Azərbaycanın müstəqillik dövrünün tarixi inkişaf mərhələsinə

qara yaxmaq diplomata yaraşan xüsusiyyət deyil

 

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk vaxtlar baş verən anarxiya, xaos və özbaşınalıq ölkəni parçalanma həddinə çatdırmışdı. Xalqın qanı bahasına qazanılmış müstəqilliyin gündən-günə uçuruma yaxınlaşdığını görən ziyalılar son ümid yeri kimi müdrik siyasi xadim Heydər Əliyevə müraciət etdi. Dar gündə, çətin məqamlarda həmişə xalqına arxa-dayaq olan ümummilli lider bu dəfə də özünü xilaskar kimi yetirdi və ömrünün qalan hissəsini də əhalinin firavan yaşamasına, Azərbaycanın müstəqil dövlət kimi inkişafına, dünya birliyinə qoşulmasına və özünə layiqli yer tutmasına həsr etdi.

Azərbaycanın müstəqillik dövrünün çox mühüm tarixi mərhələsinin şahidi olanlar çox yaxşı bilirlər ki, həmin dövrdə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmasaydı, bu, bizim üçün çox ağır nəticələr verərdi. Lakin ulu öndərin müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi bütün bunların qarşısını aldı. Azərbaycanın demokratik dəyərlərə üstünlük verərək inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmə inteqrasiyası, türkdilli dövlətlərlə, xüsusilə də Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Bu yönümdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrini getdikcə möhkəmləndirirdi. Müdrik şəxsiyyətin gərgin fəaliyyəti və uzaqgörənliyi nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs barədə razılıq əldə olunması qarşıda duran əsas vəzifələrin həyata keçirilməsinə böyük imkanlar yaratdı. Buna qədər isə Azərbaycan xalqı minlərlə şəhid vermişdi. Vətən uğrunda gedən döyüşlərdə minlərlə soydaşımız yaralanmış, sağlamlığını itirmiş, ağır bədən xəsarətləri almışdı. Atəşkəsin tarixi əhəmiyyətini anlamaqdan ötrü bütün bunları mütləq nəzərə almaq lazımdır.

Ümumiyyətlə, ölkəmizin sürətli inkişafında, beynəlxalq aləmə inteqrasiyasında, nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyə qəbul olunmasında, milli dövlətçiliyin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Bunu təkcə Azərbaycanın yox, dünyanın tanınmış ictimai-siyasi və dövlət xadimləri yüksək qiymətləndirir. O zaman ABŞ-ın keçmiş dövlət katibi olmuş, tanınmış diplomat Henri Kissincer böyük inamla deyirdi ki, Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycan xalqını firavanlığa, intensiv inkişafa gətirib çıxaracaq. Bu, ABŞ kimi qüdrətli bir dövlətin türk dünyasının böyük oğlu Heydər Əliyevə inamından irəli gələn verdiyi qiymət idi.

