ÜÇÜNCÜ
MİNİLLİYİN BİRİNCİ PREZİDENTİ
Bəxtinə
düşmüş vaxt kəsiyi Prezident İlham Əliyevi
nadirdən nadir dövlətçiyə,
siyasətçiyə və şəxsiyyətə
çevirdi.
Əslində
biz hamımız kimliyimizdən, nəçiliyimizdən
asılı olmayaraq nadir tarixi insanlarıq.
Çünki
hamımız İkinci minilliyi yola salıb
Üçüncü minilliyi qarşılamışıq.
10
əsrdə bir dəfə baş verən hadisə
qismətimizə çıxıb.
Taleyimizə yazılmış vaxt kəsiyi -
bəşəriyyətin yaşadığı
əsrlərin ən sürətlisi, hadisələrlə
doluluğu baxımından ən zəngini, kəşfləri,
ixtiraları nöqteyi-nəzərindən ən
inkişaflısı XX yüzilin bitməsi və
əfsanə kimi təsəvvür edilənlərin
həqiqətlərə çevriləcəyi XXI
əsrin başlanmasının sadəcə şahidi olmaq
hər birimizi müstəsnalaşdırıb.
Amma bir var iradəndən asılı olmayaraq elə
vaxtın hökmüylə qeyri-adi tarixi dövrün
şahidinə, Üçüncü minilliyin
başlanğıc yollarını keçən ilk insanlardan
birinə çevrilmək, bir də var bu başlanan yeni
zamanın yaradıcılarından,
yönəldicilərindən, həlledici simalarından biri
olmaq.
Bu
baxış bucağından nəzər salanda
əlbəttə ki, Prezident İlham Əliyev alnına nadir
müstəsnalıq yazılmış tarix
liderlərindəndir.
O, XXI
əsrə, III minilliyə, ən yeni tarixə müstəqil
Azərbaycan dövlətinin Birinci Prezidenti kimi daxil oldu.
Əlbəttə,
sayca İlham Əliyev müstəqil Azərbaycanın ilk
dövlət başçısı deyil.
1918-ci ildə istiqlal bayrağımızın ilk
dəfə ucaldığı zamanlarda məclisi-məbusan -
parlament sədri seçilən və həmin illərin bir
sıra mənbələrində adı elə
"prezident" kimi anılan Əlimərdan bəy
Topçubaşovdan tutmuş müstəqil Azərbaycana 10 il
başçılıq edərək dövlətimizi XX
yüzildən yeni əsrə müstəqilliyi qat-qat
güclənmiş halda çatdıran qüdrətli
Heydər Əliyevəcən ölkəmizin prezidentlik
kürsüsünə 4 nəfər yüksəldi. Bu sayla
İlham Əliyev 5-ci Azərbaycan Prezidentidir. Amma
XXI əsrin ilk 10 ili bitir, ikinci onili başlayır, tarix
təqvimində artıq 3-cü minillikdir və İlham
Əliyev təzə əsrdə, yeni minillikdə,
bütün yönləriylə büsbütün yeni olacaq
təzə zamanda xalqın seçdiyi (və artıq iki
dəfə seçdiyi) ilk Azərbaycan Prezidentidir.
Yeni əsrin ilk Azərbaycan
Prezidenti!
Yeni
dövrün ilk Azərbaycan Prezidentinin cavan bir dövlət
başçısı olması da əslində
təsadüf yox, zamanın təklif etdiyi qanunauyğunluqdur.
Yeni zamanın Azərbaycan
xalqının Prezident seçdiyi İlham Əliyev
qədd-qamətindən, zövqlərindən, mədəni
səviyyəsindən tutmuş, bir sıra əcnəbi
dilləri ana dili kimi bilməsinəcən, peşəkar
siyasətçi və siyasətşünas olmasından
tutmuş müasir iqtisadiyyatın həm təcrübəsi,
həm nəzəriyyəsiylə bilavasitə
məşğul olmasınacan əsl muasir dövlət
başçısıdır.
Yeni əsrin
sürətlərinə və tələblərinə layiq
dövlət başçısı!
Bu cür
dəqiq seçimi etsə-etsə elə Vaxt edə
bilərdi.
***
2002-ci ilin
oktyabrında, müstəqilliyimizin 11-ci yaşını
bayram etməyə hazırlaşdığımız
günlərdə Avropa Şurasının payız
sessiyasından təzəcə qayıtmış
nümayəndə heyətimizi dövlət
başçımız - unudulmaz Heydər Əliyev qəbul
edirdi.
Mətbuatın
iştirakı olmadan və sonra televiziyada gedişi
nümayiş etdirilməyən bir görüş idi.
Ulu
öndər 2 ilə çatan müddətdə Avropa
Şurasındakı yolumuzun tutarlı təhlilini verən,
daim yadda saxlanmalı dəyərli tövsiyyələrlə
dolu olan təsirli bir çıxış etdi, vacib
məsələlər ətrafında müzakirələr
apardı və bizi də dinləmək istədi.
O oktyabrdan bu
günədək sanki çox sular axıb keçib.
O gün söylədiyim bir
mətləbi bu gün hamı bilsin deyə yazıya da
gətirirəm. Bu da bir tarixdir.
İlham Əliyevin siyasi
həyatda, dövlətçilik mühitimizdə getdikcə
daha artıq ucalan boyunu, gündən-günə daha
qətiyyətlə eşidilən səsini, beynəlxalq aləmdə
durmadan qüvvətlənən nüfuzunu duyan və onunla
bütün müqayisələrdə hər
cəhətdən geridə qaldıqlarını anlayan siyasi
rəqiblər həmin günlərdə bir sıra
qəzetlərdə "varis" mövzusunu ortaya
atmış, bu məsələ ətrafında bədxah
möhtəkirliklər edirdilər. Qeyzlə hey
yazırdılar ki, Heydər Əliyev oğlunu
hakimiyyətə hazırlayır.
Və mənim
o gün söylədiyim söz elə bu mətləblə
bağlı idi.
Həmin
günlərdə mən inanır və ümid edirdim ki, lap
yaxındakı prezident seçkilərində Heydər
Əliyev iştirak edəcək, növbəti
qələbəsini çalacaq və İlham Əliyev də
bu qələbənin qazanılmasında bacardığı
köməkləri əsirgəməyənlərdən biri
olacaq.
