Xarici ölkələr daha qürbət kimi görünmür

 

Qəlbi yaradıcılıq eşqi ilə döyünən, bütün varlığı ilə sənətə bağlı olan insanlar, adətən, özlərini bu sevgiyə qurban verdiklərindən həyatda çox yaşamırlar. Onun da ömrü istisna olmadı, cəmi 49 il yaşadı. Lakin bu ustad sənətkarın yadigarları olan muğam və xalq havaları milli ifaçılıq sənəti tariximizdə silinməz iz qoyaraq mədəniyyət salnaməsinə qızıl hərflərlə yazıldı. Belə şəxslər əsrlər, qərinələr ötsə də, daim xoş sözlərlə anılaraq yad edilirlər. Tanrı onu dünya işığına həsrət qoysa da, yaşayıb-yaratmaq eşqini ondan əsirgəmədi. Ulu yaradan qeyri-adi ifaçılıq məziyyətləri, virtuoz sənətkarlıq, həyatın əsrarəngiz gözəlliklərini duyub qavramaq qabiliyyəti bəxş etdi ona.

49 baharı yola verən sənətkar bir qış gecəsi amansız ölümün pəncəsindən yaxa qurtara bilmədi. O, Azərbaycan ifaçılığı sənətində öz dəst-xətti ilə seçilən, sağ ikən əfsanəyə dönən, misilsiz ifası ilə təkcə Azərbaycanda deyil, bir çox Şərq ölkələrində tanınaraq şöhrət tapıb seçilən ilk qarmon ifaçısıdır. O, kənardan gələn bu aləti Azərbaycan milli musiqi alətləri cərgəsində xüsusi mövqeyə çatdırdı. Və bu gün - vəfatından neçə illər ötəndən sonra da musiqi ictimaiyyəti və bütün xalq onu yad edirsə, demək, ölməzlik haqqı qazanmışdır.

Kimdir o? Adı Əhəd, atasının adı Fərzəli, soyadı Əliyevdir. Kor Əhəd adı ilə tanınıb. Bu virtuoz, ustad sənətkar haqqında "Xalq qəzeti"ndə vaxtilə geniş məqalə ilə çıxış etmişdim. Yazıda onun dahi Üzeyir bəylə dostluq və yaradıcılıq əlaqələri saxlamasından bəhs edilmişdi. Bəstəkarın "Arşın mal alan" operettasında çıxış etmək üçün dəvət almasından da söhbət açmışdım. Lakin nə biləydim ki, nə vaxtsa tale mənə ustad qarmonçalanın nəticəsi, görkəmli vokal ifaçısı kimi ABŞ-da tanınan, eləcə də ABŞ Üzeyir Hacıbəyov adına Kaspian Muğam, Azərbaycan və ABŞ Opera və Mədəniyyət İfaçıları Federasiyasının prezidenti xanım Sevinc Sultanzadə (Aleksandriya fon Brüsseldorf) ilə doğma Bakımızda, M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli bəstəkar, respublikanın xalq artisti professor Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş musiqi festivalında görüşməyi qismət edəcək. Açığını deyim ki, 20 il Vətəndən ayrı yaşasa da, Sevinc xanımın öz dilini unutmadığının, doğma musiqimizə məhəbbəti bir an belə ürəyindən çıxarmadığının şahidi oldum. Səmimi görüşləri, sevincdən doğan göz yaşları bunu bir daha təsdiq edirdi.

