Azərbaycanlıları birləşdirən dəyərlər- milli birlik və həmrəylik ideyaları

 

Həyatının bütün məqamlarında taleyin xalqına, Vətəninə sədaqətlə və şərəflə xidmət etmək fürsəti verdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyanın siyasət ponteonunda da bu gün özünəməxsus bir zirvədə yer almışdır. Bu siyasət dahisinin irsinin tədqiqi göstərir ki, ulu öndər Heydər Əliyev hətta Sovetlər birliyi dönəmində hakimiyyətdə olduğu illərdə, bu quruluşun sərt və amansız rejiminə baxmayaraq, Azərbaycanın gələcək dövlət müstəqilliyi yolunda göstərdiyi misilsiz xidmətlərilə adını tarixə yazmışdı.

 

Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini izləyəndə, onun təpədən dırnağa Böyük Azərbaycanlı, Vətənini hədsiz dərəcədə sevən, onun tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və qayğı ilə yanaşan bir dövlət xadimi olduğunu görür və heyrətə gəlirsən. Onun 30 illik siyasət epoxası xalqımızın yüz illərlə həsrətində olduğu Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Bu siyasət nəhənginin siyasi-fəlsəfi portretini dünya şöhrətli qırğız yazarı Çingiz Aytmatov belə açıqlayır: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünki MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimlərin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitində dünyanın gözü önündə cərəyan edir. Müstəqillik dövründə qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.

Bu məsələdə isə həlledici rol, tarixi missiya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öhdəsinə düşür. Çünki o müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac duyulan bir şəxsiyyətdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünki qurucularından biridir".

Filosof-yazıçının hər bir ifadəsi müasir tariximizdə gerçək təsdiqini tapmışdır. Təbii ki, bunların hər birinin ayrı-ayrılıqda təhlilini və gerçək dəyərini tarixçilərimiz, filosoflarımız və politoloqlarımız verir. Mən sadəcə, ulu öndərin müstəsna xidmətlərindən biri olan - xalqın azərbaycançılıq fəlsəfəsi ətrafında birliyinə necə böyük ustalıqla nail olmasını bir qədər geniş açıqlamaq istərdim.

Təbii ki, hər bir xalqın müstəqillik mübarizəsində, tarixin dönüş nöqtələrində kükrəyib-coşan, inqilabçı əhval-ruhiyyəli kütlənin ümumi məqsədə xidmətə yönəltmək üçün onun xarizmatik bir liderə, hamının inandığı və etibar etdiyi təcrübəli, sınanmış və istənilən məqamda doğru qərar verməyi bacaran öndərə ehtiyacı var. 1987-ci ildə riyakar ermənilərin məkrli planlarının həyata keçməsinə xidmət edən Qorbaçov Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırarkən, ona elə gəlirdi ki, o artıq ermənilərin "Azərbaycan xalqını lidersiz qoymaq" sifarişini yerinə yetirib. Məhz buna arxayınlaşıb 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanlarında, digər şəhər və rayonlarda Azərbaycan xalqının qətliamına hökm verildi.

Lakin başsız və kimsəsiz qalan xalqına qarşı yönələn bu qanlı işğala heç cür biganə qala bilməyən Heydər Əliyev sərt və ciddi bəyanatla imperiyanın baş şəhərini lərzəyə salanda, Azərbaycan xalqının sönmüş ümidlərinə yenidən can gəldi. Bu bəyanat, şübhəsiz xalqımızın toparlanmasında, işğalın şokundan ayılmasında müstəsna rol oynadı.

Amma etiraf edək ki, xalqın arzuları ilə hesablaşmayan qüvvələr Heydər Əliyevin nəinki hakimiyyətə gəlməsini, heç siyasətə dönməsini belə istəmirdilər. İstər o zamankı kommunist hakimiyyəti, istərsə sonradan hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi heç vəchlə Heydər Əliyevin siyasi meydanda görünməsilə barışa bilmirdilər. Özlərinin Heydər Əliyev xarizması, siyasi nüfuzu, xalq məhəbbəti qarşısında cılız olduqlarını dərk etdiklərindən, ən müxtəlif yollarla onun siyasi arenaya çıxmasını əngəlləyirdilər.

Azərbaycanda isə vəziyyət gündən-günə ağırlaşırdı. İstər iqtisadi, istər siyasi, istərsə humanitar böhran dərinləşirdi. Ölkənin əraziləri işğal olunur, qaçqınların sayı sürətlə artır, Azərbaycanın beynəlxalq siyasi arenada mövqeləri günü-gündən zəifləyirdi. Gənc müstəqil ölkə bütün cəbhələrdə iflasa doğru gedirdi.

1993-cü ildə Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə çağrılması isə artıq hakimiyyətdə olan qüvvələrin barışmaq məcburiyyətində olduqları bir zərurətə çevrilmişdi. Çünki Azərbaycanın siyasi, iqtisadi mənzərəsi, hakimiyyətsizliyin və xaosun arxada buraxdığı izlər təlaş və vahimə doğururdu. Ermənistanın təcavüzü genişlənir, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibəyə cəlb edilmiş gənc müstəqil respublikanın taleyi, nizami ordu yaradılmadığından, siyasiləşdirilmiş könüllü batalyonların ümidində idi. Belə hərbi birləşmələrdə hökm sürən intizamsızlıq, vahid komandanlığın olmaması, qarşıdurma əhval-ruhiyyəsi Azərbaycanın düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən kəskin çəkişmlər, quruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyindəki tabeçilik prinsiplərini heçə endirmişdi. Ölkədə sözün həqiqi mənasında anarxiya hökm sürürdü.

