Zamanın hökmü ilə
təsdiqlənmiş varislik
Xalq 1993-cü ildə Heydər Əliyevin yenidən
alternativsiz rəhbər olaraq ali hakimiyyətə
qayıdışını tələb edəndə nə
qədər ağılla, təkidli hərəkət
etmişdisə, üçüncü minilliyin
üçüncü və səkkizinci illərində
İlham Əliyevin şəxsində öz Prezidentini - yeni
liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. İlk
mərhələdə Azərbaycan xalqı
dövlətçiliyin xilaskarının missiyasından
lazımınca bəhrələnərək öz varlığını,
Vətənin müstəqilliyini qorudu və milli
dövlətini qurdu. İkinci mərhələdə isə
Azərbaycan cəmiyyəti böyük
zəhmətlər, ağrı-acılar bahasına
yaradılmış ideoloji ənənə və
dövlətçilik təcrübəsini
dağılmağa, müstəqilliyi naməlum talenin
oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu,
müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə
qədər ehtiyac duyulan, həyati məsələ
olduğunun mükəmməl sübutu oldu.
İlham
Əliyev siyasi meydanda çoxdan olsa da, onun liderlik
bacarığı tam aydınlığı ilə Avropa
Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri qismində
vətənpərvər fəaliyyəti ilə
nəzərə çarpıb. Sonradan isə cəmiyyət
onu Baş nazir kimi qəbul etdi. Unutmamalıyıq ki, Avropa
Şurası ölkəmiz üçün beynəlxalq
aləmə açılan pəncərədir. Bununla yanaşı, o vaxt Azərbaycana qarşı
geniş təbliğat kampaniyası aparan erməni diasporunun
bəzi iri xarici dövlətlərdə güclü
təsirləri görünürdü. Belə bir zamanda
ölkəmizi Avropada təmsil edəcək heyətə
elə bir geniş və müasir
dünyagörüşlü şəxs lazım idi ki, dünyada gedən siyasi proseslərindən
düzgün baş çıxara bilsin. Əslində, bu
qədəmi sayalı başlanğıc Heydər Əliyev
siyasi, ictimai, əxlaqi məfkurəsi üzərində
formalaşmış, Avropa və Şərq
dəyərlərinin sintezindən yaranan, monolit kökü
olan özünəməxsus siyasi mədəniyyətin
gəlişi idi. Siyasi düşərgəyə,
cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun
gəlişi çağdaş ideyaların axını demək
idi. Bütün bunların bəhrəsi isə təkcə
əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil,
həm də qazanılacaq yeni uğurlar, yeni
təcrübə oldu.
Prezident
İlham Əliyevin keçdiyi mənəvi, mədəni,
intellektual, siyasi məktəb bütöv bir tarixdir. Həmin tarixi dönəmin taleyüklü
imtahanları isə Vətənin müstəqilliyinin ilk
illərinə düşüb. Ölkənin ən
çətin, ziddiyətli anlarının qarışıq
mənzərəsini ifadə edən 1993-cü ildə
dövlətçiliyin itirilməsi təhlükəsi az qala
reallığa çevriləndə Tanrı dönüb
Azərbaycana baxmağa macal tapmışdı. Xalqın
müdrik Heydər Əliyev qüdrətinə
tapınması taleyin tanıtdığı yeganə
düzgün ünvan idi. Müharibə alovunu söndürmək
- hər ocağa, ailəyə, gündəlik
həyatımıza yeriyən qan izini kəsmək lazım
idi. Və bununla bahəm, ideoloji zəminli həllini gözləyən
işlər çox idi. Öndə Qərblə, Avropa
ölkələri ilə səmimi münasibətlər
qurmaq, dünyada Azərbaycan haqqında sülhsevər bir imic
yaratmaq vəzifəsi dururdu. Siyasi dövlət sisteminin
əsasları qoyulmalıydı.
Gələcəyin lideri İlham Əliyev o
taleyüklü günlərdə müxtəlif
dövlətlərin siyasilərinin çeşidli
mülahizələrilə müşayiət olunan
proseslərdə, tez-tez dəyişən olayların
çevrəsində dünya şöhrətli
atasının - ümummilli lider Heydər Əliyevin
bütün fərdi və ideoloji
qənaətlərini onunla birgə yaşayırdı.