Respublikanın xalq artisti, professor Rauf Abdullayevin bədii rəhbər və baş dirijor olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə o axşam oxuduğu Tofiq Bakıxanovun, S.Rüstəmin sözlərinə bəstələdiyi "Sevən könül" və "Bağışla məni" mahnılarının tamaşaçılar tərəfindən necə hərarətlə qarşılandığının şahidi oldum. Bəlkə elə bu səbəbdən, müğənniyə təqdim olunan çoxsaylı tər çiçək dəstələri və sənətsevər tamaşaçıların sürəkli alqışları onu uzun müddət səhnədən ayrılmağa qoymadı... "Ot kökü üstə bitər" deyimi bir daha özünü doğruldur, gen yaddaşı özünü biruzə verir. Ürəkləri riqqətə gətirən azəri qızının belə uğur qazanması onun musiqi aləminə təsadüfi gəlmədiyindən xəbər verirdi. Bir vaxt nənəsi - Kor Əhədin qızı Leyla xanım atasının əlindən tutub Üzeyir bəyin evinə, "Arşın mal alan" operettasında çıxış etmək üçün operaya aparırdı. Müəyyən bir dövrdən sonra isə o, nəvəsinin əlindən tutaraq bu əsərdə Gülçöhrənin ariyasına qulaq asmaq üçün konsertlərə gətirərdi.

Sevinc xanım söhbət zamanı dedi:

- Mənim bir musiqiçi kimi formalaşmağımda nənəm Leyla xanımın (Allah ona rəhmət eləsin!) çox böyük rolu olub. Ulu babamın çoxlu musiqiçi dostları var idi. Onların bir çoxu - xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, Əhmədxan Bakıxanov və digərləri ailənin yaxın dostu, evlərinin daimi qonağı olublar. Tale elə gətirib ki, bu gün bu missiyanı mən yerinə yetirməli olmuşam. Leyla xanımın yaxın rəfiqəsi, tanınmış bəstəkar Elnarə Dadaşovanın sayəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovu Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi və digər tanınmış sənət adamlarını, vokal ifaçılarını görüb tanımışam. Onların əsərlərini sevə-sevə oxumuşam. Məhz bu tanışlığın nəticəsidir ki, iki il öncə dahi bəstəkar Üzeyir Hacıbəylinin ad günündə Sərdar Fərəcov əvvəlcə bəstəkarın ev muzeyində, daha sonra isə Kopelhausda keçirilən konsertdə mənim də çıxış etməyimi xahiş etdi. O konsertdə xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanov, mahir qarmon ifaçısı əməkdar artist Zakir Mirzəyev də iştirak edirdilər. İfamı bəyəndilər və biləndə ki, Əhədin nəticəsiyəm, çox sevindilər.

Məhz bu tanışlığın nəticəsidir ki, hörmətli bəstəkarımızın Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzi və Musiqi Akademiyasında keçiriləcək musiqi festivalı proqramına mənim də adım daxil edilmişdir. Doğma Bakımıza hər gəlişimdə onlarla mütləq görüşürəm.

Məlum oldu ki, müsahibim 2006-cı ildə ilk ali musiqi təhsilini ABŞ-ın Verciniya Federal Universitetinin təcrübəli professorları Meloni Kondey Mişel Qulik və Kolmpeyndən alaraq vokal, musiqi tarixi, pedaqogika və insan səsinin akustikası ixtisasına yiyələnib, bakalavr dərəcəsi alıb. Az bir müddətdə musiqi sahəsində biliyini artırmaq və təkmilləşdirmək məqsədilə o, Nyu-Yorkun ən nüfuzlu Cüliand Musiqi Akademiyasının axşam şöbəsində təhsilini davam etdirib. Təcrübəli musiqişünas xanım Dodi Proterodan dərs alıb. Bir peşəkar vokalçı kimi tanınmasında bu müəllimin çox böyük zəhməti və rolu olub. Dünyanın bir çox tanınmış vokalçıları və musiqi ifaçıları bu akademiyanın yetirmələridir.

1999-cu ildə İtaliyada Beynəlxalq Opera Treninq proqramını uğurla başa vurduğuna görə o, "Creaster Bank" tərəfindən xüsusi təqaüdə layiq görülüb. Romada peşəkar vokalı, italyan dilini öyrənmiş, maestro Françesko Karatenuta ilə bir neçə solo konsertdə çıxış etmişdir. 2009-cu ildə ABŞ Pristian şəhərində yerləşən Rider Universiteti nəzdində fəaliyyət göstərən Vestminister İncəsənət kollecinin professoru Dr E.Hunqun rəhbərliyi altında "Muğamın mənşəyi və sintezi" adlı müstəqil tədqiqat əsəri layihəsi üzrə təklifi Rider Universiteti tərəfindən qəbul edilib, vokal ifaçılığı, pedaqogikası və vokal akkustikası üzrə magistr təhsilini davam etdirir.

