Heydər Əliyev
- Azərbaycanın Atatürkü
Azərbaycan Demokratik Cümhuriyyəti
Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta
onun beşdən birinə (Azərbaycanın Şimalına) nəzarət
etmək, müxtəlif etnosları bir cəmiyyət
halında birləşdirmək, bütöv bir sosium
formalaşdırmaq gücünə malik deyildi. O, daha
çox milli dövlətçilik təfəkkürünün
metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində,
həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ
burasındadır ki, XX əsrin ortalarında ölkədə
milli dövlətçilik təfəkkürünün
çiçəklənməsi üçün yenidən
tarixi şərait yetişməyə başladı. Lakin
simvolik funksiya daşıyan dövlət rəhbərləri
respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə,
milli dövlətçilik təfəkkürü olan
kadrların formalaşdırılmasına diqqət yetirmədilər.
Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi
ilə Azərbaycan nəinki sovet dövlətinin - mərkəzin
verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri
dəf edərək müstəqil düşüncəyə
meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən
milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri
özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki
xalq hərəkatında göstərdi.
Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.
Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi.
Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 1993-cü ilin iyun "qiyam"ını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir. Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi"ni tələb edirdi. Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyl də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, Tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi Tarixi də axtarıldı. Həmin Tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.
1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikdən xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Və həmin inam xırda "xalq qəhrəmanları"nın, heç bir tarixə söynkənməyən siyasət fəallarının "obraz"ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Ona görə ki, bu "qəhrəman"ları, bir daha təkrar edirik ki, tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.
...Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev - qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu... Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır - bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə, tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.
Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Bu sözlərin deyilməsindən o qədər də böyük zaman keçmir, lakin dahi mütəfəkkir, dövlət qurucusu həqiqətən müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi, tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (və tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir". Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-nəfs"ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq" hissini, inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda "mübarizə" prosesində məhz müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.
Heydər Əliyev yaxşı bilirdi ki, "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır".
Bir illik hakimiyyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, etnik maraqların önündə "reverans" edən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər də göstərdi ki, etnik münasibətlər sahəsində 1991-1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər özünü biruzə verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasport"u idi.
Artıq on ildən çoxdur ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvi tərkib hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən əsas qüvvə isə heç şübhəsiz, Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə - əbədi müstəqilliyə aparır.
Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldiklərinə həmişə ürəkdən inanan türklər dünyanı öz iradələrinə tabe etməyə çalışmaqdan daha çox, zamanın sosial-siyasi xarakterini müəyyənləşdirməyə, qlobal proseslərin arxasınca deyil, önündə getməyə cəhd etmişlər. Türkləri qaniçən, despot kim tanıtmaq istəyən erməni tarixçiləri indiyə qədər bir dənə də olsa əhəmiyyətli fakt, sübut göstərə bilməmiş, əvəzində isə ancaq böhtançı adını əvvəlcədən özləri üçün təmin etmişlər... Türklər əsrlər, hətta min illər boyu dünyanın müxtəlif xalqları ilə sülh şəraitində yaşamış, qurduqları nəhəng imperiyalarda bütün millətlərə yer vermiş, dünyanın vaxtaşırı pozulan harmoniyasını bərpa etmək üçün böyük ideologiyalar yaratmışlar. Onlar heç bir xalqın tarixi ilə müqayisəyə gəlməyən möhtəşəm tarixlərində dünya mədəniyyətinə heç bir xalqda müşahidə olunmayan bir səviyyədə maraq göstərmişlər. Yalnız bir faktı xatırlamaq kifayətdir ki, dünyanın əsas dinlərinin, demək olar ki, hamısı - buddizm, iudaizm, xristianlıq, İslam və s. müəyyən tarixi dövrlərdə türklər tərəfindən qəbul edilmişdir.
Və türklərin, tarixləri boyu dünyaya bu cür açıq olmalarının, dünya ilə bu cür fəal (və təmənnasız) münasibətlərinin nəticəsidir ki, zaman-zaman dünya miqyaslı mütəfəkkirlər, sənətkarlar, ictimai-siyasi xadimlər, dövlət adamları yetirə bilmişlər. Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi böyük türklərdən biri, bəlkə də, birincisidir...
Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan, həqiqətən, qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.
...Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən bir neçə il sonra Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən, yeni bir dövr başlandı. Bakı hələ Moskva deyildi, sovet hakimiyyəti Bakıya, deyək ki, Tbilisidən, yaxud Yerevandan çox əhəmiyyət verirdi. 1926-cı ildə Bakıda Türkoloji qurultay keçirilmişdi, burada Şərq xalqlarının məclisləri, yığıncaqları olmuşdu, buradan Şərq dünyasına tarixi yollar uzanırdı... Bakı Şərqin qapısı idi.
Heydər Əliyevin Bakıda gözlənilməyən bir sərbəstliklə respublikanı idarə etməyə başlaması nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmadı. Niyə? Ona görə ki, yeni dövlət başçısı gözlənilməyən bir halda neçə illərin sükunətini hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, pozulmaqda olan ictimai əxlaqı dindirdi... Bu isə özünə möhkəm yer eləmiş, gedəni söyüb, gələni öyməklə neytrallaşdıran, müxtəlif millətlərdən ibarət məmurları təmin etmirdi; şantaja, böhtana əl atdılar, lakin bu türk o biri türklərdən deyildi...
Moskvaya gəldikdə isə... Böyük bir işə başladığını yaxşı bilən Heydər Əliyev, əvvəla, L.İ.Brejnevin şəxsində özünə möhkəm dayaq tapmışdı, ikinci tərəfdən, iqtisadiyyatı dirçəldən, "kommunizmin maddi bazası"nı hazırlayan bir respublika rəhbərinə açıq şəkildə qarşı çıxmaq üçün heç bir ciddi əsas yox idi...
Türk hökmdarlarının böyük ənənələrini davam etdirən Azərbaycan rəhbəri respublikanı nəhəng tikinti meydanına çevirdi: Bakı şəhəri görünməmiş bir sürətlə abadlaşdırıldı, Naxçıvanda, Gəncədə, Sumqayıtda, respublikanın rayon mərkəzlərində mədəniyyət evləri, məktəblər, inzibati binalar, yaşayış evləri tikildi, kanallar çəkildi, su anbarları yaradıldı və s. Heydər Əliyev bu vaxta qədər ittifaq miqyasında, demək olar ki, adı çəkilməyən respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk respublikasına çevirdi; on ildən artıq müddətdə Heydər Əliyevin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi... Heç digər görkəmli türklər D.Ə.Kunayevlə Ş.R.Rəşidov da görə bilməmişdilər... Halbuki onlara nisbətən cavan Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdırmaqla kifayətlənmir, mənsub olduğu millət üçün çox böyük işlər görməyə, strateji planlarını həyata keçirməyə çalışırdı.
Həmin planlardan biri, bəlkə də, birincisi xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi...
Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verdi, ixtisasca tarixçi olan (o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir) Heydər Əliyev üçün tarix yalnız "üzü keçmişə siyasət" deyildi, həm də və bəlkə də, daha çox millətin öz həqiqi keçmişini dərindən öyrənib gələcəyə hazırlıqlı getməsi üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi, formalaşması, Azərbaycan millətinin təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyuldu, müşavirələr, müzakirələr keçirildi. Və bu gərgin axtarışlar heç bir elmi adı, alimlik dərəcəsi olmayan Heydər Əliyevin bilavasitə, yaxud dolayısı ilə rəhbərliyi altında gedir, vaxtaşırı ona məlumatlar verilirdi.
...Onun üçün tarix sosial-siyasi tarixlə məhdudlaşmırdı, Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə də maraqlanır, mütəxəssisləri səfərbər edirdi.
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin yalnız tarixi ilə deyil, bugünü ilə də sonsuz enerji ilə məşğul olan, Azərbaycan yazıçıları, məndəniyyət, incəsənət xadimləri ilə ardıcıl görüşən, onların qurultaylarında fəal iştirak edən respublika rəhbəri millətin yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən çıxardı, onlarla görkəmli yazıçı, incəsənət, mədəniyyət, elm xadiminin sədası məhz respublika rəhbərinin nüfuzu sayəsində qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə başladı... Yəni Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı...
Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin bugünə qədər dərindən araşdırılmamış (lakin araşdırılmaya ehtiyacı olan!) mühüm xidmətləri olmuşdur, məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı "beynəlmiləl" şəhərdən milli şəhərə çevrilirdi... Yeganə ümumittifaq türkologiya jurnalı da 1970-ci ildən məhz Bakıda çıxmağa başladı.