Əslində
Prezident Heydər Əliyev də bu düşüncədə
idi.
Əslində
İlham Əliyev də bu qənaətdə idi.
Prezident
seçkilərinə 1 il qalmış
keçirilən o görüşdə mən canlı klassik
saydığım və son dərəcə dərin ehtiram
bəslədiyimi dövlət başçımıza üz
tutaraq demişdim ki, Siz yalnız Azərbaycanı deyil,
Azərbaycandan dəfələrlə böyük
dövləti idarə etməyə qadir
şəxsiyyətsiniz. Siz varkən, Siz
Azərbaycana başçı olmağa hazırkən bu
meydanda ikinci başqa şəxsə yer yoxdur. Amma
haçansa İlham Əliyevin Azərbaycan dövlətinin
rəhbəri olması zəruriyyəti yaranacaqsa, onu
hakimiyyətin ali kürsüsünə
Heydər Əliyev yox, İlham Əliyevin öz ağlı,
öz istedadı, öz yüksək qabiliyyəti
gətirəcək.
1 il
keçdi və 2003-cü ilin oktyabrı gəldi.
Oktyabrın lap
başlanğıcında, prezident seçkilərinə 2
həftə qalmış Azərbaycanın ən
ağıllı və ən dəqiq seçməyi bacaran
siyasətçisi Heydər Əliyev ilk səs verən oldu.
Qürbətdən
məktub göndərdi.
Namizədliyini geri
götürdü, ilk Azərbaycan vətəndaşı
olaraq İlham Əliyevi seçdi, "ona özümə
inandığım kimi inanıram" dedi.
Bu səsini
verəndə, bu etirafını dilə və
qələmə gətirəndə uzun müddət idi ki,
Prezident Heydər Əliyev Azərbaycandan uzaqlarda,
müalicədə idi.
Seçkilərdə
iştirak edən İlham Əliyevin yanında olub ona yardımçı
olmaq imkanı yox idi.
İlham
Əliyev meydanda tək idi.
Bu İlham
Əliyev üçün imtahanlar imtahanı idi.
Mübarizəni
tək özü aparırdı.
Hakimiyyət
zirvəsinə gedən yolda ona arxa duracaq qüvvə
həmin anacan gördüyü işlər, fərasəti,
ağlı, zəkası, siyasi səriştəsi idi.
Və
dünənəcən "varis planı" deyib boğaz
yırtanlar, "İlham Əliyev Heydər Əliyev
deyil" söyləyərək İlham Əliyevin
danılmaz gücünü yetərincə dərk
etməyənlər, ona qalib gələ biləcəkləri
kimi xam xülyaya uyanlar neçə ay idi ki, tək İlham
Əliyevlə üzbəüz idilər.
Gücləri
çatsaydı, güclərini sübut etmək
üçün fürsətləri də vardı.
Və İlham Əliyev
imtahandan Qalib çıxdı!
Onu
qalibiyyət kürsüsünə kimsə yox, özü
gətirdi.
Məhz Bütün Xalq
və Özü!
Və
əminəm ki, övladının çətin siyasət
meydanında, növbənöv açıq və
qılaflı rəqiblərlə mübarizələrdə
mərdi-mərdanə və təkbaşına
qazandığı bu misilsiz qələbənin
sorağını Prezident Heydər Əliyev qəhərli
sevinclə qarşılayardı.
Heydər
Əliyev kimi möhkəm adamı yalnız belə
möhtəşəm uğurlar qəhərləndirə
bilərdi.
1993-cü ilin
iyununda fırtınaları adlayıb Azərbaycan Ali
Sovetinə sədr seçilərkən onun eyni riqqətli
sevincini duymuşdum.
Heydər
Əliyev Azərbaycanı sevən və Azərbaycan
üçün ölçüyəgəlməz
xidmətlər göstərmiş şəxsiyyət idi.
Müasir,
müstəqil Azərbaycan onun şah əsəri və
ən əziz balası idi.
O, bir bağbana
bənzəyirdi ki, çiçək kimi becərdiyi,
böyütdüyü, qayğısını
çəkdiyi, süslədiyi Vətənin sabahından
əlbəttə ki, narahat idi.
Əlbəttə ki, o, bu
yurdun, bu dövlətin sükanının sabah
hansı əlllərdə olacağının fərqində
idi.
Bu hissin nə
demək olduğunu daş üstə daş qoyanlar,
ömründə nəsə qurub-yaratmışlar,
qurub-yaratdıqlarının sonrası haqqında nigaranlıq
çəkənlər bilər.
Doğmaca
övladının qəlizdən qəliz
dövlətçilik, siyasət meydanında
təkbaşına mübarizəyə qatılarkən bir an
belə büdrəmədən qətiyyətli
qələbəyə yetməsi Prezident Heydər Əliyevi
yalnız ata olduğu üçün deyil, ən
əvvəl Azərbaycanın gələcəyinin etibarlı
əllərə qismət olduğuna görə, qurduğu bu
sevimli Azərbaycan mülkünün zavala
uğramayacağına inandığı səbəbindən
duyğulandırmış, xoşbəxtlərin
xoşbəxti etmişdi.
Siyasətin
necə pırtlaşıq cəngəllik olmasını,
dövlətin birinci şəxsi vəzifəsinin ağır
yükünü daşımağın nə demək
olduğunu hər halda hər kəsdən daha yaxşı
bilən Heydər Əliyev bəlkə də heç
istəməzdi yeganə oğlu da siyasətçi, dövlət
başçısı olsun.
Amma XX əsrin
son parçasının təlatümlərindən salamat
çıxarıb XXI yüzilliyə yetirdiyi və
möhkəmləndirdiyi müstəqilliyimizin, ayaq
üstə qoyduğu Azərbaycanın daha da
çiçəklənməsini, bu
çiçəklənməni təmin edəcək
siyasətinin yaşamasını da çox istəyirdi.
Əslində
o tək oğlunu-ömrünün davamı olan
İlhamını Azərbaycana, Azərbaycanın
gələcəyinə ərməğan edib, qurban verib.
Heydər Əliyev realist adam idi və onun hətta məcazi kimi təsir
buraxan hər deyişinin ardında bir gerçəkçi
məqam aranmalıdır.