Öndər Heydər Əliyev ölkəsinin
müstəqilliyinin on ili ərzində milli, dünyəvi
quruluş formasiyasını seçən Azərbaycanın
bugününün və sabahının üç ana
prinsipini, ideya istiqamətini
müəyyənləşdirmişdi:
Azərbaycançılıq, Millilik, Demokratizm! Xalqın Lideri düz iki müddətlik Prezidentliyi
dövründə dövlətçiliyə yaradıcı
münasibətini bu prinsiplər üzərində
qərarlaşdıraraq bütöv bir nəslin
tərbiyəsini və gərəkli təcrübə
toplamasını reallaşdırdı. Böyük irs və
zəngin ənənəli siyasi məktəb yaratdı.
Azərbaycançılıq prinsipi milli
dövlətçilik ideologiyasının mərkəzi
qollarındandır. Özünütanımada ilkin
məqsədlərdən biri kimi ana dilinin
hüquqlarının qorunması, inkişaf etdirilməsi,
gələcək nəsillərə sağlam formada
ötürülməsi
azərbaycançılığın özəyində dayanan amillərdən hesab olunur.
Öndər Heydər Əliyev "Xalqın, millətin,
insanın öz ana dilindən əziz heç bir şeyi ola
bilməz" kəlamını söylərkən
millətə öz mənəvi xəzinəsi ilə
fəxr etməyi öyrədir, doğma dilin əsrlərin
burulğanında itirilməməsinə,
gözəlliyini saxlamasına görə gənc
nəsildə əcdadlarımıza qarşı
minnətdarlıq hissi aşılayırdı. Bu gün dil
siyasətinin yeridilməsi prosesinə Prezident İlham
Əliyev milli-mənəvi, ideoloji məsələ kimi
baxır. İndi biz mövcud siyasətin müqabilində
dilimizin elmi-tarixi cəhətdən perspektivini aydın
təsəvvür edə bilirik.
Azərbaycançılıq
ideologiyası üçün müstəqilliyin
tarixi-mənəvi tələblərindən biri də
dünyanın müxtəlif yerlərində yaşayan və
fəaliyyət göstərən azərbaycanlıların
əsasən bu ideya ətrafında birləşməsidir. Bu istiqamət bütün dünyada yaşayan azərbaycanlıların
milli-mənəvi, tarixi maraqlarını ifadə edən
məsələ kimi müasir dövlətçilikdə
önəmli halal yerini almışdır.Vaxtilə Prezident
Heydər Əliyev birmənalı şəkildə
Azərbaycan insanına tövsiyyə edirdi: "Hər bir azərbaycanlı milli
mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz
azərbaycançılığı - Azərbaycanın
dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini yaşatmalıyıq" - deyərkən
o, bu zaman bütöv xalqın - azərbaycanlı superetnosun
harada və hansı vəziyyətdə olmasını,
şəraiti fərqləndirmədən ümumilikdə
onlarda milli duyğuların canlanması işinə bir
iradəlilik, sürət impulsu verirdi.
Ölkə rəhbəri İlham Əliyev indiki
və gələcək dövr üçün
dövlətin və vətəndaşların
vəzifələrindən danışarkən soydaşlarımızın
doğma Vətənləri ilə hər cür faydalı
əlaqələrdə hüquqi, mədəni, mənəvi
əsasların möhkəmləndirilməsini zəruri
istiqamət kimi vurğulayır. Prezident
dövlətimizin inkişafı müqabilində
maddi-mənəvi imkanlardan istifadə edərək dünya
azərbaycanlılarının normal səviyyədə
bəhrələnməsinə imkan yaratmağı, onların
milli və vətəndaş hüquqlarının
qorunması yolunda səyləri gücləndirməyi
çağdaş dövr üçün vacib
amillərdən sayır. Sözsüz ki, bu zaman Prezident
İlham Əliyev ölkəsinin beynəlxalq konvensiyalarla
təsbitini tapmış insan hüquqlarının
qorunmasını təmin etmək üçün
müəyyən təsirli vasitələrə malik
olduğunu bəyan edir. O, bu mülahizələrində,
mövqeyində ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi strateji kursa, ideyalara
bütün azərbaycanlıların daim sədaqətli
qalacağına arxalanır.
