ortaya qoyduqları "faktların" saxta olduğu açıq şəkildə özünü göstərir. Nə qədər canfəşanlıq etsələr də özlərinin köçəri tayfa, digər dövlətlərin, əsasən də Azərbaycanın ərazilərində özlərinə məskən salmalarını və işğalçı olmalarını ört-basdır edə bilmir, qədim tarixə malik olmalarını təsdiqləyən fakt tapmırlar. Akademik R.Mehdiyev bu barədə yazır: "Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu "sübut" etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar".

Ermənilərin digər dövlətlərin ərazilərini işğal etməklə "Böyük Ermənistan" dövləti yaratmaq ümidləri artıq puça çıxır. Onlar öz ölkələrində də qeyri-ciddi şəxs kimi qəbul edilən prezident Serj Sarkisyanın "biz bir millət kimi ən azı səkkiz min ildir mövcuduq" kimi cəfəngiyatlar söyləməsindən təsəlli tapmaq istəyir, olmayan faktlara ümid bəsləyirlər. Tarixi isə dəyişmək mümkün deyil.

ATƏT-in Astana sammitindəki çıxışı ilə qeyri-ciddiliyini bir daha təsdiqləyən Ermənistan prezidenti Serj-Sarkisyan "Gorus teatrındakı" rolunu burada da oynamaq istədi, lakin alınmadı. Çünki sammitdə iştirak edən əksər dövlətlərin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə yaxından tanış olduqlarından və Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən məlumatlı olduqlarından Serj Sarkisyanın sayıqlamalarına əhəmiyyət vermədilər. Sammit iştirakçıları çox yaxşı bilirlər ki, Qarabağ tarixən Azərbaycanın ərazisidir.Tarixi isə dəyişmək mümkün deyil.

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının

 Prezidenti yanında Dövlət

 İdarəçilik Akademiyasında

elmi kitabxananın müdiri,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.-2010.-22 dekabr.-S.3.