Xalqımızın zəngin klassik irsinə, muğamla folkloruna bağlılığın nəticəsi olaraq dünyada Azərbaycan xalqının mədəniyyətinin, musiqi sənətimizin tanınmasında müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən ruhlanan həmyerlimiz 2008-ci ildə Üzeyir Hacıbəyov adına Kaspian Muğam, Azərbaycan və ABŞ mədəniyyət və opera ifaçıları federasiyasını yaradaraq ona rəhbərlik edir. Birliyin başlıca vəzifəsi ölkəmizin musiqi tarixini, klassik muğam nümunələrini və operamızı dünya ictimaiyyətinə çatdırmaq, eləcə də dünya musiqi ictimaiyyətinin nəzərini Azərbaycan mədəni və musiqi həyatına yönəltməkdir.

Azərbaycan Amerika Cəmiyyətinin (AAC) üzvü olan Sevinc Sultanzadə bu qurumla sıx əlaqə saxlayır. Ölkəmizlə bağlı keçirilən bir çox tədbirlərdəki fəal iştirakına görə cəmiyyətin sədri xanım Tomris Azəri tərəfindən diplom və təşəkkürnamələrə layiq görülüb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi, eləcə də Azərbaycan Demokratik Respublikasının 90 illiyi tədbirlərinin prodüsserliyini Tomris Azəri Sevinc xanıma həvalə edib. Bu münasibətlə təşkil olunmuş konsertdə ölkəmizi təmsil edən bir çox incəsənət ustalarıyla yanaşı, Sevinc Sultanzadə də uğurla çıxış edib.

Onun Azərbaycan opera musiqisindən və xalq mahnılarından ibarət musiqi çələngi hamının zövqünü oxşayır. Azərbaycan diasporunun dəstəyilə Vaşinqtonda nüfuzlu C.Kenndi mərkəzində bədii rəhbər və baş dirijor İsmayıl Hacıyevin rəhbərlik etdiyi "İpək yolu" kamera orkestrinin müşayiətilə ifa etdiyi T.Quliyevin "Qızıl üzük", "Bakı haqqında mahnı"sı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.Görkəmli pianoçu, xalq artisti Çingiz Sadıqovun anadan olmasının 80 illiyi münasibətilə Kanadanın Toronto şəhərində və ABŞ-ın Pensilvaniya ştatında keçirilən yubiley konsertlərində də Azərbaycan operalarından oxuduğu ariya və romanslar ona baş ucalığı gətirib.

Soydaşımız Sevinc Sultanzadənin həyat və yaradıcılığında diqqət çəkən önəmli hadisələrdən biri də Beynəlxalq Niaqara Festivalındakı çıxışıdır. Toronto şəhərində keçirilən bu möhtəşəm festivalda dünyanın bir çox ölkələriylə yanaşı Azərbaycan incəsənət ustaları və ABŞ-dan xanım Sultanzadə də iştirak edib. "Sarı gəlin" mahnısını yeni, özünəməxsus tərzdə ifa edir. Türk-Amerika elmi konfransında "Türk dünyasına sülh" geniş məruzə ilə çıxış edən soydaşımız Azərbaycan diasporunun gördüyü işlərdən danışıb. Onun "Üzeyir Hacıbəyov - Azərbaycan opera sənətinin banisi", "Muğam operalarının yaranma tarixi və əsas xüsusiyyətləri", "Azərbaycan qadınlarının incəsənətimizdə rolu" mövzularında maraqlı çıxışları ABŞ qəzetlərinin səhifələrində özünə layiqli yer tutub. Elmi mövzunu özü seçsə də tanınmış musiqişünas alim, proffessor Erik Honqun metodiki tövsiyələri onun karına gəlib.

