Naxçıvan Muxtar Respublikası ölkədəki yüksəliş və yeniləşmənin önündə gedir

 

İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

İntibahın 15 ili

 

Naxçıvanla hər görüş, elə bil, onu yenidən tanıdır, yenidən sevdirir. Sanki, əvvəllər görüb-bildiklərin onu daha dərindən öyrənmək üçün bir giriş, növbəti hazırlıq imiş. Naxçıvanın dünəninə baxdıqca bu günü gözlərində böyüyür. Bu gününə nəzər saldıqca xəyalında sabahı yeni yüksəkliyə ucalır. Bu torpaqda hər şey insan ağlına qida verir, hissiyyatı duyğulandırır: təbiətin sərt gözəllikləri və zənginlikləri də, yer altındakı və üstündəki silinməz, pozulmaz izləri də, ən yeni tariximizdə bu torpaqda baş verən hadisələr də, son 15 ilin sürətli, genişmiqyaslı yüksəlişinin mənzərələri də, zəkalı, çevik insanların xoş məramı və tükənməz enerjisi də.

Naxçıvana 1 ildən sonrakı gəlişimizdə saysız-hesabsız yeniliklərlə üzləşdik. Bir sıra yarımçıq işlərin başa çatdığının, çox sayda təzə obyektlərin tikildiyinin, müasirləşmənin ən ucqar nöqtələri belə əhatə etdiyinin şahidi olduq. Blokada şəraitində yaşayan muxtar respublikanın dünyanın hər yerindən gələn insanları heyran qoyan ehtişamı dövlət müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda dönməz, yorulmaz ümumxalq mübarizəsinin saf çeşməsindən qaynaqlanır. Bu mübarizənin ən parlaq səhifələri yaxın keçmişdə Naxçıvan torpağında yazılmış və onun davamı əməli işlər müstəvisində yeni bir intibah tarixinə çevrilməkdədir.

Tarixin son 5 min ilində Naxçıvan torpağında neçə-neçə intibahların izlərini qoyub getmiş insanların çağdaş varisləri düşmən əhatəsində, müharibə şəraitində vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsini yaratmışlar. Coğrafi baxımdan dağlarla əhatə olunmuş nadir və nəhəng təbiət qalasını xatırladan Naxçıvan tarixin bütün dövrlərində olduğu kimi, bu dəfə də təpədən-dırnağadək səfərbər olundu, özünü qorudu. Tarixdə dəfələrlə Əlincə qalasının alınmazlığına sığınıb yadellilərə yenilməyən naxçıvanlılar bu dəfə bütövlükdə əlincələşdi. Sərhədlərin möhkəmləndirilməsi, sosial-iqtisadi ehtiyatların sürətlə hərəkətə gətirilməsi, siyasi-mənəvi bütövləşmə, mədəni-məfkurəvi təkamül Naxçıvan torpağındakı sonuncu və möhtəşəm intibah üçün geniş meydan açmışdır.

1988-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ermənistanın və onun yaxın-uzaq havadarlarının təcavüzü qarşısında tək-tənha davam gətirməsi bu yurdun qəhrəman övladlarının genində, qanında yaşayan əyilməzlikdən güc almışdı. Bu torpağın Azərbaycana və dünya siyasətinə bəxş etdiyi XX əsr dühası Heydər Əliyevin o çətin günlərdə özünü doğma insanların imdadına yetirməsi Naxçıvanı bugünkü intibah üçün qoruyub saxladı. Ümummilli lider Heydər Əliyevin dərin zəkası, sarsılmaz iradəsi naxçıvanlıların yurd sevgisi, misilsiz cəfakeşliyi ilə qovuşub düşmənlərin hiylə və həmlələrinin qarşısını kəsdi.

Naxçıvanın çoxminillik tarixinin bu ən çətin, ən ağır sınağına tab gətirmək onu Azərbaycan torpaqlarının bölünməzliyinin timsalı kimi düşmənə gözdağına çevirdi və dünyanın nəzərində ucaltdı. Bu proseslərdə türk dünyası da Naxçıvanın coğrafi-strateji, mənəvi-siyasi mövqeyini yenidən dəyərləndirməli oldu. Naxçıvan XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyanın təzələnən siyasi xəritəsində Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədiyi kimi, Türkiyə, İran və Azərbaycanı qovuşduraraq böyük türk dünyasına qapı və körpü açdığını da həqiqətə çevirdi. 2009-cu il noyabrın 3-də türkdilli dövlətlərin IX zirvə görüşünün Naxçıvanda keçirilməsi, əslində, bu reallığın təsdiqi oldu.

Naxçıvanın bugünkü intibahı Ermənistanın və Dağlıq Qarabağın ədalətsiz iddiaların məntiqi cəzası olaraq çöküşü, çıxılmaz böhranı fonunda düşmənlərə Azərbaycanın sosial-iqtisadi, mənəvi qələbəsini diqtə etməkdədir. Naxçıvanın blokada şəraitində yüksəlişi Ermənistana gücsüzlüyünü anladan, yeritdiyi siyasətin puçluğunu göstərən ən yaxşı dərsdir.

Ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi xilaskarlıq missiyası az sonra dövlət müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi cəngində məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın da nicat yoluna çevrildi. Naxçıvan Muxtar Respublikasının onun taleyinə sahib çıxmayan Sovet imperiyasının tərkibindən çıxmaq, SSRİ-nin saxlanması barədə referendumda iştirak etməmək, muxtar respublikanın adındakı "sovet" sözündən imtina etmək, 1918-1920-ci illərin dövlət müstəqilliyinin rəmzi olan üçrəngli bayrağı rəsmən bərpa edib ucaltmaq sovet dövlətinin dağılması və parçalanması əlamətləri kimi çox keçmədən dünyanın altıda birində yeni tarixin başlanması ilə nəticələndi.

Ümummilli lider Heydər Əliyevin Naxçıvanda başladığı köklü islahatların doğruluğu Azərbaycanı da iqtisadi-sosial və mədəni yeniləşmə yoluna yönəltdi. Nəhayət, muxtar respublikanın son 15 illik təşəbbüskar öncüllüyü, burada ərsəyə gəlmiş hərtərəfli inkişaf modeli Azərbaycanın digər bölgələri üçün də örnəyə və məktəbə çevrildi.

Naxçıvana büdəfəki səfərimiz muxtar respublikanın dövlət müstəqilliyimiz tarixində aydın seçilən və ümummilli nailiyyət sayılan hərtərəfli inkişafının 15 ilinin tamam olduğu günlərə təsadüf etmişdi. "İntibahın 15 ili" adı almış bu tarixi fenomenin mahiyyəti və hüdudları barədə geniş söhbət açmaq zərurəti də bu təsadüfdən yarandı.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikaya rəhbərliyə başlayandan sonra Naxçıvanı bir an da yaddan çıxarmadı. Çətin günlərdə naxçıvanlılarla bir yerdə olub onu qoruyan, zəruri tədbirlər həyata keçirən ulu öndər Bakıya gələndən sonra da muxtar respublikanın qayğı və problemlərini bir an unutmadı. Respublikadakı hərbi-siyasi böhranı sovuşduran, onu dirçəliş və islahatlar yoluna çıxaran Prezident Heydər Əliyev Naxçıvanda başladığı işlərin geniş miqyasda davam etdirilməsi, muxtar respublikanın hərtərəfli inkişafı ilə bağlı arzularının həyata keçirilməsi üçün yaxından təmasda olduğu, ağlına, qabiliyyətinə, sədaqətinə inandığı gənc, işgüzar və məsuliyyətli kadr kimi tanıdığı Vasif Talıbova böyük etimad göstərdi, Naxçıvanın gələcək taleyini ona etibar etdi.

Naxçıvanda doğulub-böyümüş, ali təhsil almış, müxtəlif vəzifələrdə çalışmış Vasif Talıbov 1991-1993-cü illərdə Naxçıvanda ulu öndərin yaxın çevrəsində olmuş, onun idarəetmə məktəbində çox şeyi görüb-götürmüşdü. Bu məktəbin istedadlı, ümidverən yetirməsi kimi sonrakı illərdə muxtar respublika baş nazirinin müavini işləmiş Vasif Talıbov 1995-ci il dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ali Məclisin sədri seçildi. Bu yüksək etimadı qəbul edən yeni sədr öz bəyanatında qısaca və aydın şəkildə bildirdi: "Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm".

Ötən 15 il bu proqramın reallaşması yolunda gecəli-gündüzlü mübarizənin, məqsədyönlü fəaliyyətin uğurlu, barlı-bəhrəli göstəriciləri ilə zəngin olmuşdur. İndi "intibahın 15 ili" adı almış bu möcüzəli yüksəlişin hadisə, fakt, rəqəm və görüntüləri şərəfli, üzağardan bir hesabat kimi diqqəti cəlb edir. Muxtar respublikanın mötəbər qurumları və nüfuzlu ziyalılarının hazırladıqları həmin hesabatda bu intibahın memarının və baş icraçısının muxtar dövlətə 15 illik uğurlu rəhbərliyi belə səciyyələndirilir: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, hər şeydən əvvəl, regionda böyük quruculuq proqramını gerçəkləşdirmişdir. Qurucu-rəhbər obrazının bütün əsas səciyyəvi xüsusiyyətləri onun simasında cəmləşmişdir. O, Azərbaycan tarixinə Naxçıvanın böyük quruculuq hərəkatının rəhbəri kimi daxil olmuşdur. Nəticədə, muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, demək olar ki, qısa müddətdə əsaslı surətdə yenidən qurulmuşdur".

