İqtisad elmində xüsusi yeri olan
alim
Yüksək
elmli, zəkalı insanlar tarixən cəmiyyətin
inkişafında, millətin formalaşmasında və yeni nəslin
tərbiyəsində mühüm rol oynayır və ona
görə də hamı tərəfindən sevilir,
yaddaşlara əbədi həkk olunurlar. Belə şəxsiyyətlər
yüksək zirvəni qeyri-adi əməksevərlikləri,
intəhasız ürək genişliyi, fitri istedadları,
nadir bilik və qabiliyyətləri bahasına fəth edirlər.
Belə
şəxsiyyətlərə insanlığın zirvəsi,
bitib-tükənməyən örnək məktəbi demək
olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru,
professor Aqil Əlirza oğlu Əliyev əsl elm fədaisi idi.
Bu gün görkəmli alimin elmdə açdığı
yolla gedənlərin, onun irsindən bəhrələnənlərin
sayı durmadan artır.
Aqil Əliyev
bütün zamanlarda öz nüfuzunu,
böyüklüyünü qoruyub saxlayan şəxsiyyət
idi. Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq
və rəşadət yolu bu böyük alim
üçün iftixar mənbəyi, faciələri isə ələm
və kədərlə yoğrulmuş iztirablı
düşüncələr idi. Onun bütün əməl və
fəaliyyəti xeyirxah niyyəti idi. Aqil Əliyevin xidmətləri
yetirmələrinə təkcə savad öyrətməkdən
ibarət deyildi, alim həm də onlara öz
yaşayışlarını yeni tərzdə, elmi biliklər
əsasında qurmağı, müasirləşməyi
öyrədirdi.
Görkəmli
alim sıravi müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə
qədər yüksəlmiş, respublikanın fəxri
adlarına layiq görülmüş, elmi fəaliyyətinə
ölkə rəhbərliyi tərəfindən yüksək
qiymət verilmişdir. Uzun müddət Azərbaycan Tibb
İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) "Siyasi
iqtisad" kafedrasına rəhbərlik etmiş bu alim, tədris
işinin təkmilləşdirilməsində böyük
işlər görmüş və elmi tədqiqatların
gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir.
O, ilk dəfə səhiyyənin iqtisadi problemlərini tədqiq
etmişdir.
Aqil Əliyev
1996-cı ildən Beynəlxalq Ekoenerji Akademiyasının
"Azərbaycan" bölməsinin akademiki idi. 2001-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir,
2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi
üzvü seçilmişdir.
Görkəmli
alim fədakar əməyinə, elmi və pedaqoji fəaliyyətinə
görə 1976-cı ildə "Qırmızı Əmək
Bayrağı" ordeninə, 1982-ci ildə "Əməkdar
elm xadimi" fəxri adına, 2000-ci ildə "Şöhrət"
ordeninə və digər ali mükafatlara layiq
görülmüşdür. 2006-cı ildə Beynəlxalq
İqtisadçılar İttifaqının üzvü
seçilmişdir.
Aqil Əliyev
ömrünün ən məhsuldar illərini Azərbaycan
Tibb Universiteti ilə bağlamış, burada respublikanın həkimlər
ordusunun yetişdirilməsində yaxından iştirak
etmiş, tibbi kadrların hazırlanmasında mühüm xidmətlər
göstərmişdir. Nəcib və xeyirxah insan kimi, o, bu təhsil
ocağının professor-müəllim və tələbə
heyətinin tükənməz rəğbətini
qazanmışdır.
Görkəmli
alimin 200-ə qədər elmi əsəri, o cümlədən
30-dan artıq monoqrafiya və dərslikləri işıq
üzü görmüşdür. Onun iri həcmli
kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin
nəticələri ölkə elminə bir sıra yeniliklər
gətirmişdir. Professor hələ XX əsrin 70-ci illərində
respublika əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılmasını, xalq
istehlakının artırılmasının zəruriliyini, məhsul
və xidmətlərin
yaxşılaşdırılmasını öz tədqiqatlarında
ön plana çəkmiş və dəyərli təkliflər
irəli sürmüşdür.
