"Azərbaycan
XXI əsrin və üçüncü minilliyin ayrıcında"
adlı tarixi müraciətdən
on il keçir
Ulu öndər Heydər
Əliyevin həmin müraciəti xalqımızı
böyük Azərbaycan intibahına çağıran sənəd
kimi dəyərləndirilir
Müstəqil
dövlətimiz üçün taleyüklü məsələlərin
həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini
açmaqla kimliyimizi tam müəyyən etməyi, milli
kökləri ilə bağlı yeni təfəkkürlü
gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid
dövrünün çətinliklərinə, ağır
proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin
çox dəyərli səhifələrini qısa bir
müddətdə aça bilmiş və xalqa göstərməyə
nail olmuşuq.
Ümummilli
liderimiz Heydər Əliyevin "Azərbaycan XXI əsrin və
üçüncü minilliyin ayrıcında" adlı
müraciətindən
Bakı, 27 dekabr 2000-ci il
Həmin
müraciət imzalanaraq radio-televiziyalar
və yazılı mətbuat vasitəsilə
ölkə əhalisinə çatdırılanda artıq Azərbaycan
öz dövlət müstəqilliyinin 9-cu ildönümünü
də qeyd etmişdi. Geridə qalan qanlı-qadalı, xaos
və anarxiya ilə dolu, məhrumiyyətlər
və məşəqqətlərlə
yaşanmış illərlə yanaşı, xalqın
aydın sabahına zəmin yaradan, çoxsaylı əlamətdar
günlərlə tarixə yazılan məqamlar da çox idi.
Müstəqilliyin ilk illərində baş
alıb gedən özbaşınalıq və ölkə
miqyaslı idarəolunmazlıq daxili ictimai-siyasi sabitliklə əvəzlənmişdi.
Öz havadarlarının
dəstəyi ilə Azərbaycan ərazilərinin
işğalını davam etdirən düşmənə
"dayan!" - deyilmiş,
cəbhədə atəşkəsə nail
olunmuşdu. "Azərbaycanın
düşməni" elan edilmiş
bir çox dövlətlər ölkəmizin
dostuna çevrilmişdi.
Təbii
sərvətlərimizin xalqımızın və dövlətimizin
mənafeyinə uyğun şəkildə hasil olunması və
satılması üçün "Əsrin müqaviləsi"
adlı möhtəşəm beynəlxalq saziş
imzalanmışdı. Ölkədə start verilən hərtərəfli
islahatların önündə gedən hüquq islahatları
dönməz xarakter almış, xüsusən, Avropanın ən
humanist və ən demokratik əsas qanunlarından biri kimi qiymətləndirilən
ilk Konstitusiyamız qəbul edilmiş, xalqın iradəsini
özündə əks etdirən iki prezident seçkisi
(1993-cü ilin və 1998-ci ilin oktyabr aylarında) və iki
parlament seçkisi (1995-ci ilin və 2000-ci ilin noyabr
aylarında) keçirilmişdi. Əsas insan hüquq və
azadlıqlarının qorunması və cəmiyyətin daha
da demokratikləşdirilməsi istiqamətində həyata
keçirdiyimiz tədbirlər Avropa və dünya ekspertləri
tərəfindən çox yüksək qiymətləndirilirdi.
Yəni gənc müstəqil Azərbaycan dövlətinin
uğurları onlarla, yüzlərlə idi və həmin
nailiyyətlər sübut edirdi ki, Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinə əbədilik
qazandırmışdı. Ancaq ulu öndərimiz
bütün bunlarla qətiyyən kifayətlənmək istəmirdi.
