Dünya azərbaycanlılarının birliyi müstəqil Azərbaycanı daha da qüdrətləndirir

 

Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyevin öz xalqı və milləti qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də dünya azərbaycanlılarının birliyidir. Böyük azərbaycanlı Heydər Əliyev həmişə deyərdi ki, dünya azərbaycanlılarının birliyi müstəqil Azərbaycanı daha da qüdrətli edər. Məhz ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-biri ilə sıx əlaqə qurur, təşkilatlanır, bir bayraq altında birləşir və yaşadıqları ölkələrin həyatında fəal rol oynayırlar.

 

Xalqımızın böyük oğlu Heydər Əliyev kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda respublikaya rəhbərlik edən zaman bildirirdi ki, harada doğulması və yaşamasından asılı olmayaraq Azərbaycanı sevən hər bir azərbaycanlı əzizdir və onlar Azərbaycanla müntəzəm, həm də sıx əlaqə saxlamalı, Vətənə gəlmək imkanına malik olmalıdır. Həmin çətin illərdə o, xaricdə yaşayan azərbaycanlıları milli-mənəvi dəyərlər əsasında birləşdirməyi qərara almışdı. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılara Azərbaycan xalqının dayağı kimi baxırdı, onların Vətənə gəlmələrinə şərait yaradır və bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bütün bunların hamısı ona görə edilirdi ki, xarici ölkələrdə yaşayan həmvətənlər doğma Vətən - Azərbaycan haqqında düzgün, dolğun təsəvvürə malik olsunlar,

Azərbaycan xalqının qazandığı nailiyyətləri əyani şəkildə görsünlər, vətənpərvər olsunlar və yaşadıqları ölkələrdə milli adət-ənənələrimizi təbliğ etsinlər. Böyük öndər Heydər Əliyev xalqına, Vətəninə yüksək məhəbbəti sayəsində xarici ölkələrdə yaşayan azərbaycanlılarla sistemli əlaqələrin qurulması məsələsini hətta sovet dövlət rəhbərliyi qarşısında da qaldıra bilmişdi. Ulu öndər hesab edirdi ki, azərbaycanlıların dünyada yayılması tarixi-siyasi şərait ucbatından baş verib. Buna baxmayaraq, soydaşlarımızla əlaqələrin qurulması və əməkdaşlığın yaradılmasını çox vacib hesab edirdi. Xarici ölkələrdə yaşayan azərbaycanlılar onlara qarşı isti münasibətlər və Vətənə gəlmək üçün şərait yaradıldığını hiss etdikcə doğma diyarla - Ana Vətənlə əlaqələr qurmağa çalışır, bundan ötrü əlverişli yollar axtarırdılar. Onlar sovet dönəmində Azərbaycanda baş verən köklü dəyişiklikləri, azərbaycanlılara olan münasibətin yaxşılığa doğru getdiyini gördükcə daha da inamlı olmuşdular. Təbii ki, bu inam müdrik siyasi xadim Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir bayraq altında birləşdirmək istiqamətində gərgin fəaliyyəti nəticəsində yaranmışdı.

Heydər Əliyev düşünürdü ki, xarici ölkələrdə yaşayan həmvətənlərlə əlaqələrin qurulması və möhkəmləndirilməsi işi ilə sistemli və müntəzəm məşğul olan ictimai təşkilatın yaradılmasına böyük ehtiyac var. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun 1973-cü il 28 avqust tarixli iclasının qərarı ilə Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti nəzdində xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsi yaradıldı. Heydər Əliyev tərəfindən təklif edilən və qəbul olunan qərarda deyilirdi: "1. Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin nəzdində tərkibi üç nəfərdən ibarət olan xaricdəki həmvətənlərlə əlaqə şöbəsi yaradılsın. 2. Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, şöbənin yaradılması və saxlanılması ilə bağlı məsələyə baxsın və həll etsin". Bundan sonra xaricdə yaşayan həmvətənlərimizlə əlaqə qurmağa imkan və şərait yarandı. Şöbənin işini daha da gücləndirmək, xaricdə yaşayan həmvətənlərimizin sayı, onların fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək, soydaşlarımızla sıx əlaqə yaratmaq məqsədilə Heydər Əliyev "Vətən" cəmiyyətinin yaradılması üçün müvafiq strukturlara tapşırıqlar verdi. Ulu öndər bu tapşırıqları verənə qədər belə bir cəmiyyətin yaradılması ilə əlaqədar artıq Moskva ilə danışıqlar aparmışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi bir vaxtda "Vətən" cəmiyyətinin yaradılması bu təşəbbüsdə olanlara "millətçi" damğası vurulması ilə nəticələnə bilərdi. Buna baxmayaraq Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi bu işi uğurla nəticələndirdi.