"Mən
həyatımın qalan hissəsini də xalqıma
bağışlayıram" sözlərinin əsl
mənası elə bu imiş!..
***
Heydər
Əliyev 1969-cu ildə Azərbaycan Respublikasının
rəhbəri vəzifəsinə irəli
çəkiləndə İlhamın vur-tut 8 yaşı
vardı və üfüqdə onun uşaqlığı,
yeniyetməliyi, gəncliyi gülümsəyirdi.
Təbii,
ölkənin birinci şəxsinin, Heydər Əliyev kimi
qüdrətli atanın övladı olmaq, onun tərbiyəsi
ilə böyümək şərəfdir.
Aydın
məsələ ki, həm də qayğılardan azad,
təmin olunmuş bir həyat deməkdir.
Lakin üç onillikdən
artıq bir zaman kəsiyində Azərbaycanda və
bütün dünyada tanınan, ən üzdə olan,
həmişə ali dövlət
vəzifələri daşıyan bir atanın övladı
olmaq həm də ağır bir yükdür.
Bu,
əksər uşaqlara, əksər yeniyetmələrə,
əksər gənclərə nəsib olan çox
azadlıqlara, sərbəstliklərə tamarzı qalmaq,
müəyyən mənada qayğısız uşaqlıq,
yeniyetməlik dövründən məhrum olmaq deməkdir.
Sən dərsə,
şəhərə gəzməyə,
əylənməyə başqaları kimi asudəcə
gedib-gələ bilmirsən, küçədə,
məhəllədə digər tay-tuşların kimi
asudəcə top qova bilmirsən.
Ayrı
həmyaşlarından fərqli olaraq sən lap erkən
çağından danışığına da,
oturuşuna-duruşuna da hədd qoymaq məcburiyyətində
qalırsan.
Uşaqkən,
yeniyetməykən, gənc ikən isə sənin ən
sevmədiyinsə elə cürbəcür
məhdudiyyətlər olur.
Heç kim
İlham Əliyevə dövlətin birinci şəxsinin
övladı kimi yaşadığı uşaqlığa,
yeniyetməliyə, gəncliyə görə həsəd
aparmasın.
Heydər
Əliyevin oğlu olmağın böyük məsuliyyəti
ömrü boyu onunla yanaşı addımlayıb.
Və hətta İlham
Əliyev özü Prezident olandan sonra da bu məsuliyyətin
dərəcəsi azalmayıb ki artıb!
Etiraf edək
ki, bu çəkilməsi qətiyyən asan olmayan
ağırdan ağır yükdür.
Hər halda
ən azı ömrünün son 35-40 ilində,
dünyanı mürəkkəbliyi ilə dərk
eləməyə başladığı ilk vaxtlardan İlham
Əliyev daim onun üçün ucalardan uca olan bir ismi -
"Heydər Əliyev" adını hər addımı,
hər sözü, hər hərəkəti ilə
qorumalı olub.
Deməli,
heç vaxt özünün özü üzərində
nəzarəti əskik olmayıb.
Demək,
hər vaxt məsuliyyət duyğusu içərisində
ayıq-sayıq, sərvaxt olub.
Odur ki,
İlham Əliyev uşaqlığında yeniyetmə,
yeniyetməliyində oturuşmuş bir gənc, gənc
ikən ahıl kimi düşünən, hərəkət
edən bir şəxs olub.
Dünyanı
yaxşısı-yamanı ilə qavradığı
əyyamlardan hər bir əməli, hər bir sözü
ilə atasının və ailəsinin yüksək
adını və ləyaqətini mühafizə etməyi
özünə borc bilmiş, bunu özünün
başlıca həyat vərdişinə,
düşüncə, əxlaq tərzinə çevirmiş
İlham Əliyev indi eyni məsuliyyətlə bütöv
ölkənin və bütün millətin şərəf
yükünü daşımaqdadır.
O cür ömür, o
cür tale yaşamayan belə bir yükü çəkə
bilərmi?!
***
Bakıda, İstiqlaliyyət
küçəsində, indi Elmlər Akademiyamızın
Rəyasət Heyətinin yerləşdiyi binanın -
füsünkar "İsmailiyyə"nin
lap yuxarı hissəsində ərəb əlifbasıyla
gendən naxışa bənzəyən nəfis xətlə
orta əsrlər ərəb müdrikinin iki hikməti
yazılıbmış.
1920-ci illərdə
bolşeviklər Bakını işğal edəndən az sonra köhnə mədəniyyətə
qarşı total hücuma girişən səfeh
proletkulçuluq tüğyanları zamanı o
yazıların həkk olunduğu kaşı
lövhələri oradan sındırıb qoparırlar.
Hər gün
yoldan ötənlərin diqqətini yaraşığı
və düşündürücü cazibəsi ilə
cəlb edən həmin nəsihətlərin biri
beləymiş ki, övladlarınızın tərbiyəsini
vaxtın ixtiyarına buraxın. Çünki onlar
zamanın balalarıdır.
Prezident
İlham Əliyev böyük Heydər Əliyevin
övladıdır.
Lakin Prezident
İlham Əliyev həm də yeni Zamanın balasıdır.
Hər iki
Valideynin çox istedadlı balası olduğu
üçün də bunca güclüdür.
Lakin Prezident
İlham Əliyev həm də Azərbaycanın istiqlal və
dövlətçilik irsinin yavrusudur.
1918-ci ilin baharında,
yenicə elan edilmiş istiqlalın
bəxtiyarlığının ürəkləri
coşdurduğu əziz günlərdə müstəqil
Azərbaycan Respublikasının ilk baş naziri və ilk
müstəqillik şəhidlərimizdən biri Fətəli
xan Xoyski gələcəyə ən sarsılmaz
ümidlərlə söyləmişdi ki, biz istiqlalın
bünövrəsini qoyduq, onun irsini yaradırıq. Bu müstəqilliyin taleyi necə
olacağını söyləmək çətindirsə
də, şəksizdir ki, istiqlalımız mütləq
gələcək içərisində yaşayacaq. Çünki
irs varsa, mütləq onun varisləri
də olacaq.
Prezident
İlham Əliyev övlad olaraq Heydər Əliyevin varisidir.
Amma Prezident İlham
Əliyevin Azərbaycan istiqlalı və
dövlətçiliyinin sadiq balası kimi həm də
Şanlı Müstəqillik Yolunun, Şərəfli
İstiqlal İrsinin VARİSİdir!