Heydər
Əliyev Azərbaycan xalqının yüz ildən sonra, gələcək
əsrləri əhatə edən elə bir inkişafına və
intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə
yaşayacaq nəsillər üçün heç bir problem
qalmasın. Bu böyük arzunun reallaşdırılması
üçün ancaq və ancaq bugünkü müstəqil
Azərbaycan dövlətini qüdrətləndirmək
lazım idi. "Azərbaycan XXI əsrin və
üçüncü minilliyin ayrıcında" adlı
irihəcmli müraciət də məhz həmin arzudan, istəkdən
qaynaqlanırdı. Görkəmli alim Yaqub Mahmudovun fikrincə,
ulu öldərin həmin müraciəti təkcə
bugünkü nəsillər üçün deyil, bizdən
sonra gələcək çox nəsillər
üçün mühüm tarix dərsi kimi qiymətli
olacaqdır: "Dünyanın ən nadir tarixi şəxsiyyətlərindən
birinin təfəkküründən süzülüb gələn,
zəngin dövlətçilik təcrübəsinə malik
olan dahi dövlət xadiminin həyat təcrübəsinə
və şəxsi müşahidələrinə əsaslanan
bu qiymətli əsər zaman-zaman tarixçilər, filosoflar,
ədəbiyyatşünaslar, dilçilər, mədəniyyətşünaslar,
sosioloqlar, iqtisadçılar və digər sahələrdən
olan alimlərin, yaradıcı ziyalıların neçə-neçə
nəsilləri tərəfindən öyrəniləcək,
tədqiq olunacaq, xalqımızın işıqlı gələcəyə
gedən yoluna nur salacaqdır".
Heydər
Əliyevin adıçəkilən müraciətində
keçilmiş yolun öyrənilməsi və
qarşıdakı yolumuzun müəyyənləşdirilməsi
üçün tövsiyə edilən tezislər paralel
şəkildə irəli sürülür. Ən
başlıcası iyirminci əsrin ictimai-siyasi prosesləri məhz
Heydər Əliyev təfəkkürü səviyyəsində,
yəni sərrast, konkret və müdrikcəsinə qiymətləndirilir.
Bu da təsadüfi deyil. Çünki həmin əsrdə Azərbaycan
iki dəfə öz dövlət müstəqilliyinə
qovuşmuş, üstəlik, birinci dövlət müstəqilliyi
əlindən alınandan sonra da bir xalq və ölkə
olaraq kifayət qədər zəngin inkişaf yolu
keçmişdir. Heydər Əliyev XX əsrin sürətli
elmi-texniki tərəqqi əsri olduğunu, eyni zamanda, həmin
əsrdə çoxsaylı yeni suveren dövlətlərin
yaranmasını xüsusilə vurğulayır və yada
salır ki, bundan sonra ölkələrin və dövlətlərin
əsas vəzifəsi mədəni inteqrasiyanın və
qloballaşmanın yaratdığı imkanlardan səmərəli
istifadə etməkdir.
Məsələni
bir az da konkretləşdirərək Azərbaycan barədə
söz açan ulu öndər deyir: "Demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu yolu dönmədən,
israrla davam etdirilməlidir". Siyasət dahisinin fikrincə,
Azərbaycanın bundan düzgün, perspektivli inkişaf yolu
yoxdur.
Ulu
öndərin həmin tövsiyəsi müraciətdən keçən
dövrdə, xüsusən, son 7 ildə ölkə əhalisi
və dövlətimiz tərəfindən ən incə məqamlarına
qədər reallaşdırılmışdır.
Doğrudur, Azərbaycanın Avropa Şurasına üzv
olması, qurumun Parlament Assambleyasında daimi nümayəndə
heyətimizin təmsil olunması, bütün beynəlxalq təşkilatlarla
ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın
təşkil edilməsi ulu öndərin özü tərəfindən
reallaşdırılmışdı. Ancaq beynəlxalq aləmə
inteqrasiya, qloballaşmanın verdiyi imkanlardan maksimum şəkildə
istifadə edilməsi, həmin prosesə rəsmi Bakının
töhfələrinin verilməsi, bütün dünyada gedən
ictimai-siyasi proseslərdə ölkəmizin fəal
iştirakının təmin olunması və başqa bu kimi
onlarla fakt son 7 ildə əldə etdiyimiz nailiyyətlərdir.
Heydər Əliyev Azərbaycanı dünyəvi dövlət
kimi görmək istəyirdi. Bu gün planetin ən demokratik, ən
dünyəvi dövlətləri Azərbaycanda vətəndaş
cəmiyyəti yaradılması istiqamətində həyata
keçirilən tədbirləri ən ali demokratiya nümunəsi
kimi qiymətləndirirlər. 2005-ci və 2010-cu illərdə
keçirdiyimiz parlament seçkiləri və 2008-ci ildə
az qala bütün dünyanın müşahidəçilərinin
iştirakı ilə reallaşdırdığımız
prezident seçkisi Azərbaycan dövlətinə yeni
uğurlar qazandırmış oldu, rəsmi Bakının
imicinə postsovet məkanının demokratik dəyərlərə
ən sadiq ölkəsi imicini də əlavə etdi.