Azərbaycana rəhbərlik etdiyi illərdə yalnız Azərbaycan ictimaiyyəti deyil, ümumən sovet ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə qorxmaz, cəsarətli, möhkəm iradəli bir rəhbər yox, həm də müdrik, ensiklopedik məlumata, güclü məntiqə malik, cəmiyyəti dərindən bilən, onu bu və ya digər məqsəd uğrunda hərəkətə səfərbər etməyi bacaran təşkilatçı dövlət xadimi, yüksək səviyyəli ideoloqdur... Belə şəxsiyyətlər L.İ.Brejnev dövründə istər Moskvada, istərsə də respublikaların rəhbərliyində çox deyildi, ölkə "rahat" yaşamağa meylli idi, tarixi problemlər, necə deyərlər, dondurulmuş, "yeni fikrin", "yeni mövqe"yin, siyasi-ideoloji axtarışların qapısı bağlanmışdı... Yaşı ötmüş, lakin təbiətən xeyirxah olan, Azərbaycana (Heydər Əliyevə!) xüsusi münasibət bəsləyən L.İ.Brejnev ayaqları dolaşa-dolaşa dünyanın müxtəlif ölkələrini gəzir, səmimi-qəlbdən sülh istəyirdi... Lakin Moskva Əfqanıstana qoşun yeritdi və uğursuz müharibəyə başladı... L.İ.Brejnev erası başa çatır, son dövrünü yaşayan sovet dövlətinin rəhbərliyində tənəzzüldən çıxış yolları axtarılırdı. Vəziyyətin mürəkkəbliyi çoxlu suallar doğurur, axtarışlara sövq edir, müxtəlif ideyalar, mülahizələr meydana çıxırdı. Və təbii ki, müxtəlif xarakterli qüvvələri həm daxildə, həm də xaricdə fəaliyyətə, aktiv hərəkətə sövq edirdi.
...80-ci illərdə sovet dövlətinin rəhbərliyində ardıcıl dəyişikliklər getdi. Baş katiblər biri digərini əvəz edir, Siyasi Büronun tərkibi dəyişirdi. Heydər Əliyev belə bir mürəkkəb dövrdə Moskvaya çağırıldı, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini oldu. Bu, sovet dövləti yaranandan bəri türk-müsəlman dövlət xadiminin gəlib çıxdığı ən böyük vəzifə idi... Tarixi bir qədər də geniş miqyaslı götürsək, ən geci XVII əsrdən bəri türk-slavyan-sovet dövlətinin rəhbərliyində ən yüksək vəzifə əldə etmiş türk, müsəlman idi...
80-ci illərin ortalarında artıq Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının yox, ümumən türk-müsəlman xalqlarının lideri idi, türk dünyasının həm strateji, həm də taktiki problemlərini həll etmək yalnız onun üzərinə düşürdü. Və Heydər Əliyev döyüşürdü.
.... Heydər Əliyev Azərbaycana ölkənin ümumən məhv olmaq təhlükəsi altında olduğu zaman gəldi. Və Azərbaycanı nəinki xilas etdi, onu həm də türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirdi. Bu gün Azərbaycan haqqında danışmaq türk dünyası barəsində, Heydər Əliyev haqqında danışmaq isə türk böyüklərindən biri barəsində bəhs etmək deməkdir. Müstəqillik əldə etmiş heç bir (digər) türk dövlətinin başçısı bu səviyyəyə ümumən türk dünyasının lideri olmaq səviyyəsinə gəlib çatmamışdır...
Zəngin dövlət idarəçiliyi təcrübəsi (və potensialı) olan Azərbaycan Prezidenti türk dünyasının birliyi üçün nə qədər böyük işlər görmüşdürsə, ondan da böyük işlər görmək gücünə, imkanlarına malikdir. Burada söhbət gözəl nəzəri fikirlər söyləməkdən, "Çinə türk bayrağı sancmaq"dan getmir, konkret, perspektivli işlərdən gedir. Azərbaycan rəhbərliyinə yenidən gəldikdən, siyasi hakimiyyət əldə edildikdən sonra Heydər Əliyevin fəaliyyətində bir sıra sahələr aydın cizgiləri ilə seçilir:
- Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək;
- türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək;
- türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.
...Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdi: "İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir"... Bu müraciətdə türklük düşüncəsinin ən azı üç tarixi əlaməti əks olunur:
1) ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması;
2) türk (və ümumən müsəlman) dünyasının birliyinə çalışılması;
3) həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi ideyasının müdafiəsi.
...Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" saymışdır.