Bu da bir
qanunauyğunluqdur ki, Bakıda müstəqilliyimizin
qurucuları şərəfinə istiqlal abidəsini ucaldan da
Prezident İlham Əliyev oldu.
***
Dünyada
heç bir hadisə təsadüfən baş vermir.
Hər
hadisənin ardında vaxt gərdişinin qaçılmaz
məntiqi var.
Dövlət başçısı
üçün zəruri olan bütün üstün
keyfiyyətlərə malikliyi öz yerində, amma İlham
Əliyevin bir insan olaraq yaşadığı
tərcümeyi-hal və tale də bütün
ayrıntılarıyla açıqca nişan verir ki, zaman lap
kiçik yaşlarından onu elə bugünkü
günə, yeni əsrdə, yeni minillikdə Azərbaycan
dövlətinin sükançısı olmağa
hazırlayırmış.
Əsas
Qanunumuz prezident seçiləsi insanlara yuxarı yaş
həddi qoymasa da, aşağı yaş məhdudiyyətini
müəyyən edib.
Və bunun
mənası dərindir.
Nə
qədər oxusan da, öyrənsən də,
ucu-bucağı görünməyən biliklərə,
istedada sahib olsan da, həyat məktəbinin, ömür
təcrübəsinin yerini heç nə vermir.
Dövlət
başçısı seçilmək, yaşından
asılı olmayaraq "Millətin Atası"
adlandırılmaq haqqına və mərtəbəsinə
yetmək üçün gərək
öncələrdən dünyanın isti-soyuğunu da hiss etmiş
olasan, yaşayışın bərkinə-boşuna da
düşəsən.
İlham
Əliyev qısa ömrü ərzində həyatın
hər üzüylə rastlaşıb. Rahat,
sıxıntısız həyatı da görüb,
məhrumiyyətləri də.
1980-lərdə,
həyatının Moskva illərində - atası Heydər
Əliyevin nəhəng SSRİ-nin rəhbərlərindən
olduğu çağların ruh yüksəkliyi ilə
aşıb-daşan məsud günlərini yaşayıb
İlham Əliyev.
Və sanki
hər şeydən - bütün sevinclərdən və
sabaha gözəl ümidlərdən məhrum olduğu
günləri də olub.
Qəzavü-qədər
nəfəs dərməyə macal vermədən
sarsıdıcı zərbələrini bir-birinin ardınca
endirib.
İlham
Əliyevin ömründə qaradan qara nəhs bir zolaq
başlanıb.
Hər
qayğısına, dərd-sərinə hayan olan cavan
anasını insafsızca erkən itirib.
Qəfildən
ağır xəstələnən atası bütün
vəzifələrindən uzaqlaşdırılıb,
təhdid və təqib edilib.
Heydər
Əliyevi Moskvada həbs, Azərbaycanda qətlə
yetirilmək qorxusu gözləyib.
Dövranın
idbar sifətləriylə ilk dəfə bütün
çılpaqlığı ilə üzləşən
İlham Əliyevi də elə Heydər Əliyevin oğlu
olduğu üçün işlədiyi institutdan
kənarlaşdırıblar.
Sanki hər
şey itirilib.
Sanki hər şey bitib. Sanki
karyerasına birdəfəlik iri bir nöqtə qoyulub.Sanki
həyatın dadı qaçıb.
Sanki
onlarçün bütün qapılar qıfıllanıb,
çıxılmaz dalana dirəniblər.
Kim təsəvvür
edərdi ki, Sovet imperiyası dağıla bilər!
Amma ruhdan
düşməyiblər.
Nə
Heydər Əliyev, nə İlham Əliyev.
İnsan
həyatda bircə ləyaqətini itirməklə hər
qazandığını qeyb edə bilər.
İnsan ən
müşkül vəziyyətdə belə
şərəfini, mənliyini, qürurunu qorumaqla itirdiyi
hər şeyi bərpa edə bilər.
Onlar
ləyaqətlərini ən müdhiş sınaq anlarında
qorumağa güc tapıblar.
Ailənin
səksəkəli, qanıqara günlərində İlham
Əliyev atasına da, bütün başqa
əzizlərinə də arxa olub, təsəlli olub, inam yeri
olub.
Onların
hər birini hər şeyin yaxşı olacağına
inandıra bilib.
Özünü
oda-közə vurub, çalışıb, ailəni
dolandırıb, əzizlərini sınmağa qoymayıb.
Və
böhrandan çıxıblar, burulğandan qurtulublar.
İlham
Əliyev ailəsini, ailəsinin ləyaqətini ömrün
məşəqqətli günlərində bu cür
dəyanətlə qoruya bilib.
Bu gün o,
bütöv Azərbaycan ailəsinin
başçısıdır.
Bu Ailəni də
həmişə eyni Ləyaqətlə qoruyacaq!
Həyatın
şirinini də, acısını da daddığından
millətin xoş halından da,
müşküllərindən də yetərincə
agahdır.
O, həyatın
astarını da, avandını da zəhmətkeş,
həssas əlləriylə duymuş, fərqli ömür
məqamlarında eyni kişilik və dəyanətlə
yaşamış bir insandır.
Onunla hər
uzaq yola çıxmaq olar.
O, arxa olmağı
bacarır.
Onunla
kəşfiyyata getmək olar.
Millət yeni
əsrdə artıq iki dəfə onu intixab edibsə,
pənahını, ümidini ona bağlayıbsa, onun
ardınca getmək qərarına gəlibsə,
qətiyyən yanılmayıb.
Azərbaycanın
siyasi mühitini nəzərimdə tam həcmdə
canlandırmağa çalışıram.
Qabiliyyətlərinə,
miqyaslarına, daxili enerjisinə və prezidentlik kimi ali mərtəbəyə yetməkçün
gərək olan layiqli inkişaf yolu keçməsinə
görə İlham Əliyevə tay ola biləcək ikinci
şəxsi görmürəm.
Ona görə
də xalqımızın 2003-cü və 2008-ci
illərdə nə qədər dürüst seçim
etdiyinə sevinirəm.
Sevinirəm ona
görə ki, bu seçimin bəhrələri göz
qabağındadır.
