İmişli: sosial-iqtisadi
inkişaf üzrə qarşıda duran vəzifələr məsuliyyətlə icra edilir
Müsahibimiz İmişli Rayon
İcra Hakimiyyəti başçısının müavini
Saleh Səmədovdur.
-
Saleh müəllim, 2010-ci ili İmişli rayonu
üçün uğurlu hesab etmək olarmı?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
oktyabrın 20-də Nazirlər Kabinetinin 2010-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında bildirmişdir ki, dünya ölkələri
üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə
iqtisadiyyatımız 9 faizdən çox artmış, 2010-cu
ildə də ölkə iqtisadiyyatı uğurlu
inkişafını davam etdirmişdir. Bu gün Azərbaycanın
valyuta ehtiyatları 28 milyard dollar təşkil edir. İlin
sonuna qədər 50 milyon ton neft, 28 milyard kubmetr qaz hasil
olunması gözlənilir ki, bunun da böyük əksəriyyəti
ixrac ediləcəkdir. Beynəlxalq reytinq agentlikləri Azərbaycan
iqtisadiyyatının reytinqini yüksək qiymətləndirirlər.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə
görə MDB məkanında birinci yerdədir. Bu isə onu
göstərir ki, apardığımız islahatlar çox
uğurludur.
Cənab
Prezidentin dedikləri bütün ölkə üzrə əldə
olunmuş sosial-iqtisadi nailiyyətləri əks etdirir. Təbii
ki, sosial-iqtisadi inkişaf meyli rayonlarımızda, o cümlədən,
İmişlidə də hiss edilir. Əlbəttə, 2010-cu il
hələ başa çatmadığından və ilin
yekunlarına möhtərəm dövlət
başçısı tərəfindən qiymət verilmədiyindən
mən doqquz ayın nəticələrinə münasibət
bildirmək istəyirəm. 2010-cu ilin doqquz ayında
İmişli rayonunun sosial-iqtisadi inkişafında bir sıra
uğurlu nəticələr əldə olunmuşdur.
İqtisadiyyatın əsas sahələri üzrə 175,2
milyon manatlıq məhsul istehsal edilmiş və xidmət
göstərilmişdir. Rayon üzrə ümumidaxili məhsul
istehsalı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 9,2 faiz artmış, həmin artım
tikintidə 2,8 dəfə, nəqliyyatda 28,0 faiz, ticarətdə
isə 12,1 faiz təşkil etmişdir.
Kənd
təsərrüfatı məhsullarının istehsalı
üzrə də uğurlar qazanılmışdır. 2010-cu
ilin məhsulu üçün 11052 hektar sahədə
taxıl əkilmiş, o cümlədən 3972 hektar sahədə
arpa, 7080 hektar sahədə isə buğda səpini
aparılmışdır. 450 hektar sahədə kartof, 583
hektar sahədə tərəvəz, 747 hektar sahədə
bostan, 4012 hektar sahədə yonca, 1103 hektar sahədə şəkər
çuğunduru, 2694 hektar sahədə pambıq, 70 hektar sahədə
günəbaxan, 201 hektar sahədə isə qarğıdalı
bitkiləri əkilmişdir.
Doqquz
ayda təsərrüfat hesablı İmişli Rayon Aqroservis
filialı tərəfindən 269 ədəd müxtəlif kənd
təsərrüfatı texnikası və qoşquları ilə
fermerlərə 98,1 min manat dəyərində servis xidməti
göstərilmişdir. Aqroservis tərəfindən 2726 ton
azot gübrəsi əlverişli şərtlərlə
fermerlərə satılmışdır. Rayonun kənd təsərrüfatı
məhsulları istehsalçılarına (12140 nəfər) əkin
sahələrinin becərilməsində istifadə edilən
yanacaq və motor yağlarına görə Nazirlər
Kabinetinin 16 noyabr 2007-ci il tarixli, 181 saylı qərarına
uyğun olaraq 32614 hektar əkin sahəsi üçün
1304,5 min manat kompensasiya ödənilmişdir.
