Murovdan bir az bəri...

 

Söhbət cəbhə xəttində düşmənlə üz-üzə dayanan Tərtərdən, son illər burada əldə edilmiş uğurlardan, dinamik inkişafdan gedir

 

- Tərtər ilin hansı fəslində daha gözəldir? - Əvvəlcə elə bildim ki, müsahibim bu yerlərə yaxşı bələd deyil. Yoxsa, belə sual verməzdi. Ancaq çox çəkmədi ki, öz sualına özü də aydınlıq gətirdi:

- Məni qınamayın. Burda doğulmuşam. Bütün ömrümü burda yaşamışam. Həmişə də elə bilmişəm ki, Murovun ətəklərinə sığınmış, gecə-gündüz Tərtərin layla çaldığı bu yerlər yazda daha gözəldir. Ancaq son illər Tərtərdə elə bil təbiət də dəyişib. Onu dəyişən insan əli, insan zəhməti, insan zəkasıdır. Yoxsa qışın bu çağında Tərtər belə gözəl görünməzdi.

Müsahibim haqlıdır. Tərtər, doğrudan da, ilin bütün fəsillərində gözəldir, təravətlidir, yaraşıqlıdır. Son illər burada on minlərlə həmişəyaşıl ağac və gül kolları əkilmiş, bulaq və fəvvarələr quraşdırılmış, yeni küçə və prospektlər salınmış, müasir, yaraşıqlı binalar tikilmiş, bir sözlə, gözlərimiz qarşısında Tərtərdə yeni bir Tərtər salınmışdır. Bayaqkı müsahibimin sözü olmasın, insan əli təbiətə sığal çəkmiş, onu daha da gözəlləşdirmişdir.

Dəyişən, gözəlləşən, zənginləşən təkcə təbiət deyil. Son illər Tərtərdə həyatın bütün sahələrində əsaslı inkişaf və irəliləyiş əldə edilmiş, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmış, iqtisadi, sosial və mədəni sahədə dinamik inkişaf təmin edilmişdir.

Gəlin, kiçik bir statistika aparaq. Rayonda 66,8 milyon manat dəyərində ümumi məhsul, 2,4 milyon manat dəyərində sənaye, 36,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əsas kapitala 7,4 milyon manat investisiya yönəldilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 24,3, sənaye məhsulunun həcmi 15, kənd təsərrüfatı məhsulları istehsalı 10 faiz artmışdır. Göstərilən müddətdə orta aylıq əmək haqqı 145,3 manat təşkil etmişdir.

2010-cu ilin məhsulu üçün 30389 hektar sahədə əkin aparılmışdır. 13530 hektar buğda sahəsindən 30789,5 ton, 3127 hektar arpa sahəsindən 6197,8 ton məhsul istehsal edilmiş, 164 hektar paxlalı sahəsindən 773 ton, 191 hektar qarğıdalı sahəsindən 856 ton, 463 hektar dən üçün günəbaxan sahəsindən 942,6 ton, 848,5 hektar müxtəlif növ tərəvəz sahəsindən 10313 ton, 445 hektar kartof sahəsindən 4744 ton, 1209 hektar pambıq sahəsindən 406 ton məhsul istehsal edilmişdir.

Hazırda rayonda mal-qaranın sayı 24074 başa, qoyun-keçilərin sayı 67447 başa çatdırılmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən 206 ton ət, 385 ton süd, 950 min ədəd yumurta çox istehsal edilmişdir.