Ümummilli lider Heydər Əliyevin o dövrdə həyata keçirdiyi tədbirlərdən, ciddi nizam-intizam tələb etməsindən, özbaşınalığın, mənəm-mənliyin qarşısının sərt şəkildə almasından təbii ki, narazı qalanlar da var idi. Sən demə, onlardan biri də həmin dövrdə Türkiyənin Azərbaycandakı səfirliyində diplomatik fəaliyyət göstərən Turqut Ər imiş. Bəs nədən əcnəbi bir şəxs Azərbaycandakı dövlət idarəçiliyindən bu qədər yanıqlı imiş və uzun müddət susmaq mövqeyi tutaraq indi öz qərəz, böhtan və iftiralarla dolu mövqeyini ortaya qoyur. O vaxt qeyri-qanuni silahlı qruplaşmaların ləğv edilərək vahid komandanlıq altında birləşdirilməsi Azərbaycanda diplomatik fəaliyyətdən başqa hər cür əyri işlərlə məşğul olmuş Turqut Ərin də "cib büdcəsinə" ciddi ziyan vurubmuş. T.Ər "Azadlıqdan tiranlığa" adlı kitabındakı sayıqlamaları ilə bir daha təsdiqləyir ki, ölkəmizdə "diplomatik fəaliyyət" göstərən zaman talançılıq, qarətçilik edən qeyri-qanuni silahlı qruplaşmalara himayədarlıq edənlərlə şərik olub. Ona görə də ulu öndərin qeyri-qanuni silahlı dəstələri ləğv etməsi ona bərk toxunub və kitabçığazında bunu ordunun dağılması kimi qələmə alıb. Məlum olur ki, T.Ər və onun təmsil olunduğu siyasi dairələrin isə əsas məqsədi başqa imiş. Onlar Heydər Əliyevin dövlət idarəçiliyi dövründə öz çirkin niyyətlərini həyata keçirə bilmədiklərini gördükdə Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən qüvvələrlə birləşərək Türkiyənin avantürist dairələrinin sifarişlərini yerinə yetirirdilər. Bu qüvvələr ölkə rəhbərliyinə özlərinə sərf edən naşı, səriştəsiz adamları gətirməklə Azərbaycanı öz istədikləri şəkildə idarə etmək istəyirdilər. Lakin qüdrətli şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi tanınması üçün müvəffəqiyyətlə həyata keçirdiyi tədbirləri antimilli qüvvələrin bütün cəhdlərinin qarşısını aldı.

Azərbaycanın inkişafı, Azərbaycan-Türkiyə münasibətlərinin getdikcə daha sıx tellərlə bağlanması bəzi qüvvələrin ciddi narahatçılığına səbəb olmuş, onların yuxularına haram qatıb. Bu səbəbdən də həmin qüvvələr ölkədə çaşqınlıq yaratmaq, sürətli inkişafa kölgə salmaq, xalqın Heydər Əliyev siyasətinə olan inamını azaltmaqdan ötrü çirkin vasitələrə əl atıblar. Turqut Ər də həmin qüvvələrin əlində bir alətə çevrilib. Türkçülüyə, türk adına qara ləkə olan Turqut ərçiklərin bir vasitəyə çevrilməsi də təsadüfi deyildir. "Diplomatik" fəaliyyəti dövründə işdə yol verdiyi çoxsaylı səhvlərinə görə tutduğu vəzifəsindən uzaqlaşdırılan, zəif iradəli, qeyri-peşəkar T.Ər indi kimlərinsə sifarişini yerinə yetirməklə öz incikliyini də böhtan və yalanla "oxuculara" sırımaq istəyir. Onun Azərbaycana qara yaxmaq, ölkəmizin inkişafına kölgə salmaq cəhdləri özünə nifrət qazandırıb. Ümummilli lider Heydər Əliyev haqqında, Azərbaycan dövləti barəsində qələmə aldığı böhtanlar Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına istiqamətlənmiş yaramaz əməllərdir. Bu gün ermənilər, ermənipərəst qüvvələr, bütövlükdə Ermənistan Türkiyə-Azərbaycan dostluq və qardaşlığına qarşı çirkin təbliğat apardıqları bir vaxtda belə bir naxələf addımın adını türk qoyan Turqut Ər kimi birisi tərəfindən atılması türk dünyasına qatı düşmən olan ermənilərə onun hüsn-rəğbətinin təsəcəssümüdür. Əgər bu gün Turqut Ərin yazdıqlarına "həqiqətdir" deyən varsa, ona azacıq da olsa, haqq qazandıran varsa, demək onlar da türk deyillər. Turqut Ərin bu kitabı azərbaycanlılara olan düşmən kininin, yağı münasibətinin ifadəsidir. Sözsüz ki, onun belə cılız kitabı, yalanla dolu cızma-qaraları Azərbaycan kimi güclü, qüdrətli dövlətə, onun uzaqgörən rəhbərinə heç bir xələl gətirən deyil.