Millilik
Prezident İlham Əliyevin siyasi düşüncəsinin,
təfəkkürünün əsas mənbəyidir. Onun
öz xalqının ruhuna uyğun, eləcə də Avropa
və Qərb təmayüllü siyasəti Azərbaycanın
əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət
bütövlükdə ümumtürk ruhunun
tərbiyəsindən gələn bir xarakterdir. Türk ruhumuzun siyasi, milli, əxlaqi, mədəni
dəyərləri çoxəsrlik tarixi sınaqlardan
alnıaçıq çıxıb. Əsrlərin
ziddiyətli olaylarından, maneələrdən salamat
qurtulmuş milli, dini dözümlülük, tolerantlıq
indi də dövlətimizin və onun rəhbərinin,
bütün sağlam qüvvələrin təqdir etdiyi
xüsusiyyətlərdir. Prezident İlham Əliyevin bu
kontekstdə millətin dininə münasibəti belədir:
"Biz çox təəssüf edirik ki, dünyanın bəzi
dairələrində islamı terrorla eyniləşdirmək
istəyirlər. Biz bu cəhdləri pisləyirik.
Müsəlman ölkələri tarixdə bir neçə
dəfə terrorun qurbanına çevrilmişlər. O
cümlədən, Azərbaycan dəfələrlə
erməni terror təşkilatlarının törətdikləri
terror aktlarına məruz qalmışdır. Bu cəhdlər
uğursuzluğa məhkumdur. İslam sülh,
qardaşlıq, dözümlülük, tolerantlıq
dinidir".
Prezident İlham Əliyevin müasir
azərbaycanlı təfəkküründə Vətən
və Xalq təəssübkeşliyi, Şərqin
müsbət ənənələri, türk mənəvi-əxlaqi
dəyərləri, Qərb və Avropa modellərinə
münasib intellekt möhkəm birləşmiş
özüldür. O, milli- mənəvi,
ideoloji dəyərlərimizin hamısında, mədəni,
elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq
sahələrində irəliləyişi, mənəviyyat
məsələlərinə dövlət himayəsini
iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə
bağlayır. Bu, dünyanın ümumi
həyatının rəhnidir və hər bir millətin
gələcəyində, dövlətin qabaqcıl
ölkələrlə eyni hüquqi səviyyədə
yaşayıb inkişaf etməyində həlledici amildir.
Azərbaycan
rəhbəri İlham Əliyev idarəçiliyin elə
demokratik və optimal yolunu seçmişdir ki, hər bir
zəkalı ölkə vətəndaşının
dövlətçiliyin inkişafında yeri vardır.
Dövlət quruculuğunda bu yer hər kəsin məhz
vətənpərvərliyinə, biliyinə, sağlam
düşüncəsinə, qabiliyyətinə görə
müəyyənləşmişdir. Hələ
prezidentlikdən əvvəl İlham Əliyevin gənclik
maraqlarıyla Azərbaycanda idmanın intibahını qısa
zamanda gerçəkləşdirməsi, mühüm
məsələ kimi millətin fiziki və əqli
sağlamlığına qayğı ilə yanaşması
da sırf milli xarakterlidir. Təbii ki, fiziki
hazırlıq həm müharibə vəziyyətində olan
ölkənin vəziyyəti üçün vacibdir, həm
də cəmiyyətin mənəvi-ruhi sağlamlığını,
yeni nəsillər arasında narkotikanın yayılmasına
qarşı mənəvi mübarizəni
şərtləndirir. Ölkəmizdə müasir idman siyasəti
fiziki hazırlıq çərçivəsini
genişləndirərək mənəvi tərbiyənin
güclənməsi anlamına keçmişdir və ictimai,
ideoloji əhəmiyyətini ilbəil artırır.
Olimpiya hərəkatının geniş xarakter
alması, mövcud idman bazalarının bərpa olunaraq
müasir standartlara uyğun səviyyədə yenidən
qurulması, regionlarda yeni idman komplekslərinin tikilməsi
dünya idman təşkilatlarının diqqətini
Azərbaycana cəlb edə bilmişdir. Beynəlxalq
yarışlarda Azərbaycan idmançılarına
peşəkar münasibət formalaşmışdır.
Ölkəmizin idman sistemində ab-havanın
yeniləşməsi idmançılarımızın
mötəbər beynəlxalq yarışlarda
ürəkaçan nailiyyətlər qazanmasını
reallaşdırmışdır. Bütün idman
uğurları təsadüflərin deyil, məntiqi,
ardıcıl dövlət proqramının ifadəsidir.