Bu ali
seçimin nəticəsi gündən-günə
yüksələn, rövnəqlənən və qüdrətlənən
Azərbaycandır.
***
Vətənə və
millətə öz doğma ocağı, evi, minbir tellə
bağlı olduğu şəcərəsi kimi
yanaşmaqçün gərək dövlət
başıçısının zatında,
cövhərində nəcabət ola,
mərhəmət ola, nəbz kimi vuran insaf, ədalət
duyğusu ola.
Bunlar elə
hisslərdir ki, o vərdişlər gərək canda, qanda
həmişə dövr edə.
Nəciblik
sənin mayanda, varlığındadırsa, həyatın
ən dözülməz sınaqlarının da səni
başqalaşdırmağa, dəyişməyə,
qabalaşdırmağa gücü çatmır.
Bu
əhvalatı İlham Əliyev bizə hələ prezident
olmadığı çağlarda, Vətəndən uzaqlarda
- Strasburqda danışmış, həm də kimisə
ifşa etməkçün deyil, müqayisə edərək
sıravi bir polis işçisinin Əliyevlər ailəsi
amansız təqiblərə məruz qalarkən heç
nəyə məhəl qoymadan necə sədaqət
nümayiş etdirdiyini çatdırmaqçün
söyləmişdi.
Heydər
Əliyevin Mixail Qorbaçov tərəfindən dörd bir
yandan sıxışdırıldığı, mətbuatda
barəsində yüz cür hərzə-hədyanın,
iftiranın yer aldığı nisgilli günlərdən
birində İlham Əliyev Moskvadan Bakıya
gələsiymiş.
Təyyarənin
salonuna daxil olur.
"Atamın
vaxtilə vəzifə verdiyi,
irəliləyişlərinə səxavətlə
kömək göstərdiyi, ailəmizi də yaxşı
tanıyan bir məmurla düz qarşı-qarşıya
gəldik, baxışlarımız rastlaşdı. Yer dar idi,
görməməzliyə vurmaq mümkün deyildi və o adam mənimlə salamlaşmamaq,
danışmamaqçün üzünü yana çevirdi".
O vaxt söz-sözü
çəkmişdi, ona görə bu acı xatirə yada
düşmüşdü və qəlbimi çox
incitmişdi.
Belə insan
çürüklüyü və dönüklüyü
məni həmişə daxilən üzür.
Amma nə
gözəl ki, belə göynəkli həyat sancmaları
və namərdliklər bu böyük ürəkli insanın
geniş qəlbində zərrəcə də mənfi iz qoya
bilməyib.
Allah bilir,
bəlkə sonralar, artıq ixtiyarında geniş
səlahiyyətlər olanda, Prezidentliyə başlayandan sonra
həyat yenə onları qarşılaşdırıb.
Və
inanıram ki, Prezident İlham Əliyev o münasibətin
əvəzini çıxıb - mütləq diqqət
göstərib, mütləq yaxşılıq edib,
mütləq həmin şəxsin
qanıb-qanmayacağını gözləmədən
nəcibliyini edib.
Bunu arxayın
inamla ona görə yazıram ki, Prezident İlham Əliyevin
oxşar kübar münasibətinin, əfv etmək
böyüklüyünün, kiminsə keçmiş
naqisliklərini üzə vurmamaq
alicənablığının, yamanlığa
yaxşılıq məramına sadiqliyinin sıra-sıra
örnəklərini müşahidə etmişəm.
Bircəsini yada salsam
yetər - ölüm yatağında olan atası haqqında
düşməncəsinə ən insanayaraşmaz
ifadələri işlətmiş şəxsə
qayğılarını əsirgəmədi,
yüksəlişinə dəstək verdi,
bircə dəfə müraciət edincə şəhərin
ən arzulanan yerində mənzillə təmin etdi.
Millətin, Ölkənin
Rəhbəri olmağın qızıl açarı bu boyda
Ürəkdir!
Dövlətin
yaxşı rəhbərisənsə, bu Vətəndə
səninçün pis yurddaş yoxdur.
Bu xalq
yaxşısı və yamanıyla sənindir.
Aqili də,
cahili də sənin qayğına möhtacdır,
səndən kömək umur.
Cinayət
törədərək həbsxanada yatan məhbusundan da, bu
yurd üçün ən böyük fədakarlıqlar
edən qəhrəmanından da nəvazişini
əsirgəməməlisən.
Prezident İlham Əliyev bu
nəcibliyi də ən başlıca əxlaq
ülgüsü kimi gündəlik işində və
varlığında hər an
daşıdığı üçün qiymətlidir,
məhəbbətə və sayğıya layiqdir!
***
2003-cü ilin
oktyabrın13-də, qatıldığı ilk prezident
seçkilərinin baş tutmasından 2 gün öncə
İlham Əliyev Azərbaycan ziyalıları ilə
görüşürdu və "məni seçsəniz sizi
peşman etməyəcəyəm" dedi.
Bu,
xalqını, dövlətini sevən və onun xoşbəxt
sabahı üçün hər mübarizəyə hazır
bir Övladın verə biləcəyi vədlərin ən
təvazölüsü idi.
Vicdan və
düşüncə tariximizin inciləri
cərgəsindəki dəyərli toplu "Molla
Nəsrəddin"i yaradıb-yaşatmış Mirzə
Cəlili jurnalın yubileylərindən birində son söz
demək üçün səhnəyə dəvət
etmişdilər.
Cəlil
Məmmədquluzadə kürsüyə çıxana
qədər o çağın onlarla seçkin
şəxsiyyəti çıxış edərək bu
dərgiyə və onun redaktorunun ünvanına ən
yüksək təriflləri dilə gətirmiş, ən ali qiymətlərini ifadə etmişdilər.
Mirzə Cəlil
alqışlara bürünən cavab nitqində ikicə
kəlmə demişdi: "Görürsüz də!".
Və indi sizlər də
görürsünüz, əziz yurddaşlarım!
Bütün Azərbaycan da,
dünya da Prezident İlham Əliyevin ölkəmizə
rəhbər olduğu illər ərzində
yaratdıqlarını, nail
olduqlarını seyr edir.
2010-cu ili
başa vurub 2011-ci ilə qədəm atan Azərbaycan
2003-cü ilin Azərbaycanı deyil.
