Maarifçilik mədəniyyətimizin
nadir incisi - "Əkinçi"
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin milli mətbuatımızın 135 illiyi ilə
əlaqədar sərəncamı ideoloji işçilər,
bütövlükdə ziyalılar qarşısında ciddi
vəzifələr qoymuş, milli-mədəni
dəyərlərimizə, mədəniyyətimizin
təkamül və inkişaf tarixinə hörmətlə,
diqqət və qayğı ilə yanaşmaq tələbini
irəli sürmüşdür. Bu baxımdan
ilk anadilli qəzetimiz "Əkinçi"nin mənəvi
mədəniyyətimizin inkişafı tarixində
böyük rol oynadığını qeyd etməmək
olmaz. Əlbəttə, mənəvi-intellektual
mədəniyyətimizin xüsusi diqqət çəkən
bir sahəsini də XIX əsrdə və XX əsrin
əvvəllərində məhz maarifçilik
mədəniyyəti təşkil edir.
"Əkinçi" qəzeti isə maarifçilik
mədəniyyətimizin nadir incisidir. Həsən bəy
Zərdabi də daxil olmaqla "Əkinçi" elmə
əsaslanan tərəqqi və inkişaf ideyalarının, milli
mənlik şüurunun carçısı idi.
Maarifçilik mədəniyyəti, yaxud
müəyyən konkret mənada maarifçilik
fəlsəfəsi XIX əsrdə və XX əsrin
əvvəllərində bütövlükdə Azərbaycan
xalqının mənəvi mədəniyyətinin
inkişafında mühüm mərhələdir. XIX
əsrdə Azərbaycanda maarifçilik
hərəkatının və maarifçilik ideya
cərəyanının aparıcı qüvvələri,
necə deyərlər, "sütün qoyanları"
məhz Mirzə Fətəli Axundov və Həsən bəy
Zərdabi idi. Məqsəd və amal
ümumiliyinə baxmayaraq, əlbəttə, M.F.Axundov və
Həsən bəy Zərdabinin bəhs etdiyimiz məsələyə
yanaşmalarında müəyyən fərqlər də var
idi. "Əkinçi" qəzetinin
səhifələrində hər iki mütəfəkkir
arasında baş vermiş "mübahisə",
"fikir ayrılığı", bəlkə də,
elə buradan qaynaqlanırdı.
Həsən
bəy Zərdabinin nəzərində maarifçilik
cəmiyyətin tərəqqiyə doğru
inkişafının, cəmiyyəti bütün bəlalardan
xilas etməyin yeganə vasitəsi idi. Hər halda XIX əsr
çərçivəsində Həsən bəy bu ideya
platformasında durmuşdu. Sonralar, konkret olaraq
XX əsrin əvvəllərində Həsən bəy
Zərdabinin maarifçilik baxışlarında
müəyyən dəyişiklik, daha dürüstü,
irəliləyiş baş vermişdi.
"Əkinçi"də özünün ilk
tərənnümünü tapmış maarifçilik
ideyaları XX əsrin əvvəllərində daha çox
sosial həyatın yaxşılaşdırılması
uğrunda qaynar fəaliyyətin və mübarizənin ideya
təminatı kimi özünü nümayiş etdirirdi; Sözün əsl mənasında, Həsən
bəy Zərdabi təkcə "sırf maarifçi"
platformasında qalmayaraq başlıca maarifçilik
ideyalarının həyata keçirilməsi uğrunda
mərd mübariz kimi çıxış edirdi, ümummilli
əhəmiyyət kəsb edən məsələləri
xalqın, onun ziyalılarının diqqəti
önünə çəkirdi.
Bəs
"Əkinçi" dövründə, eləcə də
bu qəzetin özündə maarifçiliyin, maarif-elm
uğrunda mübarizənin məhz hansı konkret
məsələləri önə çəkilirdi? Burada söhbət həm "Əkinçi"nin
banisi, hamisi, qayğıkeşi kimi Həsən bəy
Zərdabinin özündən, "Əkinçi"nin
dostlarından, həm də o dövrün ideya
mübarizəsinin, bir növ maarifçilik
mədəniyyətinin mahiyyətini düzgün
dəyərləndirmək və
qiymətləndirmək məqsədilə
"Əkinçi"nin təxminən bir ideya
platformasında birləşmiş əleyhdarlarından,
bəlkə, bir qədər sərt deyilsə,
bədxahlarından gedir.