Hesabatda son 15 ildə muxtar respublikada aparılan möhtəşəm quruculuq işləri, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəal dəstəyi, qayğısı ilə ərsəyə gəlmiş yüksəlişin mənzərəsi əks olunur və belə dəyərləndirilir: "Bütün bunlar, hər şeydən əvvəl, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunun təntənəsidir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında inkişafdan intibaha qədər keçilən məsuliyyətli və şərəfli yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi regionların inkişafı üzrə dövlət proqramları sahəsində qazanılan nailiyyətlərin üzvi tərkib hissəsidir. Naxçıvan diyarındakı hərtərəfli sürətli inkişaf muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun ardıcıl və yorulmaz fəaliyyətinin, məqsədyönlü və qətiyyətli mövqeyinin, fədakar işinin konkret və uğurlu nəticəsidir".

Naxçıvanda aparılan sosial-iqtisadi və mədəni quruculuq, əhalinin rifahının yüksəlməsi ümummilli lider Heydər Əliyevi, onun ideya və əməllərinin layiqli davamçısı Prezident İlham Əliyevi həmişə razı salmış, məmnun etmişdir. Ulu öndər 14 oktyabr 1999-cu ildə Naxçıvana səfəri zamanı Ali Məclisdəki görüşdə demişdi: "Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o çox gənc idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər".

Naxçıvanın yüksəlişini ardıcıl himayə edən, hər il muxtar respublikaya gəlib onun şəhər və kəndlərindəki yenilikləri öz gözü ilə görən, hər dəfə neçə-neçə müasir obyektin işə salınmasına xeyir-dua verən Prezident İlham Əliyev hər dəfə bu tərəqqi barədə xoş sözlər söyləmiş, Naxçıvan rəhbərinin işinə yüksək qiymət vermişdir. Ölkə rəhbəri ötən il avqustun 4-də muxtar respublikanın 85 illik yubiley şənlikləri zamanı demişdir: "Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüstət alıbdır... Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir... Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvan rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm".

Bu yüksək qiymətdən də göründüyü kimi, Naxçıvanın 15 illik yeni intibahının mühüm bir cəhəti muxtar respublika paytaxtının müasir dünya ölçüləri səviyyəsində qurulması, təzələnməsi, böyüməsi, gözəlləşməsi olmuşdursa, başqa bir tərəfi kommunikasiyaların yeniləşdirilməsi, rayon mərkəzlərinin, qəsəbə və kəndlərin də abadlaşdırılması, hər yerdə sosial problemlərin davamlı həll edilməsidir. Bütün bunlar blokada şəraitində Naxçıvan iqtisadiyyatının dirçəldilməsi, çox sayda yeni, müasir istehsal sahələrinin yaradılması, yerli təbii sərvətlərdən, ehtiyatlardan bacarıqla istifadə edilməsi, adamların quruculuq işlərinə geniş səfərbər edilməsi nəticəsində mümkün olmuşdur.

"Naxçıvan möcüzəsi" adlandırılan bu yüksəlişin sirrini muxtar respublika rəhbəri özü belə açıqlayır: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar". 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət sürətli yüksəlişə doğru aparmışdır.

2010-cu ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 17 dəfə, adambaşına düşən məhsul 14 dəfə, sənaye məhsulu 23 dəfə, əsas kapitala yönəldilən investisiyalar 114 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4 dəfə, nəqliyyatda yükdaşıma 11 dəfə artmışdır. Bu dövrdə informasiya və rabitə xidməti 54 dəfə, pərakəndə əmtəə dövriyyəsi 10 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 16 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, əhalinin gəlirləri 19 dəfə, orta aylıq əməkhaqqı 18 dəfə yüksəlmişdir.

1995-2010-cu illərdə muxtar respublikada 364 yeni sənaye müəssisəsi işə salınmışdır. Hazırda diyarda 237 adda sənaye məhsulu buraxılır. Sənaye obyektləri daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə də bir sıra mallar ixrac edir. Xüsusilə, son illərdə qurulan sənaye müəssisələri - "Gəmiqaya" şirkətlər qrupunun istehsal sahələri, Naxçıvan avtomobil zavodu, Badamlı və Sirab mineral su zavodları, "Cahan holdinq" kommersiya şirkətlər ittifaqının obyektləri, mebel fabrikləri, mərmər zavodu dünya standartları səviyyəsində məhsullar buraxır.

Son 15 ildə yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın əvvəlki 71 illik tarixində əldə etdiyi göstəricilərdən yüksəkdir. 1995-ci ilədək muxtar respublikada cəmi 56 sənaye müəssisəsi olmuşdursa, indi onların sayı 420-dir. Müqayisə olunan dövrdə sənaye məhsullarının sayı isə 28-dən 237-yə çatmışdır. Ötən 15 ildə 2870 kilometr avtomobil yolları çəkilmişdir ki, bu da əvvəlki onilliklərdəkindən 2 dəfə çoxdur. 1989-cu ildə muxtar respublikada 1 ayda işlədilən 2176 ton beton indi 1 gündə istifadə olunur. Axır 15 ildə yenidən tikilən və qurulan məktəblərin sayı 168-ə çatmışdır. Sovet dövründə bu qədər məktəb 41 ilə tikilmişdi. 1995-ci ildən bəri tikilən 173 səhiyyə ocağı qədər tibb müəssisəsi isə 50 ilə yaradılmışdır.