Bütün mənalarda, millətimizin tarixi
nailiyyəti olan 15 oktyabr 2003-cü il seçimi ulu
öndər Heydər Əliyev ideyalarına sədaqətinin
təcəssümü oldu. İndi isə biz əminliklə
deyə bilərik ki, ölkədə sosial, siyasi, ictimai
ehtirasların təbii şəkildə soyumasının
davamınca sonrakı 7 ildə dirçəliş
epoxasını yaşayırıq. Millət üçün
zərurisi odur ki, Prezident İlham Əliyev
insanlarımızın ürəyində Heydər - Xalq
biriliyinin qarşılığında özünün milli,
Vətənçi, demokratik, humanist, prinsipial obrazını
artıq dönə-dönə təsdiqləmişdir.
Müasir
Azərbaycan dövləti Heydər Əliyevin
rəhbərliyi ilə müstəqil həyatının
çətin, ziddiyyətli yaşantılarını
artıq çoxdan geridə qoymuşdur.
Demokratik
quruluşun mahiyyətini göstərən amillərin
gerçəkləşməsi sayəsində
dövlətimiz bu gün dünya birliyində layiqli yer tutur.
Bayrağımız demək olar ki, bütün beynəlxalq
təşkilatlarda ucaldılmışdır. Millətimizin
daxili potensialı, ictimai düşüncəsi ona imkan verir
ki, Azərbaycan demokratizmi heç də digər
ölkələrin demokratizmindən geri qalmasın. Prezident
İlham Əliyev bu gün eyni demokratizmi davam
etdirərkən, bəlkə də, bir qədər də
artırarkən sağlam, eyni zamanda, intellektual
düşüncənin, qabiliyyətin, milli
təəssübkeşliyin yolunu fəal surətdə
açıq elan etmişdir. O,
müxalifətlə münasibətdə nümayiş
etdirdiyi demokratik, milli, mədəni, əxlaqi səviyyə
ilə Azərbaycanın maraqlarını hər şeydən
üstün tutduğunu dəfələrlə
açıqlamış, avantürist meyllərə
əsaslanan müxalif qüvvələri millətin sabahı
naminə fəaliyyət göstərməyə,
iqtidarla dialoqa dəvət etmişdir.
İlham
Əliyev siyasətinin gücü ondadır ki, daxili
dəstəkdən məhrum olan qüvvələrin
iradları üçün siyasətində əl yeri
belə saxlamır. Beləliklə, qeyri-obyektiv müxalif
dəstənin öz-özünə siyasi meydandan
çıxması, iflasa uğraması təbii bir prosesə
çevrilir. Axı millət özü də yaxşı
dərk edir ki, hakimiyyətə can atmaq məqsədi ilə
hər-hansı qüvvənin, nəyin bahasına olursa-olsun,
ölkədə sabitliyi pozmaq cəhdləri ümumilkdə
cəmiyyətin həyat ritminin pozulmasına gətirib
çıxara bilər.
İlham Əliyevin siyasi portretini onun söhbət
açacağımız fərdi obrazının
əlamətdar ştirixləri tamamlayır. Özəllik
ondadır ki, həmin cizgilərin genetik qaynaqları
Azərbaycan xalqının özünüdərkində
əvəzsiz rolu olmuş bir dahinin
ömürlüyündən irəli gələrək
formalaşmışdır. Azərbaycanın daim fəxr
edəcəyi Heydər Əliyev obrazı və onun yaşam
mühiti mədəni, əxlaqi, ictimai, tarixi
təcrübəsilə böyük mənşədir.
