Ədalətli
və düzgün seçim
Dövlətimizin başçısının
mətbuatın və azad sözün inkişafına
böyük qayğısı qədirbilənliklə etiraf
olundu
Azərbaycanın
böyük tarixi var. Bu böyük tarixə nəzər
salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu
qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır,
mətbuat bu qədər azad olmayıbdır.
Heydər
ƏLİYEV Ümummilli lider
Dekabrın
1-dən 20-nə kimi "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin
dostu" mükafatı qalibinin
müəyyənləşdirilməsi ilə bağlı
kütləvi informasiya vasitələri və jurnalist
təşkilatları arasında sorğu keçirilmişdir.
Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal,
11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya
portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93
kütləvi informasiya vasitəsi iştirak edib.
Mükafatın əsasnaməsinə uyğun olaraq
gündəlik qəzetlərə, televiziya kanallarına
və informasiya agentliklərinə 2, digər kütləvi
informasiya vasitələrinə və jurnalist
təşkilatlarına bir anket təqdim olunub. Respondentlər
"2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi
xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab
edirsiniz" sualına cavab verməli idilər.
Sorğuda
iştirak edənlərin 81 faizi Azərbaycan Prezidenti İlham
Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən
layiqli namizəd hesab edib. Mükafatın
əsasnaməsinə görə, kütləvi informasiya
vasitələrinin inkişaf etdirilməsi sahəsində
tutduğu vəzifəsindən asılı olmayaraq
müstəsna xidmətləri olan şəxslər
mükafatın laureatı ola bilərlər.
Qeyd edək ki, bu mükafat ilk dəfə 1997-ci
ildə təsis edilmişdir. Əsas məqsəd
cəmiyyətdə söz və məlumat azadlığı
prinsiplərini inkişaf etdirmək, kütləvi informasiya
vasitələri ilə dövlət orqanları, özəl
qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında
əlaqələrin möhkəmləndirilməsinə
köməklik göstərmək və mətbuata
qayğı ənənələrini
stimullaşdırmaqdır. Sonuncu dəfə
2002-ci ildə ümummilli lider Heydər Əliyevə
təqdim edilən "Jurnalistlərin dostu"
mükafatının 8 ildən sonra bu böyük tarixi
şəxsiyyətin siyasi kursunun ən layiqli
davamçısı Azərbaycan Prezidenti İlham
Əliyevə verilməsi heç də təsadüfi xarakter
daşımır.
İlham
Əliyev prezidentlik fəaliyyətinə başladıqdan
sonra kütləvi informasiya vasitələrinə
dövlət qayğısı keyfiyyətcə yeni
mərhələyə qədəm qoydu. Müstəqil
dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında
demokratik dəyərlər daha geniş şəkildə
bərqərar olunduqca söz və mətbuat
azadlığının qanunvericilik bazası bir o
qədər möhkəmləndi. Möhtərəm
Prezidentimizin rəhbərliyi altında həyata
keçirilən mühüm əhəmiyyətli
tədbirlər nəticəsində kütləvi informasiya
vasitələrinin daha da demokratikləşməsi
istiqamətində qətiyyətli addımlar atıldı.
Ölkədə söz və mətbuat azadlığına
jurnalistəlrin öz iradələrini azad
şəkildə ifadə etmələrinə əlverişli
şərait yaradıldı. Azərbaycan Prezidentinin 2005-ci il
21 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin
təltif edilməsi", "Azərbaycan mətbuat
işçilərinə fəxri adların verilməsi
haqqındə", həmçinin "Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında"
sərəncamlarında jurnalistələrin əməyinə
yüksək qiymət verilməsi və onların
problemlərinin aradan qaldırılmasının
dövlətin diqqət mərkəzində saxlanılması
bir daha öz əksini tapdı. Azərbaycan
mətbuatının əsasının qoyulmasının 130 illik yubileyinin bütün
bölgələrdə təntənəli şəkildə
qeyd edilməsi, jurnalistlərə fəxri adların,
mətbuat sahəsində uzun illər çalışanlara
Prezident təqaüdünün verilməsi dövlət
başçısının mətbuata göstərdiyi
qayğının təzahürüdür. Ulu öndər Heydər Əliyevin söz və
mətbuat azadlığının demokratik dəyərlər
çərçivəsində inkişafını
layiqincə davam etdirən möhtərəm Prezident İlham
Əliyev mətbuatın maddi-texniki və maliyyə
bazasının möhkəmləndirilməsi
istiqamətində də mühüm sərəncamlar imzalamışdır.