Bu
gözəllik və üstünlük fərqi bütün
yurd boyu o qədər qabarıqdır ki, onu
görməmək və etiraf etməmək
mümkünsüzdür.
Damarında əsl
vətəndaş, azərbaycanlı qanı dövran
edirsə, buna şadlanmamaq, qürurlanmamaq mümkün deyil!
Bu
xidmətlər təmənnasız xidmətlərdir.
Bu, Prezident
İlham Əliyevin düşüncə,
özünüifadə tərzi, yolu, üslubudur.
Biz "sağ
ol!" desək də, deməsək də, o yolunu, xeyirxah
xəttini davam etdirəcək,
əməlpərvərliyində ardıcıl, dönməz
olacaq.
Haqq
itirməmək, nankor olmamaq, yaxşını görmək
qabiliyyəti iman kamilliyindən, tərbiyə
dürüstlüyündən nişanədir.
Qədirbilən
olaq, İlhamımızı, daha böyük zəfər
və tərəqqilərə, qəlbdən gələn
səmimi "sağ ol!"larımızla ilhamlandıraq!..
***
Salnaməçi
Xandəmir xəbər verir ki, 1501-ci ildə Şah
İsmayıl Xətai ruhun bədənə daxil olduğu kimi
paytaxt Təbrizə girdi, öz vücudu ilə hakimiyyət
taxtını bəzədi.
XVI
yüzilliyin əvvəlində misilsiz dövlətçi
Şah İsmayıl bu əməliylə "ölkə
paytaxtdan başlanır" həqiqətini hər
kəsə anlatdı və məmləkətinin
tərəqqisinin təməl kərpiclərini ilk olaraq
səltənətinin baş şəhərində
düzməyi qət etdi.
XXI yüzilliyin
girəcəyində, artıq yeni zamanda Azərbaycan
dövlətinin öndəri olan Prezident İlham Əliyev
isə öz mütərəqqi fəaliyyətləri ilə
başqa model təklif etmiş oldu: "Ölkə yalnız
paytaxtdan deyil, bölgələrdən, yurdun dörd
bucağından başlanır!".
Prezident İlham Əliyev
bölgələrin sosial və iqtisadi inkişafı
haqqında dövlət proqramı qəbul etdi,
qətiyyətli ardıcıllıqla onun həlli yolunda
çalışmalara təkan verdi.
Və Azərbaycan
paytaxtı, elə təməlindən göyçək olan
Bakı günbəgün dəyişərək,
qəşəngləşərək insanı məftun
edən yeni cazibədarlığa çatdıqca
kəndlərimiz, qəsəbələrimiz,
rayonlarımız da həmin sürətlə
hüsnünü dəyişməyə,
sıçrayışlı tərəqqiyə,
müasirləşməyə, daha yaşamalı və
işləməli olmağa başladı.
Avropa və
Amerika filmlərində görüb qibtə etdiyimiz
müəssisələrin, sarayların, məktəblərin,
səhiyyə ocaqlarının, yolların,
körpülərin, xiyabanların onlardan da
üstünləri regionlarımızı
bəzəməyə başladı.
İş
dalınca rayonlardan şəhərə axışanlar,
şəhərdən kəndlərə yönəldilər.
Müasir
müstəqil Azərbaycan dahi Heydər Əliyevin şah
əsəridirsə, müasir firavan, güclü, sabaha
inamlı Azərbaycan da Prezident İlham Əliyevin şah
əsəridir.
***
Lap astanasında
dayandığımız 2011-ci ilin yanvar günlərində
Azərbaycanın Avropa Evinə daxil olmasının, demokratiya
məktəbi sayılan Avropa Şurasına həqiqi
üzvlüyə qəbul edilməsinin 10 ili
tamamlanacaq.
Bu 10 illik yol
Azərbaycanın dövlətçilik və demokratiya
tarixindəki ən əlamətdar
mərhələlərdəndir və həmin yuvarlaq
ildönümünü biz alın
açıqlığı, aşkar qürur hissi ilə
qarşılıyırıqsa, bunda Prezident İlham
Əliyevin xüsusi vurğulanmalı birbaşa əməyi
var.
Dövlət həyatında
və böyük siyasətdə olduğu son 10 ildən
artıq müddətdə İlham Əliyev bu qısa tarix parçasına
sığmayacaq qədər nəhəng və mahiyyəti
etibarı ilə hamısı yaxın və uzaq
perspektivdə millətəxeyir siqlət daşıyan bolluca
işlər görüb!
Artıq ciddi
faydalarından bəhrələndiyimiz və
qarşıdakı illərdə mənfəətini
bütün xalqımızın il-il artan bir sürətlə
duyacağı neft müqavilələrinin bağlanması,
Azərbaycan iqtisadiyyatının yüksəlişini
təmin edən və müstəqilliyimizin qorunmasının
ən sarsılmaz zirehlərindən olan neft siyasətinin
məharətlə aparılması İlham Əliyevin ən
mühüm dövlətçi
şücaətlərindəndir.
Yeni əsrin lap
başlanğıcında dünyanın ən
mötəbər təşkilatlarından olan Avropa
Şurasında İlham Əliyevin təşəbbüsü
və bilavasitə iştirakı Azərbaycanın vacib
maraqlarını və məramlarını ifadə edən
sənədlərin hazırlanması, Ermənistanın
ölkəmizə təcavüzünin ifşası və
Azərbaycan əleyhinə informasiya blokadasının tam
yarılması səmtində səyləri, Strasburqda, Avropa
Şurasının tribunasından dövlətimizə və
millətimizə qənim kəsilmiş Ermənistanı
ifşa edən bir-birindən kəskin onlarca
çıxışı ən yüksək
təqdirlərə və əhsənlərə layiqdir.
Yer
kürəsinin hər səmtinə səpələnmiş,
xərçəng mərəzi kimi köklərini
dərinlərə işlədərək qol-budaq
atmış, təşkilatlanmış erməniçilik XX
əsrin son çərəyində Azərbaycanı
informasiya müharibəsində udmuşdu - özü də
saxta, yalan təbliğatla.
İlham Əliyevin
millətimizə və dövlətimizə ən
əhəmiyyətli xidmətlərindən biri də məhz
həmin informasiya blokadasını sözün birbaşa
mənasında darmadağın etməsi, bütün Avropaya
və dünyaya Ermənistanın və ermənilərin
iç üzünü eybəcər
çılpaqlığı ilə göstərməsi oldu.
