Albaniyaşünaslığa dair
dəyərli tədqiqat əsəri
Qafar
Cəbiyevi 30 ildən artıqdır ki, tanıyıram. Aspiranturaya qəbul zamanı
ondan imtahan götürmüşəm. Olduqca istedadlı,
həm də işgüzar və təcrübəli
arxeoloqlardandır. Uzun illərdir ki, Ağsu,
İsmayıllı, Qəbələ, Bakı və
Kürdəmir arxeoloji ekspedisiyalarının apardığı
qazıntıların iştirakçısı olub və
neçə vaxtdır ki, artıq özü həmin
tədqiqatlara bilavasitə rəhbərlik edir. Onun tarix və
arxeologiya elminin müxtəlif sahələrinə dair
kitabları, çoxsaylı məqalələri və
müxtəlif elmi məclislərdəki məruzə və
çıxışları elmi ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilir.
Bu günlərdə
"Şərq-Qərb" nəşriyyatı
tərəfindən nəfis şəkildə çap
edilmiş iri həcmli fundamental "Girdiman tarixi" adlı
monoqrafiyası onun uzun illər aparmış olduğu
gərgin və səmərəli elmi
axtarışlarının nəticəsi kimi
dəyərləndirilməlidir. Bu fundamental əsərdə
Albaniya tarixinin IV-IX əsrləri əhatə edən və
tarixi hadisələrlə son dərəcə zəngin olan
çox mühüm bir dövründən bəhs olunur. Kitabın
redaktoru AMEA-nın müxbir üzvü Y.M.Mahmudov,
rəyçiləri isə AMEA-nın müxbir üzvləri
V.H.Əliyev və İ.A.Babayevdir. Məlumat üçün
bildirim ki, Qafar Cəbiyev bir neçə il öncə
həmin mövzuda doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə etmişdir. Dissertasiya Şurasının
sədri kimi deyə bilərəm ki, həmin
müdafiədən bir çoxları kimi mən də
çox razı qaldım. Çünki Qafar istedadlı
alimdir, onun təqdim elədiyi iş də yetkin və
sanballı iş idi. Elə bu səbəbdən də
müdafiə zamanı rəsmi opponentləri də, Elmi
Şura üzvləri də həm Qafar müəllim
haqqında, həm də onun dissertasiyası haqqında
qiymətli fikirlər söylədilər.
Xatırladaq ki, son 50 il
ərzində Azərbaycan tarixçiləri və
arxeoloqları tərəfindən Albaniya tarixinin elmi
cəhətdən araşdırılması
istiqamətində çox mühüm işlər
görülmüş, araşdırmalar
aparılmışdır. Bununla belə, onu da qeyd etməliyəm
ki, ilk orta əsrlərdə Albaniyada mövcud olan
inzibati-siyasi vahidlərin tarixi bu günədək
yetərincə öyrənilməmişdir. Bu
səbəbdən də ayrı-ayrı inzibati-siyasi
vahidlərin lokalizəsi , onların tarixi,
ərazilərindəki arxnoloji və memarlıq
abidələrinin dövrü və təyinatı ilə
bağlı milli tarixşünaslığımızda
boşluqlar və ciddi polemika doğuran məqamlar
yetərincədir. Girdiman tarixi də bu baxımdan istina deyil.
Xatırladaq ki, bir neçə əsr ərzində
Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni
həyatında aparıcı mövqe tutan Girdiman
vilayətinin lokalizəsi ilə bağlı bu
günədək tədqiqatçılar arasında fikir
ayrılıqları qalmaqdadır. Həm də əksər
tədqiqatçılar Girdiman vilayəti ərazilərini
Albaniyanın qərbində lokalizə ediblər. Qafar
Cəbiyev isə erməni tarixçisi S.T.Yeremyan
tərəfindən keçən əsrin 30-cu
illərində tarixşünaslığa gətirilmiş bu
versiyanın elmi əsas olmadığını və Girdiman
Şirvan ərazisində, daha konkret desək, Ağsuçay,
Girdimançay və Göyçay çayları
hövzəsində lokalizəsinə dair mülahizəsini
çoxsaylı və tutarlı elmi dəlillərlə
sübuta yetirməyə çalışmış və
buna müvəffəq olmuşdur.