Respublikamızın paytaxtında əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını daha da yaxşılaşdırmaq, süni qiymət artımının qarşısını almaq məqsədilə cari ilin birinci yarısında Bakı şəhərində keçirilən yarmarkalara 514,4 ton müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchiz edilməsi üçün 10 MVA gücündə 10/6 kv-luq transformator quraşdırılmış, transformatorların 23 ədədi əsaslı təmir edilmiş, 27 dayaq yenisi ilə əvəz olunmuşdur. 174 ədəd yeni sayğac quraşdırılmış, 330 sayğac isə yenisi ilə əvəz edilmişdir. Əhaliyə satılmış elektrik enerjisinin dəyərinin 92,4 faizi ödənilmiş, keçən ilin müvafiq dövrünə nisbətən sərf olunan enerji 1,03 milyon kv/saat azalmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Tərtər çayının sağ sahilində yerləşən kəndlərin qazlaşdırılması üçün Azad Qaraqoyunlu kəndi ərazisində qazpaylayıcı stansiya quraşdırılmış, rayon mərkəzinədək 15 kilometr magistral qaz kəməri, Qaynaq, Qapanlı və Qazyan kəndlərini qazlaşdırmaq üçün 11,7 kilometr və kəndlərarası 23,7 kilometr qaz kəməri çəkilmişdir.

Bunlarla yanaşı, qaz təminatını daha da yaxşılaşdırmaq məqsədilə şəhərin F.Qulami, Cavanşir, V.Həsənov, T.Rəhimov, Ə.Paşayev, Nizami, H.Aslanov, M.F.Axundov və E.Səfərov küçələrində qaz kəməri yenisi ilə əvəz edilmişdir. Nəticədə istehlakçılara 5,3 milyon kubmetr qaz satılmış, istehlak edilmiş qazın dəyəri əhali bölməsi üzrə 90,1 faiz, qeyri-dövlət müəssisələri üzrə 100 faiz ödənilmişdir.

Əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, şəhərin M.F.Axundov, M.Dadaşov, Q.Məmmədov, M.Hüseynzadə, M.Məmmədov, Ə.Paşayev, Nizami, Babək, N.Süleymanov, M.Ə.Sabir, Q.Qarayev küçələrində və su anbarında olan subartezian quyularının dərinlik nasosları təmir edilmiş, su xətlərində olan nasazlıqlar aradan qaldırılmış, şəbəkədə 21,6 min manat dəyərində təmir-bərpa işləri görülmüşdür.

İstehlakçılara 345,2 min manat dəyərində 1,3 milyon kubmetr içməli su satılmış, satılan suyun dəyərinin 88,8 faizi ödənilmişdir.

Genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri böyük sürət və keyfiyyətlə davam etdirilmişdir. Bərdə - İstisu, Tərtər - Hindarx, Goranboy - Tərtər, Yevlax - Xocalı - Laçın avtomobil yollarında əsaslı təmir işləri aparılmış, səkilər, körpülər asfaltlaşdırılmış, asfalt-beton örtüyü qoyulmuş, dayanacaqlar quraşdırılmış, Bərdə - Tərtər avtomobil yolunda ümummilli liderimiz Heydər Əliyevin 2 ədəd pannosu ucaldılmış, alkopanla işlənmişdir.

Şəhərin abadlaşdırılması məqsədilə mərkəzi meydan yenidən qurulmuş, əraziyə 6750 kvadratmetr müasir üzlük çəkilmiş, mərkəzi meydanda fəvvarə, müasir işıqlandırma sistemi ilə yenidən qurulmuşdur. Heydər Əliyev prospektinin və Heydər Əliyev xiyabanının yenidən qurulmasına başlanmışdır. Heydər Əliyev xiyabanında 550 kvadratmetr, Heydər Əliyev prospektində isə 400 kvadratmetr əraziyə müasir üzlük çəkilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə əlaqədar rayonda 351 min, o cümlədən magistral avtomobil yollarının kənarlarında 281 min ağac əkilmişdir.

Həyata keçirilmiş bütün bu tədbirlər nəticəsində rayon mərkəzi və kəndlər öz simasını dəyişmiş, daha da gözəlləşmiş, sakinlərin rahatlığı təmin edilmişdir.