Bu son
dərəcə önəmli işi İlham Əliyev
Strasburqda, Avropa Şurasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri olarkən
bilavasitə özü başladı və ölkə
Prezidenti seçiləndən sonra həmin siyasəti
bütün istiqamətlərdə təşkil edərək
sistemli və davamlı şəkildə həyata keçirilməsi
üçün tədbirlər tökdü.
İlham
Əliyev əvvəlcə AŞPA-da Avropanın siyasi
elitasının ən seçkin şəxsiyyətləri
ilə mütəmadi dialoqlarında onların beynini
dəyişdi, onların gözlərini əsl
həqiqətlərə açdı.
Tədricən
40-dan çox Avropa ölkəsinin parlamentarları
qarşılarındakı güclü şəxsiyyətin
cazibəsilə ölkəmizə də İlham Əliyevin
Azərbaycanı kimi yanaşaraq daha ehtiramlı
münasibət bəsləməyə başladılar.
Və onlar
İlham Əliyevi bizdən öncə seçdilər.
2003-ün
yanvarında İlham Əliyev Avropa Şurası Parlament
Assambleyasının vitse-prezidenti oldu.
Heç bir
dünya təşkilatında indiyədək heç bir
azərbaycanlı bunca yüksək mərtəbəyə
ucalmamışdı.
Onlar elə
Azərbaycanda da İlham Əliyevi bir Prezident kimi görür
və onun gəlişini arzulayırdılar.
Çünki
sezirdilər ki, varlığında Qərb və Şərq
dəyərlərini birləşdirən, ən müasir
çevik siyasi təfəkkürə malik, demokratik
dəyərlərə sadiq olan bir şəxsiyyətlə
üzbəüzdürlər.
Avropa
Şurası o yerdir ki, adətən orada tərif seyrək
olur. Tənqidsə, gen-bol. Həmin
təşkilatın qurucusu olan, Avropa Şurasında 1949-cu
ildən bəri aparıcı mövqe tutan Fransa da,
Belçika, İngiltərə də və onlar kimi qocaman
demokratiya ənənəsi olan digər ölkələr də
bu gün belə tənqiddən sığortalanmayıblar,
vaxtaşırı məhşər ayağına
çəkilirlər. Onda qalmış Azərbaycan kimi yeni
müstəqillik qazanmış, qapalı sovet rejimindən
təzəcə qurtulmuş ölkə ola.
Heydər
Əliyev çox uzaqgörən, çox dərin idi.
İlham
Əliyevin Avropa Şurasındakı Azərbaycan
nümayəndə heyətinin rəhbəri olmasına
razılıq verəndə o anlayırdı nəyə gedir.
Yaxşı
dərk eləyirdi İlham Əliyevi də, Azərbaycan
nümayəndə heyətini də orada qaynar
mübarizələr, haqlı-haqsız həmlələr
gözləyir.
Və həmin
qarşıdurmalar meydanında İlham Əliyev 3 il ərzində bir neçə 3 ilə
sığacaq qədər sürətli inkişaf yolu
keçdi. Mübarizələrdə bərkidi,
püxtələşdi, mətinləşdi. Həm
Azərbaycanın bir çox haqlarının etiraf
edilməsinə nail oldu, həm Azərbaycanı bir
bölük ədalətsiz hücumlardan və mümkün
ziyanlardan hifz elədi.
Və həm
də bir siyasətçi və dövlətçi olaraq
özünü ən sanballı Avropa
siyasətçilərinin nəzərində tam
təsdiqlədə bildi.
Zəka
işığı, təfəkkür enerjisi, bilik,
məntiq, nitq gözəlliyi elə sərvətlərdir ki,
onları gizlətmək mümkün deyil.
Yanaşı
dururlar və danışırlar.
Dünyanın
irili-xırdalı ölkələrinin liderləri və
Azərbaycan Prezidenti İlham Əliyev.
Siz də
hər biriniz müşahidə edirsiniz.
Amma tək biz
yox, dünya da görür və müqayisə edir.
Kimin kim
olduğu aydınca sezilir.
Və Heydər
Əliyevlə olduğu kimi İlham Əliyevlə də
Azərbaycan əslində olduğundan daha böyük
görünür!
***
...Əzəmətli
cazibədarlığı ilə ucalan həmin
"İsmailiyyə"nin
zirvəsində, dəndanələrin
aşağısında nəqş olunmuş və
mərdiməzar şura hökumətinin gələn kimi
tələf etdiyi hikmət dolu ikinci cümlə belə
imiş: "Dünyanın qatışıqlığı
təəcüblü deyil, təəcüblü olan insanın
bu qatışıqlıqdan necə baş
çıxarmasıdır".
Ən
müxtəlif qibtə və maraqların hədəfi olan,
qitələrin və toqquşan siyasətlərin
kəsişməsində yerləşən Azərbaycan kimi
bir ölkənin başçısı olaraq bu
mürəkkəbdən mürəkkəb müasir
dünyada baş çıxarmaq sadəcə çətin
deyil.
Çətindən çətindir !
Bir dəfə
rəhmətlik Heydər Əliyev Azərbaycanın siyasət
labirintlərindəki yolunu Qıl Körpüyə
bənzətdi, "bu Sirat Körpüsü kimi
incədən incə elə bir yoldur ki, sağa, ya sola
bircə yanlış addımla uçuruma yuvarlana
bilərsən".
Heydər
Əliyev həmin mürəkkəblik içərisində
varolma və irəliləmənin ideal düsturunu
müəyyənləşdirdi.
Prezident
İlham Əliyev o ülgünü, o mükəmməl
cizgini dəyişən şəraitlərdə bir
qədər də cilalayaraq inkişaf etdirdi.
Azərbaycan
elə bir dövlət kimi ucaldı ki, onun rəhbəri cavan
yaşı ilə bölgənin, bütövlükdə
türk dünyasının liderlərindən birinə
çevrildi, ən böyük dövlətlər regionun
siyasi taleyi ilə bağlı ən həlliçətin
məsələlərdə Prezident İlham Əliyevə
məsləhətçün üz tutdular.
Və
üstün nüfuzu, sahmanlı, nizamlı siyasəti ilə
Prezident İlham Əliyev Azərbaycanı çox
bəlalardan salamat çıxara bildi.