Zərdabinin aldığı universitet təhsili,
Azərbaycan əhalisi arasında onun aparmış olduğu
şəxsi müşahidələr, şahidi olduğu
avamlıq, nadanlıq mənzərələri, elm
təhsilinə qarşı istiqamətlənmiş
ətalətli, mühafizəkar, qaragüruhçu qüvvələrin
mövcudluğu maarifçiliyi Həsən bəy
Zərdabinin nəzərində, necə deyərlər,
"döyüş silahına" çevirmişdi. Bəs
bu silahı necə işə salmalı? Əslində,
söhbət bundan gedirdi ki, bu işdə nədən
başlanılmalıdır? Həsən bəy qəti
qərara gəlmişdi ki, avam xalq kütlələri
içərisində maarifi, elmi ideyaları yaymaq
üçün xalqla söhbət edib, danışmaq
üçün ona tribuna, xitabət kürsüsü
lazımdır. Bu kürsü isə Həsən bəyin
nəzərində milli dildə, doğma Azərbaycan
dilində qəzet nəşri idi. Haqqında
bəhs edilən maarifçilik ideyalarının sonradan
"Əkinçi" qəzetində
reallaşdığına, yəni necə gerçək
şəkildə təcəssümləşdiyinə
sübutlar gətirməyə ehtiyac yaranmır, necə
deyərlər, "görünən dağa
bələdçi lazım olmur".
Xatırlatdıq ki, Həsən bəy hər
şeyin çarəsini maarifçilikdə, elmdə
görürdü. Məsələn, o, belə hesab edirdi ki,
biz başqa millətlərlə yaşamaq uğrunda
mübarizə aparırıq və bu mübarizədə
qalib gəlməyin çarəsi elmdədir. Bu
barədə Həsən bəyin şərhində
"Əkinçi"də də oxuyuruq: "Zikr olan
zindəganlıq cəngində tüfəng və
xəncər işləməz, güc və rəşidlik
iş görməz. Onun əsbabı ancaq ağıldır
və ağıl bir şeydir ki, işləndikcən
tərəqqi edər, yəni elm təhsil etdikcən ağıl
da artar... Bizim zəmanəmiz dəyişilib, biz elm
sahiblərinə rast gəlmişik. Bizimlə
zindəganlıq cəngi edən millətlər elm təhsil
edirlər. Ona binaən gərək biz də elm
təhsil edək ki, onlara zindəganlıq cəngində qalib
olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa
dövlət və xoşgüzəranlıq onların
əlinə keçəcəkdir və bizlər mürur
ilə zindəganlıq cəngində məğlub olub,
tələf olacağız. Pəs bayatı
çağırıb zəmanədən şikayət
edən, sənin bayatından nə hasil? Səy
et, zəhmət çək, elm təhsil et ki, dövlət
qazanıb xoşgüzəran olasan"
("Əkinçi" , "Daxiliyyə", 1875 N 5).
"Əkinçi"də yer almış
"Elmi-əbdan" və "Elmi-ədyan"
mübahisəsi XIX əsrin 70-ci illərində Azərbaycanda
maarifçilik mədəniyyətinin formalaşması yolunda
ciddi bir addım idi və bu, geniş əks-sədaya
səbəb olmuşdu. Söhbət, birinci növbədə
o vaxt mövcud olmuş məktəblərdə tədrisin
vəziyyətindən, "elmi-əbdan"a, yəni
dünyəvi elmlərin tədrisinə yer
verilməməsindən gedirdi. Sözsüz ki,
"elmi-əbdan" və "elmi-ədyan"
mübahisəsi müəyyən xurafat, nadanlıq əsiri
olan qüvvələri də hərəkətə
gətirmişdi, onlar "Əkinçi"yə və onun
redaktoruna, həmçinin fəal müxbirlərinə
qarşı təhdid və təqiblərini gücləndirmişdilər.