Xarici ölkələrdə yaşayan həmvətənlərlə əlaqələrin qurulması işinə daha sistemli, miqyaslı və mükəmməl yanaşılması, onlara doğma Vətən haqqında əsl həqiqətlərin olduğu kimi çatdırılması prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Ulu öndərin həyata keçirdiyi tədbirlər sayəsində xarici ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycana böyük maraq göstərir, sovet sisteminin müəyyən qadağalarına baxmayaraq, doğma Vətənə səfərlər edir, mədəniyyət, elm, təhsil və iqtisadiyyat sahəsindəki inkişafı gördükcə qürur hissi keçirirdilər. Artıq ulu öndər Heydər Əliyev o vaxtlar dünya azərbaycanlılarının rəhbəri və lideri kimi qəbul edilirdi. Onun Moskvaya yüksək vəzifəyə dəvət olunması hər bir azərbaycanlıda qürur hissi yaratmışdı. Ümummilli lider dünyanın harasında yaşamasından və işləməsindən asılı olmayaraq çalışırdı ki, hər bir azərbaycanlı doğma Vətənlə - Azərbaycanla əlaqə qursun, özünü əsl azərbaycanlı kimi hiss etsin, xalqını, millətini, Azərbaycanı, respublikada qazanılan uğurları təbliğ etsin. Moskvada işləyərkən Azərbaycanı bir an da olsun unutmadı.

Xarici ölkələrdə yaşayan həmvətənlərlə işin aparılması, onların Vətənə gəlib-getmələri üçün yaradılmış şərait, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, bu sahədə daha vacib işlərin aparılması təcrübəsi Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra diaspor yaradılması sahəsində böyük rol oynadı. Bu dəfə də ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, xalqına, millətinə böyük sevgi və məhəbbətlə bağlılığı özünü göstərdi.

