Yazının inkişaf tarixi: ilk əlifbadan internetə qədər

 

Qloballaşan dünyada çox şey sürətlə dəyişir. Tarixin erkən mərhələsində yaranaraq bəşəriyyətə uzun əsrlər boyu xidmət edən yazı sənəti də ciddi dəyişikliyə məruz qalır. İnternetdə audio-vizual ünsiyyət o qədər sürətlə inkişaf edir ki, əlinə qələm götürüb məktub və ya başqa bir şey yazanların sayı azalır. Hətta bəzi mütəxəssislər yaxın gələcəkdə yazı sənətinin arxaik bir "əyləncə"yə çevriləcəyini ehtimal edirlər.

Buna inanmaq çətin olsa da yazının meydanının gündən-günə daraldığı göz qabağındadır. Amma tamamilə əks fikirlər söyləyənlər də var. Epistolyar janra, ümumiyyətlə yazının gələcəyinə optimistcəsinə baxanlar deyirlər ki, vaxt gələcək, internet şəbəkəsi o qədər tərəqqi edəcək ki, adamların işi-gücü kompyuterlərin qabağında oturub "e-mal"ləşmə olacaq, başları "çatlaşma"ya qatışanlar gündə az qala bir kiçik kitab qədər "yazıb-yaradacaqlar".

Bəs əlifbanı hansı xalq kəşf edib. Bu yerdə tarixə kiçik bir ekskursiya etməyə dəyər. Bəllidir ki, ilk yazını misirlilər yaradıblar. Bu çox qədim dönəmlər idi, hardasa bizim eradan əvvəl 4-6 min əvvəllərə təsadüf edirdi. O zamanlar Avropa xalqları hələ mağaralarda yaşayırdılar, Nil vadisində isə min illər boyu davam edən sivilizasiya mövcud idi.

Dünya Misirdən çox şey öyrənib. Onlar çox səriştəli əkinçilər olublar. Torpağı məharətlə suvarmağı və bol məhsul almağı öyrənmişdilər. Misirlilər uca və möhtəşəm məbədlər ucalda bilirdilər. Tarixdə ilk dəfə olaraq təqvimi yaratmışdılar. Kiçik dəyişikliklərlə indi də həmin təqvim insanlara xidmət edir. Lakin misirlilərin bəşəriyyətə bəxş etdikləri ən mühüm şey yazı olub. Misirlilər yazını kəşf etməklə bərabər onu uzun əsrlər boyu təkmilləşdirə biliblər.

Bizim eradan əvvəl I əsrdə romalılar Misirə gələndə nəhəng məbədlərin divarlarındakı çeşidli təsvir və şəkillər öz mükəmməlliyi ilə onları heyrətə gətirdi. Məbədlərdə qalaq-qalaq yazılı papirus kağızları düzülmüşdü. Romalılar bunların qədim tarixə mənsub olduğunu anlasalar da, Misirin yad və mistik mədəniyyətinin sirlərinə dərindən varmaq arzusuna düşmədilər.

Son misirli kahini öləndən sonra bunları oxuya bilən heç kəs yox idi. Bir vaxtlar öz qüdrəti və əzəməti ilə bütün dünyanı lərzəyə gətirən Misir müstəqilliyini itirərək vassal vəziyyətinə düşmüşdü. Ölkə düz 17 əsr sirli bir boxça kimi çoxlu sayda qədim sənədlərin xəzinəsi kimi qaldı. Nəhayət, 1798-ci ildə fransız generalı Bonopart (bəli, məşhur Napoleon) öz qoşunu ilə Şərqi Afrikaya gələrək, burada Böyük Britaniya ordusuna hücum etdi. Napoleonun məqsədi britaniyalılara qələbə çalaraq onların Afrikadakı və Hindistandakı koloniyalarını əllərindən almaq idi. İngilisləri "əzmək" ona qismət olmadı. Napoleon ordusu ingilislərin güclü müqaviməti ilə üzləşdi və iddialı general Misirdəki hərbi uğursuzluqla barışmalı oldu.