Bəhs etdiyimiz mübahisə başqa müsəlman
ölkələrinə də yayılmış və XX
əsrin birinci onilliyində Azərbaycanda "Həyat"
qəzeti səhifələrində "Bizə hansı
elmlər lazımdır?" rubrikasında davam
etdirilmişdir. Bu mübahisədə isə
Azərbaycanın görkəmli ziyalıları yaxından
iştirak etmişlər.
İndi
isə haqqında bəhs etdiyimiz mübahisənin
"Əkinçi" qəzetində nə
şəkildə davam etdirilməsi məsələsinə
qayıdaq. Qeyd etmək lazımdır ki, o vaxtkı
Azərbaycanın gənc demokratik qüvvələri,
həmçinin Zaqafqaziyanın Şeyxülislamı axund
Əhməd Hüseynzadə "Əkinçi"nin
müdafiəsinə qalxırlar. Məsələn, axund
Əhməd Hüseynzadə "Əkinçi"
qəzetinə xüsusi məktub göndərir. Həmin
məktubdan bir parçanı diqqətinizə
çatdırırıq: "Ali-şanlı Həsən
bəy! Cənab Heydərinin cavabında
icmalən yazarsan ki, bizim peyğəmbərimizin
buyurduqları əlelmül-elman, elmül-əbdan,
elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan
külliülumi-dünyəvidən ibarətdir...
Əvvəlinci ehtiyac cisman və ikinci ehtiyac ruhanidir"
("Əkinçi", 1876, N 12).
Həsən
bəy Zərdabi Şeyxülislam Əhməd Hüseynzadənin
fikirlərini şərh edərək yazırdı:
"Cənab Şeyxülislamın məktubunu oxuyana məlum
olur ki, bizim peyğəmbərimiz öz ümmətini
irəli salmaqdan ötrü onlara hökm edibdir ki, hər bir
elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar
millətlər arasında rüsva və zəlil olub dünya
işlərinə məhəl qoymadığımıza
səbəb... Ol səbəblərdən sonra
danışarıq. İndi bizim alimlərdən iltimas edirik
bizim bu suallarımıza cavab versinlər. Çünki bizim
peyğəmbərimiz müsəlmanlara elmül-əbdanıtəhsil
etməyə hökm verib və ona binaən bizlərə vacibdir
ki, ol elmləri təhsil edək, onları kimdən
öyrənək? Və əgər bir xaricə
elmül-əbdandan xəbərdar ola, ondan ol elmləri
öyrənmək olarmı ya elmül-ədyan oxudan
gərək bizlərə elmül-əbdanı da oxutsun?"
Həsən bəy Zərdabi daha sonra qeyd edirdi ki,
elmi-əbdan hədisinin əsl mənası məlum və
aşkardır, bəhs olunan mübahisənin ümdə
məqsədi bizim elmül-əbdandan xəbərsiz
olmağımızın səbəblərini bəyan edib,
onun əlacını xalqa göstərməkdir
("Əkinçi", "Daxiliyyə", 1876, 29 mart).
Həsən
bəy yaxşı bilirdi ki, dünyəvi elmləri tədris
etməyin, öyrənməyin başlıca məkanı
məktəblərdir. Lakin o vaxtlar Azərbaycanda mövcud
olmuş məktəblərin tədris üsulu dünyəvi
elmlərin tədrisinə mane olurdu. Həsən bəy
hələ Zərdab kəndində mollaxanada oxuyarkən dini
təhsil üsulunun ona nə qədər mənfi təsir
etdiyini dəfələrlə qeyd etmişdi. O,
"Əkinçi" qəzetinin səhifələrində
elmi-əbdan mübahisəsi ilə bağlı
şərhlərə və mübahisələrə
geniş yer verir, özü də publisist, maarifçi
qələminin gücündən istifadə edirdi. Həsən bəy Zərdabi
"Əkinçi" qəzetində müsəlman
vilayətlərinə səyahətə çıxaraq,
müşahidələri əsasında "İslam"
adında kitab yazmış alman alimi Vamberinin Qərb və
Şərq ölkələrində elmlərin inkişaf
vəziyyəti ilə bağlı söylədiyi
mülahizələrə öz münasibətini
bildirir.
