Neft Akademiyasında akademik
Şəfaət Mehdiyevin
100 illik yubileyi qeyd edildi
Bu il dekabrın
15-də Azərbaycan elminin
görkəmli nümayəndəsi,
akademik Şəfaət
Mehdiyevin 100 yaşı
tamam olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dünya şöhrətli alim və ziyalının 100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi üçün
8 noyabr 2010-cu il tarixli sərəncam imzalayıb. Sərəncama
uyğun olaraq xeyli vaxtdır ki, respublikanın bir sıra elmi
müəssisələrində, eləcə də Bakı, Naxçıvan və Gəncə kimi iri şəhərlərdə
Şəfaət Mehdiyevin
yubileyinə həsr olunmuş geniş tədbirlər keçirilir.
Dekabrn 24-də belə
silsilə tədbirlərdən
biri Azərbaycan Dövlət Neft Akademiyasında keçirildi.
Tədbirdə respublika elmi ictimaiyyətinin, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin nümayəndələri iştirak
edirdilər. Giriş sözü ilə
Neft Akademiyasının
rektoru Siyavuş Qarayev çıxış
edərək bildirdi ki, Azərbaycanda geologiya-mineralogiya elminin inkişafı, neft geologiyası üzrə təcrübəli kadrların
yetişdirilməsi sahəsində
akademik Şəfaət
Mehdiyevin əvəzsiz
xidmətləri olmuşdur.
İyirminci əsrin neft sənayesinin böyük tərəqqi
tapdığı
bir dövr olduğunu qeyd edən rektor bildirdi ki, Şəfaət
Mehdiyev məhz belə bir dövrdə
Azərbaycanda neft geologiyasının inkişafına,
yeni yataqların aşkar edilməsinə əhəmiyyətli töhfələr
vermişdir.
Siyavuş Qarayevin sözlərinə
görə, görkəmli
alim 1910-cu ildə Cənubi Azərbaycanın
Sərab vilayətinin
Şalqun kəndində
yoxsul bir ailədə dünyaya göz açmış, uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçmüş, ilk
təhsilini Sabunçu
qəsəbəsindəki məktəbdə almışdır.
1930-cu ildə o, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun
(indiki Neft Akademiyası) geoloji kəşfiyyat fakültəsinə
daxil olmuşdur. Zəhmətkeşliyi, çalışqanlığı
və biliklərə
dərindən yiyələnmək
həvəsi onun təkcə öz ixtisası ilə kifayətlənməyərək xarici dilləri öyrənməsinə də
səbəb olmuşdur.
Şəfaət Mehdiyevin
hələ tələbə
ikən rus dilindən tərcümə
etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya
kursu" kitabı sonradan 20-25 il ərzində tələbələrin
istifadə etdiyi dərslik olmuşdur. Gənc yaşlarından elmə böyük həvəs göstərən
Şəfaət Mehdiyev
hələ tələbəlik
illərində elmi-tədqiqat
işləri ilə məşğul olmağa
başlamışdır. Lakin 1941-ci ildə
Böyük Vətən
müharibəsinin başlanması
ilə əlaqədar
təhsilini yarımçıq
qoyaraq cəbhəyə
yola düşmüş,
layiqli xidmətlərinə
görə döyüş
orden-medalları ilə
təltif edilmişdir.
1944-cü ildə cəbhədən
qayıdaraq elmi fəaliyyətini davam etdirmişdir.
Rektorun bildirdiyinə görə, bir müddət neft mədənlərində çalışsa
da, gənc geoloq elmi araşdırmalarına
da ara verməmişdir.
Elmi axtarışlarını
yorulmadan davam etdirən Şəfaət
Mehdiyev 1945-ci ildə namizədlik, 1950-ci ildə
doktorluq alimlik dərəcələrini müdafiə
etmişdir. Onun "Abşeron yarımadası
neft yataqlarının
geotermikası" adlı
namizədlik işi neft geologiyası sahəsində mühüm
elmi əhəmiyyətə
malik bir əsər kimi tezliklə elmi ictimaiyyətin diqqətini
cəlb edir. Ancaq alimin doktorluq
işi tamam başqa bir mövzuya - Talış dağ silsiləsi və Lənkəran rayonunun geoloji tədqiqatına həsr olunur. Akademik Şəfaət Mehdiyev
1954-1958-ci illərdə Elmlər
Akademiyası Geologiya İnstitutunun direktoru,
1958-1965- ci illərdə
Azərbaycan Dövlət
Universitetinin rektoru vəzifələrində çalışmışdır.
Həmin ildən ömrünün sonunadək
Geologiya İnstitutunun
"Neft və qaz geologiyası" kafedrasına rəhbərlik
etmişdir. Eyni zamanda, indiki Neft Akademiyasında müəllim işləmiş,
mühazirələr oxumuşdur.
