"Böyük Bakının Regional İnkişaf Planı" hazırlanır

 

Tikinti-investisiya fəaliyyətinin genişləndirilməsi memarlıq və layihələndirmə fəaliyyəti üçün də geniş imkanlar yaratmışdır. Son vaxtlar ölkəmizdə şəhərsalma sahəsində də böyük işlər görülür. Belə ki, yeni parklar, bağlar salınır, yaşayış məntəqələrindəki mövcud küçələr və yollar yenidən qurularaq abadlaşdırılır. Şəhərlərin və digər yaşayış məskənlərinin inkişaf perspektivlərini müəyyən etmək üçün baş planlar və regional inkişaf sxemləri hazırlanır.

 

Ötən illərdə olduğu kimi yola saldığımız 2010-cu ildə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma və arxitektura sahəsində aktual olan çox əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq olunmuş "2009 - 2013-cü illər üçün Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı komitənin sifarişi ilə Azərbaycanın iqtisadi rayonlarının ərazi təşkilinin planlaşdırma sxemləri, o cümlədən Dövlət Proqramında göstərilən Aran, Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonlarının perspektiv inkişafi ilə bağlı regional planlaşdırma sxemləri hazırlanır.

Komitənin sifarişi ilə 2008-2010-cu illərdə 20-dən artıq şəhərin baş planları tərtib edilmişdir. Layihə institutları tərəfindən, o cümlədən "Azərdövlətlayihə", "Azərmemarlayihə", "Azərinşaatlayihə" tərəfindən hazırlanan layihələrdə şəhərlərin inkişaf istiqamətləri, yeni yaşayış və istehsalat əraziləri seçilərkən əsasən kənd təsərrüfatı üçün əlverişli olmayan sahələrə üstünlük verilmişdir. "Azərdövlətlayihə" institutu 4 layihə üzrə işlər aparır. Horadiz şəhərinin baş plan layihəsi tamamlanaraq sifarişçiyə təhvil verilmişdir. Gəncə, Sumqayıt, Xırdalan şəhərlərinin baş planlarının hazırlanması işləri təqvim planına uyğun davam edir. "Azərinşaatlayihə" institutu 5 layihə (Ağstafa, Qazax, Oğuz, Qəbələ və İmişli şəhərlərinin baş planları) üzərində layihə işlərini başa çatdırmışdır. "Azərmemarlayihə" institutu 16 layihə (Yevlax, İsmayıllı, Masallı, Qax, Qobustan, Şamaxı, Samux, Cəlilabad, Şəki, Xızı, Ağsu, Lerik, Beyləqan, Bərdə, Ucar və İmişli şəhərlərinin baş planları) hazırlamışdır.

"Bakı Dövlət Layihə" institutu tərəfindən Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi üzrə işlər intensif olaraq davam edir.

Əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün layihəçilər şəhərlərin baş planlarında sosial və iqtisadi amillərlə bərabər ekoloji məsələlərə xüsusi diqqət ayırmışlar.

Şəhər, qəsəbə və kəndlərin memarlıq görkəminin yaxşılaşdırılması, regionlarda aparılan abadlıq işlərinin artan həcmi təbii ki, çox sevindiricidir.

Respublikamızın paytaxtı Bakı şəhəri və ümumilikdə paytaxt regionunun (Böyük Bakı) ölkə miqyasında tutduğu yeri və xüsusi çəkisi çox mühümdür. Böyük Bakının inkişafı birbaşa bütün ölkənin inkişafına təsir edən əsas amillərdən biridir. "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması məqsədilə Azərbaycan Hökuməti Dünya Bankı ilə müvafiq kredit sazişi bağlamışdır. "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanmasını sürətləndirmək məqsədi ilə Dünya Bankının krediti hesabına maliyyələşdiriləcək məsləhətçi xidmətləri dörd hissəyə (lota) bölünmüşdür. Hazırda Dünya Bankının satınalma prosedurlarına müvafiq olaraq məsləhətçi xidmətlərinin satınalması üzrə tender proseduru aparılır. Xüsusən qeyd etmək lazımdır ki, "Böyük Bakının Regional İnkişaf Planı" sənədinin hazırlanmasında innovasiyalı üsulların tətbiqi və qabaqcıl təcrübədən istifadə edilməsi məqsədilə üç lot (layihənin ekoloji, iqtisadi və ərazinin perspektiv istifadəsi ilə bağlı aspektlər) üzrə yalnız müvafiq təcrübəsi olan beynəlxalq məsləhətçilərin cəlb edilməsi nəzərdə tutulmuşdur.

