Masallı: hər ilin tarixdə
öz izi qalır
Bu gözəl cənub şəhəri
hər zaman həvəslə getdiyim, çoxsaylı
dostlarımla görüşüb fərəhli anlar
yaşadığım bir yerdir. Masallının əsrarəngiz
təbiəti, istiqanlı və zəhmətsevər
adamları, burada həyata keçirilən abadlıq-quruculuq
tədbirləri adama unudulmaz təsir bağışlayır.
Ötən hər ay, hər il Masallıda
bir uğurun tarixinə çevrilir, bir yeniliyin təvəllüdü
kimi yadda qalır. Bu baxımdan 2010-cu il də
istisna olmayıb. Rayonda yeni sosial obyektlər işə
salınıb, kənd və qəsəbələrə qaz,
su çəkilişi davam etdirilib, yollar təmir olunub, yeni
evlər tikilib, yaşıllıqlar artırılıb, turizm
potensialı genişlənib, yeni iş yerləri
yaradılıb, əhalinin güzəranı
yaxşılaşıb və sair.
...Masallı Rayon İcra Hakimiyyətinin
qarşısındayam. Göyə millənən 34 metrlik dirəyin
ucunda, aydın səmada bəxtəvərliklə yellənən
üçrəngli, ay-ulduzlu bayrağımıza baxıram.
Noyabr ayında təntənəli
açılış mərasimi olmuş Dövlət
Bayrağı Meydanı şəhərin gözəlliyinə
vurulmuş daha bir özəl naxışdır. Görkəmindən
vüqar, möhtəşəmlik duyulur
bayrağımızın! Bir qədər aralıdan boy
göstərən göydələnlər kompleksi, cənub səmtində
sıralanmış sıx meşəli Talış
dağları bu yerlərin əsl ucalıq rəmzləri, əzəmət
abidələridir,-desəm, yanılmaram. Elə
Masallının adamları da ucalıqlara meyllidirlər: Əməlləri
adlarına başucalığı gətirir, günəşli
sabahlara boylanan arzuları vüqarlarına vüqar qatır. Uzun illərin müşahidələrindən bilirəm
ki, bu rayonun əhalisi təkcə təsərrüfat işləri
ilə başını qatmır. Masallı
əhli elmə-təhsilə, mədəniyyətə, ulu adət-ənənələrə,
mənəviyyat məsələlərinə də xüsusi
önəm verir. Elə mən Dövlət
Bayrağı Meydanından keçib rayon icra hakimiyyətinin
binasına daxil olduğumda ilk rast gəldiyim şöbə
müdiri Ayıq Səmədov onun yanına gəlmiş qələm
dostumuz Arif Fərzəlinin qoltuğundakı qovluqlara işarə
ilə şad bir xəbər verdi: Masallıda
yaşayıb-yaradan istedadlı şair və nasirlərin bədii
nümunələrindən ibarət yeni almanax çapa
hazırlanır və icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayev təşəbbüskarı
olduğu bu toplunun tezliklə, özü də sanballı bir
şəkildə nəşr olunmasını şəxsi diqqətində
saxlayır. Bəlkə də bunun sosial-iqtisadi
inkişafla birbaşa əlaqəsi yoxdur, amma almanaxın
hazırlanması faktı bölgədə tərəqqinin
işığına bələnən mühüm amillərdəndir,
ziyalılara diqqətin təzahürüdür.
Özünüz fikirləşin: əgər Masallıda
yoxsulluq, işsizlik, qanqaraçılıq olsaydı, kimsənin
yadına ədəbi kitab çap eləmək, istedadlara
qayğı göstərmək düşərdimi? Və
yaxud həmin günlər başdan-başa yenidən
qurulmasına start verilən Nizami parkının əsaslı
təmiri reallaşardımı?
Dekabr günəşinin ilıq təbəssümləri
altında ulu öndər Heydər Əliyevin adını
daşıyan parkdan keçərək, qılınc və qələm
sultanı Şah İsmayıl Xətainin abidəsinin
ucaldıldığı meydana, oradan da Talışxanov
küçəsinə çıxıram. Ciddi təmirə
ehtiyacı olan rayon mədəniyyət evinin və çoxdan
yararsız hala düşmüş "İdeoloji mərkəz"
binasının qarşısı əsl tikinti meydanına
dönüb.