Lakin fransızların Afrika kampaniyası bir təsadüf üzündən Misirin qədim əlyazmaları ilə bağlı qalan sirlərin bütün dünya üçün açılmasına səbəb oldu. Bekarçılıqdan təngə gəlmiş bir fransız zabiti bir dəfə Nilin mənsəbindəki Rozette qalasının ətrafındakı dağıntılar arasında gəzməyə çıxmışdı və burada onun marağına səbəb olan bir daş lövhəsi gördü. Bu tünd qara bazalt daşın üzərində müxtəlif yazılar və təsvirlər vardı. Yazılardan biri yunan dilində idi. Zabit düşündü ki, yunan dili bəlli olduğu üçün onun köməyi ilə qədim Misir dilini də öyrənmək olar.

Misir heroqlifləri (müqəddəs yazı deməkdir) tarix üçün böyük əhəmiyyət kəsb edirdi. Onlar 50 əsr əvvəl baş vermiş hadisələrin salnaməsi idi. Buna görə də heroqliflərin oxunması olduqca vacib idi. İlk baxışda hər bir şey çox sadə və asan idi. Lakin Misir yazısının sirlərinə "açar" tapmaq üçün iyirmi ildən çox vaxt tələb olundu. 1802-ci ildən fransalı professor Şampolion Misir və yunan mətnlərini müqayisəli şəkildə aradırmağa başlamışdı. 1823-cü ildə professor daşlar üzərindəki 23 təsvirin mənasını açdığını elan etdi. Bir qədər sonra alim dünyasını dəyişsə də, artıq Misir yazısının mahiyyəti açılmışdı.

Misirlilər adi əşyaları necə təsvir edirdilər? Bəzi əşyaları təsvir etmək o qədər də çətin deyildi. Məsələn, onlar Günəşi təsvir etmək üçün dairə cızır, yanında şüalar çəkirdilər. Su əyri-üyrü xətlərlə təsvir olunurdu. Ulduzlar indi necə vardırsa, o vaxt da elə təsvir olunurdu. Misirlilər qeyri-əşyaları, məsələn hərəkəti təsvir etməyin də yolunu tapmışdılar. Əşyalar arasında insan təsvir olunurdu. Onu qaçan, oturan və hərəkət edən vəziyyətlərdə təsvir etməklə misirlilər nə demək istədiklərini anlada biliblər.

Lakin elə şeylər vardı ki, onları bu yolla təsvir etmək sadəcə qeyri-mümkündür. Tutaq ki, firon barədə yazırlar. Məbədlərdəki təsvirlərdə ən çox elə fironun hərəkət və qanunlarından danışılır. Yaxşı, firon insandır, onun şəklini çəkmək olar, bəs onun adını necə yazsınlar. Bundan başqa allahları, onların adlarını yazmaq tələb olunurdu. Onları tərifləmək lazım gəlirdi. Xalqa onların "yenilməz qüdrət sahibləri" olduqlarını necə çatdırsınlar?

Bu məsələlər üzərində Misir alimləri çox baş sındırmalı olublar. Lakin bu müşkülü həll edə biliblər. Onlar mücərrəd sözləri və hərəkətləri hərflərin köməyi ilə yazmağa başladılar. Bu yolu ilk dəfə misirlilər açıblar. Onlar mürəkkəb sözləri bir neçə hecaya bölərək təsvir etməyə başladılar. Məsələn, fironun adını yazmaq üçün günəş, ilan, su və sair hecalardan istifadə ediblər. Fironun güclü olduğunu bildirmək üçün də eyni yolla getdilər. Əlbəttə, çətin idi. İlk yazılar yöndəmsiz idi. Məsələn, Ramzes adını yazmaq üçün uyğun söz tapmaq lazım idi. Məsələn, Re -Günəş, se - ilan demək idi, onları yan-yana qoydular. Lakin elə düzürdülər ki, anlaşıqlı olsun.

Misirlilər öz yazılarında yalnız samitlərdən istifadə edirdilər. Buna görə də elmə hələ də dəqiq məlum deyil ki, bu və ya digər sözü misirlilər necə tələffüz edirdilər. Nə yaxşı ki, misirlilər saitlərdən istifadə etməyiblər. Bu zaman saysız-hesabsız işarələr lazım ola bilərdi. Təkcə ingilis dilində "a" hərfinin çoxlu tələffüz variantı var. Beləcə bir narahatlıq hesabına daha böyük narahatlıqdan qurtula biliblər. Bir neçə min ildən sonra Misir əlifbası xeyli mükəmməlləşmiş və göz oxşayan olmuşdu. İndi elmi-tədqiqat institutlarda alimlər, tarixi öyrənən tələbələr bu əlifbanı çətinlik çəkmədən oxuya bilirlər.