Azərbaycan Respublikasının yaradıcısı Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin banisi Atatürk barədəki mülahizələri yalnız bir ictimai- siyasi xadim, milli dövlət qurucusunun tarixə qovuşmuş digər bir ictimai- siyasi xadim, milli dövlət qurucusu barədəki düşüncələrini öyrənmək baxımından deyil, həm də (və bəlkə də, daha çox) milli dövlət quruculuğunun ümumi təcrübəsini, metodologiyasının əsaslarını müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir. Müasir Azərbaycan dövlətinin qurucusunun "Türkiyə Cümhuriyyəti Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı nəticəsində yaranmışdır" sözləri eyni zamanda, zəmanəmizin Atatürkü Heydər Əliyevin tarixi xidmətini də ifadə edir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti böyük Atatürkün irsini öyrənmək, ideyalarını təbliğ etmək üçün xüsusi bir mərkəz-Atatürk Mərkəzi yaratmışdır ki, qısa bir müddətdə həmin Mərkəz xeyli işlər görmüşdür.
Atatürkün yaratdığı Türkiyə haqqında müxtəlif vaxtlarda deyilmiş aşağıdakı sözlərin hamısı Heydər Əliyevə məxsusdur: "Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir...", "Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var...". "Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir". "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var". "İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır...". "Mən bu gün bir daha Türkiyə torpağına ayaq basmağıma, Türkiyə torpağında olmağıma görə özümü çox xoşbəxt hesab edirəm...". "Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir". "Hələ gənc yaşlarımda kitablardan, qəzetlərdən Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum". "... Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir". "... Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir". "...xalqlarımız bir kökdəndir... Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik...". "Biz bir millət, iki dövlətik...". "Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir...". "Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür"... və s.
Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olarkən müxtəlif görüşlər keçirmiş, bu ölkə barəsində on illərlə ürəyində, beynində daşıdığı fikirlərinin əksəriyyətini ilk dəfə söyləmişdir...
90-cı illərin əvvəllərində hələ Naxçıvanda olarkən Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəllə, Türkiyənin böyük ictimai-siyasi və dövlət xadimləri ilə tez-tez görüşmüş, sıx əlaqələr saxlamışdır... Müşahidələr göstərir ki, Süleyman Dəmirəl Azərbaycan Prezidentinin ən çox qiymətləndirdiyi, hətta özünə qardaş hesab etdiyi türk dövlət başçılarından, dünya ictimai-siyasi xadimlərindən biri (və bəlkə də, birincisi)dir. Heydər Əliyevin Süleyman Dəmirələ müraciətən dediyi aşağıdakı sözlər bunu bir daha sübut edir: "Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə xarici siyasətini aparmaqda, onu beynəlxalq təşkilatlarda təmsil etməkdə, Türkiyə Cümhuriyyətinin ilbəil Dünya birliyində layiqli yer tutmasında sizin böyük xidmətləriniz var və buna görə də siz təkcə Türkiyədə yox, yalnız türk dünyasında yox, bütün dünyada məşhur bir siyasi-ictimai xadimsiniz, dövlət xadimisiniz".
Heydər Əliyev daha sonra demişdir: "Azərbaycan xalqının sizə xüsusi hörmət və məhəbbəti vardır. Çünki xalqımız sizi çox yaxşı tanıyır, siyasi fəaliyyətinizi, dövlət fəaliyyətinizi həmişə izləyir. Təsadüfi deyil ki, hələ "soyuq müharibə" vaxtı, Sovetlər İttifaqı ilə Türkiyə Respublikası arasında münasibətlərin gərgin olduğu bir dövrdə Azərbaycan respublikası, xalqımız Sovetlər İttifaqının tərkibində olduğu bir vaxtda - 25 il bundan öncə siz Türkiyənin baş naziri kimi Sovet İttifaqına ilk səfər etmisiniz. Moskvada, Sovetlər İttifaqının başqa şəhərlərində olmusunuz. Biz o zaman hiss etdik ki, qəlbiniz, ürəyiniz Azərbaycana da gəlməyi sizə əmr etmiş, Bakıya gəlməyi sizə tövsiyə etmişdir. Siz Bakıya, Azərbaycana gəldiniz.
Heydər Əliyev Süleyman Dəmirəli "böyük öndər Mustafa Kamal Atatürkün işinin etibarlı davamçısı kimi, onun böyük şagirdi kimi" qiymətləndirmiş, "türk dünyasının, türk dövlətlərinin bir-birinə daha yanxın olması" yolunda hələ çox işlər görəcəyinə əminliyini ifadə etmişdir...