Daş və
qum daşıyıb gətirən yük
avtomobillərinin, yer hamarlayan traktorların səsi bir-birinə
qarışıb. Fəhlələr səkiləri
kol-kosdan təmizləyir, barılar hörür,
baxımsızlıqdan suyu sovulmuş hovuzları doldurmaqla
yerində yaraşıqlı, müasir bir meydanın tikintisinə
başlayırlar. Rayon icra hakimiyyəti
başçısının müavinləri Nəsir
Muxtarlı ilə Seymur Nuriyev, mədəniyyət və turizm
şöbəsinin müdiri Lətifə Mövsümova da
buradadırlar.
- Bu ərazinin
abadlaşdırılmasını çoxdan
arzulayırdıq,- deyən Lətifə
xanım fərəhini gizlətmir. -Sağ
olsun Qəzənfər müəllimi! Söz vermişdi, əməl
elədi: parkın yenidən qurulmasını sosial-iqtisadi
inkişaf planına saldırdı. Həmişə açıq
havada ümumrayon tədbirləri keçirmək, tez-tez
paytaxt Bakıdan gələn incəsənət
ustalarının, lap elə bizim dünya şöhrətli
"Halay" folklor kollektivimizin konsertlərini təşkil
eləmək üçün yer tapmaqda çətinlik
çəkirdik. İndi bu problem də həllini
tapacaq. Regional inkişafın gözəl
nəticələri göz önündədir.
Nəsir
Muxtarlı da öz növbəsində yeni layihə barəsində
ətraflı məlumat verir:
-Şəhərimizin yeni baş planı
hazırlanıb. Bu park bir neçə aya tamamilə yeniləşəcək.
Nizami Gəncəvinin köhnə heykəli
buradan götürüləcək. Əvəzində
əsaslı təmir olunacaq iki binanın
qarşısında, meydanın tən ortasında dahi mütəfəkkirin
yeni, möhtəşəm abidəsi qoyulacaq. Arxa planda hörüləcək divarda Nizaminin "Xəmsə"sinə
daxil olan poemalara aid süjet-pannolar çəkiləcək.
Əkiləcək dekorativ ağac və bəzək
kolları, müasir işıqlandırma sistemi, kölgəliklər,
mozaik döşəmələr parka xüsusi yaraşıq
verəcək. Beləliklə, şəhərdə
daha bir gözəl istirahət mərkəzi yaranacaq. Nizami parkı ilə üzbəüzdəki tikililər
də abadlaşdırılacaq və Heydər Əliyev prospektinə,
oradan isə şəhərin girəcəyi sayılan Seybətin
dairəsinə qədər ərazidə gözəl
xiyabanları, rahat səkiləri, "salxım"
çilçıraqları olan mənzərələr silsiləsi
yaradılacaq. Sağlıq olsun, özünüz görəcəksiniz!
Masallı ilbəil böyüyən və gözəlləşən
şəhərdir. Sakinlərə burada yaşamaq, qonaqlara isə gözəllikləri
seyr eləmək xoşdur... Bir qədər
sonra istirahət etməyə getdiyim, illərdən bəri
"düşərgəm" olan "Masallı" otelində
də təmir aparıldığını görürəm.
Otelin müdiri Əhməd Rəhimov hər
zamankı kimi özü də qollarını
çırmalayıb fəhlələrlə birlikdə
çalışır. Onlar otelin həyətindəki
restoran tikilisinin fasadını zövqlə bəzəyib rəngləyiblər.
İndi də əsas binanın birinci mərtəbəsinin
pəncərələrinə bəzək elementləri-daş
haşiyələr vururlar. Yeri gəlmişkən
deyim ki, "Masallı" otelində ilboyu nə isə bir təmir,
yenidənqurma, bəzəmə işinin
görüldüyünə şahidlik etmişəm. Bekar oturmağı sevməyən kollektivin rəhbəri
və üzvləri qonaqların istirahətini pozmamaq şərtilə
buraları elə hey abadlaşdırır, otelin görkəmini
dəyişir, rahatlıq və zövq məkanına
çevirirlər. Otelin otaqlarında
istirahət üçün hər cür şərait
yaradılıb.