"Əkinçi"nin
13 may 1876-cı il tarixli nömrəsindəki
"Daxiliyyə"dən Həsən bəy Zərdabinin
şərhində bir parçanı diqqətinizə
çatdıraq: "Elə ki,
xəlifələrin yerində soltanlar, şahlar, xanlar
əyləşdilər və xalqın ipi ruhanilərin
əlinə düşdü, hökumət əhli öz
nəfindən ötrü xalqı gözübağlı
saxlamaq üçün məktəbxanalarda ancaq
şəriət adamlarını, boş sözləri
bir-birinə yapışdırıb ibarət ilə
danışmağın dalıncan
düşüb, xalqı yoxsul və sərgərdan edib
özləri kef və ləzzəti-dünyaya
məşğul oldular və nəinki özləri
təzədən xalq üçün məktəbxanalar
açmadılar, hətta olan məktəbxanalarda mollalıq
məsailini araya salıb xalqı elm yolundan uzağa
saldılar".
Həsən bəy Zərdabinin dünyəvi
elmlərin öyrənilməsi və o vaxt mövcud olan
məktəblərdə bu elmlərə biganə
münasibət bəslənilməsi barədə təkidli
və israrlı fikirləri, mən deyərdim, maarifçilik
mədəniyyətinin inkişaf etdirilməsinə dair fikirləri Azərbaycanın demokratik əhval-ruhiyyəli
ziyalıları, "Əkinçi"nin fəal
müxbirləri, o cümlədən vaxtilə Bakı
Realnı gimnaziyasında Zərdabinin şagirdləri
olmuş, daha doğrusu, onun maarifçilik ideyalarının
sağlam ruhlu carçıları olmuş Nəcəf
bəy Vəzirov və Əsgər ağa Gorani
səmimiyyətlə müdafiə etmiş,
"Əkinçi" qəzeti səhifələrində
haqqında bəhs etdiyimiz elmi mübahisəyə
qoşulmuşdular. O vaxt Azərbaycanda mövcud
olmuş dini məktəblərdəki tədris üsulu
barədə mülahizələrini və kəskin tənqidi
iradlarını bildirmiş Nəcəf bəyin
"Əkinçi"nin redaksiyasına göndərdiyi
və qəzetin "Məktubat" bölməsində
dərc olunmuş ("Əkinçi", 6 noyabr 1876) yazısından
bir parçanı diqqətinizə çatdırırıq:
" Bizim məktəbxanalara baxan gərək bizi adam hesab
etməsin. Biçarə uşağı gətirib mollaya
verəndə əvvəl zaman molla onu bir böyük
şagirdə tapşırır ki, ona ustad deyərlər.
Ustad onu öyrədir: əlifdən beyətən,
yüyürdüm evətən... Xülasə bir
neçə günün müddətində onu özü
kimi edir. Məktəbdə mollanın
falaqqası və çubuğu, ustadın və qeyri
şagirdlərin qapazı, evdə ata və ananın yumruq,
silləsi və onların hamısının bəd əməli
biçarə uşağı bir az zamanda oğru,
yalançı və hər bədbihesablıqdan
xəbərdar edir... Bizim müəllim uşaq
üçün cəlladdır..."
İndi
də Əsgər ağa Goraninin mülahizələrinə
diqqət yetirək. Əlbəttə, Əsgər
ağanın mülahizələri Nəcəf bəyin
fikirləri ilə həmahəngdir. Lakin
bunları ayrıca verməyi lazım bildik.
"Əkinçi" qəzetinin 26 may 1877-ci il tarixli
nömrəsinin "Məktubat" bölməsində
Əsgər ağa fikirlərini belə şərh edir:
"Əkinçi" qəzeti həmişə bizim
müəllimlərə və onlara uşaqlarını
tapşıranlara töhmət edir ki, onların hər
ikisi uşaqlara yağı olub ol qədər incidirlər ki,
biçarə bildiyini də yaddan çıxarır.