Heydər
Əliyev müraciətdə qeyd edirdi ki, biz elə bir nəsil
formalaşdırmalıyıq ki, o nəsil dünənimizi
öyrənəndə, bu günümüzü quranda və
sabahımız üçün zəmin yaradanda unutmasın
ki, o, azərbaycanlıdır. Bu gün Azərbaycanın təhsil
ictimaiyyətinin istənilən nümayəndəsi fəxrlə
qeyd edir ki, ulu öndərin görmək istədiyi gənc nəsil
yetişir və bu proses çox böyük sürətlə
davam etdirilir. Postsovet məkanının heç bir ölkəsində
7 ildə təhsil sistemi ilə bağlı 16 Dövlət
Proqramı imzalanmayıb. Heç bir ölkədə nəinki
son 7 ildə, heç son 10-15 ildə 2 mindən çox yeni məktəb
binası tikilməyib. Azərbaycan dövləti hər il
yüzlərlə gənc soydaşımızın
dünyanın ən aparıcı ali məktəblərində
təhsil alması üçün milyonlarla manat vəsait xərcləyir.
Heydər
Əliyev xatırladırdı ki, neft Azərbaycan
xalqının sərvətidir və bu sərvətdən əldə
edilən vəsaitin ədalətli şəkildə xərclənməsini
təmin etmək dövlətin ən ali vəzifələrindən
biridir. Bu gün respublikamızın elə bir rayonu və ya
şəhəri yoxdur ki, orada ildə 5 və ya 10 yeni obyektin
açılışı olmasın. Həmin
açılış mərasimlərinin demək olar ki,
yarısında belə ifadələr işlədilir: "Bu
xəstəxana Dövlət Neft Fondunun vəsaiti hesabına
tikilmişdir", "Bu məktəb Dövlət Neft
Şirkəti tərəfindən inşa edilmişdir" və
sairə. Üstəlik, Prezident İlham Əliyevin "Biz neft
sektorundan əldə edilən vəsaitin bir hissəsini
qeyri-neft sektorunun inkişafına, intellektual kapitalın
yaradılmasına sərf etməliyik" -
çağırışından sonra neft sektorundan əldə
edilmiş vəsait hesabına bütün orta məktəblər
informasiya-kommunikasiya vasitələri ilə təchiz olunub, hər
29 şagirdə bir kompyuter nisbəti təmin edilibdir.
Heydər
Əliyev tövsiyə edirdi ki, biz təkcə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün aparılan danışıqlarda
mövqeyimizin möhkəmləndirilməsi üçün
deyil, ümumiyyətlə, bütün dövrləri nəzərə
alaraq ordu quruculuğuna xüsusi diqqət yetirməliyik. Bu
gün Azərbaycanın dövlət büdcəsindən ən
böyük ayırmalar məhz ordu quruculuğunun sürətləndirilməsinə
istiqamətləndirilir. Yeni silahların alınması ilə
yanaşı son 7 ilin nəticəsi olan Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində də kifayət qədər
silah və sursat istehsal edilir. NATO ilə əməkdaşlıq
nəticəsində ordumuzun peşəkarlığı,
dövlətin qayğısı ilə maddi-texniki baza,
xalqın dövlətə inamı nəticəsində isə
orduda nizam-intizam, mənəvi ruh yüksəlişi Ermənistan
ordusu üçün tamamilə əlçatmaz bir səviyyəyə
qalxmışdır.
Bir
sözlə, ulu öndər Heydər Əliyevin 10 il əvvəl,
dekabrın bu günlərində imzaladığı
müraciətin bütün tezisləri həyatda öz təsdiqini
tapmışdır. Dövlətimizin və dövlət
başçımızın siyasəti nəticəsində
Azərbaycan dünya birliyinin ən layiqli üzvlərindən
birinə çevrilmişdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 8.