Belə demək mümkündür ki, bu əlamətlər
təkamülə meylliliyi ilə dövlət
idarəçilik sisteminin daxili və beynəlxalq
münasibətlərinə də əlavə
keyfiyyətlər gətirir:
Ləyaqətlilik
- xalqına da, beynəlxalq aləmə də, dosta da,
düşmənə də münasibətdə, onun
siyasətini sevənlə də, qarşı olaraq
mübarizə aparanla da davranışda bu xüsusiyyət,
həm də əlavə bir təmkinlə müşahidə
olunur. Bu daxili şəstin daşıyıcısı kimi,
əsas etibarilə, geniş planda prezident seçkiləri
öncəsi xalq kütlələri ilə təmaslarda,
müxtəlif məsələlərə
münasibətlərdə qabarıq sezilməyə
başlamışdır. Bu, siyasi vəziyyətə, yerli
problemlərə, hətta sabitliyi gözü
götürməyənlərə münasibətlərdə
bir əxlaq nümunəsidir. Halbuki İlham Əliyev
xalqın Heydər Əliyevə məhəbbətindən istifadə
edərək seçkidə üstünlüklərinə
arın-arxayın da yanaşa bilərdi. Amma Prezidentliyə
namizəd xalqın öz liderinə - Heydər Əliyevə
bəslədiyi məhəbbətə şəxsi
ləyaqəti və sevgisi ilə cavab verdi.
Humanistlik -
bu, insanlığa məhəbbətdən irəli
gələn bir keyfiyyətdir. Prezident İlham Əliyev bilir
ki, insanları sevmək, onlara xeyirxahlıq, mənəvi-ruhi,
hüquqi, sosial baxımdan problemlərinin həllində
doğmalıq göstərmək, dayaq durmaq- layiqli
rəhbər olmaqdır. Belə yanaşmanı ondan
umanların hamısı, suçu əvəzində
münasib cəzaya layiq olanlar da, cəmiyyət də,
hətta müxalifət də görür. O,
bağışlamağı bacarır, özü də
ağır günah işlətmişləri belə -
müəyyən dərəcəli ciddi səhvlərə
yol vermiş vətəndaşlara həyat haqqında
yenidən düşünməyə,
özünütərbiyəyə şans verir.
Vətənpərvərlik - hələ millət
vəkili olaraq Avropa Şurasında nümayəndə
heyətinin rəhbəri kimi fəaliyyəti onun haqqında
bu imici yaratmışdı. İlham Əliyev dünyanı
bir həqiqətə inandırmağa çalışır
ki, Ermənistan terrorçu dövlətdir, zəbt etdiyi
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağ ərazisindən narkotik maddələrin tranziti
və biznesi məqsədilə istifadə edir. Bu
isə təkcə Azərbaycan, Cənubi Qafqaz
üçün deyil, bütün dünya üçün
təhlükə mənbəyidir. İlham Əliyev
neçə illərdir ki, Avropa Şurası kimi
mötəbər qurumun üzvü olan ölkələrin
hamısına üz tutaraq bu suallara cavab istəyir:
"Ermənistan Avropa Şurasının üzvü ola-ola,
beynəlxalq hüququn normalarına məhəl qoymaya
bilərmi? Ermənistan Avropa Şurasının üzvü
ola-ola digər AŞ üzvünün ərazilərini on
ildən artıq bir müddətdə işğal altında
saxlaya bilərmi? Ermənistan 20 ildən artıq
müddətdə digər AŞ üzvünün
qaçqın və köçkünə çevrilmiş
bir milyondan artıq vətəndaşının insan
haqlarını açıq-aydın poza bilərmi?" Amma
Avropa Şurası hələ də suallar ətrafında
düşünməyində davam edir.
Qayğıkeşlik - on il deputat seçildiyi
ərazi onun himayədarlığını kifayət
qədər hiss etmişdir. İlham Əliyev, bəlkə
də, onları nəinki mənəvi - sosial
sıxıntılarla üz-üzə qoymamış, daim
seçiciləri ilə müntəzəm
görüşlər keçirərək ümumi əhval-ruhiyyəsinin
yüksəkliyinə nail olmağa
çalışmışdır. Çadır
düşərgələrində yaşayan
qaçqınların və məcburi
köçkünlərin məişət,
sığınacaq güzəranı da İlham Əliyevi
daim qayğılandıran məsələlərdəndir. Bu
insanların yaşam tərzinin
yüngülləşdirilməsi, normal səviyyədə
istiliyi, işığı olan ev-eşiklə təminatı
onun can yanğısı ilə əhatələnmişdir. Prezident ölkədə baş verən təbii
fəlakətlər zamanı zərərçəkmiş
insanların iztirablarını aradan qaldırmağı,
onlara maddi - mənəvi cəhətdən dayaq
durmağı, acılarını, çətinliklərini
şəxsən həll etməyi özünə
mənəvi borc bilir.