...Heydər Əliyev görünür, Türkiyəni bir də ona görə sevmişdir ki, bütün Türk dünyasından Türkiyəyə yollar uzandığı kimi, Türkiyədən də bütün Türk dünyası görünürdü (və bu gün də görünməkdədir). Yalnız uğurları ilə deyil, həm də qüsurları, problemləri ilə... Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin həllinə, mübahisələrə, dedi-qodulara da səbrlə münsiflik edir.
...Heydər Əliyevin tarixi Türküstan - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan... ilə, həmin türk regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri sovet dövründə sıx olmuş, sovet dövlətinin süqutundan sonra isə yeni milli-ideoloji məzmun kəsb etmişdir.
Türküstan respublikaları, həmin respublikalarla Azərbaycanın çoxtərəfli əlaqələri, əməkdaşlığı və s. barədə Heydər Əliyevin, görünür, ilk proqram əhəmiyyətli fikirləri Türk dövlətləri başçılarının İstanbulda keçirilən 2-ci zirvə toplantısında söylənmişdir. ... Azərbaycan Prezidentinin İstanbula yola düşərkən Bakıda, hava limanında jurnalistlərə dediyi aşağıdakı sözlər diqqəti cəlb edir: "Şübhəsiz ki, zirvə toplantısı bizim xalqlarımızın (türk xalqlarının - N.C.), müstəqil ölkələrimizin (türk dövlətlərinin - N.C.) bu günü və gələcəyi üçün əhəmiyyətli yoldur. Yəni bizim türk mənşəli, türkdilli xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür. Ona görə də mən bu görüşə böyük əhəmiyyət verirəm. Orada hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, elə bu görüşlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti bunlar hamısı respublikamızın həm iqtisadi, həm mədəni, elmi, həm də bütün başqa sahələrdə bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır"... Və 2-ci zirvə toplantısının açılışında Azərbaycan Prezidenti bu fikri daha da inkişaf etdirib demişdi: "Bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır. Ona görə də bu əsasda bizim ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə, bütün istiqamətlərdə bu əməkdaşlığı təmin etməyə bizim böyük imkanlarımız var. Azərbaycan Respublikası belə qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı genişləndirsin.
... Həmin nitqində Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin türk dövlətləri ilə əlaqələrində ümumən xarici siyasətində artıq neçə illər kölgədə qalmış bir məsələyə işıq saldı. O, ancaq dahi diplomatlara (və türk dünyasının birliyi uğrunda hər cür mücadiləyə hazır böyük türkçülərə!) xas olan bir açıqlıqla dedi: "... Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz (söhbət türkdilli ölkələrdən gedir - N.C.) müstəqillik əldə edəndən sonra, iki il bundan öncə Ankarada bizim ölkələrimizin rəhbərləri toplaşıb, görüşüb birgə bəyanat qəbul edəndən sonra, ola bilər ki, Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycan Respublikasının Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Təxminən bir il bundan öncə, mən Azərbaycan Respublikasına başçılıq etməyə başladığım gündən bu qardaş respublikalarla əlaqələrin bərpa olunması üçün çox çalışmışam və bildirmək istəyirəm ki, bu əlaqələrin zəifləməsi və bəzən də qırılması səbəbləri ancaq Azərbaycandadır". Azərbaycan Prezidenti daha sonra dedi ki, "ona görə də Azərbaycan tərəfindən bu əlaqələrin uzun müddət zəiflədilməsinə görə də xüsusən 1992-ci ildə Ankara bəyannaməsindən sonra Azərbaycan tərəfindən bu dövlətlərlə əlaqələri inkişaf etdirmək üçün təşəbbüs göstərilmədiyinə görə mən dostlarımdan, qardaşlarımdan üzr istəyirəm və bunu etiraf edirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və bundan sonra da çalışacaqdır...
Ümumiyyətlə, bir kökdən, bir mənşədən olan və adət-ənənələri bir olan xalqların, ölkələrin, dövlətlərin əməkdaşlığının böyük gələcəyi var və mən hesab edirəm ki, biz bu imkanlardan səmərəli istifadə etməliyik".
Türk dünyasının fəxri, yaxud böyük türklərdən biri Heydər Əliyevin portretini böyük şəxsiyyətin aşağıdakı sözləri tamamlayır: "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir".
Nizami CƏFƏROV,
Azərbaycanda Atatürk
Mərkəzinin rəhbəri,
Milli Məclisin komitə sədri,
AMEA-nın müxbir üzvü, professor
Xalq qəzeti.- 2010.- 28 dekabr.- S. 3.