Xalq xəyanətkarları
və böhtançıları lənətləyir
Siyasət
aləmində tanınmayan, adı-ünvanı heç kəsə
məlum olmayan, özünü "siyasətçi və
diplomat" kimi təqdim edən Turqut Ər adlı birisinin
kitabındakı böhtan, yalan fikirləri oxuduqca
yazılanların real həyatla heç bir uyğunluğu
olmadığı aşkar görünür. Bu
cızmaqaraların ancaq düşmən dəyirmanına su
tökdüyünü, ölkəmizin əleyhinə
olduğunu, məkrli niyyətlər
daşıdığını, Azərbaycanın müstəqillik
illərinin tarixi hadisələri haqda əsassız,
yanlış, həqiqətdən uzaq, heç bir faktla əsaslandırılmayan
cəfəngiyat, xəstə təxəyyülün məhsulu
olduğunu görürük. Uydurmalara diqqət yetirdikcə,
orada yer alan fikirlərin heç də sağlam niyyətli
insanın düşüncəsi olmayıb, ümummilli liderə,
o zamankı ölkə rəhbərliyinə, eləcə də,
Türkiyə - Azərbaycan qardaşlığına, ictimai
sabitliyə zərbə vurmaq istəyən düşmən,
ermənipərəst qüvvələrin fəaliyyətinin nəticəsi
olduğu məlum olur. Lakin xalq keçilən yolu, Azərbaycan
tarixinin o çətin və kəşməkəşli
dövrünü yaxşı xatırlayır.
Respublikada yaranmış böhranlı şərait, ölkənin o zamankı rəhbərlərinin siyasi səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın böyük bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıdışını tarixi zərurətə çevirmişdi. Çünki əzilən, məhv olan onun xalqı idi, tapdalanan, parçalanan onun Vətəni idi.
Görkəmli dövlət xadimi Heydər Əliyev xalqının, Vətəninin fədaisi idi. Bu müqəddəs amala xidmətdən onu heç nə, heç bir təhlükə çəkindirə bilməzdi. Biz ən ağır, təhlükəli anlarda bunun şahidi olmuşuq. Azərbaycanı məhv etmək, bir dövlət kimi onun mövcudluğuna son qoymaq üçün düşmənlərimiz ilk növbədə ümummilli liderimizi aradan götürməyə çalışırdılar. Belə bir vaxtda ulu öndər onlara çox kəskin və qətiyyətli cavab vermişdi: "Terrorçular da, hamı da bilsin, məni heç bir şey qorxutmur, o cümlədən terror aktı. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim... Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq". Bax, bu qətiyyət, bu iradə, Vətənə, xalqa bu sevgi və məhəbbət ölkəmizi bəlalardan xilas etdi.
Hamıya günəş kimi aydındır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqı və tarix qarşısında ən böyük xidməti Azərbaycanı parçalanmaqdan, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, ölkəmizdə möhkəm sosial-siyasi sabitliyə, iqtisadi yüksəlişə nail olması, respublikamıza böyük sərmayələr gətirən, onu dünya sivilizasiyasına qovuşduran müdrik daxili və xarici siyasət kursu yeritməsi idi. Bütün bunları hamı, o cümlədən, hadisələrin şahidi olan, işi-peşəsi qara yaxmaq, böhtan atmaq olan müxalifət düşərgəsinin siyasət dəllalları da yaxşı bilirdilər. Yaxşı bilirdilər ki, Heydər Əliyev ən çətin məqamlarda, ən mürəkkəb vəziyyətlərdə xalqımızı, dövlətimizi və dövlətçiliyimizi faciələrdən, fəlakətlərdən qurtarmaq üçün öz həyatını təhlükə altına ataraq, taleyin ona bəxş etdiyi xilaskarlıq funksiyasını yerinə yetirmişdir.
Belə olan halda XX əsrin doxsanıncı illərində Bakıda Türkiyə səfirliyində çalışmış bu başabəla "diplomat" niyə indi qəflətən öz cızmaqaraları ilə zühur etmiş, böhtançı fikirləri ilə ortaya atılmışdır? Səbəbi aydındır. Həmişə ölkəmizdə gedən uğurlu siyasi-iqtisadi proseslər qeyri azərbaycançı qüvvələrin ölkəmizlə bağlı iyrənc fəaliyyətlərini fəallaşdırır. Bu qüvvələr özlərinin xaricdəki havadarlarının çaldığı mahnılara oynayır, aldıqları "qrantlar" müqabilində ölkənin siyasi imicinə, aparılan balanslaşdırılmış xarici siyasətə, demokratik islahatlara kölgə salmaqla ictimai rəyi çaşdırmağa çalışırlar.