Əlhəqq, bu söz doğrudur, amma bu barədə bizim
müəllimlərdə taxsır yoxdur. Müəllim bir
sənətkar babadır, öz sənətilə qeyr
sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların
valideynlərinə satıb zindəganlıq edir. Müəllimin yaxşı, yaman olmağına bais
camaatdır və əgər camaat başa düşə ki,
bu tövr təlim uşağı xarab edir və xahiş
edə ki, qeyr tövr uşaqlara təlim olunsun, müəllim
naəlac qalıb camaat istəyən tövrdə təlim
edəcək... Şagirdin ata-anası deyəndə ki,
molla, onu döy, əti sənin, sümüyü mənim,
molla naəlac qalıb döyəcək, yoxsa ay başı
gələndə pul verən olmaz... Təlim etmək asan
deyil, bu özü bir elmdir ki, Avropa əhli ona
elmi-pərvəriş deyir".
Yeri gəlmişkən xatırlatmağa
dəyər ki, Azərbaycanda pedoqoji fikrin inkişafı
məsələlərinə dair çox maraqlı, həm
də mən deyərdim, qiymətli fikir və
mülahizələr, təklif və tövsiyələr
"Əkinçi" qəzeti səhifələrində
öz təcəssümünü tapmışdır.
Əlbəttə, respublikamızda pedoqoji fikrimizin inkişaf
tarixinə dair alimlərimizin dəyərli tədqiqatları
vardır. Lakin bununla belə onların diqqətini bir daha
"Əkinçi"yə, orada dərc olunmuş
maraqlı materiallara cəlb etməyi zəruri saydıq. Bir daha Əsgər ağa Goraninin
"Əkinçi" dövründə təhsil,
təlim-tərbiyə, müəllim probleminə dair
fikirlərinə qayıtmaqla nəzərə çatdırmaq
istərdik ki, o, bəhs etdiyimiz problemin
özünəməxsus yeni qoyuluşunu irəli
sürürdü. Daha doğrusu, bəyan edirdi ki,
bütövlükdə təhsil sistemini
dəyişmədən məktəblərdə
təlim-tərbiyədə, təhsildə uğur qazanmaq
mümkün deyildir. O, həmçinin məktəblərdə
dərs deyəcək yeni tipli müəllim yetişdirmək
zərurətini irəli sürürdü. Əsgər
ağa Goraninin "Əkinçi"yə məktubundan bir
parçanı da oxucuların diqqətinə
çatdırırıq: "Bizim müəllimlər qol
gücünə biçarə uşağı yarımcan
edib, əlif-bey öyrədib, sonra əlhəmdüllahi
əzbərlədib korazehin edirlər... Pəs qardaşlar, gərək
mürur ilə təzə məktəbxanalar bina edib,
az-çox elmdən xəbərdar olanları oraya
müəllim tutmaq".
"Əkinçi"
qəzetinin səhifələrində şərh edildiyi kimi,
maarifçilik mədəniyyətinin mühüm tərkib
hissəsi məktəblərdə tərbiyə məsələsidir.
Qəzetin tez-tez diqqətə çatdırdığı
kimi, şagirdlərin düzgün tərbiyə edilməsi
onların valideynlərinin, xüsusilə də
analarının tərbiyəsindən çox asılıdır.
Heç də təsadüfi deyildir ki, qadın
azadlığı, qadınların savadlandırılması
problemi "Əkinçi" qəzetində həm
birbaşa, həm də dolayısı ilə
nəzərə çatdırılır. Elə
burada yerinə düşər deyək ki, Həsən bəy
Zərdabi savadlı, dünyəvi təhsilli bir
ömür-gün yoldaşı tapıb ailə qurmaq
üçün Tiflisə, "Svyataya Nina"
məktəbinə gedib həmin məktəbin məzunu
Hənifə xanım Abayevanın, sonralar Məlikovanın
sorağına düşməmişdimi? Həmin
Hənifə xanım da Həsən bəyin,
əlbəttə, həm də özünün evində
yaşayan, eləcə də orada təhsil alan uşaqlara
həm analıq, həm də müəllimlik
etməmişdimi?
