Azərbaycan
dövlətinin qüdrətinin daha bir nümunəsi - strateji əhəmiyyətli
Oğuz - Qəbələ - Bakı su kəməri
Prezident
İlham ƏLİYEV: Bizim üçün ən
böyük sərvət, ən böyük dəyər Azərbaycan
vətəndaşıdır
Yola saldığımız 2010-cu
il respublikamız üçün bir sıra uğurlarla yadda
qalacaqdır. Bunların arasında ölkəmizin
inkişafında mühüm önəm daşıyan
infrastruktur layihələrinin reallaşdırılması
xüsusilə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycanda
ən böyük infrastruktur layihələrindən biri -
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə
verilməsi mühüm əhəmiyyətə malikdir. Belə
ki, kəmərin istismarı nəticəsində əhalinin
75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyənləşdirilmiş
cədvəl üzrə içməli su alacaqdır. Cədvələ
uyğun su verilməsi müddəti 2 dəfəyə qədər
artacaqdır.
Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi mərasimində
iştirak edən Prezident İlham Əliyev demişdir: "-
Biz bundan sonra da çalışacağıq ki, ölkə
qarşısında duran bütün vəzifələri
uğurla icra edək. Oğuz-Qəbələ-Bakı su kəməri
bunu çox açıq-aydın göstərir. Bu, bir daha
demək istəyirəm ki, böyük maliyyə vəsaiti,
böyük texniki peşəkarlıq tələb edən
layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə
su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu
uğurla həyata keçirə bilmişik. Əsas məsələ
ondan ibarətdir ki, bütün başqa sahələrdə nəzərdə
tutulan buna bənzər tədbirlər görülsün.
Bizim konkret proqramlarımız - regional inkişaf proqramı,
ölkəmizin gələcək inkişaf proqramı
vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə
qururuq. Son illər ərzində əldə edilmiş uğurlar,
artan iqtisadiyyat və gözəlləşən, abadlaşan
şəhərlər, yeniləşən infrastruktur -
bütün bunlar Azərbaycan reallıqlarıdır".
Dövlət
başçımız çıxışında həyata
keçirilən infrastruktur layihələrinin ölkəmizin
bundan sonra uzun müddət ərzində uğurlu inkişafına
xidmət göstərəcəyini diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Oğuz-Qəbələ-Bakı
su kəməri içməli su layihələri arasında ən
böyük layihədir. Ancaq bununla bərabər hazırda Azərbaycanın
bütün bölgələrində içməli su və
kanalizasiya problemlərinin həlli məqsədilə praktiki
işlərin görülməsi üçün
hazırlıq tədbirləri aparılır. Bütün
rayonlarda bu ağır və çətin problem öz həllini
tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu
yerləşən kəndlərdə sutəmizləyici
qurğuların quraşdırılması nəticəsində
300 mindən artıq Azərbaycan vətəndaşı
Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su ilə təmin
edilir. Bu proses davam etdirilir. Halbuki onlar vaxtilə keyfiyyətsiz
çay sularından istifadə edirdilər.
Prezident
İlham Əliyev sözügedən su kəmərinin
tikintisində xarici şirkətlərin rolunu yüksək
qiymətləndirərək demişdir: "... Xarici şirkətlərlə
əməkdaşlığımız uğurludur və bu
layihənin icrasında xarici şirkətlər iştirak
etmişlər. Bizdə artıq güclü maliyyə
bazası vardır, daxili imkanlar çox böyükdür.
Biz istənilən layihəni öz gücümüzlə həll
edə bilərik və bunu edirik. İcra edilən
bütün layihələrin məqsədi Azərbaycanı
gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı
sürətləndirmək, insanların yaşayış səviyyəsini
və rifah halını yaxşılaşdırmaqdır.
Budur bizim əsas məqsədimiz və hədəfimiz".
Dövlət
başçısı kəmərin əhəmiyyətini
yüksək dəyərləndirmişdir: "Bu kəmər,
bir də demək istəyirəm ki, insanlara rahatlıq,
sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir.