Turqut Ər kimilər öz məkrli siyasətlərini hələ o zaman həyata keçirməyə cəhd göstərmişdilər. Onlar ölkəmizdə meydana gəlmiş qeyri-sağlam radikal müxalifət düşərgəsinin yaratdığı siyasi səbatsızlıqdan, separatizm meyillərindən istifadə edərək, "nə yoğurdum nə yapdım, hazırca kökə tapdım" prinsipi ilə hakimiyyəti ələ keçirmək, ölkəmizi öz bildikləri kimi idarə etmək üçün əldən-ayaqdan gedirdilər. Belə başabəla qüvvələr hələ o zaman xalqın hakimiyyətdən qovduğu AXC-Müsavat cütlüyünün aparıcı üzvləri ilə birləşərək ölkəmizdə siyasi çevriliş etməyə, çətinliklə yaradılmış sabitliyi pozmağa, ictimai atmosferi gərginləşdirməyə çalışırdılar. Turqut Ər kimiləri "diplomat" yarlığı altında bu fürsətdən istifadə edərək diplomatlıqdan başqa hər bir fəaliyyətlə, hər cür pozuculuqla məşğul idilər. Belələri ermənipərəst dairələrin, erməni lobbisinin, Ermənistanın anti-türk, anti-Azərbaycan siyasətinə xidmət etməkdən heç vaxt usanmamışlar. Turqut Ərin kitabından bunlar aydın şəkildə hiss olunur. Erməni mənbələrinə istinad etməsi, onlara əsaslanması, öz mənşəyi haqda sualdan hiyləgərcəsinə qaçması isə onun milli kimliyinin də şübhəli olduğunu biruzə verir.
Hələ 1994-1995-ci illərdə ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində ölkəmizdə çevriliş cəhdlərinin qarşısı alınmış, xalqımız meydanlara çıxaraq ümummilli lideri qətiyyət və yekdilliklə müdafiə etmişdi. Həyata keçirilmiş ciddi və məqsədyönlü tədbirlər düşmən qüvvələrin bütün cəhdlərini alt-üst etmiş, arzularını puça çıxarmışdı. Heydər Əliyev Azərbaycanın böyük xilaskarı, türk dünyasının qüdrətli liderlərindən biri kimi tarixə daxil olmuşdur. Tarix ləkə qəbul etməz.
Kitabın bədxah müəllifinin dünya miqyaslı siyasətçilər olan Heydər Əliyevin və Süleyman Dəmirəlin dostluğu fonunda yazdığı cəfəng fikirlər də gülünc və subyektiv sayıqlamalardan başqa bir şey deyildir. Çünki məhz bu dostluq müstəqilliyimizin ilk illərində, çətin şəraitdə Azərbaycanın Türkiyə ilə çoxsahəli əlaqələrinin möhkəm əsaslarda formalaşmasına, dövlətlərarası münasibətlərin daha da monolitliyinə, "bir millət - iki dövlət" prinsipinin təntənəsinə, insanların bir-birinə qovuşmasına əlverişli zəmin və şərait yaratmışdır. "Azadlıqdan tiranlığa" əsərinin müəllifi isə bu gün ölkəmizin Türkiyə ilə yüksələn xətt üzrə inkişaf edən, iqtisadi, sosial və mədəni əlaqələrini görmür, beynəlxalq aləmdə bir-birinə arxa duran Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına nifaq toxumu səpmək üçün canfəşanlıq edir.
Lakin bu gün beynəlxalq aləmdə dərin mənəvi tellərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan dövlətlərinin bütün sahələrdə birlik nümayiş etdirməsi, ortaq dəyərlərə malik xalqlarımızın ümumi mənafelər naminə səfərbər olması tarixi zərurətdir. Onu heç bir qüvvə poza və ləkələyə bilməz. Biz inanırıq ki, Turqut Ər kimilərin cızmaqaraları Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının fonunda heç bir təsiri ola bilməyəcək mənasız cəfəngiyatdır. Dostluğumuz və qardaşlığımız isə əbədidir.