- Sənayenin
ayrı-ayrı sahələri üzrə inkişaf tempi
haqqında ətraflı məlumat verə bilərsinizmi?
-
2010-cu ilin doqquz ayında rayon üzrə sənaye məhsullarının
həcmi 76,4 milyon manat olmuşdur ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 100,1 faiz təşkil
etmişdir. Bununla yanaşı, mahlıc, asfalt,
dogranmış çınqıl, çiyid, xam neft, şəkər
tozu və nar şirəsi istehsalında da artım qeydə
alınmışdır.
Muradxanlı
İriləşdirilmiş Neft Mədəni üzrə 24948
ton neft hasil olunaraq 9 aylıq üzrə plan
tapşırığına 101 faiz əməl olunmuş, orta
hesabla gün ərzində 92,4 ton neft istehsal edilmişdir.
Planda nəzərdə tutulan həcmdə - 450 min kubmetr qaz
hasil edilmiş və daxili ehtiyaclara sərf olunmuşdur. Mədən
üzrə 6 quyuda əsaslı təmir işləri
aparılmış, həmin quyulardan təmir hesabına 646
ton neft istehsal edilmişdir. Hazırda Cəfərli
yatağındakı 42, 43 və Muradxanlı
yatağındakı 108 saylı quyularda qazma işləri
davam etdirilir. 9 ayda qazmadan istismara 1 quyu daxil olmuşdur.
Əsaslı
tikinti üzrə də nailiyyətlər mövcuddur.
Bütün maliyyə mənbələri hesabına rayon
iqtisadiyyatının və sosial sahənin inkişafı
üçün 43,8 milyon manat həcmində investisiya
qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 18,2 milyon manat və ya 70,3 faiz çoxdur.
İnvestisiyanın 25,1 milyon manatı və ya 57,2 faizi idarə,
müəssisə və təşkilatların vəsaitləri,
1,7 milyon manatı və ya 3,9 faizi əhalinin xüsusi vəsaitləri,
17,0 milyon manatı və ya 38,9 faizi isə büdcə təşkilatlarının
vəsaitləridir. İnvestisiyanın 25,8 milyon manatı və
ya 58,9 faizi istehsal təyinatlı obyektlərin, 18 milyon
manatı və ya 41,1 faizi isə qeyri-istehsal təyinatlı
obyektlərin tikintisinə yönəldilmişdir.
Rayonda
sahibkarlığın inkişafı üçün hər
cür şərait yaradılmışdır. Bunun nəticəsidir
ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışında qeyri-dövlət sektorunun payı
rayon üzrə 82,4 faiz olmuş, həmin göstərici kənd
təsərrüfatı, ticarət və nəqliyyatda 99,9
faiz, sənayedə 93,4 faiz, tikintidə isə 8,7 faiz təşkil
etmişdir. 1 oktyabr 2010-cu ilə olan məlumata görə, fərdi
sahibkarlıqla məşğul olan fiziki şəxslərin
sayı 2256 olmuşdur ki, onlardan da 956-sı fəaliyyət
göstərmişdir.
Əhalinin
həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən
orta aylıq nominal əmək haqqı rayon üzrə 205
manat olmuşdur. Ən yüksək orta aylıq nominal əmək
haqqı banklar üzrə olmuşdur: 494 manat.
- Bu
ilin yazında Kür və Araz çaylarının
şıltaqlığı nəticəsində
yaranmış təhlükəli vəziyyətin aradan qalıdırılması
sahəsində nə kimi işlər
görülmüşdür?
-
Kür-Araz çaylarında mühafizə bəndlərini
möhkəmləndirmək məqsədilə 324 kubmetr həcmində
betonla, 1215 kubmetr həcmində maşınla sahilbərkitmə,
20,3 kilometr uzunluğunda 535,6 min kubmetr həcmində
torpaqtökmə işləri görülmüşdür.
Daşqın və sel sularından müdafiə məqsədilə
872 kubmetr betonla sahilbərkitmə, 45,3 min kubmetr torpaqtökmə
işləri görülmüş, 112810 ədəd torpaqla
doldurulmuş kisələrlə bəndlər möhkəmləndirilərək
hündürləşdirilmişdir.