Aqil Əliyevin
elmi ictimaiyyətdə böyük maraq doğurmuş,
respublika əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına həsr olunmuş və
müxtəlif dillərdə nəşr edilmiş
monoqrafiyalarında şəxsi istehlakın inkişafı
problemləri öyrənilmiş, istehsalla istehlak arasında
qarşılıqlı əlaqə dərindən tədqiq
edilmişdir. Zəngin statistikaya, konkret materiallara əsaslanan
müəllif, burada əhalinin həyat səviyyəsinin
yüksəldilməsi imkanlarını aşkarlamış,
maliyyə və təchizat tənzimlənməsi problemlərinə
xüsusi diqqət yetirmişdir.
Alim
iqtisadi inkişaf ilə əhalinin gəlirləri
arasındakı əlaqələri təhlil edərək,
elmi və praktiki əhəmiyyətə malik digər nəticələr
əldə etmişdir. Bütün bunlar isə elə indinin
özündə də sosial sahələrin
inkişafını, istehlakın
yaxşılaşdırılmasını, onun strukturunun təkmilləşdirilməsini
düzgün istiqamətləndirməyə kömək edir.
Aqil Əliyev
tədqiqatlarının orijinallığına görə də
fərqlənən alimlərdən olmuşdur. O, ilk dəfə
olaraq respublikada səhiyyənin iqtisadi problemlərini tədqiq
etmiş, bu sahənin inkişafının ictimai istehsalla
uzlaşdırılması və səmərəliliyinin
artırılması, onun qalıq prinsipi əsasında maliyyələşdirilməsindən
imtina edilməsi və dövlət büdcəsinin sosial
yönümlü olması fikrini irəli
sürmüşdür.
Aqil Əliyev
Azərbaycanda bir sıra elmi proqramların işlənib
hazırlanmasında iştirak etmiş, "Əhalinin
sağlamlığının qorunması"
komissiyasının sədri olmuşdur. Görkəmli alim
respublikada məhsuldar qüvvələrin səmərəli
yerləşdirilməsi sxeminin müəlliflərindən
biri idi. Onun apardığı tədqiqatlar xaricdə,
xüsusilə, MDB məkanında tanınır və yüksək
qiymətləndirilir. Çexiya, Slovakiya, Moskva, Sankt-Peterburq
alimləri öz məqalələrində məhz Aqil Əliyevin
əsərlərinə istinad edirlər. O, respublikada və
dünyanın bir çox ölkələrində
keçirilən möhtəşəm elmi simpoziumlarda və
konfranslarda maraqlı məruzələrlə
çıxış etmişdir.
Alimin "Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində əhalinin müdafiəsi problemləri" , "Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında" əsərləri Almaniyada və İngiltərədə nəşr edilmişdir.
Aqil Əliyev Azərbaycanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesində ictimai xadim kimi də fəal iştirak etmiş, əsl ziyalı və vətəndaş məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirmiş və elmi araşdırmaları ilə ölkəyə sanballı töhfələrini vermişdir. Onun elmi tədqiqatları bir çox proqramların hazırlanmasında, sosial sahələrin islahatında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.
Alimin orijinallığına və əhəmiyyətinə görə böyük maraq doğuran "Azərbaycanın sosial inkişafında islahatların rolu" əsəri Təhsil Nazirliyi tərəfindən dəyərli dərs vəsaiti kimi təsdiq edilmişdir. Eyni sözləri professorun "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri" əsəri barədə də demək olar. Bundan başqa, alimin "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "İpək yolunun bərpası - bəşəriyyətin tərəqqi yoludur", "Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər" adlı monoqrafiyalarında keçid dövründə reallaşdırılan islahatların verdiyi bəhrələr ümumiləşdirilmiş və elmi-praktik əhəmiyyətli nəticələr çıxarılmışdır. Bütün bunlar da Aqil Əliyevin dərin iqtisadi təfəkküründən və böyük novatorluğundan xəbər verirdi. Onun "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri" adlı monoqrafiyası isə elmi sanbalı və zənginliyi baxımından xüsusi vurğulanmalıdır. Təkcə bazar iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin 80 elmi əsəri çap olunmuşdur ki, onlardan "Menecment", "İnvestisiya və innovasiya" adlı kitablarını xüsusi vurğulamaq lazımdır. Burada bazar iqtisadiyyatı şəraitində ölkədə aparılan iqtisadi islahatlar nəticəsində keyfiyyət dəyişikliklərinin əldə olunması, investisiya və innovasiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqinin ölkədə iqtisadi artımın sürətlənməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsiri məsələləri araşdırılmışdır.