2006-cı il fevralın 8-də imzalanmış
"Qəzetlərin "Azərbaycan"
nəşriyyatına olan borclarının
ödənilməsi barədə sərəncamı
diqqətə çatdırmaq istərdik. Bu tarixi
sənədə əsasən kütləvi informasiya
vasitələrinin "Azərbaycan" nəşriyyatına
olan 450 min ABŞ dolları məbləğindəki borcu
dövlət büdcəsindən ödənilmişdir.
Qürurla qeyd etmək lazımdır ki, qəzetlər
arasında ayrıseçkiliyə yol verilməmişdir.
Çünki
"Azərbaycan" nəşriyyatına borcları
ödənilən qəzetlər sırasında
müstəqil və müxalifətyönümlü
qəzetlər çoxluq təşkil etmişdir. Baxmayaraq ki, bəzi müxalifətyönümlü
qəzetlər Azərbaycanın son illər siyasi-iqtisadi
və mədəni sahələrdə qazandığı
uğurlara qısqanclıqla yanaşır, ölkəmizin
xarici siyasət sahəsində əldə etdiyi
nailliyyətlərə və beynəlxalq miqyasda yüksək
qiymətləndirilən demokratik seçkilərin
nəticələrinə kölgə salmağa
çalışır, həmin qəzetlərin də
nəşriyyata olan borcları dövlət büdcəsi
hesabına ödənilmişdir.
Ulu öndərin ideyalarını
ləyaqətlə davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev mətbuata göstərilən
dövlət qayğısını daim diqqətdə
saxlamışdır və bu sahədə bir-birinin ardınca
mühüm əhəmiyyətli sərəncamlar
imzalamışdır. 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinə birdəfəlik maliyyə yardımı
göstərilməsi haqqında", həmçinin
"Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında"
sərəncamlar milli mətbuatın problemlərinin
həllində keyfiyyətcə yeni mərhələnin
əsasını qoydu. Mətbuata dövlət
dəstəyi konsepsiyası kütləvi informasiya
vasitələrinin maddi-texniki bazasının
gücləndirilməsində, vətəndaş
cəmiyyəti quruculuğunda və jurnalistlərin maddi rifah
halının yaxşılaşdırılmasında
böyük rol oynadı. Bunun ardınca möhtərəm
Prezidentimiz İlham Əliyev 2009-cu il 3
aprel tarixində "Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması haqqında" sərəncam imzaladı.
Bununla da jurnalistlərin problemlərinin aradan
qaldırılması istiqamətində daha bir
qətiyyətli addım atıldı. Qeyd edək ki, fond fəaliyyət göstərdiyi
müddətdə kütləvi informasiya
vasitələrinə, agentliklərə və
jurnalistlərə birdəfəlik maddi yardım
göstərir, mütəmadi olaraq müxtəlif
mövzularda müsabiqələr təşkil edir,
qaliblərə pul mükafatları verilir.
Dövlətimizin başçısı milli
mətbuatımızın inkişafına davamlı
dəstəyin təmin edilməsi və mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
işini davam etdirmişdir. Zəngin tarixi
ənənələrə malik Azərbaycan milli
mətbuatının müstəqil dövlət
quruculuğuna və inkişafına, habelə
milli-mənəvi dəyərlərimizin qorunmasına
mühüm töhfələr verməsi möhtərəm
Prezidentimizin diqqətindən bir an olsun kənarda qalmamışdır.