Görkəmli alim elmi işlərindən əlavə,
bədii yaradıcılıqla
da məşğul olmuş, hekayə, povest, şeir və dram əsərləri
yazmışdır. Şəfaət
Mehdiyev gənc neft-qaz mütəxəssislərinin
və bu sahədə elmi kadrların yetişdirilməsi
məsələsinə də
həmişə böyük qayğı ilə yanaşmışdır.
Neft Akademiyasının
professoru Bağır Bağırov akademikin elmi fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, Şəfaət
Mehdiyev çətin və mənalı bir ömür yolu keçib, Azərbaycanın geologiya-mineralogiya
elminə sanballı töhfələr verib. Onun sözlərinə görə, əvvəllər
neft yığımının
4, 5, yaxud 6 kilometr dərinlikdə olması barədə elmi fikirlər mövcud olub. Ancaq Şəfaət
Mehdiyev elmi cəhətdən əsaslandırıb
ki, yerin hətta 9-10 kilometr dərinliklərindəki laylarda
da xeyli miqdarda nəinki qaz, həm də
neft yığımları
toplana bilər. Bu, o vaxt
üçün inqilabi
fikir olub və bu nəzəriyyə
əsasında Abşeron
arxipelaqının yeni
neft və qaz yataqları ilə zəngin olduğu, böyük perspektivlərə malik olduğu təsdiqlənib.
Onun bu fikirləri
Meksika körfəzində
neft-qaz yataqlarının
kəşfi sahəsində
də öz təsdiqini tapıb. Cəfakeş alim, eyni zamanda, neftin
mənşəyinin dərinlik-biogen
nəzəriyyəsini irəli
sürüb. Məhz bu nəzəriyyələr
respublika neft-qaz sənayesinin və neft geokimyası elminin gələcək inkişafı üçün
möhkəm baza rolunu oynayıb.
Professorun sözlərinə görə,
akademik Şəfaət
Mehdiyev həm də tələbələrin
böyük dostu olub, daim onların
qayğısına qalıb,
istedadlı və bilikli tələbələrini
məsləhət bildiyi
sahələrə işə
göndərib və sonradan inkişafına kömək edib.
"O, sanki dünyaya
xeyirxahlıq üçün
gəlmişdi", - deyə
professor qeyd etdi.
Bağır Bağırovun dediyinə
görə, görkəmli
alim həm də yaxşı ailə başçısı
olub, dövlətimiz və xalqımız üçün layiqli övladlar böyüdüb.
Övladları Arif Mehdiyev Prezident yanında Ali Attestasiya Komissiyasının
rəhbəridir, Ülvi
Mehdiyev atasının
yolunu davam etdirir, geologiya- mineralogiya elmləri doktorudur, Aqşin Mehdiyev Azərbaycanın BMT-dəki daimi nümayəndəsidir, Fərhad
Mehdiyev isə həkimdir.
Təhsil nazirinin müavini İradə Hüseynova Şəfaət
Mehdiyevin elmi və ictimai fəaliyyətinin dövlət
tərəfindən də
həmişə yüksək
qiymətləndirildiyini bildirdi.
Onun sözlərinə
görə, ümummilli
liderimiz Heydər Əliyev akademikin elmi yaradıcılığını
daim diqqət mərkəzində saxlayıb.
Prezident İlham Əliyevin onun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı
da akademikin elmi fəaliyyətinə göstərilən qayğı
və diqqətin nümunəsidir. Hazırda
Bakı Dövlət Universitetinin geologiya fakültəsində Şəfaət
Mehdiyev adına təqaüd və mükafat təsis edilib.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə Şəfaət Mehdiyevin Azərbaycanın geologiya-minerorlogiya
elmi tarixində silinməz izlər qoyduğunu, yeni elmi nəzəriyyələr
irəli sürdüyünü,
eyni zamanda, çoxlu alimlər, neft -qaz mütəxəssisləri
yetişdirdiyini, uzun illər onunla çiyin-çiyinə işlədiyi
üçün özünü
xoşbəxt hiss etdiyini, görkəmli ziyalıdan həyatda çox şeylər öyrəndiyini bildirdi.
Neft Akademiyasının müəllimi, geologiya-mineralogiya
elmləri doktoru Hüseyn Hüseynov və kafedra müdiri Tulparxan Salavatov unudulmaz ictimai və elm xadimi ilə
bağlı xatirələrini
danışdılar. Sonda akademikin
oğlu Ülvi Mehdiyev atasının 100 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsi üçün şərait
yaratdığına görə
Prezident İlham Əliyevə və yubiley tədbirlərinin yüksək səviyyədə
keçirildiyinə görə
respublikanın elmi ictimaiyyətinə minnətdarlığını
bildirdi.
Paşa ƏMİRCANOV,
Xalq qəzeti.-2010.-25 dekabr.-S.7.