Əlbəttə, T.Ərin sərsəmləmələrinə heç kəs inanmır. Bu böhtanlara səs verən isə yalnız müxalifət yönlü qəzetlər, xüsusilə "Azadlıq" qəzetidir. Ümumiyətlə bu qəzet və onun xidmət etdiyi siyasi qüvvələr uzun illərdir ki, ölkəmizin milli maraqlarını unudaraq düşmən mövqelərindən çıxış edir. Bu cür hallar yaşadıqları, çörəyini yeyib, suyunu içdikləri ölkəyə müxalif olmaqla yanaşı, onların düşmən qüvvələrin əlində oyuncağa çevrildiklərini aydın göstərir. Özləri isə qazanc əldə etmək xatirinə milli maraqlarımızı satdıqlarını çox gözəl dərk edirlər. Bu isə onların siyasi iflası, mənəvi böhranı olmaqla yanaşı, erməni lobbisinə, düşmənlərimizə xidmət, dövlətimizə və iqtidara qarşı məkrli siyasi kompaniya olub, uğursuzluğa məhkum mənfur bir siyasətdir. Öz məkrli siyasi oyunlarının baş tutmadığını, puça çıxdığını görərək böhtançı mövqe tutmuşlar. Turqut Ər kimi xainlər öz çirkin məqsədlərinə heç vaxt çatmayacaqlar.
Bu gün Turqut Ərlərin, eləcə də radikal müxalifət tör-töküntülərinin ölkə iqtidarına qarşı müxtəlif yalanlar, böhtanlar və uydurmalar yağdırdığı, ağlagəlməz şayiələr yaydığı bir zamanda məşhur yunan filosofu Platonun bir deyimi maraq doğurur. Dahi mütəfəkkir yazırdı: "Adamların səviyyəsizliyini, alçaqlığını bilmək istəyirsənsə, onların çoxlu lazım olmayan sözlər danışmasına, məsuliyyət daşımadan şayiə yaymasına fikir ver. Bil ki, başqaları haqqında bəd niyyətdə olan adam fitrən bədxah olur, şər qüvvələr onun məsləkində, əqidəsində özünə məskən salır".
Bu sözlər Turqut Ər kimi məsləksizlərin, müasir Azərbaycanın radikal müxalifətinin əsl simasıdır. Radikal müxalifətci mətbuat isə bu simanı güzgü kimi əks etdirir. Xalqımız noyabr ayında keçirilmiş parlament seçkilərində radikal müxalifətə yox deməklə əslində onların və Turqut Ər kimi havadarlarının cavabını layiqincə vermişdir.
Bu gün biz demokratiyanın, azad cəmiyyətin inkişafının təkamülü yolu ilə gedirik. Bu yolu böyük Heydər Əliyev başlamışdı. Biz cəmiyyəti sarsıdan, hər dəfə sıfırdan başlamağa məcbur edən inqilablar yolundan imtina etmişik, sabitlik, inkişaf və yüksəliş yolunda irəliləməkdəyik. Bunu hər kəs qorumalıdır.
Ölkəmiz və onun xilaskarı, böyük Heydər Əliyev, Türkiyə-Azərbaycan dostluğu haqqında böhtan deyənləri, qeyri-obyektiv fikir söyləyənləri xalqımız qətiyyətlə rədd edir. Həmin fikirləri qələmə alan, bu cəfəngiyatlara öz qəzetlərində geniş yer verənlər isə hamının nifrətinə layiqdirlər. Onlar unudurlar ki, tarixin zibilliyinə atılmışların, xain və böhtançıların yenidən baş qaldırmaq və dirçəlmək ehtimalı sıfra bərabərdir. Tarixin təkəri isə irəliyə doğru hərəkət edir.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru, millət vəkili,
akademik,
Hüseyn HƏŞİMLİ,
Universitetin prorektoru,
əməkdar elm xadimi,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Məmməd RZAYEV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
fəlsəfə elmləri doktoru,
Əməkdar müəllim,
Sevindik VƏLİYEV,
filologiya elmləri doktoru,
professor, Əməkdar müəllim,
Asif ŞİRƏLİYEV,
iqtisad elmləri doktoru,
professor,
Yasin BABAYEV,
"Regionun inkişafı problemləri"
elmi-tədqiqat laboratoriyasının müdiri,
professor, Əməkdar müəllim
Xalq qəzeti.- 2010.- 11 dekabr.- S. 6.