Yola saldığımız 2010-cu ildə təhsil, səhiyyə və mədəniyyət məsələləri də diqqət mərkəzində olmuş, xüsusilə bu sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı tədbirlər işlənib həyata keçirilmişdir.

Məsələn, Sarıcalı kəndində 220 yerlik orta və Azad Qaraqoyunlu kəndində 80 yerlik ibtidai məktəb binaları tikilib istifadəyə verilmiş, abadlıq işləri görülmüşdür. Bundan başqa, Qaraağacı kənd orta və Qaynaq kənd əsas məktəbləri əsaslı, şəhər 3 saylı əsas, Hüsənli kənd orta, Kovdadıq kənd ibtidai məktəbləri, 4 uşaq bağçası təmir edilmiş, binaların həyətlərində və ətrafında abadlıq işləri aparılmışdır.

Rayon təhsil şöbəsi, 1, 2, 5, 6 saylı şəhər, qaradağlı, Hacıqərvənd, Sarıcalı 2 saylı, Ələsgərli, Qaraağacı kənd orta və 3 saylı şəhər əsas məktəbləri internet şəbəkəsinə qoşulmuşdur.

Xüsusi istedada malik uşaqlarla aparılan işlər daim diqqət mərkəzində saxlanılmışdır. Bu səbəbdəndir ki, Təhsil Nazirliyi tərəfindən keçirilən respublika olimpiadasında şagirdlərimizdən 1 nəfər kimya üzrə, 1 nəfər isə dil-ədəbiyyat üzrə IV yeri tutmuşdur.

Təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində görülən məqsədyönlü tədbirlər öz nəticəsini verməkdədir. Cari ildə məzunlardan 369 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 123-ü tələbə adını qazanmışdır. C.Naxçıvanski adına hərbi liseyə isə 7 nəfər gənc qəbul olunmuşdur.

Məzunlardan 3 nəfəri 600-dən, 21 nəfəri isə 500-dən çox bal toplamışdır.

Rayonun tarixində ilk dəfə olaraq məzunlar respublika Polis Akademiyasına, Tibb Akademiyasına, Milli Aviasiya Akademiyasına, Volqoqrad Biznes Universitetinə daxil olmuşlar.

Göründüyü kimi, iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş uğurları əks etdirən fakt və rəqəmlər, inkişafın dinamikası, aparılan təhlil və araşdırmalar bir daha sübut edir ki, doğrudan da, 2010-cu il Tərtər rayonu üçün uğurlu olmuşdur. Tərtərlilər haqlı olaraq bütün bu inkişaf və irəliləyişi ölkə Prezidenti cənab İlham Əliyevin rayona göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirirlər.

Digər tərəfdən, rayon icra hakimiyyəti, onun yerli strukturları öz iş üslub və metodlarını, təşkilat-idarəetmə məsələlərini daim təkmilləşdirmiş, bu zaman daha çox elmi münasibət, insan amili diqqət mərkəzində saxlanılmışdır. Ötən müddət ərzində rayon icra hakimiyyəti başçısının yerlərdə 33 qəbul-görüşü keçirilmiş, bu tədbirlərdə 7368 nəfər iştirak etmiş, 306 nəfər sakinin müraciətləri dinlənilmişdir. Müraciətlərin böyük əksəriyyəti operativ həll edilmişdir.

Səyyar qəbul-görüşlərdə əhalini narahat edən məsələlərin, sosial-iqtisadi problemlərin vaxtında həll edilməsinin nəticəsidir ki, rayon icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlər 15,7 faiz, o cümlədən dövlət orqanlarından daxil olan müraciətlər 18,1 faiz, Prezident Administrasiyasından daxil olan müraciətlər 26,1 faiz azalmışdır. Həmin dövrdə rayon icra hakimiyyəti başçısının yerlərdə qəbul etdiyi vətəndaşların sayı isə 4 faiz artmışdır.

 

 

Ziyəddin Sultanov

 

Xalq qəzeti.- 2010.- 29 dekabr.- S. 6.