Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs

Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmışdır

 

Cənab İlham Əliyev Prezident kimi həyata keçirdiyi tədbirlərlə, gördüyü işlərlə xalqın etimadını, məhəbbətini qazanmış, dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürməyə layiqliyini sübut etmiş və ulu öndərimiz Heydər Əliyevin inamını doğrultmuşdur. Böyük uğurlarla zəngin olan yeddi il ərzində əsası ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikası bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçmişdir. Hələ 2003-cü ilin prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev respublikamızın yeni dövr prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları reallaşdırmaqla dərin ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

Cənab İlham Əliyevin ikinci dəfə Prezident seçilməsi Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha təsdiqlədi, eyni zamanda, xalqımızın bu kursun davam etdirilməsində nə qədər maraqlı olduğunu açıq-aşkar göstərdi. Son yeddi ildə Azərbaycanın sosial-iqtisadi həyatında mühüm keyfiyyət dəyişikliklərinin baş verməsi, şəhər və kəndlərimizin simasının dəyişməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması, əhalinin həyat səviyysinin gündən-günə yaxşılaşması, bir sözlə, möhtərəm dövlət başçımızın çoxşaxəli, səmərəli, vətənpərvər, praqmatik fəaliyyəti onun Azərbaycan cəmiyyətində alternativsiz lider olduğu qənaətini daha da gücləndirdi.

Cənab İlham Əliyevin son yeddi ildəki fəaliyyətini bir vətəndaş, bir iqtisadçı kimi sərf-nəzər etdikdə belə qənaətə gəlirəm: Dövlət başçımız vaxt, zaman baxımından o qədər də uzun bir müddəti əhatə etməyən ötən dövrdə cəmiyyətin bütün arzu və istəklərini reallaşdırmış, bu yolda ən düzgün, çevik, qətiyyətli qərarlar qəbul etmişdir.

Sevindirici, eyni zamanda, diqqəti çəkən, qibtə doğuran bir məqamı da xatırlatmaq yerinə düşər. Cənab İlham Əliyevin zəruri liderlik keyfiyyətlərindən biri də odur ki, dövlət başçımız ölkənin taleyüklü məsələlərinin həlli zamanı mövcud reallığı obyektiv şəkildə qiymətləndirir, yaranmış ən ekstremal şəraitdə belə dəqiq variantlar seçir, ən optimal, düzgün qərarlar qəbul edir.

Son yeddi ildə cənab İlham Əliyevin xarici siyasəti ona böyük nüfuz qazandırmışdır. Ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq imicini daha da möhkəmləndirmişdir.

Yeddi il müddətində atılan məqsədyönlü addımlar, imzalanan çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar dövlət başçısının xalqın mənafeyinin daim qorunmasını öz fəaliyyətinin başlıca prinsipi kimi götürdüyünü bir daha təsdiqləmişdir. Prezident İlham Əliyev vətəndaşlarımız qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, Azərbaycan həyatında yeni bir intibah mərhələsinin başlanmasına nail olmuşdur.

Bu dövrdə qazanılan sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanın əhəmiyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu sənədlə start verilmişdir. Sözügedən fərman sonrakı mərhələlərdə imzalanaraq bu gün də uğurla icra edilən dövlət proqramları üçün baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyevin imzaladığı birinci və ikinci regional Dövlət proqramları Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və regionlarda özəl sektorun inkişafı, iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlər uğurlu göstəricilərlə nəticələnmişdir. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Kənd təsərrüfatının inkişafına diqqətin artırılması, hər regionun malik olduğu təbii resurslardan məqsədyönlü istifadə, sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsi, yeni emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafı yerlərdə yüz minlərlə yeni iş yerlərinin açılmasına imkan vermişdir.

Sözügedən Dövlət Proqramının hazırda da uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın mərkəzində olduğu kimi, ucqar rayonlarımızda, kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Azərbaycanın regionları öz simasını dəyişmiş, vətəndaşlarımızın maddi-rifah halı yaxşılaşmış, əhalinin mərkəzə doğru axını səngimişdir.

Ötən müddətdə dövlət rəhbəri birinci və ikinci regional proqramların icrasını ciddi nəzarətdə saxlamışdır. Vaxtaşırı ayrı-ayrı bölgələrə səfər edərək proqramların yerlərdə icrası vəziyyəti ilə tanış olmuş, vətəndaşların arzu və istəklərini onların özündən eşitmişdir. Mövcud problemlərin həlli, görülən işlərin səmərəliliyinin daha da artırılması üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Məmurlar qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırmışdır.

Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan vətəndaşların məvaciblərinin, pensiya və müavinətlərin, tələbə, magistr və aspirantların təqaüdlərinin davamlı olaraq artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına diqqət və qayğısının bariz təcəssümüdür. Azərbaycanda mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi üçün bütün imkanlar səfərbər edilmişdir. Ölkənin bütün bölgələrində səhiyyə, mədəniyyət obyektlərinin, yeni məktəblərin tikintisi geniş vüsət almışdır. Yeni məktəblərin inşası, təmiri, təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrində informasiya texnologiyalarının tətbiqi, bir sözlə, təhsil sisteminin müasir standartlar çərçivəsində yenidən qurulması ümummilli hərəkata çevrilmişdir. Bu mədəni hərəkatın təşkilində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi təqdir edilməlidir.

Təkcə son yeddi ilin statistikasına baxanda, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə aydın təsəvvür yaranır. Belə ki, sözügedən dövrdə respublikada maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4 dəfə azalmış, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, müharibə şəraitində olan ölkənin hərbi xərcləri təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır.

Onu da xatırladım ki, infrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması cənab İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyini göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə isə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatına diqqət göstərməyi, bu sahəni inkişaf etdirməyi də prioritet vəzifə sayır. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə "Aqrolizinq"in yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə göstərilən bu diqqət rayonların sosial-iqtisadi inkişafında həlledici rol oynayır.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yekunlaşdırılması, hazırda isə ikinci regional Dövlət Proqramının icrası sahibkarlığın inkişafını sürətləndirir, aqrar sahədə yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir göstərir, istehsalda artım əldə edilir, məhsuldarlıq yüksəlir.

Yeri gəlmişkən, bir məqama da diqqət yetirmək istərdim. Cənab İlham Əliyevin aqrar sahəyə diqqət artırılmış, regionlarda müasir fermer təsərrüfatları formalaşdırılmış, respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi dönüş yaranmış, idxaldan asılılıq azalmışdır. Son illərdə əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir - kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına səmərəli istehlak norması tamamilə daxili istehsal hesabına ödənilir. Azərbaycan hazırda dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir. İxracın coğrafiyası, həcmi və çeşidi də dinamik olaraq genişlənir - respublikadan 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir.

Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət Proqramında 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planı əksini tapmışdır. Dövlət Proqramına görə, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona; ət məhsulu istehsalını 340 min tona; süd və süd məhsullarının istehsalını 2,4 milyon tona; sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona; yumurta istehsalını 1,12 milyon ədədə; tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona; meyvə istehsalını 800 min tona; yağlı bitkilərin əkin sahəsini 135 min hektara; şəkər çuğundurunun əkin sahəsini 20 min hektara; çay yarpağı istehsalını 3 min tona; yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulmuşdur. Bu məqsədə Azərbaycan Prezidentinin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində nail olunacaqdır.

Mən yazının sonunda bir qədər keçmişə qayıtmaq istəyirəm. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində deyirdi: "...Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, o vaxt çoxcəhətli fəaliyyətilə özünü peşəkar, bacarıqlı və vətənpərvər siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən cənab İlham Əliyev xalqın ciddi istəyi, tələbi, ulu öndərimiz Heydər Əliyevin isə xeyir-duası ilə seçki marafonuna qoşuldu və şəksiz qələbə qazandı - ölkə Prezidenti seçildi. İlk dəfə dövlət başçısı olmaq etimadını qazanan möhtərəm İlham Əliyev inaqurasiya mərasimində dedi: "Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: "Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik...".

İndi həmin vədlərin verildiyi gündən yeddi ildən çox vaxt keçir. Prezidentlik illəri cənab İlham Əliyevin öz sözünün sahibi olduğunu, xalqımızın dərin etimadını qazandığını, ulu öndərimizin yuxarıda adı çəkilən müraciətinə ləyaqətlə əməl etdiyini təsdiqlədi. Məhz elə buna görə də cənab İlham Əliyevin prezident seçkilərindəki ikinci tarixi qələbəsi də elə bu inamın, bu ümidin məntiqi nəticəsi idi.

 

Sadıq SALAHOV,

 Elmi-Tədqiqat Kənd

Təsərrüfatının İqtisadiyyatı və

Təşkili İnstitutunun direktoru,

 iqtisad elmləri doktoru, prof.

 

Xalq qəzeti.-2010.-24 dekabr.-S.3.