Güllü-çiçəkli həyəti nəbatat
bağını xatırladır. Burada nadir ağac və kollar,
sarmaşıqlı kölgəliklər, əlvan daş
qırıqlarından ibarət cığır döşəmələri,
əsl muzey eksponatı olan qədim əşyaların
nümayişi, nəhayət, xidmət heyətinin
mehribanlığı və cənub mətbəxinin ləziz
nümunələrinin, ətirli çayın təqdimatı
adama hər zaman xoş təsir bağışlayır.
İndi də statistikaya müraciət edək. Bütün sahələr
üzrə rəqəmlərdə irəliləyiş var. Sənaye,
kənd təsərrüfatı, ticarət, xidmət, pul gəlirləri
buna misal ola bilər. Artıq
rayonda orta aylıq əməkhaqqı 200 manatı keçib.
Bütün maliyyə mənbələrindən
tikintiyə qoyulan sərmayələrin həcmi 61 faizdən
çox artıb. İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2010-cu ildə Masallının iş adamlarına yüz minlərlə
manatlıq güzəştli kreditlər verilib. İlin əvvəlindən
rayonda 1200-dən çox yeni iş yeri yaradılıb, bunun
700-ə qədəri daimi xarakterlidir. Son illərdə
rayonda 30-a yaxın məktəb tikilib. Yeni dərs ilində
640 yerlik Masallı şəhər 4 saylı və 480 yerlik Ərkivan
qəsəbə 2 saylı orta məktəbləri istifadəyə
verilib. "Bank Respublika" filialının və
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin
kollektivləri yeni binalara köçüblər. Bu günlərdə Təzə Alvadı kəndində
682 nömrə tutumlu elektron ATS istismara buraxılıb. Köhnə feldşer-mama məntəqələrinin
üçünün bazasında həkim məntəqələri
yaradılıb. Oktyabrın sonunda Təzəkənddə
bu məqsədlə yeni bina inşa olunaraq istifadəyə
verilib.
Masallı
Rayon İcra Hakimiyyəti başçısının
müavini Seymur Nuriyevin dedikləri:
- Rayonun inkişaf proqramında nəzərdə tutulmuş işlər ardıcıl davam edir. "Qurtuluş", Ə.Əliyev küçələrində minlərlə metr yola asfalt döşənib, səki daşları qoyulub. Heydər Əliyev prospektində işıq dirəkləri yeniləri ilə əvəz edilib. Bir sıra primitiv tikililər sökülərək yerində şəhərsalma arxitekturasına uyğun müasir obyekt və binalar inşa olunub. Mövcud elektrik xətt təsərrüfatı yenidən qurulur. Rayon mərkəzində SİP kabellərinin çəkilişi və smartkart tipli sayğacların quraşdırılması xüsusi qeyd edilməlidir. Təbii qaz təchizatı sahəsində daha böyük irəliləyişə nail olunub. Əgər 2007-ci ildə Masallıda 5 min abonent mavi yanacaq alırdısa, hazırda bu rəqəm 15 mini ötüb. Bütün əsas istiqamətlərdə kəndlərə qaz çəkilib. Hazırda da bu işlər davam edir. Üçüncü rübdə Təklə-Əhmədli kəndlərinin təchizatı bərpa edilib, Çaxırlıda təmir başa çatdırılıb və yüzlərlə evin qaz cihazında mavi alov şölələnib. Açılış mərasimində çıxış edən icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib ki, 1-2 ilə rayonda qazlaşdırılmamış ərazi qalmayacaq. Masallı şəhərinin qaz təsərrüfatı yenidən qurulur, mərkəzi küçələrin daşıyıcı kəmərləri təzələnib. Burada paralel, Lürəndə yeni daşıyıcı xətlər çəkilir. Eyni zamanda Təzə Alvadı qazpaylayıcı stansiyasından Muğan kəndləri istiqamətində qaz kəmərinin çəkilişi davam edir. Təzə Alvadı su mənbəyindən Həsənli kəndindəki su anbarına qədər olan 11 kilometrlik xəttin yararsız hissələri yeni borularla çəkilib. Qızılağac kəndi istiqamətində Yusifli su mənbəyindən dörd kəndə gedən su xətləri təmir olunub. Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, respublikamızın 16 rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb. Artıq Masallının da su təchizatının yenilənməsi üçün Almaniya və Türkiyə şirkətləri ilə texniki sənədləşdirmə- xəttin topoqrafik sxemi hazırlanıb. Tezliklə layihənin reallaşdırılmasına başlanacaq.