Görkəmli alimin əsas elmi nailiyyətləri sosial-iqtisadi problemlər, bilavasitə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və kənd əhalisinin bir-birinə yaxınlaşması, bazar iqtisadiyyatı şəraitində iqtisadi nəzəriyyə, ərzaq, şəxsi istehlak, təchizat, səhiyyənin iqtisadi problemlərinin tədqiqi və sairə ilə bağlı idi.
Respublikada fəaliyyət göstərən müdafiə şuralarının üzvü olan Aqil Əliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmış, o, yüzlərlə müdafiə işinin opponenti olmuşdur. İndi bu kadrların çoxu iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işlərdə çalışır. Aqil müəllim öz yetirmələrinə hörmətlə, həm də böyük tələbkarlıqla yanaşırdı. Ona görə də alimin rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar yüksək elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə seçilirdi. Səsindəki hərarət, fikirlərinin düzülüşündəki məntiqi ardıcıllıq, konkretliyə güclü meyl, mürəkkəb mətləbləri sadə və anlaşıqlı bir tərzdə şərh edə bilmək bacarığı onun yüksək natiqlik məharətindən irəli gəlirdi. Aqil Əliyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli pedaqoq idi. Elmi diskussiyalarda prinsipial və kəskin mövqeyi ilə həmişə seçilirdi. Tələbələrini elmli və savadlı görmək onun yeganə idealı idi. Aqil müəllimin yetirmələri həmişə xeyirxah rəhbərlərinin qayğısını öz üzərlərində hiss etmişlər.
Aqil Əliyevin yetirmələrinin sırasına daxil olmaq bizə də nəsib olmuşdur. Görkəmli və müdrik alimin rəhbərliyi altında doktorluq işinin yazılmasında və müdafiəsində onun dəyərli elmi məsləhətlərindən həmişə bəhrələnmişik.
Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Belə ki, o, imkansızlara həmişə yardım etmiş, gənclərin təhsil almasına, əməkdaşlıq etdiyi qələm dostlarına, istedadlı uşaqlara, xüsusilə idmançılara böyük mənəvi və maddi kömək göstərmiş, onların himayədarı olmuşdur. O, yaxşılıq etməyi özünə mənəvi borc bilirdi. İnsanlara əl uzatmaq, çətin məqamlarda onlara kömək etmək alimin əsas amalı idi. Aqil müəllim aydın və işıqlı bir şəxsiyyət idi. Onun adamlara bəxş etdiyi işıq bu insanın mənəvi paklığından, intellektinin möhkəmliyindən, əsl ziyalılığından irəli gəlirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə bilinirdi. Yığıncaqlarda çıxışları xüsusi əhval-ruhiyyə yaradırdı. Bütün bunlar onun yetirmələri üçün həmişə örnək olaraq qalır.
Aqil Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun nəcib bir insan, görkəmli alim, mahir pedaqoq, həm də xalqını, Vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən, özündə Vətən və xalq dərdi yaşadan bir şəxsiyyət olduğunu görürük.
Hazırda elmin müxtəlif zirvələrinə çatmış alim kimi biz - onun yetirmələri, üzərimizdə bu fədakar insanın böyük əməyini hiss edirik. Görkəmli alimin bütün keyfiyyətləri hər zaman gənclərin elmi işlərə cəlb olunması və onların əsl tədqiqatçı, ən əsası isə şəxsiyyət kimi yetişməsi üçün mühüm amil olmuşdur.
Aqil Əliyev xatirələrdə əbədi yaşamaq qüdrətinə malik olan bir şəxsiyyətdir. Onun xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Natiq QASIMOV,
iqtisad elmləri
doktoru,
professor,
Rəna SULTANOVA,
iqtisad elmləri
doktoru
Xalq qəzeti.- 2010.- 11 dekabr.- S. 6.