Sənayedə çalışanların aylıq əmək haqqı 15 ildə 25 dəfə artmışdır. 15 ildə 64153 yeni iş yeri açılmışdır, bunun 38819-u daimidir.

2006-cı ildə muxtar respublikanın elektrik enerjisinin 80 faizini verən 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır. 60 meqavatlıq Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə qazla işlədilməyə başlamışdır. Həmin il daha bir enerji mənbəyi - 4,5 meqavatlıq Vayxır SES də istifadəyə verilmişdir. 2010-cu ildə 22 meqavatlıq, illik gücü 80 milyon kilovatsaat olan Ordubad rayonundakı Biləv SES-in işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə tələbatı tam ödənilir, üstəlik, xaricə də enerji satmaq imkanı yaranmışdır. Bu il Naxçıvan şəhərindəki "Xalçaçılıq" və "Xətai" elektrik yarımstansiyaları yenidən qurulmuş, "Sənaye qovşağı" yarımstansiyası yeniləşdirilir. Bu dövrdə 36 müxtəlif yarımstansiya quraşdırılmış, 55,1 kilometr yeni elektrik xətləri çəkilmişdir. Hazırda Ordubad və Şərur rayonlarında yeni SES-lərin yaradılması layihələşdirilir. Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrinə təbii qaz verilir, əksər sosial obyektlər qazla işləyən istilik sistemi ilə qızdırılır.

1995-2010-cu illərdə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 1 milyard 835 milyon 467 min manat investisiya qoyulmuşdur. Bu vəsaitlə 393 inzibati bina, 593 mənzil-kommunal obyekti, 153 nasos stansiyası, 353 subartezian quyusu, 119 körpü, 260 rabitə və informasiya obyekt və qurğusu, 2095 transformator yarımstansiyası, 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil, 272 mədəniyyət, 33 idman ocağı, 312 su, kanalizasiya, drenaj xətləri, əlil, köçkün, şəhid ailələri, imtiyazlı şəxslər üçün 457 fərdi ev, 3374 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. 15 ildə 140 hərbi təyinatlı obyekt tikilmişdir.

1995-ci ildən bəri muxtar respublikada kənd təsərrüfatı məhsulları 4 dəfə artmaqla əhalinin təzə ərzaqla, sənayenin kifayət qədər xammalla təminatı normallaşmışdır. 2010-cu ilin məhsulu üçün 59 min 204 hektarda əkin aparılmışdır ki, bu da 15 il əvvəlkindən 2 dəfə artıqdır. Bu dövrdə muxtar respublikada əhalinin içməli, əkinlərin suvarma suyu ilə təminatı qaydaya salınmışdır. 15 ildə taxıl əkinləri 65 faiz, məhsul istehsalı 2 dəfə artmışdır. Kənd təsərrüfatı malları intensiv üsulların, məhsuldarlığın hesabına artırılır. 1995-ci ildən qara malın sayı 92 faiz, davarın sayı 2 dəfə çoxalmışdır. Son 5 ildə 57 yeni baytarlıq obyekti yaradılmışdır.

1995-ci ildə yaşıllıqların ümumi ərazinin 0,6 faizini təşkil edirdisə, indi bu rəqəm 7-8 faizə yüksəlmişdir. Son 15 ildə Naxçıvanda əsl "yaşıl inqilab" baş vermişdir. Bu dövrdə 10124 hektarda meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. 156 hektar sahə damcı üsulu ilə suvarılır. Ümumiyyətlə, bu gün suvarmada 97 nasos stansiyasından, 766 subartezian quyusundan və 339 kəhrizdən istifadə olunur. 2009-cu ildə Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğunun ərazi meşə fondu və yay otlaqları hesabına genişləndirilərək 42 min 787 hektarlıq akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılmışdır. Şərur, Kəngərli, Şahbuz və Babək rayonları ərazisində isə 68 min 911 hektarlıq "Arpaçay" Dövlət Təbiət Yasaqlığı təşkil olunmuşdur.

Son 15 ildə muxtar respublikaya 20320 yeni avtomobil gətirilmişdir. Bu dövrdə 142 yeni avtobus alınmışdır. Hazırda avtomobillərin ümumi sayı 35932-yə çatmışdır. Müntəzəm Bakı-Naxçıvan-Bakı avtobus reysi fəaliyyət göstərir. Naxçıvan şəhərindən rayon mərkəzlərinə, oradan isə kəndlərə sərnişin nəqliyyatı işləyir. Son illərdə 5 yeni avtovağzal kompleksi işə salınmışdır. Azərbaycan Dəmir Yolunun Naxçıvan hissəsinin Ordubad-Şərur arası yolu saz vəziyyətdə saxlanılır və daxili daşımalar uğurla həyata keçirilir.