T.Ərin Azərbaycanda fəaliyyət göstərdiyi illər ölkəmizin müstəqillik tarixində xüsusi əhəmiyyət kəsb edən bir dövrü olmuşdur. Məhz bu illərdə Azərbaycan dünyanın 150-dən artıq ölkəsi ilə diplomatik əlaqələr qurdu. Səksəndən çox ölkə Azərbaycanda öz səfirliklərini açdı. Azərbaycanın isə 29 xarici ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi yaradıldı. Dünyanın ən böyük şirkətləri Azərbaycana böyük həcmdə sərmayələr qoydu. Ölkədə davamlı ictimai-siyasi sabitlik yaradıldığından sərmayə qoymaq istəyən iri şirkətlərin ardı-arası kəsilmirdi. Bütün bu proseslər, uğurlar Turqut Ərin gözləri qarşısında baş verirdi. Elə türkiyəli iş adamlarını götürək. Onlar heç bir təhlükə və maneə ilə qarşılaşmadan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olurdular. Onlara əlverişli şərait yaratmaq üçün bütün əsassız yoxlamaların qarşısı alınmışdı. Ulu öndər yerli və əcnəbi sahibkarlarla görüşlər keçirərək onların qarşılaşdıqları problemlərlə tanış olur, arzu və istəklərini öyrənirdi. Bunu sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər də yüksək qiymətləndirirdilər. T.Ər isə öz kitabında yazır: "Azərbaycanda fəaliyyət göstərən iş adamlarına qarşı represiyalar, rüşvət, əsassız yoxlamalar olub". Görünür, T.Ər talançılıqla, qarətlə məşğul olmağı, ermənilərlə əlaqəyə girərək əsr və meyitlərin dəyişdirilməsini sahibkarlıq fəaliyyəti kimi dərk edirmiş. Görünür belə "sahibkarlıq fəaliyyətində" T.Ərin də payı var idi.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır və inkişaf etmiş dövlətlərlə sıx əlaqələr qurub. Türkiyə-Azərbaycan münasibətləri isə çox yüksək səviyyədədir. Ona görə də Turqut Ər və onun əqidəsində olanların cızma-qaraları bu münasibətlərə xələl gətirə bilməz. Milçək yalnız ürək bulandıra bilər, o da müvəqqəti. Təəssüf edirəm ki, Turqut Ərin yalanları Azərbaycanda nəşr olunan bir qəzetdə - "Azadlıq"da özünə "sığınacaq" tapa bilib. Gözləmək olardı ki, bu qəzet də ölkəmizə yaraşmayan böhtan və yalanları rədd edərdi. Bu qəzetdə çalışanlar müxalifəti təmsil etsələr də də azərbaycanlı adını unutmamalıydılar. Hansı ölkədə müxalifət öz xalqına, Vətəninə, millətinə qənim kəsilib? Əgər Turqut Ərin yazdıqları Ermənistanda çıxan qəzetlərdə dərc olunsaydı, buna təəssüflənməzdik. Azərbaycanın ad-sanına, şan-şöhrətinə, beynəlxalq aləmdəki mövqeyinə yaraşmayan belə böhtanları öz qəzetlərində çap edənlər hansı millətə mənsub olduqlarını, harada yaşadıqlarını unutmamalıdırlar. Azərbaycanlılar tarixən mərd, qəhrəman və təəssübkeş olublar. Biz millətimizə xas olan bu xüsusiyyətlərimizi turqutərlərə də göstərməliyik.

 

Sona MƏMMƏDBƏYOVA,

 Azərbaycan Respublikasının

 Prezidenti yanında Dövlət İdarəçilik

 Akademiyasının əməkdaşı,

 filologiya üzrə fəlsəfə doktoru

 

  Xalq qəzeti.-2010.-22 dekabr.-S.4.