Gənc, müstəqil dövlətin xarici siyasət kursu olmadığından, ölkə beynəlxalq aləmdə bunsuz da ürəkaçan olmayan nüfuzunu heçə endirmiş, strateji cəhətdən mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı. Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri çökmüşdü.

Ölkənin daxilində aparılan siyasətin nəticələri daha ağır idi. Milli münasibətlər bilərəkdən kəskinləşdirilmiş və Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ölkə həqiqi mənada vətəndaş müharibəsinin astanasında idi.

Sonralar bu tarixi məqamları dəyərləndirərkən ulu öndər Heydər Əliyev deyirdi: "Yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara Azərbaycan xalqı cavab verməyə qadir idi. Əgər o zaman xalqı hiddətləndirən vahid, sarsılmaz qüvvə kimi bir araya toplayan milli qürur və oyanış hisslərindən konstruktiv istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq".

Dahi siyasətçi milli həmrəyliyin və birliyin dövlət quruculuğunda və onun inkişafında müstəsna əhəmiyyət daşıdığını çox gözəl bilirdi. Xüsusilə, Azərbaycanın imperiyadan qopub müstəqilliyə doğru getdiyi dönəmdə bu daha çox vacib idi. Məhz buna görə Heydər Əliyevin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi barədə qərar qəbul olundu və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Milli Məclisi qarşısında məsələ qaldırılmışdı.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq, ölkənin azadlığını və müstəqilliyini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı.

Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırkı dönümünə uyğunlaşdırdı. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətti ilə mükəmməl ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Məhz bu dövrdə azərbaycanlıların həmrəyliyi və birliyi ideyası artıq bütün dünyada yaşayan soydaşlarımızın düşüncələrinə hakim kəsildi, dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, tarixi Vətənlə - Azərbaycan Respublikası ilə əlaqələrinin güclənməsi istiqamətində çox böyük işlər görüldü.

Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla hər hansı şəkildə bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna və milli ideologiyasına çevirdi. Ümumən bu mövzuda söhbət açılanda istər-istəməz gözlərimiz önündə ulu öndərin xarici ölkələrə səfərləri zamanı mütləq bu ölkələrdə yaşayan azərbaycanlı icmaları ilə görüşü canlanır. Onun bir lider olaraq verdiyi tövsiyələr, diaspor quruculuğu istiqamətində əməli fəaliyyətə çağırışları heç şübhəsiz ki, öz işini görürdü.

Nəhayət, 2001-ci il noyabrın 9-10-da məhz ulu öndərin təşəbbüsü və himayəsi ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması baxımından tarixi dönüş nöqtəsi oldu. Böyük təşkilatlanmanın start tədbirinə çevrilən bu qurultaydan sonra dünyanın hər yerində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti canlandı, Azərbaycan dövlətinin diaspor quruculuğu və onların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində səyləri gücləndi.

Prezident Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" Qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.

Dünyanın 36 ölkəsindən 403 nümayəndənin, bütövlükdə 1105 nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlılarının I qurultayında bütün azərbaycanlıların lideri Heydər Əliyev çıxış edərkən dedi: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda da assimilyasiya prosesi var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram, - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ulu öndərin azərbaycançılıq fəsləfəsinə söykənən həmrəylik və birlik siyasəti Prezident İlham Əliyevin idarəçiliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Möhtərəm prezidentimizin Dünya Azərbaycanlılarının II qurultayının keirilməsilə bağlı 8 fevral 2006-cı il tarixli xüsusi sərəncamı bir daha göstərdi ki, dünyaya səpələnmiş soydaşlarımızın milli birliyini inkişaf etdirmək, yeni səviyyəyə qaldırmaq daim dövlət siyasətinin prioritetlərindən biri kimi qalacaqdır.

Ötən dövr ərzində görülən işlərin nəticəsi də göz qabağında idi. Artıq II qurultaya dünyanın 49 ölkəsindən 1218 nümayəndə seçilmiş və 388 qonaq dəvət olunmuşdu.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qarşıda duran əsas vəzifələrin nədən ibarət olduğunu bəyan edərək dedi: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək".

Çox böyük fəxrlə demək olar ki, Azərbaycan qətiyyətlə və zəfərlərə imza ata-ata məhz bu istiqamətdə irəliləməkdədir. Bu gün beynəlxalq maliyyə qurumlarının və Avropa təşkilatlarının hesabatlarında müstəqil Azərbaycanın inkişafının və tərəqqisinin həcmini göstərən çox böyük rəqəmlər və iftixar doğuran rəylər var. Təbii ki, bunlar, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlıda böyük qürur və fərəh hissi doğurur. Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarına ünvanladığı son təbrikində deyir: "Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir".

 

 

Allahverdi MAHMUDOV,

DİN-in Polis Akademiyasının

kriminalistika kafedrasının rəisi,

polis polkovniki

 

Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 8.