1995-ci ildən bəri İrandan keçən fiber-optik kabel xəttinin çəkilişi, 4 mobil rabitə operatorunun fəaliyyəti, "Naxtel" simsiz telefon xidmətinin işə salınması, Dövlət Teleradiosunun gücləndirilməsi, "Kanal-35" və "Naxçıvanın səsi" özəl radiolarının yaradılması, internet və kompyuter təlim-tədris mərkəzlərinin istifadəyə verilməsi son 15 ilin uğurları olaraq muxtar respublikada etibarlı rabitə və informasiya şəbəkəsinin formalaşmasına xidmət etmişdir. Hazırda diyarda 97 elektron ATS fəaliyyət göstərir. 15 ildə kompyuterlərin sayı 135,6 dəfə artaraq 51519-a çatmışdır. Kompyuterlərdən istifadə edən 206428 nəfərin 80 faizinin internetə qoşulmaq imkanı var. Məktəblərdəki 2781 dəst kompyuterin 2193-ü internetə qoşulmuşdur.

Özəlləşmə dövründə 55 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilmişdir. Onların 36-da yenidənqurma aparılaraq 42 istehsal və 12 xidmət sahəsi yaradılmışdır. Bu ilin 8 ayında sahibkarlara verilən kreditlər 1995-ci ilə nisbətən 89 dəfə artaraq 22,4 milyon manat olmuşdur. Son 10 ildə belə kreditlər 62 milyon manata çatmışdır. Bu dövrdə 923 müxtəlif layihə maliyyələşdirilmişdir. Ümumi daxili məhsulda özəl bölmənin payı hazırda 85,7 faizdir. Həyata keçirilən tədbirlər nəticəsində istehsal olunan 287 növ məhsuldan 242-nə tələbat yerli mallarla ödənilir.

15 ildə muxtar respublikada əhalinin sayı 70 mindən çox artmışdır. Bu müddətdə 105,6 min uşaq doğulmuşdur ki, bu da hər gün dünyaya 19-20 körpə gəlməsi deməkdir. 1995-ci ildə 2611 ailə qurulmuşdusa, keçən il bu rəqəm 3445 olmuşdur. Gənclərin nisbəti 15 ildə 22 faizdən 30,8 faizə qalxmışdır.

İntibahın 15 ilini səciyyələndirən yuxarıdakı reallıqları nəzərdən keçirmək, yeniliklərlə geniş tanış olmaq üçün aylarla vaxt lazımdır. Bu yüksəlişin ümumi mənzərəsi ilə tanış olmaq üçün muxtar respublikada zəngin informasiya şəbəkəsi yaradılmışdır. Muxtar respublikaya 1 il əvvəlki və budəfəki səfərimizdə bu məlumat, fakt və yeniliklərin geniş dairəsi ilə birbaşa və dolayısı ilə tanış olduq. Lakin 15 illik intibahın nəticələri və görüntüləri, sadəcə, fakt və rəqəmlərlə, şəkillərlə, ötəri təsvirlə tam ifadə olunmur. Gərək bu yeniliklərlə canlı təmasda olasan ki, naxçıvanlıların son 15 ildə yaratdıqlarının miqyas və çəkisi, keyfiyyət və estetik ölçüləri qədərincə aydın olsun. Bu gün Naxçıvanda tikilən irili-xırdalı hər bir obyekt respublikanın başqa bölgələrindəkindən xeyli ifadəli, baxımlıdır. Dünya standartları səviyyəsində cilalanan yerli travertin və qranit daşlar muxtar respublikada istifadəyə verilən obyektlərə xüsusi yaraşıq gətirir. Yeni inzibati binalarda, məktəb və uşaq bağçalarında, mədəniyyət, səhiyyə və idman obyektlərində müasir inşaat və tərtibat materiallarından böyük ustalıqla istifadə olunur. Yerli müəssisələrin mebelləri xarici analoqlarından seçilmir və binaların interyerini inanılmaz dərəcədə gözəlləşdirir.

Muxtar respublikada sənaye estetikası da əsaslı surətdə yüksəlmişdir. Yeni istifadəyə verilən, yenidən qurulan istehsal müəssisələri bir vaxtlar həsədlə baxdığımız xarici fabrik-zavodlardan seçilmir. "Gəmiqaya" və "Cahan holdinq"in müəssisələri bu baxımdan daha nümunəvidir. Buraxılan məhsulların keyfiyyəti, görünüşü və qablaşdırılması da dünya standartlarına uyğundur. Sosial-mədəni obyektlərin, xidmət ocaqlarının xarici və daxili tərtibatı, rahatlığı adama xoş əhval, zövq bəxş edir. Hər bir yeni obyektin ətrafı da abadlaşdırılır, yaşıllaşdırılır və ümumi ansambla uyğunlaşdırılır.

Yüksək peşəkarlıqla, dünənə sevgi və ehtiramla təmir və bərpa edilən tarixi abidələr, köhnə tikililər həm görünüşcə, həm də yeni istifadə təyinatı ilə ümumi ansambla və tələbata maksimum uyğunlaşdırılır. Bütün bunlara nail olmaqla naxçıvanlılar dünya inkişafının ön mövqelərinə çıxdıqlarını bir daha nümayiş etdirirlər. Başqa bölgələrdən gələnlər və xarici qonaqlar da bunu tərəddüdsüz təsdiqləyirlər.