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra hakimiyyəti ələ alan qüvvələrin idarəetmədəki naşılığı bütün sahələrdə olduğu kimi xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin qurulmasında da özünü göstərdi. Müstəqillik yolunda öz kövrək addımlarını atan Azərbaycanın beynəlxalq aləmlə əlaqələri demək olar ki, yox dərəcəsində idi. Belə məqamlarda xaricdə yaşayan həmvətənlərimizlə əlaqə qurmaq ölkəmizin müstəqil dövlət kimi tanınmasında onların imkanlarından istifadə etmək sanki o vaxtkı dövlət rəhbərlərini maraqlandırmırdı. Onlar dərk etmirdilər ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında çox mühüm rol oynayırlar. Məhz onlarla sıx əlaqə yaratmaq yolu ilə Azərbaycan barəsində ətraflı məlumatlar yaymaq mümkündür. Dünyanın bütün azərbaycanlıları həmrəylik nümayiş etdirsələr, qarşıya qoyulan hər hansı bir vəzifəni uğurla həyata keçirmək olar. Bu dəfə də dünya azərbaycanlılarını bir araya dəvət etmək, onların həmrəyliyini yaratmaq ideyası ulu öndər Heydər Əliyev tərəfindən irəli sürüldü. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci ilin sonunda 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan etdi, bu günün bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsadət qaldırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin yaradılmasını prioritet vəzifə kimi qarşıya qoydu. Ulu öndər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, məskunlaşdıqları dövlətlərin ictimai-siyasi həyatında yaxından iştirak etməsi, orada azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərimizin təbliği ilə daha geniş şəkildə məşğul olmaları üçün bütün imkanlardan istifadə etdi. Soydaşlarımızın tarixi Vətənlə - Azərbaycanla əlaqələrinin genişləndirilməsi məsələsini daim diqqət mərkəzində saxladı, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Dünya azərbaycanlıları arasında təşkilatlanma geniş vüsət alır və onların bir-biri ilə əlaqələri mütəmadi xarakter daşıyırdı. Ulu öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəhayət, 2001-ci ilin noyabrında özünün kuliminasiya nöqtəsinə çatdı. Məhz qüdrətli şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə həmin vaxt Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay xaricdə yaşayan soydaşlarımızın ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Müstəqil Azərbaycanın tarixində müstəsna rol oynayan qurultayda aparılmış müzakirələr, fikir mübadiləsi, qurultayın qərarları bütün dünyada yaşayan azərbaycanlıları bir -biri ilə daha sıx birləşdirdi. Məhz bu qurultaydan sonra ulu öndər Heydər Əliyevin fərmanı ilə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının dünya azərbaycanlıları ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək üçün xarici ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2002-ci ilin dekabrında qəbul edilmiş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanun isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələrini və hüquqi prinsiplərini müəyyən etmişdir. Bütün bu tədbirlər Azərbaycan həqiqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynamış, dünya azərbaycanlılarının bir bayraq altında birləşməsinə güclü təkan vermişdir. Bundan sonra xaricdə yaşayan soydaşlarımız fəallıqlarını xeyli artırmış, xalqımızın başına gətirilən faciələr barədə, xüsusilə 20 Yanvar, Xocalı soyqırımı, erməni terroru, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, azərbaycanlıların öz doğma ev-eşiklərindən, ata-baba torpaqlarından zorla çıxarılması barəsində doğru-dürüst məlumat yaymışlar.

Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan diaspor və lobbisinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə nail oldu. Dövlət başçımız hər dəfə xarici ölkələrə səfər edən zaman orada yaşayan azərbaycanlılarla görüşür, azərbaycanlı icmaların təşkil etdikləri tədbirdə iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı il martın 6-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı daha möhtəşəm oldu. Qurultayın işində 49 ölkədən 1218 nümayəndə, eləcə də 388 qonaq iştirak etmişdir. Qurultayın gedişi bir daha təsdiqlədi ki, I qurultaydan ötən dövrdə xaricdə yaşayan soydaşlarımız arasında əməkdaşlıq daha da möhkəmlənmiş, öz tarixi vətənləri ilə - Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər öz bəhrəsini vermişdir. Dünya azərbaycanlıları arasında milli birliyin təmin olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına öz təsirini göstərmiş, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların gələcəyə olan inamını artırmış, doğma Vətənin maraqları naminə daha sıx birləşərək fəaliyyət göstərmələri üçün zəmin yaratmışdır. Qurultayda Prezident İlham Əliyev ölkəmizin ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanın əldə etdiyi uğurlar, dünya birliyinə inteqrasiyası barədə ətraflı məlumat verdi. Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirilməsində, ölkəmizin haqq işinin qalib gəlməsində, Ermənistanın işğalçı dövlət kimi tanınmasında diasporların, Azərbaycan icmalarının üzərinə böyük vəzifə düşdüyünü onların diqqətinə çatdırdı. Azərbaycan Prezidenti qurultaydakı tarixi çıxışında demişdi: "Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasıda, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Məsələn, mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir".

Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq hazırda onların doğma Vətənlə əlaqələri xeyli genişlənmişdir. İndi onlar Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verir, doğulduqları bölgələrdə abadlıq və quruculuq işlərinə imkanları daxilində kömək edir, yaşadıqları ölkələrdə fəaliyyətlərini gücləndirirlər. Müxtəlif mərasimlərdə fəal iştirak etməklə Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi barədə yerli əhaliyə dolğun məlumatlar verir, Azərbaycanın sülhsevər dövlət olduğunu faktlarla əsaslandırırlar. Dövlətimizin başçısı bu günlərdə dünya azərbaycanlılarına ünvanladığı müraciətində bu məsələni xüsusi vurğulayır: "...Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidir".

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.- 31 dekabr.- S. 7.