Məhz bunun nəticəsi olaraq Prezident İlham Əliyev
Azərbaycan milli mətbuatının 135 illiyi ilə
əlaqədar 2010-cu il 21 və 22 iyul tarixlərində
bir-birinin ardınca iki sərəncam imzalamışdır. "Azərbaycan milli mətbuatının 135 illiyi
ilə əlaqədar tədbirlərin
maliyyələşdirilməsi və Azərbaycan
Respublikasının kütləvi informasiya
vasitələrinə birdəfəlik maliyyə
yardımının göstərilməsi haqqında"
sərəncama əsasən, 32 qəzet redaksiyasının
hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər
birinə 10 min manat birdəfəlik maliyyə yardımı
ayrılmışdır. Bununla yanaşı,
milli mətbuatımızın 135 illiyi ilə əlaqədar
tədbirlərin keçirilməsi üçün
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min
manat məbləğində birdəfəlik maliyyə
yardımı edilmişdir. Ümumiyyətlə,
milli mətbuatımızın 135 illiyinin təntənəli
şəkildə qeyd edilməsi üçün Azərbaycan
Respublikasının 2010-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat məbləğində
vəsait ayrılmışdır. Mətbuat
işçilərinin qarşılaşdıqları
problemlərin mütəmadi olaraq aradan qaldırılması
istiqamətində dövlət başçımızın
həyata keçirdiyi mühüm əhəmiyyətli
tədbirlər də yüksək qiymətə layiqdir. Azərbaycan Prezidentinin bu məqsədlə
imzaladığı 22 iyul 2010-cu il tarixli "Azərbaycan
mətbuat işçilərinin sosial-müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında"
sərəncamı təkcə ölkəmizdə deyil,
beynəlxalq aləmdə də yüksək
qiymətləndirilmişdir. Çünki bu vaxta qədər
heç bir ölkədə jurnalistlər
dövlət vəsaiti hesabına tikilən mənzillə
təmin olunmayıb, Azərbaycanda isə mətbuat
işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması və
onlar üçün yaşayış evlərinin
tikilməsi məqsədi ilə 2010-cu il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat vəsait ayrılmışdır. Bütün bunlar bir
daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin
siyasi kursu bu gün müvəffəqiyyətlə həyata
keçirilir. Bunun nəticəsidir ki, milli
mətbuatımız daim dövlətin diqqət və
qayğısı ilə əhatə olunmuş, söz və
mətbuat azadlığının inkişaf etdirilməsi
və maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir.
Azərbaycan milli mətbuatının 135 illik yubileyi
günündə Mətbuat Şurasının hər cür
şəraitə malik və müasir avadanlıqlarla təmin
olunmuş binasının açılış mərasiminin
keçirilməsi və Azərbaycan Prezidentinin həmin
tədbirdə iştirakı mətbuata göstərilən
dövlət qayğısının bariz
nümunəsidir. Bu gün yüzlərlə jurnalistin
müxtəlif dövlət təltiflərinə,
"Əməkdar jurnalist" fəxri adına layiq görülməsi
ölkəmizdə jurnalistlərə göstərilən
qayğının davam etdirilməsindən xəbər verir.
Qeyd etmək istərdik ki, ölkəmizdə fikir, söz
və mətbuat azadlığı dövlət
başçısı İlham Əliyevin siyasi kursunun və
qazanılan demokratik nailiyyətlərin mühüm tərkib
hissəsidir. Azərbaycanın kütləvi informasiya
vasitələrində çalışan hər bir
əməkdaş bunu dərk edir və yüksək
dəyərləndirir.
"Jurnalistlərin dostu" mükafatı qalibinin
müəyyənləşdirilməsi ilə bağlı
kütləvi informasiya vasitələri və jurnalist
təşkilatları arasında sorğu keçirilən
zaman təbii ki, respondentlər bu məqamları
diqqətdən qaçırmamalı idilər və
qaçırmadılar da. Çünki son 7 ildə
Azərbaycanda müstəqil mətbuatın demokratik
prinsiplər əsasında inkişafına və
kütləvi informasiya vasitələrində
çalışanların sosial müdafiəsinin
möhkəmləndirilməsinə Prezident İlham Əliyev
qədər qayğı göstərən ikinci bir
şəxs yoxdur. Ona görə də jurnalistlər
Azərbaycan Prezidenti İlham Əliyevi özlərinə
ən yaxın dost seçdilər və "Jurnalistlərin
dostu" mükafatının yalnız ona layiq olduğuna
qərar verdilər.
Əliqismət
BƏDƏLOV,
Rauf
ƏLİYEV,
Xalq qəzeti.-2010.-26 dekabr.-S.1-2.