Təmiz içməli su insanın sağlamlığına
verilən ən böyük töhfədir. Təmiz su, təmiz
hava - biz bütün bunlara nail olmalıyıq. Bu gün
Bakıda və başqa bölgələrdə görülən
işlər - ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəldilmiş
işlər bu məqsədi daşıyır. Bu gün
Bakıda böyük məişət tullantıları
emalı zavodu tikilir, artıq Balaxanı zibilxanası təmizlənibdir
və oradan tüstülər daha qalxmır, şəhəri
bürümür. Bu, təmiz hava deməkdir. Biz
"Avro-2" standartlarına keçmişik. İndi
"Avro-3" standartlarına, ondan sonra "Avro-4" və
s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə
gətirib çıxaracaqdır?! Ona gətirib
çıxaracaqdır ki, hava daha da təmiz olacaqdır".
"Azərsu"
Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev
çıxışında demişdir ki, Bakı şəhərinin
su təchizatı sistemlərinin sıradan çıxması
təhlükəsinin meydana gəldiyi 1990-cı illərdə
ulu öndərimizin böyük qayğısı və beynəlxalq
nüfuzu sayəsində Dünya Bankı tərəfindən
su sektoruna ilk dəfə güzəştli şərtlərlə
kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata
keçirildi.
Ulu
öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında
keçirdiyi geniş müşavirədə Bakı şəhərinə
yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin
vaxtının çatdığını bildirmiş və
bu məqsədlə Oğuz-Qəbələ zonasının
yeraltı sularından istifadə ilə bağlı
müvafiq göstəriş vermişdi. Bu
tapşırığa əsasən su mənbəyi ilə
bağlı araşdırmalara başlanılmış və
Prezident İlham Əliyevin göstərişilə bu işlər
davam etdirilmişdir.
Respublikada
su təchizatı və meliorasiya sahəsində görülən
işlər və perspektiv layihələrlə bağlı
2005-ci ilin sentyabrında dövlət
başçımızın keçirdiyi müşavirədə
verdiyi tapşırıqlardan sonra Bakı şəhərinin
keyfiyyətli su ilə təmin edilməsi üçün
çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin
layihəsi hazırlandı və 2007-ci ilin martında Oğuz
rayonunda bu layihənin təməli qoyuldu.
Səhmdar
Cəmiyyətin sədri vurğulamışdır ki, Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə layihələndirilən
və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı
su kəməri bu gün ölkə əhalisi, xüsusən
paytaxt sakinləri üçün ən gözəl töhfədir.
Çünki su həyatdır, harada su varsa, orada inkişaf
vardır, haraya su gedirsə, orada həyat qaynayır... Əlamətdar
haldır ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik",
- deyən ulu öndərin böyük arzularından biri olan
həyati vacib bu su kəmərinin tikintisi məhz onun sadiq
davamçısı, idarəçilik məktəbinin layiqli
yetirməsi kimi Prezident İlham Əliyevin rəhbərliyi,
böyük diqqət, qayğı, məsləhəti sayəsində
reallaşmışdır.
Bu su
kəməri qarşıdakı illərdə Bakı şəhərinin
içməli suya olan tələbatını ödəməyə
imkan verəcək, insanlar təmiz, saf, keyfiyyətli sudan
doyunca bəhrələnəcəklər. Bu su kəməri
Neft Fondunun vəsaiti hesabına tikilib başa
çatdırılmışdır.
Səhmdar
Cəmiyyətin sədri layihənin icrası ilə
bağlı da məlumat vermişdir. Bildirmişdir ki, magistral
su kəməri uzunluğu 262 kilometr, diametri 2000 millimetr,
suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla,
özaxınlıdır, təzyiqlidir. Su kəməri 8
rayonun ərazisindən keçir. Kəmərin təzyiqi 20
atmosferdən yuxarı olan, çay və yol keçidləri
də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan
tikilmişdir.
Su kəməri
boyunca 25 metr enində sanitar-mühafizə zonası
yaradılmışdır. Su kəməri 10 yerdə çay
məcrasını 8-10 metr dərinlikdə çayın
altından, 2 yerdə məcranın üstündən dayaqlar
üzərindən, 8 yerdə avtomobil, 2 yerdə isə dəmir
yolunu kəsərək keçmişdir. Çay keçidlərində
boru kəməri dəmir-beton köynəklə mühafizə
olunmuşdur. Su kəmərini normal istismar etmək
üçün müxtəlif ölçmə
avadanlığı və qurğular tikilməklə SCADA idarəetmə
sistemi yaradılmışdır. SCADA sistemi vasitəsilə
quyular da daxil olmaqla su kəmərinin hidravlik iş rejimi nəzarətdə
saxlanılacaq, su kəmərində baş verə biləcək
sızmanın yeri və axıntının miqdarı müəyyənləşdiriləcəkdir.