Q.Cəbiyevin fikrincə,
bəzi araşdırıcıların, guya, yazılı
mənbələrə istinadən Girdiman ərazilərinin
Albaniyanın qərbində, yaxud da şimali-qərbində
olduğuna dair mülahizələri ilə əsla
razılaşmaq olmaz. Ona görə ki, qədim və orta
əsr mənbələrində bu barədə demək olar
ki, konkret heç bir məlumat yoxdur. Əksinə, Koryunun,
digər müəlliflərin, xüsusilə də
M.Kalankatuklunun Albaniya tarixinə dair qeydlərində
Girdimanın məhz Şirvan ərazisində lokalizəsini
təsdiqləyə biləcək bir sıra prinsipial
əhəmiyyətli məqamlar vardır. Hansı ki, Qafar
müəllim həmin məqamlar üzərində bir daha
dayanmaqla öz fikirlərini elmi- məntiqi baxımdan
əsaslandırmağa çalışıb. O, öz
versiyasını, həmçinin, Albaniyanın
qərbində, o cümlədən indiki Şəmkir,
Daşkəsən, Tovuz, Qazax və Ağstafa rayonları
ərazisində Girdimanla bağlı heç bir arxeoloji
və memarlıq abidəsinin, habelə qədim toponimlərin
olmaması, Şirvan ərazisində isə bu cür abidə
və toponimlərin hal-hazırda da mövcudluğu ilə
əsaslandırır. Qafqaz ərazisində Girdiman adı
ilə məlum olan yeganə çayın məhz Şirvan
ərazisindən axdığını, Girdiman
hökmdarları Xursun və Cəsur Vardanın adını
daşıyan qədim yaşayış yerlərinin,
Cavanşirin adını daşıyan VII əsrə aid
möhtəşəm qalanın məhz Şirvan
ərazisində mövcudluğu da müəllifin fikrincə,
Girdiman vilayətinin lokalizəsi ilə bağlı son və
qəti fikir söyləmək üçün kifayət
qədər ciddi arqumentlər hesab edilməlidir.
Albaniyanın
digər bölgələri kimi, Girdiman vilayəti ərazisi
də ilk orta əsr abidələri ilə olduqca zəngindir.
Q.Cəbiyev tərəfindən həmin abidələr -
yaşayış yerləri, qala və istehkamlar,
məbədlər və qəbir abidələri
öyrənilib. Tədqiqatçı yaşayış
yerlərini iki qrupa bölüb: şəhərlər və
kənd tipli yaşayış məskənləri.
Girdimanın şəhərləri və şəhər
tipli yaşayış məntəqələri
sırasında Qəbələ, Qalagah, Mehrəvan,
Qırlartəpə və Lahıc, kənd tipli yaşayış
məskənləri sırasında isə Pəldahar,
Dürdüvan, Həsən bəyin yeri, Aşağı
Qaraməryəm, Yekəxana, Tərkəş,
Kələş, Gəndob, Ərəbcəbirli və bir sıra
digər abidələr, habelə həmin abidələrdə
aparılan arxeoloji tədqiqatlar barəsində ətraflı
məlumat verilir. Qala və istehkamlardan Girdiman qalası,
Cavanşir qalası, Xanagah qız qalası, Niyal qalası, Fit
qalası, Bayramkoxa qalası, Xaçmaz qovur qalası, Qızlar
qalası, Xirəki müdafiə səddi, Nəzrə
qülləsi, Qalatap, İtaldamac və Qaladam kimi
müşahidə məntəqələrinin hərbi-strateji
əhəmiyyəti, onların memarlıq
xüsusiyyətləri, dövrü və təyinatı
barədə araşdırmalar öz əksini tapıb.
Təkcə Girdiman vilayətinin deyil, bütövlükdə
Albaniyanın dini, mədəni və siyasi həyatında
xüsusi yeri olan Girdiman və Kilsədağ
məbədləri barədə ətraflı məlumat
verilib.