XXI əsrin birinci onilinin
qurtaracağında dünyanı silkələyən əcaib
hadisələr baş verdi.
Dövlətlərin
elə məxfi sirləri, elə qapalı
danışıqlarının təfərrüatları bir
an içində hər kəsə faş oldu ki, bunları
ən cəsarətli fantast yazıçı da ağlına
gətirməzdi.
Və o gizlindən gizlin
yazışmaların, danışıqların və
dartışmaların bizə aid soraqları arasında
dövlətimizin başçısının Azərbaycanın
ümdə maraqları uğrunda bağlı qapılar
arxasında necə mətanətlə, qətiyyətlə,
cəsarətlə mübarizələr
apardığını, ölkəmizi və millətimizi
hansı bəlalardan hifz etdiyini duyduq.
Belə Rəhbər və
belə Oğulla necə fəxr etməyəsən!
***
Üzdən
baxanda İlham Əliyev çox səbrli, təmkinli
görünür. Hiss edirsən ki, yüz ölçüb, bir
biçməmiş addım atmaz.
Lakin
məqamı düşəndə, gərək olanda risk
etməyi bacarmaq da bişkin siyasətçilərə xas
olan məziyyətdir.
Yeri
düşəndə fəhmin, intuisiyanın, altıncı
duyğunun pıçıltısına da qulaq asmaq
zəruriyyəti doğur.
Və bir
dəfə də olsun Prezident İlham Əliyevi siyasi
intuisiyasında yanılan görmədik.
Riskləri
də hər zaman özünü doğruldub, faydasını
verib.
Ağıllı
adamın riski də əslində onun içərisində
cərəyan edən düşüncələrinin
davamıdır.
O dayaz
adamlardır ki, siyasətin böyük şahmat olduğunu unudaraq
nərdçi düşüncəsi ilə "ya bəxt,
nə olar-olar" deyə riskə gedirlər.
Çiyinlərinə
millətin rəhbəri olmaq yükünü daşımaq
səlahiyyətini və məsuliyyətini götürən
lider yeri düşəndə risk də etməli olur.
Biz etdiyi risklərin millətin, ölkənin,
dövlətin başına hansı fəsadlar doğura
biləcəyini anlamadan elə qarasına hərəkət
etmiş, bununla da acısını hamımızın
daddığımız bəlalara bais olmuş başçıları
da yaxın tariximizdə görmüşük.
Liderin
riskində də hazırlıq, araşdırma, elm
olmalıdır.
Əsl
öndər risk edəndə də nəticəni
irəlicədən təsəvvür edə bilməlidir.
Şükür ki, alnına qarşıdakı
illərdə dövlətimizi və xalqımızı
idarə etmək yazılmış İlham Əliyev
risklərində də bəsirətlidir və bunu
dəfələrlə yaxın məsafədən
görüb müsbət nəticələrinin məmnun
şahidi olmuşuq.
Bu
cəhətdən də Prezidentimiz bel bağlanılası,
əminliklə tale etibar ediləsi başçıdır.
Və onun
arsenalında hər halda bir vacibdən vacib risk günü
də növbədədir.
İllərdir
ki, gücünü, qüdrətini artıra-artıra
Azərbaycanı qələbəylə bitəcək
həmin risk gününə hazırlayır!
***
Prezident
İlham Əliyevin bir gücü və dayağı da
ailəsi, doğmalarıdır.
Ən yaxın silahdaşı olan,
mədəniyyətimiz, maarifimiz, gəncliyimiz, deməli,
sabahımız üçün sanballı işlər
görən, milləti bütün dünyaya uca göstərən
qiymətli layihələri həyata keçirən,
azərbaycanlının və bütövlükdə
Vətənin şöhrətini, hörmətini
artırmağı bacaran həyat yoldaşı Mehriban
xanım, eyni yolun yolçuları olan qızları.
Heydər
Əliyevin oğlu olan İlham Əliyevin oğlu da Heydər
Əliyevdir.
Və ulu
öndər üçün daşıdığı ad
sadəcə ad deyildi, həm də bir yadigar, yaddaş idi.
Bu adı
onun dayısı daşımışdı.
Azərbaycanlıların
qanına susamış ermənilərin həlak etdiyi
şəhid qardaşının şərəfinə
anası İzzət xanım ona bu adı vermişdi.
Böyük
dövlət adamı Heydər Əliyev
daşıdığı adın onunçün həm də
bir rəmz olduğunu, Vətənin
bütövlüyünü, toxunulmazlığını
qorumağa çağırış olduğunu heç vaxt
unutmadı.
Bu
həqiqəti Prezident İlham Əliyev də bir göz
qırpımı belə unutmaz!
Bu ad Prezident
İlham Əliyev üçün ikiqat müqəddəs,
ikiqat rəmzidir.
Vətən və dövlət qarşısındakı
böyük borcundan əlavə atasının və
övladının daşıdıqları adın
yaşatdığı yaddaşın həqiqəti Baş
Komandan İlham Əliyevi həyatının ən umulan
qələbəsinə mütləq çatdıracaq!
Tarixin
çox sınaqlarından adlamış bu xalqın və bu
yurdun sevinmək, firavanlıq içində, bayramlar qoynunda
yaşamaq haqqı var.
Gərək
bu millətin təqvimində bayram rənginə
boyanmış günlər çox ola.
Hələ
təqvimimizdə olmayan daha bir qırmızı
yarpağın, hələ təntənəsini
yaşamadığımız ən əziz bir bayramın
sorağındayıq.
Zəfər
bayramının!
Gələn
il və sonra hər il Şuşada
atəşfəşanlıqla başlanacaq bayramın!
Dünya boyu
bütün azərbaycanlıları riqqətə
gətirəcək həmin mübarək günü də
Azərbaycana Prezident İlham Əliyev bağışlayacaq!
Bu gün Ona
- Prezidentimizə və Millətə - hər birinizə arzum
budur - könül istər ki, o əzizdən əziz
millət bayramına imzanı Prezident İlham Əliyev
ömrümüzün və ömrünün yeni
başlanacaq növbəti ilində atsın!
Amin!
Rafael
HÜSEYNOV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor
Xalq qazeti.-2010.-24 dekabr.-S.3-4