Fransız alimi Şampolionun heroqliflərin sirlərini açması şumerlərin mixi yazılarının yanında toya getməli idi. Mesopotomiyanın ən qədim sakinləri hesab olunan şumerlər gil lövhələrdə sözləri oyurdular. Onlar əşyaların təsvirini vermirdilər, predmeti fiqurlarla (əsasən rom rəqəmi V-ə oxşayan şəkildə verirdilər). Bu çətin sistem idi, lakin şumerlərin bu metodundan qədim assuriyalılar, farslar və Nil vadisi və ətrafında yaşayan başqa xalqlar 3 min il sərasər istifadə etmişdilər.

Yazı qədim zamanlarda çox baha başa gələn bir proses idi və təbii ki, yazıdan yalnız ən zəruri dövləti və dini əhəmiyyətli işlər üçün istfadə olunurdu. Belə bahalı "əyləncə"nin geniş tətbiq olunması o dönəmlərdə qeyri-mümkün idi. Finikiyalılar da semit tayfalarına aid idilər. Onlar Aralıq dənizi sahilində Tir və Sidon kimi iki böyük şəhər salmışdılar. Az bir zamanda dənizin qərb hissəsində ticarəti öz əllərinə keçirmişdilər. Finikiya tacirlərinin gəmiləri Yunanıstan, İtaliya və İspaniya ilə geniş ticari əlaqələr saxlayırdı. Hətta bu gəmilərlə Cəbəllütariq boğazını ötərək Siliy adalarına qədər üzür və oradan ağ dəmir təbəqələri alaraq geri qayıdırdılar. İndi bu qədim koloniyaların yerində Fransanın Marsel və Kadis kimi böyük şəhərləri yerləşir.

Qədim salnamələrdə yazılır ki, finikiyalılar acgöz və insafsız tacirlər olublar. Tarixin yaddaşında onlar əsasən mənfi çalarlarla qalsalar da, bəşəriyyətə böyük bir xidmət göstərərək ilk əlifba yaradıblar. Finikiyalılar şumerlərin yazıları ilə tanış idilər. Lakin onlar bu "cızma-qaraya" mənasız vaxt itkisi kimi baxırdılar. Yuxarıda qeyd etdiyim kimi praktik, işgüzar adamlar olan finikiyalı zənginlər günlərlə cədvəllərin qarşısında vaxt itirmək istəmirdilər. Qərara aldılar ki, yazının yeni, daha kamil sistemini tapsınlar. Bəzi təsvirləri misirlilərdən götürdülər, şumerlərin mixi yazılarını isə sadələşdirdilər. Gözəlliyi sürətli yazıya qurban verib onlar əvvəlki kimi minlərlə təsvir əvəzinə 22 hərfdən ibarət çox rahat bir əlifba tərtib etdilər.

Bir müddət sonra bu əlifba Egey dənizi vasitəsilə Yunanıstana gəlib çatdı. Yunanlar əlifbaya bir neçə hərf əlavə etdilər. Və bu işi artıq başa çatmış və mükəmməl şəkildə Roma imperiyasına ötürdülər. Romalılar da öz növbəsində əlifbaya müəyyən dəyişikliklər etdilər. Hazırda Avropa qitəsində yaşayan əhali məhz finikiyalıların yaratdığı hərflərdən istifadə edir.

Bu yazının əvvəlində qeyd etdiyim kimi, bu gün dünyada internetin sürətli inkişafı yazının daha da inkişafına və ya süqutuna səbəb olacağına dair bir-birinə tam zidd olan mülahizələrin səsləndirilməsinə səbəb olub. Kim haqlıdır, indi demək çətindir. Hər şeyi tarix özü yerbəyer edəcək. Lakin bəşər övladının yazı sənəti kimi misilsiz bir sərvətdən imtina edəcəyi inanılmaz bir şeydir.

 

Məsaim ABDULLAYEV,

 

Xalq qəzeti.-2010.-23 dekabr.-S.6.