Ölkəmizin zəngin klassik irsinə, muğam və folkloruna ABŞ-da böyük diqqət və sayğı göstərildiyini açıqlayan Sevinc xanım muğam və aşıq musiqisinin dünya səviyyəsində tanınmasını ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidməti, milli musiqimizin parlaq qələbəsi kimi vurğuladı. Dünyanın bir çox yerlərində - İtaliya, Fransa, İngiltərə, ABŞ və digər ölkələrdə qastrol səfərlərində olan Sevinc Sultanzadə həmişə Vətənlə, doğulub boya-başa çatdığı, günü-gündən gözəlləşən Bakı ilə nəfəs aldığını, doğma Xəzəri sevdiyini, doğma musiqimizin vətəndan uzaqlarda ləyaqətli təmsilçisi olmaq arzusunda olduğunu söylədi. Hazırda soydaşımız Rider Universitetinin dissertantıdır. O, Marqaret Kusak və doktor Skott Makkohun rəhbərliyi altında "Klassik opera və musiqi ifaçılarının səs tellərinin müxtəlif akustik və larinqoloji funksiyalarının öyrənilməsi" mövzusunda dissertasiya üzərində işləyir. Xalq artisti T.Bakıxanovun 80 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsert salonundakı çıxışları, doğma vətənin sənətsevər tamaşaçılarının ona olan hüsn-rəğbəti, təqdim olunan tər çiçək dəstələri, aldığı xoş təəssürat, yəqin ki, uzun müddət yadından çıxmayacaq. Adətən köçəri quşlar vətəni payızda tərk edir, baharla bir vətənə dönürlər. Bizim nəğməkar qonağımız isə bir yaz günündə vətəndən ayrılsa da, hər ilin qızılı payızında vətənə dönüb dahi Üzeyir bəyin anım gününü xalqımızla birgə doğma Bakımızda qeyd edir. Vətənin bir gülünü, musiqimizin bircə xalını, doğma Xəzəri dünyaya dəyişməyən sənətçimiz Vətəndən kənarda, "Aleksandriya fon Brüsseldorf" kimi tanınsa da bizim üçün o, azəri qızı Sevinc Çingiz qızı Sultanzadə olaraq qalır.

Rauf Abdullayev: xalq artisti, professor:

- ABŞ-da yaşayan soydaşımız Sevinc xanımla yaxından tanışlığım olmasa da, ifasından çox məmnun qaldım. Gözəl səsi və gələcəyi var. Təkcə dahi Üzeyir bəyi ABŞ-da tanıtdığına və tərənnüm etdiyinə görə ona minnətdar olmalıyıq.

Tofiq Bakıxanov, xalq artisti, professor:

- O gecə Sevinc xanım mənim mahnılarımı çox gözəl oxudu. İki il öncə Kopelhausda keçirilən konsertdən aldığım zövqü bu gün də aldım. Ona öz təşəkkürümü bildirirəm.

İllər boyu Vətənimizdən kənarda yaşayan soydaşımızın ölkəmizlə, demək olar ki, heç bir əlaqəsi olmamışdı. Xaric onlar üçün əsl qürbət idi. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin, ulu öndərimiz Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində xaricdə yaşayan soydaşlarımız vahid diaspor şəklində formalaşdırıldı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqımızın zəngin mənəvi sərvətlərinin, mədəni irsinin təbliğ olunması işində dövlətimizin sadiq köməkçisinə çevrildi.

Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş qurultayları bu fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynadı. İndi xaricdəki bütün azərbaycanlı təşkilatları öz tədbirlərini Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı altında keçirirlər. Xaric daha qürbət kimi görünmür.

Xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrində ən mühüm rolu mədəniyyət və incəsənət xadimləri oynayır. Bu sırada Sevinc Sultanzadənin sənətkarlıq və vətəndaşlıq fəaliyyətini xüsusi qeyd etmək gərəkdir.

Vətənpərvər xanım qəzetimiz vasitəsilə xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək hamıya xoşbəxtlik və əmin-amanlıq dilədi.

 

Rafiq SALMANOV,

 

Xalq qəzeti.-2010.-26 dekabr.-S.7.