Ümumiyyətlə,
bəhs etdiyimiz məsələnin "Əkinçi"
qəzetində necə qoyulmasını və onun həlli
üçün hansı yolun təklif edilməsini
özündə əks etdirən və həmin
qəzetdə çap olunmuş yazıdan bir parçanı
diqqətinizə çatdırırıq: "Hər bir
cocuq məktəbxanalardan əvvəl birinci dərəcə
gərək tərbiyət və tərbiyətsizliyi öz
pədər və analarından öyrənməlidirlər.
Ona binaən hər kəs daima mədyundur ki, övladına
mədəniyyət öyrədib, tərbiyət versin ki, ol
cocuq da irəlidə insanın tamam sifətilə dünyada
günlər və saatlar keçirtsin. Bu əfkar dəxi
hər bir anada bulunması lazımədəndir...
Çünki tərbiyətin binası ana ilədir; uşaq
7-8 yaşına gəlincə ona ana tərbiyət edir..."
("Əkinçi" , 11 iyul 1876). Həsən
bəy Zərdabi elmin, maarifin yayılması zərurətini
əsaslandırmaq üçün
"Əkinçi"də də müxtəlif
üsullardan, yazı janrlarından istifadə edirdi.
İstəyi də bu idi ki, onun səsi müsəlman
dünyasının hər bir guşəsinə çata
bilsin. Bu cəhətdən "Əkinçi"
qəzetinin 19 avqust 1876-cı il tarixli
nömrələrindən birində dərc olunmuş bir
yazını, çox maraqlı olduğuna görə müəyyən
ixtisarlarla nəzərinizə çatdırmaq istərdim:
"Bizim Qafqaz vilayətinin bir şəhərində iki
şəxs bir-biri ilə belə söhbət edir:
Sual: Əmi,
eşitmisənmi ki, Badkubədə bir ildir filankəs
"Əkinçi" ismində bir qəzet
çıxardır, tazə xəbərlər yazır,
hikmət ilə hər bir şeyi aşkar edir?
Cavab:
Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin
sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi?
Mən elə bilirdim ki, o qəzeti İvan ya Karapet
çıxardır. Pəs onu filankəs
çıxardırmış. Mən onun ata-babasını
tanıyıram. Qoy getsin. Ev buzovundan öküz olmaz.
Sual:
"Əkinçi" qəzeti deyir ki, zəmanəmiz
dəyişilib. İndi elm təhsil etmək gərək. Ona
binaən lazımdır elm kitabları gətirdib, öz
dilimizdə elm öyrənmək.
Cavab: O
elmləri öyrənmək bizə lazım deyil. Niyə
ata-babalarımız o elmsiz yolla getdilər, biz gedə
bilmədik? Bizim öz elmimiz bizə bəsdir və
əgər hər kəs o elmləri öyrənmək
istəsə, getsin xarici dillərində öyrənsin...
Sual:
"Əkinçi" qəzeti deyir ki, qəzet və jurnal
oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini
öyrədir, məzhəbində qaim edir.
Cavab: Bunlar hamısı ...
pul tələsidir. Mən öz dilimizi
məgər bilmirəm? Məzhəbdə
qaim olmağa qəzet ya jurnal oxumaq nə lazım?
Kəlmeyi-şəhadət və beş
vaxt namaz bəsdir" ("Daxiliyyə").
Göründüyü
kimi, bu "söhbətdə" "Əkinçi"
qəzetinin məramının bəzi komponentləri əks
olunmuş, həmçinin qəzetin proqramını aydın
dərk etməyən, bəlkə də, ona müqavimət
göstərə biləcək sosial qüvvələrin
mövcudluğuna işarə edilmişdir. Ola bilsin ki, Həsən
bəy Zərdabi özü və yaxud
"Əkinçi"nin müxbirləri
sosial-humanitar mühitdə bu cür mülahizələrin
subyektlərini dəfələrlə görmüşlər.
İzzət
RÜSTƏMOV,
BDU-nun Sosiologiya kafedrasının
müdiri, professor
Xalq qazeti.-2010.-26 dekabr.-S.8.