Suötürücü
qurğular kompleksi isə 25 kilometrə qədər ərazini
əhatə edir. Bu ərazidə 2 cərgə üzrə 100
istismar və 20 müşahidə quyusu
qazılmışdır. İlkin Texniki-İqtisadi Əsaslandırmaya
əsasən quyuların 150 metr dərinlikdə 350 millimetr
diametrdə paslanmayan polad borulardan qazılması və hər
quyudan saniyədə 50 litr suyun götürülməsi nəzərdə
tutulmuşdur. Dəqiqləşdirilmiş layihəyə əsasən
quyular 170 metrə qədər dərinlikdə
qazılmış və hər quyudan saniyədə 70-120 litr
su çıxarılır.
Quyulardan
çıxan suların öz axını ilə toplanması
üçün ümumi uzunluğu 70 kilometr
sutoplayıcı şəbəkə tikilmişdir. Quyulardan
çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin
başlanğıcında tikilmiş suqəbuledici kameraya
daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan
iki su anbarına, oradan isə magistral kəmərə
ötürülür.
Mərasimdə
xatırladılmışdır ki, qazılmış
quyuların bəzilərindən su öz axını ilə,
bəzilərindən isə nasosların köməyi ilə
çıxarılır. Nasoslar üçün 6 MVt
gücündə elektrik enerjisi tələb olunur. Bu güclə
enerjini təmin etmək üçün 110/35/10 kV-luq elektrik
yarımstansiyası tikilmişdir. Bu yarımstansiyanı
qidalandırmaq üçün iki mənbədən ümumi
uzunluğu 72 kilometr olan 110 kV-luq yüksək gərginlikli
elektrik xətləri çəkilmişdir.
Bu su
kəmərinin ən önəmli cəhətlərindən
biri də quyulardan çıxan suyun bir yerə toplanaraq
özüaxımlı olmaqla Bakı şəhərinə
daxil olmasıdır. Məhsuldarlığı eyni olan Kür
su kəmərləri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı
su kəmərinin enerji sərfiyyatı 7 dəfəyə qədər
azdır. Quyu sahəsi üçün 300 metr enində
sanitar-mühafizə zonası yaradılmışdır.
Bu kəmərin
tikintisində ümumilikdə 285 kilometrdən çox diametri
2000 millimetr olan borular, 65 kilometrdən çox diametri 300-1600
millimetr olan borulardan istifadə edilmiş, 15 milyon kubmetrdən
çox torpaq, borunun yanlarının kipləşdirilməsi
üçün 7 milyon kubmetrdən çox
qum-çınqıl işləri görülmüş və
min ədəddən çox müxtəlif diametrli siyirtmə
quraşdırılmışdır.
Oğuz-Qəbələ-Bakı
su kəməri ilə şəhərə verilən suyun qəbul
edilməsi və paylanması üçün Sizin göstərişinizlə
Bakı şəhərində 250 kilometrdən çox su xətti,
15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su
anbarları tikilmiş, ümumi həcmi 100 min kubmetr olan
mövcud su anbarları yenidən qurulmuş, 310 kilometrdən
çox kanalizasiya xətti çəkilmiş və digər
işlər görülmüşdür. Bunlardan əlavə,
bir çox işlərin mərhələlərlə davam
etdirilməsinə ehtiyac vardır.
Mərasimdə
həmçinin bildirilmişdir ki, texniki tələblərə
uyğun olaraq su kəməri fevral ayı ərzində tam
layihə gücündə işləməyə başlayacaq
və ümumilikdə şəhərə saniyədə 15,2
kubmetr su veriləcəkdir. Son illərdə
aparılmış yenidənqurma işləri nəticəsində
şəhərin 40 faiz fasiləsiz su alan əhalisinin sayı
75 faizə qədər artacaqdır. Eyni zamanda, 60 faiz cədvəl
üzrə su alan əhalinin sayı 25 faizə qədər
azalacaq və cədvəllərin müddətləri 2 dəfədən
çox uzadılacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 30 dekabr.- S. 7.