Romantik rolların mahir ifaçısı
Gündüz Abbasov-80
Bu günlərdə Azərbaycan
Dövlət Film Fondunda
görkəmli aktyor Gündüz Abbasovun 80 illiyi təntənə ilə qeyd olundu. Yubiley mərasiminə
toplaşanlar arasında
aktyorla bir yerdə çalışan
kinematoqrafçılar, tələbələr,
Gündüz müəllimin
qohumları iştirak
edirlər. Tədbirdə çıxış edən
kinoşünas, əməkdar
incəsənət xadimi
Aydın Kazımzadə
aktyorun həyat və yaradıcılıq
yolundan geniş bəhs etdi. O dedi ki, Gündüz
Abbasov 1930-cu il
noyabrın 20-də Bakının
məşhur Dağlı
məhəlləsində doğulmuşdur.
Anası - musiqiçi,
pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı
qızı Mələk
xanım, atası - tanınmış yazıçı
və jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru
Şəmsəddin Abbasov
uşağın adını
Gündüz qoydular. Ədəbiyyat və incəsənətlə
sıx bağlı olan ailədə böyüyən Gündüzün
uşaqlığı teatrda,
kinoda aktyorlar arasında keçdi, rəssamlığa, yazı-pozuya
böyük maraq göstərdi. 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini,
1961-ci ildə Azərbaycan
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirdi.
Gündüz Abbasov tələbəlik illərində ədəbi
yaradıcılıqla məşğul
olur, hekayələr yazır, tərcümələr
edirdi. 50-60-cı illərdə
"Papasının qızı",
"Canlı körpü"
və "Qanadlar"
adlı üç kitabı nəşr edilir, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur. Bir müddət Azərbaycan
radiosunun gənclər
şöbəsinin müdiri
işləyir. "Uşaqgəncnəşr"də, "Azərnəşr"də fəaliyyət
göstərir, xeyli kitabın redaktoru olur. "Ədəbiyyat
və incəsənət"
qəzetində şöbə
müdiri işləyir.
Sonra Aydın
müəllim aktyorun kinoya gəlişi barədə ətraflı
məlumat verdi.
Qeyd etdi ki, Gündüz
Abbasovun yaradıcılığının
ən rəngarəng
səhifələri Azərbaycan
kinematoqrafiyası ilə
bağlı olub.
1958-1990-cı illərdə C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının
istehsal etdiyi 20-dək
filmdə, o cümlədən
8 ekran əsərində
əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. "Bir qalanın sirri" film-nağılında Elşən,
"Aygün" televiziya
filmində Elyar, "Bizim küçə"də
Rasim, "Leyli və Məcnun"da Zeyd, "Telefonçu qız"da Mehribanın atası, "Vulkana doğru"da Uzun, "Dədə Qorqud"da Baybura, "Qərib cinlər diyarında"da
İblis, "Babək"də
Pərvinin babası,
"İşarəni dənizdən
gözləyin"də şair,
"Qəm pəncərəsi"ndə
qoca kəndli, "Alman klinikasına şəxsi səfər"də
milyonçu Lioznov,
"Doğma sahillər"də
Bəndalı kişi,
"Yuxu"da Hidayət
kişi və s. obrazlar bu qəbildəndir.
"Babək" filmindən söz düşmüşkən,
demək lazımdır
ki, vaxtilə Gündüzün atası
Şəmsəddin müəllim
"Babək" kinossenarisini
yazmışdı. Filmin quruluşu
rejissor Hüseyn Seyidzadəyə tapşırılmışdı.
Lakin Moskvadakı məsul kino işçiləri filmin çəkilişinə
icazə vermədilər.
Bir çox illər keçəndən sonra
"Babək" tamamilə
başqa ssenari üzrə çəkildi.
G.Abbasov "Koroğlu" filmində baş rolu ifa
etməli idi. Onu filmdə
baş rola sınaq çəkilişlərinə
dəvət etmək üçün Moskvaya teleqram vurulur. O vaxt "Bir qalanın sirri" filminin müəyyən epizodları Moskvada çəkilirdi. Rejissor Ə.Atakişiyev
qısqanclıq ucbatından
teleqramı Gündüzə
verməyib gizlədir.
Səbəbi aydın idi.
Rejissor istəməyib ki, bu aktyor onun
filmi ilə paralel başqa bir filmdə iştirak etsin. Təbii ki, rejissor H.Seyidzadə
cavab almadığına
görə aktyor Əfrasiyab Məmmədovu
Koroğlu roluna təsdiq edir. Bundan fərqli olaraq çəkilişinə hazırlıq
görüldüyü "Şah İsmayıl" filmində Gündüz Şah İsmayıl roluna təsdiq olunur. Amma müəmmalı şəraitdə bu filmin istehsalı baş tutmur. Halbuki o, foto və kino
sınaq çəkilişlərindən
uğurla çıxmışdı.
Gündüz Abbasov isə rejissor Ə.Atakişiyevin
"Bir qalanın sirri" film-nağılında
çəkilməklə daha
da məşhurlaşdı.