Budəfəki səfərimizin 3 günü son 1 ildə istifadəyə verilmiş yeni obyektlərlə, bərpa edilmiş tarixi abidələrlə ümumi tanışlıqda keçdi. Ordubad şəhərində bərpa edilmiş tarixi abidələrə heyranlıqla baxdıq. Biləv SES kimi nadir hidroenergetika qurğusu ilə öyünclə tanış olduq. Culfa, Şərur, Sədərək, Kəngərli, Şahbuz rayonlarında istifadəyə verilmiş məktəblər, uşaq bağçaları, kənd mərkəzləri, ticarət və xidmət obyektləri, mədəniyyət və idman ocaqları Bakıdakı analoqlarını belə gözəlliyi, əlverişliyi ilə üstələyir. Prezident İlham Əliyevin Naxçıvana bu yaxınlardakı səfəri zamanı açılışında iştirak etdiyi, fəaliyyəti ilə tanış olduğu ünvan və obyektlərə də getdik. Hər yerdə adamlar bu görüşlərin unudulmaz təəssüratından söz açdılar.

Hərbi hissələrlə tanışlıq milli ordu bölmələrinin ehtiyaclarının yüksək səviyyədə ödənildiyinə, nümunəvi xidmət üçün normal şərait yaradıldığına əminliyimizi bir daha artırdı. Bütün bunların sorağı ölkənin digər bölgələrindəki gənclərin Naxçıvanda xidmət etmək arzusunu getdikcə artırır.

Naxçıvan şəhəri isə bu gün sakit, mədəni, yaraşıqlı Avropa şəhərləri kimi diqqəti cəlb edir. Adamlar öz şəhərlərini sevir, onu qoruyur, təmiz, səliqəli olmasına çalışırlar. Şəhər təsərrüfatı, nəqliyyat normal işləyir. Yeni mebel müəssisəsi, daş məhsulları sexi, Naxçıvana əlavə şöhrət gətirən "NAZ" avtomobil zavodu, Duzdağ fizioterapiya xəstəxanası ilə tanışlıq Naxçıvanda aparılan modernləşmənin ayrı-ayrı yönləri barədə təsəvvürlərimizi zənginləşdirdi. Ordubadda M.S.Ordubadi, Şahtaxtıda Şahtaxtinskilər, Sədərəkdə tarix-diyarşünaslıq muzeyləri, muxtar respublikada olduğumuz sonuncu gün Naxçıvan şəhərində açılan "Xan sarayı" tarixi kompleksi ilə tanışlıq bir daha göstərdi ki, naxçıvanlılar bu günü məharətlə qurduqları kimi, dünənə də dərin ehtiram bəsləyirlər.

Həmkarlarımızın çalışdığı "Şərq qapısı" qəzetinin yeni redaksiya binası və nəşriyyat-poliqrafiya kompleksinin ideal rahatlığı və komfort şəraiti də bizi sevindirdi, yüksək təəssürat yaratdı.

Muxtar respublikanın eninə-uzununa keçdiyimiz yolları, ətrafdakı yeni yaşıllıqlar rahatlığı, xoş duyğular yaratmağı ilə yadda qaldı. Naxçıvanın bazar-dükanlarında bolluq, ucuzluqla rastlaşdıq. Adamlarla söhbətlərdə ümumi razılıq, qədirbilənlik, sabaha inam duyğularının şahidi olduq. Ünsiyyətdə olduğumuz müxtəlif yaşlı, müxtəlif vəzifəli adamlar muxtar respublika rəhbərliyinin, şəxsən Ali Məclisin sədri Vasif Talıbovun quruculuq işlərindən, insanlar üçün yaratdığı yüksək şəraitdən ağızdolusu danışdılar. Hər kəs və hamı bildirdi ki, hər şey onları yaxşı işləməyə həvəsləndirir, heç kəs qurub-yaratmaqda, əkib-becərməkdə onlara maneçilik törədə bilmir.

Son bir ildə Naxçıvanda baş vermiş yeniliklərin, inkişafın statistik göstəriciləri bütün bu gördüklərimizin, eşitdiklərimizin ümumi mənzərəsini sistemli şəkildə əks etdirir.

Ötən bir ildə Naxçıvanın həyatında ən mühüm hadisə Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya səfərə gəlməsi olmuşdur. Bu səfər zamanı ölkə başçısı Kəngərli rayonunun mərkəzində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin və abadlaşdırılmış rayon mərkəzinin, Şərur rayonunun Yengicə və Maxta kəndlərində orta məktəb binalarının, Naxçıvan - Sədərək avtomobil yolunun ikinci hissəsinin, Sədərək rayonunda mərkəzi xəstəxana və orta məktəb binalarının açılışınıda, istifadəyə verilməsində iştirak etmişdir. Azərbaycan rəhbəri yenidən qurulmuş Heydərabad qəsəbəsində də olmuş, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün Regional İnformasiya Mərkəzinin, Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun fəaliyyətə başlamasına xeyir-dua vermişdir. Həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev naxçıvanlılarla görüş zamanı demişdir: "Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir. Bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir ".