"Böyük Bakının Regional İnkişaf Planı" sənədinin hazırlanması 2011-2012-ci illərdə başa çatacaqdır və bu sənəd 2030-cu ilədək olan müddəti əhatə edəcəkdir.

"Böyük Bakının Regional İnkişaf Planı" sənədi Bakı şəhərinin, o cümlədən Sumqayıt, Abşeron rayonunun mərkəzi olan Xırdalan şəhərinin və regionda olan digər yaşayış məntəqələrinin baş və müfəssəl planlarını hazırlamaq üçün əsas olacaqdır. Qeyd etmək lazımdır ki, regionda olan bütün yaşayış məntəqələrinin baş və müfəssəl planlarının tərtib edilməsinin uzlaşdırılmış səkildə paralel olaraq aparılması mümkün olacaqdır.

Komitənin sifarişi ilə "Bakı şəhəri ərazisində təbii və texnogen amillərin dəyişməsi nəticəsində qruntların fiziki-mexaniki xassələrinin dəyişməsi dinamikasının tədqiqi və alınan nəticələr əsasında həmin ərazinin elektron variantında xəritəsinin işlənməsi" mövzusunda elmi-tədqiqat işləri komitənin "İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu" tərəfindən aparılmışdır. Bu elmi-tədqiqat işinin məqsədi uzun müddət istismarda olan bina və qurğuların sıradan çıxmasının əsas səbəblərindən birinin - binanın əsasının, yəni sıxılan qatın aşağı sərhəddi haqqında məlumat almaq məqsədi ilə ayrı-ayrı ərazilərin mühəndis-geoloji materiallarının toplanması və sistemləşdirilməsindən ibarətdir.

Respublikamızın ərazisi seysmik cəhətdən çox fəaldır. Aydındır ki, yeraltı təkanlardan çatlar yaranır, bəzən də dağılmalar baş verir ki, bu da ətraf mühitin, ekoloji tarazlığın pozulmasına səbəb olur. Belə halların qarşısının alınması üçün respublikada ilk dəfə milli dildə yeni normativ sənəd hazırlanaraq, komitənin kollegiya iclasında qəbul edilmişdir.

Azərbaycan Respublikasında son illər şəhərsalma fəaliyyətini tənzimləyən bir sıra mühüm normativ sənədlər, o cümlədən "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanı ilə bağlı "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli və "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2008-ci il tarixli 217 nömrəli qərarları qəbul olunmuşdur.

Komitənin fəaliyyəti dövründə 10-dan çox milli normativ sənəd hazırlanmış və tikintidə texniki normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə Dövlətlərarası Elmi-Texniki Komissiyası tərəfindən komitənin iştirakı ilə qəbul edilmiş 50-dən çox dövlətlərarası normativ sənəd ölkə ərazisində qüvvəyə minib.

Məlum olduğu kimi, iqtisadi yüksəliş tempinə görə bu gün Azərbaycan dünya dövlətləri arasında birincilər sırasındadır. Ölkə rəhbərliyi xalqın rifahı naminə qəbul olunan mühüm Dövlət Proqramlarının həyata keçirilməsini, vətəndaşların layiqli həyat şəraitinin yaradılması məqsədilə quruculuq işlərinin daha da genişləndirilməsini və verilən tapşırıqların yerinə yetirilməsini daim diqqət mərkəzində saxlayır.

 

 

Dövlətxan DÖVLƏTXANOV,

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin sədr müavini

 

Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 11.