Gündüz mərd və qorxmaz Elşənin obrazını bütün
dolğunluğu ilə
yaratmağa müvəffəq
olub. Filmdə insan əməyi
və zəkasının
qüdrəti, çətinliyə
qalib gəlməsi Elşənin simasında canlı surətdə göstərilib. Maraqlıdır ki, film ekranlarda nümayiş etdiriləndən
sonra bir çox valideynlər həm yaraşıqlı
aktyor Gündüz Abbasovun, həm də onun sənətkarlıqla
yaratdığı Elşən
obrazı şərəfinə
yeni doğulmuş uşaqlarının adlarını
Elşən qoydular.
Natiq bildirdi ki, kinorejissor
H.Seyidbəylinin "Telefonçu
qız" filmindəki
Mehribanın atası rolu G.Abbasovun ən sevimli ekran işlərindəndir. Rol böyük
olmasa da aktyor onu məharətlə
ifa etmişdir. Demək olar ki, ata
rolu Gündüzün
indiyə kimi yaratdığı surətlərdən
tamamilə fərqlənən,
yeni, təsirli bir obrazdır. Sonrakı illərdə çəkildiyi
filmlərdə biz Gündüz
Abbasovu müxtəlif
planlı xarakterik rollarda görürük.
Anarın çəkdiyi "Qəm pəncərəsi"
filmi yazıçı-dramaturq
Cəlil Məmmədquluzadənin
həyat səhifələrini
ekranda canlandırır.
Bu filmdə aktyor
qoca Kərbəlayı
rolunda oynayır.
Rejissor Kərbəlayını kasıb
kəndlilərin ümumiləşdirilmiş
obrazı kimi təqdim edir. Bununla belə, bəzən o, gözəl misallar çəkir. Ağsaqqalın dediyi fikirlər onun dünya görmüş bir insan olmasından xəbər verir.
Aydın müəllim qeyd etdi ki, o, romantik
rolların mahir ifaçısı idi. Təsadüfi deyil ki, kinorejissor
C.Mirzəyevin yaratdığı
"İşarəni dənizdən
gözləyin" tarixi-inqilabi
filmində Gündüzə
çox maraqlı bir rol təklif
olunmuşdu. Şair rolu.
Bu personajın prototipi dövrün böyük mütəfəkkiri
şair Məhəmməd
Hadidir. Gündüz Abbasov obrazın
daxili aləminə nüfuz edərək onun zəngin mənəviyyatını üzə
çıxarır.
Xalq şairi Səməd Vurğunun məşhur
"Aygün" poeması
əsasında ekranlaşdırılmış
eyniadlı film-poema Azərbaycanda ilk bədii televiziya filmidir. Bu filmdə tamaşaçılar
çox qısa bir müddət ərzində məhəbbət
üçbucağı ilə
qarşılaşırlar.
Əmirxan evdən küsüb gedəndən sonra Aygün körpəsi ilə tək qalır. Bu vaxt Elyarın
(G.Abbasov) qəlbində
ülvi hisslər oynayır. Elyar Aygünü bütün
varlığı ilə
sevir. Elyar rolu epizodik olsa da maraqlıdır.
Sonra natiq aktyorun "Dədə Qorqud" filmindəki rolundan danışdı. Həmin filmdə Gündüz
Abbasov maraqlı bir surəti - Baybura obrazını yaradıb. Baybura oğul atasıdır.
Oğlunun başına gətirilən
oyunlar atanı sarsıdıb, onu kor edib. Bununla belə ata ümidini
itirməyib, nə vaxtsa oğlu ilə görüşəcəyinə
inanır. Onun oğlu
Beyrəklə görüşü
filmin ən maraqlı səhnələrindən
biridir. Bu an atanın keçirdiyi hisslər, həyəcan dolu sevinc aktyor
tərəfindən inandırıcı
şəkildə tamaşaçıya
çatdırılıb.
Gündüz müəllim "Mozalan"
respublika satirik kinojurnalının bir çox kinosüjetlərində
də maraqlı surətlər yaradıb. Bundan başqa o, Ukraynanın A.Dovjenko adına
kinostudiyanın istehsalı
olan "Piliqrim"in
kapitanı" bədii
filmində qoca dənizçi rolunu ifa edib.
Aktyor sonuncu dəfə rejissor F.Əliyevin "Yuxu" filmində çəkilib. O, filmdə sanki özü-özünü
oynayır. Hidayət kişi epizodik
rol olsa da, diqqəti cəlb edir. Filmə baxdıqca görürsən ki, bağban obrazı əslində, aktyorun özüdür: yorğun,
qayğılı, həyatın
hər üzünü
görmüş Hidayət
kişi - Gündüz Abbasov.
Gündüz Abbasov ömrünün
son illərində görkəmli
adamlarla görüşləri
barədə xatirələrini
yazırdı. Bir də "Keçmişsiz"
adlı roman üzərində
işləyirdi. Bu işləri başa çatdıra bilmədi.
Amma Azərbaycan kino tarixində parlaq iz qoyub getdi.
Sonra çıxış edənlər
onun haqqında xatirələrini danışdılar. Qızlarının tədbirdə iştirakı,
onların çıxışları
tədbiri daha da məzmunlu etmişdi.
Fondun foyesində isə Gündüz Abbasovun həyat və yaradıcılığına həsr
olunmuş sərgi tamaşaçılar tərəfindən
böyük maraqla qarşılandı.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-2010.-26 dekabr.-S.7.