Allahmədətli
kəndində 1 sosial obyekt uçmuş, rayon üzrə 4
sosial obyekt qəzalı vəziyyətə
düşmüş, baş vermiş təbii fəlakətlə
bağlı Allahmədətli, Telişli və
Hacımustafalı kəndlərindən 104, Araz
çayının yeni qolunun çəkilişi ilə əlaqədar
Çaxırlı kəndindən 3 ev olmaqla cəmi 107 ev
köçürülmüşdür. Telişli kəndi ərazisindəki
40 hektar sahədə 104 fərdi yaşayış evi ilə
yanaşı 132 şagird yerlik yeni məktəb
binasının, 120 yerlik klub və kitabxananın, poçt və
tibb məntəqələrinin tikintisi
tamamlanmışdır. Çaxırlı kəndindən
köçürülmüş 3 ailəyə yeni fərdi
yaşayış evlərinin tikintisi də başa
çatmışdır.
Bundan
başqa, qrunt sularının qalxması nəticəsində
qəzalı vəziyyətə düşmüş fərdi
yaşayış evləri ilə bağlı rayon ərazisində
421 yeni yaşayış evinin tikintisi də davam
etdirilmişdir. Vətəndaşlara Fövqəladə Hallar
Nazirliyi tərəfindən pul kompensasiyaları ödənilmişdir.
Çaxırlı kəndi ərazisində Araz
çayının yeni qolunun üzərində, Bəhrəmtəpə-Biləsuvar
avtomobil yolunun 4-cü km-də uzunluğu 230 metr, eni 12,5 metr
olan yeni körpünün tikintisinə başlanılmışdır.
Kollektorlarda
617,6 min kubmetr, suvarma kanallarında isə 915 min kubmetr həcmində
lildən təmizləmə işləri
aparılmışdır.
-
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində
nə kimi inkişaf baş vermişdir?
-
11-12 iyun 2010-cu ildə rayonda Təhsil Nazirliyinin nümayəndələrinin
iştirakı ilə IX və XI sinif şagirdlərinin
buraxılış imtahanları keçirilmişdir. XI siniflərin
imtahanlarında 1313 şagird iştirak etmişdir. Rayon üzrə
ali məktəblərə qəbul olunanların sayı
2009-cu ilə nisbətən 25 nəfər artaraq 115 nəfər
olmuşdur.
Rayonun
səhiyyə işçiləri ilk növbədə yeni
doğulmuş uşaqların difteriya, poliomielit və digər
təhlükəli yoluxucu xəstəliklərdən
qorunması üçün əllərindən gələni
etmiş, 1165 uşaq profilaktik peyvəndlərə cəlb
edilmişdir.
Şəkərli
diabet xəstələrin dərman təminatı daimi nəzarətdə
saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin
edilmişlər. Son vaxtlar şəkərli diabet xəstələrin
sayı durmadan artır. Belə ki, 2009-cu ilə nisbətən
2010-cu ilin doqquz ayında şəkərli diabet xəstələrin
sayı 153 nəfər artaraq 1615 nəfərə
çatmışdır.
Rayon
Mədəniyyət və Turizm şöbəsi üzrə
bir sıra təmir-bərpa işləri
görülmüşdür. Rayon Mərkəzi
Kitabxanasının binasında 5,5 min manatlıq, Rayon Tarix və
Diyarşunaslıq muzeyində 2,6 min manatlıq, cəmi 8,1 min
manatlıq əsaslı təmir, 3,7 min manatlıq isə cari
təmir işləri aparılmışdır. Muzeyin daxili tərtibatı
yenidən qurulmuş, mədəni-maarif müəssisələri
üçün 8 min manat dəyərində inventar və
avadanlıqlar alınmışdır.
-
Qış fəslinin gəlişi ilə əlaqədar
rayonda hansı hazırlıq işləri
görülmüşdür?
- Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı məsələsinə xüsusi diqqət yetirilmişdir. "İmişli Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" MMC tərəfindən 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabeli ilə əvəz edilmiş, qabaqcadan ödənişli Smart-kart tipli sayğaclar quraşdırılmışdır. İmişli şəhəri ərazisində 4835 ədəd Smart-kart tipli sayğaclar quraşdırılmış, 157,6 kilometrə qədər SİP kabeli çəkilmiş, 3056 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Dünya Bankı tərəfindən maliyyələşdirilən "Azərbaycan Elektrik Ötürücü Sistemi" layihəsi üzrə 330 kv-luq İmişli yarımstansiyası üçün Hindistanın "BHEL" şirkətindən alınmış 240 mva gücündə olan avtotransformatorun 125 mva gücündə olan mövcud transformatorla əvəz olunması işinə başlanılmışdır. Hazırda İmişli şəhərində elektrik verilişi xətlərinin, dayaqların dəyişdirilməsi və Smart-kart tipli sayğacların quraşdırılması işləri davam etdirilir.
İmişli rayon Qaz İstismar sahəsi tərəfindən İmişli şəhərində 269 abonentin evinə təbii qaz xətti çəkilərək abonentlərin sayı 4390 nəfərə çatdırılmışdır. Rayonun Yalavac, Rəsullu, Məhəmmədli, Cəfərli, Ağammədli, Oruclu, Əliqulular və Muradxanlı kəndlərində əhalinin qazla təminatı üçün 23 kilometr uzunluğunda 315 millimetrlik diametrdə yeraltı polietilen qaz boru kəməri çəkilmişdir.
Azərbaycan höküməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən, "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində İmişli şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin işləri surətləndirmək məqsədilə komissiya yaradılmışdır. Yaxın vaxtlarda şəhərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işinə başlanacaqdır.
- "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində hansı işlər görülür?
- Dövlət Proqramının icrası ilə bağlı son doqquz ayda İmişli rayonunda xeyli iş görülmüşdür. Proqrama uyğun olaraq Olimpiya İdman Kompleksinin tikintisi, Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilmiş, büdcə vəsaiti hesabına inşa olunan 180 şagird yerlik Nurulu kənd orta məktəb binasının tikintisi başa çatdırılmış, şəhər 6 və 7 saylı orta məktəb binaları əsaslı təmir olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin xətti ilə rayonun Telişli kəndi yaxınlığında salınan qəsəbədə 132 yerlik, Əliyetməzli kəndində 120 yerlik yeni məktəb binalarının inşası davam etdirilmiş, Rəsullu kənd orta məktəbinin isə əsaslı təmiri işi başa çatmışdır.
Rayon ərazisindəki magistral avtomobil yollarının ətrafına 65 min ədəd ağac əkilmiş, Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılmış, İmişliyə giriş yolunun 7 km-nə asfalt-beton örtük qoyulmuş və Araz çayı üzərindəki körpüdə təmir işləri aparılmışdır.
Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidən qurulması məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 1,5 milyon manat məbləğində vəsait ayrılmışdır.
Birinci Dövlət Proqramının icrasına başlanan dövrdən indiyədək rayon üzrə 15826 iş yeri açılmışdır ki, bunun da 11029-u daimi iş yerləridir. 2010-cu ilin doqquz ayında isə 497 iş yeri açılmışdır ki, bunun da 242-si daimi iş yerləri olmuşdur.
-Aztəminatlı ailələrə qayğı məsələsi də yəqin ki, diqqətdən yayınmayıb?
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonun 10 yaşayış məntəqəsində 16 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. İmişlidən olan iş adamlarının şəxsi vəsaitləri hesabına Şəhidlər xiyabanında və Mədəniyyət sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmışdır. ABŞ Müdafiə Departamentinin vəsaiti hesabına smeta dəyəri 1 milyon dollar olan bioloji təhlükəsizlik laboratoriyasının tikintisində son tamamlama işləri aparılır.
2010-cu ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunmuşdur.
Rayon əhalisi Azərbaycan dövlətçiliyinin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strateji xətti ürəkdən bəyənərək, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bu xəttin həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcək, qarşıya qoyulmuş vəzifələrin bundan sonra da layiqincə yerinə yetirilməsini təmin edəcəkdir.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2010.- 28 dekabr.- S. 5