Hazırda rayonun Yolağacı və Hüseynhacılı kəndlərində 180 yerlik əsas məktəb binaları tikilir. Masallıda Gənclər evinin, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisinə hazırlıq görülür. Kənd təsərrüfatı sahəsində də irəliləyiş var. Rayonda iri və xırda buynuzlu mal-qaranın sayı 2009-cu ilə nisbətən xeyli artıb. Ət, süd və yumurta istehsalı da həmçinin. Rayon üzrə şum vurulması və payızlıq əkinlər sahəsində də vəziyyət yaxşıdır. Taxıl əkini çoxalıb. Əgər 2009-cu ildə buğda əkinləri 8405 hektarda aparılmışdısa, 2010-cu ildə bu rəqəm 9180 hektar olub. Növbəti ilin əkin kampaniyası daha da genişlənib. Rayonun abadlığı, səliqə-sahmanı da lazımi səviyyədədir. Rəhbərlik ekoloji təmizliyin qorunması üçün konkret tədbirlər görür. 2008-ci ildən bəri kommunal sahənin işinin yaxşılaşdırılması məqsədilə 7 ədəd müasir texnika alınıb. Onlardan üçü bu yaxınlarda rayona gətirilib. Şəhərin küçələri vaxtlı-vaxtında təmizlənir, sulanır, tullantılar daşınır. Masallıda sabahımızın sahibləri olacaq yüksək bilikli gənclərin hazırlanmasına diqqət gündəmdən düşmür. Ötən yay 334 nəfər məzun ölkəmizin müxtəlif ali məktəblərinə müvəffəqiyyətlə test imtahanı verərək tələbə adını qazanıb. Onlardan 8 nəfəri 600 baldan, 35 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. Şəhər 1 və 3 saylı, "Dəfinə" məktəb-liseyi, Digah, Xıl, Ərkivan 1 saylı, Qızılavar, Şərəfə, Hişkədərə və s. orta məktəbləri bu sahədə fərqləniblər.
Göründüyü kimi, ölkəmizin hər yerində olduğu kimi, Masallıda da il-ildən uğurlu gəlir, sosial məsələlər ardıcıl həllini tapır. 2010-cu ildə rayonda çox iş görülüb. Amma 2011-ci ildə də görüləsi işlər az deyil. Bu məqsədlə son aylarda rayon rəhbərliyi daha intensiv şəkildə ərazilərə gedərək sakinlərlə görüşlər keçirib. Bu kimi tədbirlərdə vacib problemlər, mövcud çatışmazlıqlar gündəmə gətirilib, qeydə alınaraq qruplaşdırılıb və gələn ilin inkişaf proqramına salınıb. Başqa sözlə, görüləsi işlərin konkret konturları cızılıb. Arzu layihələrinin tezliklə gerçəkliyə çevriləcəyinə kimsə şübhə etmir. Çünki burada verilən sözə əməl ediləcəyi birmənalıdır.
...Bu yaxınlarda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Masallıya qonaq gəlmişdilər. Onlar mədəniyyət evində İsi Məlikzadənin "Hərənin bir ulduzu" adlı ikihissəli komediyasını cənublu tamaşaçılara təqdim etdilər. Əsər böyük uğurla oynanıldı, hər kəsə zövq verdi, ovqat təzələdi. Mədəni tədbirlərə həvəslə gələn rayon sakinləri salonu məmnun duyğularla tərk edirdilər. Çünki onları sözün əsl mənasında hərənin bir ulduzu, hamının bir günəşi öz nuruna boyamışdı.
Arzumuz budur ki, 2011-ci il də belə olsun!
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 28 dekabr.- S. 7.