1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyası artırıldı

 

Təbiətin amansız qanunauyğunluğundandır ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarının sıraları getdikcə seyrəlir. Dövlətimiz tərəfindən son illər daha çox qayğı göstərilən və diqqət əhatəsində olan bu insanlar hər bir azərbaycanlının qürur və fəxarət ünvanıdır. Ölkə rəhbəri cənab İlham Əliyev də ömrünün ahıllıq çağını yaşayan bu qəhrəman insanların problemlərini daim hər şeydən önə çəkir və bu problemlərin ilk növbədə həll olunması üçün sərəncamlar imzalayır, tövsiyələr, tapşırıqlar verir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il iyunun 22-də “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Həmin tarixdən keçən müddət ərzində müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərəncam çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. “1941-1945- ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”da Dövlət Sosial Müdafiə Fonduna 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi tapşırığı verilmişdi. Bu tapşırığa uyğun olaraq hazırlanan təkliflər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər və əlavələr sırasında yer almışdır. Cənab Prezident tərəfindən təsdiqlənən dəyişikliklər və əlavələr 2010-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Belə ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir ki, artıq fond tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması işinə başlanılıb və bu iş yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 3.