Səmimilik - İlham Əliyev rəsmi və
ictmaiyyətlə görüşlərində
siyasətçiləri, müxtəlif zümrədən olan
insanları nəzakətlə, hörmətlə
dinləməyi, məsələyə aydın
münasibət bildirməyi ilə tərəf
müqabillərini özü haqqında sayğılı
düşünməyə vadar edir. O, dialoq zamanı
həmsöhbətini özünün təbii
səmimiyyətinə və obyektivliyinə inandırır.
Mətbuat nümayəndələri ilə təmasda da
sadə və konkretdir. Müxtəlif yönlü, hətta
qərəzli suallara cavablarında, eləcə də
mövqeyinin düzgünlüyünü sübuta yetirərkən
dəlilləri həmişə qaneedicidir.
Müasir dövrdə İlham Əliyev liderlik
yolunda cəmiyyəti də özü ilə birlikdə
ucaltmağa qadir olan yeganə dövlət adamıdır.
İnsanların yaxşı məlumatı var ki, o,
atasının liderliyi illərində hansı vəzifə
daşımasına baxmayaraq, dövlət
müstəqilliyimizin qorunmasında,
möhkəmlənməsində və
ölkəmizin dünya birliyinə daxil olmasında,
Avropanın bir üzvü kimi tanınmasında gəncliyin
lideri qismində kifayət qədər bilik, bacarıq,
qüvvə sərf etmiş, mübarizlik
göstərmişdir. Ölkənin böyük neft strategiyasının
milli maraqlar daxilində həyata keçirilməsində
İlham Əliyevin əməyini, mühüm
xidmətlərini heç bir siyasət adamı dana bilməz.
Prezident
İlham Əliyevin geniş düşüncəsində
Azərbaycanın indiki inkişaf mərhələsini
dönməz prosesə çevirmək və islahatları
modernləşmə ilə tamamlamaq xətti hakimdir.
Cəmiyyətin sağlam qüvvələrinin qəbul etdiyi
siyasi kursun davamı da elə bunda - ənənələrin
etibarlı səviyyədə qorunmasının
özünün bir ənənəyə çevrilməsi
ideyasındadır. Bir qədər
əvvəlin müstəqillik tarixinə nəzər salsaq,
Azərbaycanın bugünü üçün çox
mühüm təcrübələrin necə ağır
zəhmət bahasına qazanıldığını dərk
edər, başlıcası isə, İlham Əliyevin
böyük siyasətdə necə yetişməsi prosesinin
şahidi olarıq.
Ulu öndər Heydər Əliyevin səyləri
ilə xalqın çoxillik arzu və ideallarının
gerçəkliyə qovuşması siyasi sabitlik və
iqtisadi dirçəlişlə müşayiət
olunarkən, sivil dünya normalarının da
ölkəyə gəlişi artıq təmin edilmişdi.
İlham Əliyev məhz belə yeni tarixi şəraitdə
atası Heydər Əliyevin mübarizə
dünyasının təcrübəsilə öz
bioqrafiyasını daha da zənginləşdirdi. Ümummilli
liderimiz 2003-cü ilin prezident seçkiləri öncəsi
onun sağlıq durumundan narahatlıq keçirən
xalqına gələcəklə bağlı
tövsiyələrini verdi: "Üzümü sizə,
həmvətənlərimə tutaraq qarşıdan
gələn prezident seçkilərində Prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası
sədrinin birinci müavini İlham Əliyevi
dəstəkləməyə çağırıram. O,
yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
dərindən bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm
ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx
birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu öndər İlham Əliyevi yeni lider simasında
nişan verərkən sonuncu müdrik seçimini,
məsləhətini edirdi. Xalq isə öz
növbəsində bu seçimi qəbul etməklə,
liderinə sədaqətini 2003 və 2008-ci illərdə
layiqincə nümayiş etdirdi.