Girdiman
ərazisində aparılan arxeoloji tədqiqatlar
nəticəsində aşkar olunan zəngin maddi
mədəniyyət nümunələri yerli əhalinin
məşğuliyyəti və təsərrüfat
həyatı barədə kifayət qədər aydın
təvəssür yaradır. Müəllif mənbə
məlumatları və arxeoloji materialdan çıxış
edərək erkən orta əsrlərdə
əkinçiliyin, maldarlığın, ovçuluğun
və sənətkarlığın Girdiman əhalisinin təsərrüfat
həyatındakı rolu və əhəmiyyətindən
də ətraflı bəhs edir. Əsərin Girdiman
əhalisinin təsərrüfat həyatından bəhs olunan
bölümündə sənətkarlığın
ayrı-ayrı sahələri, o cümlədən
metalişləmə, dulusçuluq, toxuculuq,
daşişləmə, Ağacişləmə,
sümükişləmə və şüşə
məmulatı istehsalı barəsində ətraflı
məlumat verilir. Müəllifin arxeologiya elminin
əlifbası sayılan və mötəbər mənbə
kimi qiymətləndirilən keramika istehsalı tarixi və
texnologiyası, o cümlədən dulus çarxının
kəşfi və təkmilləşdirilmiş dulus
kürələrinin meydana gəlməsi ilə bağlı
mülahizələri də elmi cəhətdən son
dərəcə dəyərli ilə maraqlıdır.
Məlum
olduğu kimi, erkən orta əsrlərdə Albaniyanın
iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında
Girdiman vilayəti aparıcı mövqeyə malik olub. Bu da
hər şeydən öncə vilayətin təbii-iqtisadi
imkanları, Girdiman feodallarının hərbi-siyasi nüfuzu,
onların ölkədə siyasi hakimiyyətə təsir
dairəsinin genişliyi ilə izah oluna bilər. "Girdiman
tarixi" əsərində bütün bunlardan
ətraflı bəhs olunur.
Albom
şəklində verilən zəngin illüstrativ materiallar,
heç şübhəsiz, əsərin əyaniliyini
artırır və onun daha oxunaqlı olmasını
şərtləndirir. İngilis dilində geniş
xülasənin verilməsi də diqqətə layiqdir. Qeyd
etmək lazımdır ki, müəllifin toxunduğu
məsələlərin və yekun olaraq gəldiyi nəticələrin
xeyli qismi tamamilə yenidir, ilk dəfə elmə gətirilir.
Heç
şübhəsiz, uzun illərin gərgin və
səmərəli axtarışlarının məhsulu olan,
yeniliyi, əhatəliliyi, dərin məzmunu və mahiyyəti
ilə diqqəti cəlb edən "Girdiman tarixi" adlı
iri həcmli, fundamental monoqrafiya arxeologiya və tarix elminə
qiymətli töhfədir. Əsər ilk orta əsrlər
tariximizin bir sıra qaranlıq məqamlarına işıq
saçan mənbədir. Məqsədi, məramı və
siqləti ilə seçilən bu əsər
həmçinin erməni alimlərinin yalan və
uydurmalarına tutarlı cavabdır.
Bir
sözlə, Qafaq Cəbiyevin "Girdiman tarixi"
monoqrafiyası Azərbaycan
tarixşünaslığının aktivinə
düşməyə layiq əsərdir. Ümid edirəm ki,
yaxın gələcəkdə bu əsərin davamı da
olacaqdır. Çünki erkən orta əsrlərdə
Albaniyada mövcud olmuş digər inzibati-siyasi validlərin
də, məsələn, Çola, Lipina, Uti, Sakasena Balasakan,
Kambisena və digər vilayətlərin də
ayrı-ayrılıqda tarixinin yazılmasına çox ciddi
ehtiyac vardır.
Teymur
BÜNYADOV,
Akademik
Xalq qazeti.-2010.-26 dekabr.-S.6.