Ölkə başçısının bu yüksək qiymətinə layiq olmaq, muxtar respublikanı yüksəliş yollarında daha da irəli aparmaq üçün yola saldığımız 2010-cu ildə də adamlar əzmlə, hünərlə çalışmışlar. Muxtar respublika Statistika Komitəsinin 11 aylıq geniş məlumatında bu yüksəliş və irəliləyiş fakt və rəqəmlərin dili ilə parlaq əksini tapmışdır.

Məlumatda bildirilir ki, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi muxtar respublikada bu ilin 11 ayı ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz artaraq 1 milyard 62 milyon manatdan çox olmuşdur. Bu dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 23 faiz artaraq 2616 manata çatmışdır. ÜDM-nin 86,4 faizi qeyri-dövlət bölməsində yaradılmışdır.

Sənaye sahəsində reallaşdırılan genişmiqyaslı islahatların nəticəsi kimi 2010-cu ilin yanvar-noyabr ayları ərzində 288 milyon 381 min manatlıq məhsul istehsal edilmişdir. Bu, 2009-cu ilin müvafiq dövründəki göstəricini 51 faiz üstələmişdir. Sənaye məhsulunun həcminin 91 faizini istehsal, 9 faizini isə xidmətlər təşkil etmişdir. Sənayenin dövlət sektorunda 35 milyon 803 min manatlıq, qeyri-dövlət sektorunda isə 252 milyon 578 min manatlıq məhsul istehsal olunması sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir.

2010-cu ilin yanvar - noyabr ayları ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 64 layihə üzrə istehsal və xidmət obyektləri işə salınmışdır. Sənaye sahəsində elektrik enerjisi, metal boru və profil, poliestr materialından daşabənzər üzlük örtüklər, asfalt, beton, qum-çınqıl istehsalı, travertin və mərmər emalı, döşəmə üçün parket, dekorasiyalı şüşə qab, nəşriyyat və poliqrafiya, mineral su istehsalı, ət və süd məhsulları istehsalı, müxtəlif meyvələrin qurudulması və paketlənməsi, müxtəlif geyim, çörək və şirniyyat məmulatları istehsalı sahələri istifadəyə verilmişdir.

Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 33 layihə üzrə, o cümlədən sement, güzgü, yarımfabrikat dəri, müxtəlif geyim paltarlarının istehsalı sahələri, nəşriyyat və poliqrafiya məhsulları istehsalı sahəsi, ət və şirniyyat məhsulları istehsalı, ətin konservləşdirilməsi, quşçuluq təsərrüfatı sahələri, məişət evləri, soyuducu anbar, istixana kompleksi, taxıl emalı və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.

Yerli məhsulların ixrac imkanlarının artırılması istiqamətində reallaşdırılan kompleks tədbirlərin uğurlu nəticəsidir ki, 2010-cu ilin yanvar-noyabr ayları ərzində 99 milyon 787 min ABŞ dolları dəyərində sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur. Bu isə 2009-cu ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 dəfə çoxdur.

Muxtar respublikanın etibarlı müdafiə təminatı prioritet fəaliyyət istiqaməti olduğundan ilin əvvəlindən hərbi təmayüllü obyektlərin və ya bu sahənin alt infrastrukturunun təkmilləşdirilməsi işi davam etdirilmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında Culfa rayonunda hərbi şəhərcikdə təlim-tədris mərkəzinin tikintisi, uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərində hərbi hissədə qərargah binasının, mühafizəçi məntəqəsinin, anbarın, Şahbuz rayonunda hərbi hissədə əsgər yataqxanası kompleksinin, Kəngərli rayonunda hərbi hissədə yeməkxana kompleksinin və tibb məntəqəsinin tikintisi aparılır. Culfa rayonunda hərbi hissədə avtotəmir sexinin və qazanxana binasının yenidən qurulması, Naxçıvan şəhərində mənzil istismar hissəsi, hərbi şəhərcikdə uşaq bağçası binalarının əsaslı təmiri, sanitar qovşağın, Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri davam etdirilir.

Bu ilin əvvəlindən muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 462 milyon 407 min manat həcmində investisiya yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 26 faiz və ya 95 milyon 268 min manat artmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 412 milyon 436 min manat olmuşdur. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 89 faizini təşkil edir. Tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 572 müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir. 176 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir. Bu il ümumilikdə, 25 inzibati binanın inşası başa çatdırılmış, 15-nin isə tikintisi davam etdirilməkdədir.

Muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində investisiyaların şəhər, qəsəbə və kəndlər üzrə proporsional bölgüsü tarazlı inkişafı təmin edən mühüm amillərdəndir. Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə səmərəli idarəetməni təmin etmək məqsədilə ilin əvvəlindən Şərur rayonunun Maxta, Babək rayonunun Aşağı Uzunoba və Yuxarı Uzunoba, Kəngərli rayonunun Təzəkənd, Xıncab və Yeni Kərki kəndlərində, Ordubad rayonunda Sabirkənddə kənd mərkəzlərinin tikintisi, Şərur rayonunun Yengicə kəndində kənd mərkəzinin yenidən qurulması başa çatdırılmışdır. Kəngərli rayonunun Şahtaxtı kəndində kənd mərkəzinin tikintisi, Şərur rayonunda Mahmudkənddə isə yenidən qurulması davam etdirilmişdir.

Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik və lift təsərrüfatlarının infrastruktur təminatının təkmilləşdirilməsi, istehlakçılara keyfiyyətli və kommunal xidmətlərin göstərilməsi məqsədi ilə muxtar respublikada davamlı inşaat və təmir işləri aparılır. İlin əvvəlindən şəhərlərdə 17 yaşayış binasının tikintisi, 91-nin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır. 3 yaşayış binasının tikintisi, 7-nin əsaslı təmiri davam etdirilir. 27 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 yeni lift quraşdırılmışdır. Mənzillərdə dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və panel radiatorların quraşdırılması davam etdirilir. Bu il muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 241 min 367 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 120 min 15 kvadratmetr və ya 99 faiz çoxdur.

Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması da davamlı xarakter almışdır. Bu il Naxçıvan şəhərinə 7,5 kilometr uzunluğunda yeni su xəttinin çəkilişi başa çatdırılmış, 21,5 kilometr uzunluğunda içməli su və 18,3 kilometr uzunluğunda kanalizasiya xətləri yenidən qurulmuşdur. Bu istiqamətdə digər müvafiq işlər də davam etdirilir. Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Aqrar sektorda yüksək iqtisadi aktivliyi təmin edən amillərdən biri kimi kənd təsərrüfatında maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılması tədbirlərinə uyğun olaraq "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 110 ədədi bu ilin yanvar-noyabr aylarında olmaqla, cəmi 564 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınmışdır.

Cəmiyyətin inzibati binası, anbarları, təmir sexi və texniki parkı, eləcə də Şərur-Sədərək və Culfa-Ordubad bazalarının inzibati binaları, anbarları, təmir sexləri və texniki parkları tikilərək istifadəyə verilmişdir.

"2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətləri müəyyənləşdirmişdir. Taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşmanın nəticəsidir ki, bu sahədə yüksək artım meyilləri müşahidə olunur. Torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir.

2010-cu ilin məhsulu üçün muxtar respublikada 33 min 954 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdi. Sahələrdən 96 min 10 tondan artıq məhsul toplanmışdır ki, bu da 2009-cu ilin müvafiq göstəricisini 1,4 faiz üstələyir.

 

***

 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 11 aylıq məlumatından göründüyü kimi, bu gün muxtar respublikada sosial-iqtisadi inkişaf üzrə əldə olunan nailiyyətlər ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar və quruculuq missiyasının yüksələn xətt üzrə davam etdirilir . Bu ilin oktyabr ayında muxtar respublikaya səfərə gəlmiş Prezident İlham Əliyev bu irimiqyaslı quruculuq və yüksəliş barədə təəssüratını belə ifadə etmişdir: "Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir... Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır".

Naxçıvanda olduğumuz günlərdə redaksiyamızla uzun illərdən bəri əməkdaşlıq edən, muxtar respublikamızın bitki və heyvan aləmindən maraqlı materiallar hazırlayan Şahbuz rayonu Ayrınc kəndində yaşayan əməkədar təbiət işçisi, aqronom Qaşdar Əliyevlə də görüşdük. Köhnə dostumuz bildirdi ki, onun Naxçıvanın təbiəti, kənd təsərrüfatı ilə bağlı illərdən bəri arzuladığı, gözlədiyi məsələlərin əksəriyyəti son 15 ildə həyata keçmişdir. İndi Naxçıvanın daşında da gül bitir, hər qarışında su çıxarılır. Hər kəsin bacarığının nəzərə alınması, xidmətinin lazımınca qiymətləndirilməsi adamlarda yüksək məsuliyyət və işgüzarlıq yaratmışdır. Biz illər boyu nə arzulamışdıqsa indi Ali Məclis sədri Vasif Talıbov onların həyata keçməsinə "yaşıl işıq" yandırır, kömək göstərir.

Səfər zamanı "Əshabi-kəhf" və "Xanəgah" ziyarətgahlarında da olduq, İlanlı dağa, Əlincə qalasına yaxından tamaşa etdik. Bu mənəvi və coğrafi yüksəkliklərdən Naxçıvanın çağdaş intibahı daha aydın göründü. Nəzərimizdə bu qədim türk torpağı tarixi intibahların qarşısıalınmaz davamı, bu ulu yurdun əbədiyaşarlığı yolunda növbəti zirvə kimi ucaldı.

 

 

Tahir AYDINOĞLU,

 

Namiq ƏHMƏDOV,

Naxçıvan – Bakı

 

Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 4-5.