İlham
Əliyevin böyük siyasətdə son 7 ildəki bəlli
uğurları sübuta yetirdi ki, daxili, iqtisadi, xarici
siyasətimizin-diplomatiya məktəbimizin potensialı
çox güclüdür. Qloballaşan dünyada ancaq konkret
düşüncəli, yüksək mədəniyyətli,
zəkalı, sərbəst mükalimələr
yürüdən siyasətçilər nüfuz və
hörmət qazana bilərlər. Bu mənada,
İlham Əliyev Vətəninin milli mənafeyini
istənilən səviyyələrdə, aparıcı
beynəlxalq əhəmiyyətli dillərdə
çatdırmağa və müdafiə etməyə
kifayət qədər qadir siyasətçidir. Ümummilli
lider Heydər Əliyevin Azərbaycanda qurduğu demokratik
və şəffaf seçki sistemi xalqın seçim
azadlığı, iradə sərbəstliyi üçün
normal şərait yaratmışdır. Bu xüsusda, İlham
Əliyevin seçki marafonunda 2 dəfə ali
kürsüyə yetişməsi onun millətə,
Vətənə təmənnasız xidmətinin yekunu,
eləcə də beynəlxalq arenada nüfuzunun sanbalıdır.
O, bu mövqeyə Heydər Əliyevin oğlu olmasaydı
belə, yenə də ucalacaqdı. Çünki İlham
Əliyevin böyük siyasətə gəlişi həm
də müstəqilliyin diqtə etdiyi ideallara xalqın
sədaqətinin sonucu idi.
Cəmiyyətdə
çoxluq İlham Əliyevi seçməklə,
birmənalı olaraq mövcud siyasi kursun ən münasib,
ümidverici inkişaf yolu olduğu qənaətini təsdiq
etdi. Müstəqilliyin ötən on ili ərzində bu tipli
dövlətçilik istiqaməti sosial-iqtisadi, xarici
siyasət sahəsində ölkənin inkişafına
gətirdiyi uğurların hesabına
qətiləşmişdi. Siyasi varis isə özü
həmin quruculuğun təşəkkül və
təkamül proseslərinin mərkəzində fəal sima
kimi iştirak etmişdir. Onun milli maraqlarımızın
beynəlxalq iqtisadi məkanda, xarici əməkdaşlıq
məsələlərində, qlobal layihələr həyata
keçirilərkən qorunması işində səyləri
hamımıza məlumdur. Ona görə də Azərbaycan
seçicisi kimə dəstək verdiyini, kimi özünə
rəhbər seçdiyini yaxşı anlayır.
İlham
Əliyev bizim liderimizdir. Müstəqilliyimizin
ilk illərinin xaotik cağlarında, islahatlar
dövründə yetişmiş, öz milli-mənəvi,
elmi səviyyəsini, qabiliyyətini göstərməyə o
vaxtlar imkan tapmayan, intellektual - ziyalı elektoratın, sadə
insanların, erməni təcavüzündən əziyyət
cəkmiş minlərlə vətəndaşın -
ümumiyyətlə, dünya
azərbaycanlılarının düşüncəsində
onun liderliyi şəksiz qəbul olunur. Ümumən,
hazırda püxtələşən gəncliyin də,
gənclik dövrünü arxada qoyaraq kamilləşən
nəslin də düşüncəsi budur ki,
şübhəsiz, İlham Əliyev Azərbaycanı
yüksəltməklə bütün azərbaycanlıların
Prezidenti olmuşdur. Ölkəsinin inkişafının
şahidi olan hər bir vətəndaş, xalqın sosial
rifahına doğru istiqamətlənmiş siyasətin
bəhrələrini gündəlik həyatında getdikcə
daha çox görür.
Prezidentin
2003-cü ildəki andiçmə mərasimindəki
nitqindən bu tezisi Azərbayçanın sonrası
üçün əsas amal hesab etmək olar: "Mən
bu gün yüksək kürsüdən əziz Prezidentimiz
cənab Heydər Əliyevə üzümü tutub
deyirəm: Əziz Prezident, əsərin olan müasir
Azərbaycanı gücləndirəcəyik,
zənginləşdirəcəyik, hərtərəfli
inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni
qələbələrə doğru
gedəcəyik". Bu amal, sədaqət, bu vəd
təkcə İlham Əliyevin deyil, onu Prezident secən
və axıradək müdafiə edəcək, işində
yardımçı olaçaq insanların fikrini ifadə
edir. Yeni liderin Vətənə, xalqa və dövlətə
sədaqət andı, eyni zamanda, bizim də
andımızdır: Vətənə, millətə və
Azərbaycanın Prezidentinə!
Nizami
CƏFƏROV,
Milli Məclisin üzvü,
Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri,
AMEA-nın müxbir üzvü
Xalq qazeti.-2010.-26 dekabr.-S.4.