Yeddi günlük yubiley festivalı
başa çatdı
Bakı Musiqi Akademiyasının
professoru, xalq artisti, "Şöhrət" ordenli bəstəkar
Tofiq Bakıxanovun anadan olmasının 80 illiyi münasibətilə
dekabrın 22-dən 28-dək ölkə paytaxtında
keçirilən musiqi festivalı uğurla başa
çatmışdır. Yubiley tədbirlərini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dekabrın
24-də imzaladığı sərəncam daha da şöhrətləndirmişdir.
Həmin sərəncamla bəstəkar "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif
edilmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və
Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi
yubiley tədbirlərinə dekabrın 22-də Bəstəkarlar
İttifaqında təşkil edilən konfransla start
verilmişdir. İttifaqın sədri, xalq artisti, professor Firəngiz
Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə
professorlar Gülnaz Abdullazadə, Ülviyyə İmanova,
İmruz Əfəndiyeva, Zemfira Qafarova, Telman Hacıyev,
filologiya elmləri namizədi Gülzar İbrahimqızı,
tanınmış sənətşünaslar Nərminə
Bayraməlibəyli, Nərgiz Əliyarova, Ariz Abduləliyev və
digər natiqlər Tofiq Bakıxanov
yaradıcılığının ən müxtəlif sahələri
barədə əhatəli elmi fikirlər söyləmişlər.
Qeyd edilmişdir ki, Tofiq Bakıxanov opera janrı istisna olmaqla
musiqinin bütün janrlarında uğurla əsərlər
yaratmış sənətkardır.
Sonrakı
günlər Bəstəkarlar İttifaqının
binasında yubilyarın kamera-instrumental əsərlərindən
ibarət konsert, Dövlət Filarmoniyasında Üzeyirbəy
Hacıbəyli adına Dövlət simfonik orkestrinin
ifasında (drijor, respublikanın xalq artisti, professor Rauf
Abdullayevdir) simfonik əsərlərdən ibarət
böyük konsert, Akademik Opera və Balet Teatrında
biraktlı baletlərin tamaşası, yenə də Dövlət
Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin ifasında (drijor, xalq artisti, professor Ağaverdi
Paşayevdir) yeni əsərlərdən ibarət konsert təşkil
olunmuşdur. Dekabrın 27-də Muğam Mərkəzində
Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında (bədii
rəhbər, respublikanın xalq artisti Teymur
Göyçayevdir) kamera əsərlərindən ibarət
iki şöbəli konsert, ertəsi günü - ayın 28-də
isə bəstəkarın son 60 ildə hər gün gəldiyi
Bakı Musiqi Akademiyasında "Mahnı axşamı"
adlı geniş, rəngarəng konsert təşkil
olunmuşdur. Bu konsertdə tamaşaçılar Dövlət
Televiziyasının Baba Salahov adına Xalq çalğı
alətləri ansamblının ifasında (bədii rəhbər
xalq artisti Ağasəlim Abdullayevdir) bəstəkarın son
50-60 ildə qələmə aldığı onlarla
mahnını eşitmişlər. Ümumiyyətlə, bu tədbirlərdə
50-dən çox solist və 5 kollektiv iştirak etmişdir.
Eyni zamanda, tədbirlərdə mədəniyyət və
turizm nazirinin, diplomatik korpus təmsilçilərinin,
yaradıcılıq birliklərinin, çoxsaylı ali məktəblərin,
kütləvi informasiya kollektivləri rəhbərlərinin təbrikləri
oxunmuşdur.
Görkəmli
sənət adamlarından Bəstəkarlar
İttifaqının katibi Ramiz Zöhrabov, tibb elmləri
doktoru Məmməd Hüseyn Herisçi, Avropa Təbiyyat Elmləri
Akademiyasının akademiki Hacı Fərhad Mirzə, əməkdar
incəsənət xadimi Zakir Mirzəyev, beynəlxalq
mükafatlar laureatı Həsən Cəbrayılov və digər
natiqlər yubilyarın yaradıcılığının
müxtəlif sahələrinə aid maraqlı və dəyərli
fikirlər söyləmişlər. Aleksandriya Van
Drüsseldorf (ABŞ), Kəmalə Mirbabayeva, Teymur Mustafayev,
Nuriyyə Hüseynova, Rafiq Seyidzadə, Lalə Məmmədova,
Rəhim Şəhriyari (İran), Ruzə İbişova, Almaz
Orucova, Ramil Qasımov, Leyla Dadaşova və digər solistlər
bəstəkarın əsərlərini ustalıqla ifa
etmişlər. Konsertlərdə Abasqulu Ağa Bakıxanov,
Süleyman Rüstəm, Mikayıl Müşfiq, Dilbər
Axundzadə, Tofiq Mütəllibov, Şahin Fazil, Ramiq Muxtar və
digər şairlərin sözlərinə yazılmış
mahnılar oxunmuşdur. Yubiley bülleteninin, dəvətnamə,
afişa və proqramların bədii tərtibatını
tanınmış fotomütəxəssisi, beynəlxalq musabiqələr
qalibi Ələkbər Ağasiyev vermişdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 11.