Azərbaycanın ən istedadlı gəncləri ötən ilin yekunlarına görə mükafatlandırılmışlar

 

Ötən ilin yekunlarına görə müxtəlif sahələrdə nailiyyətlər qazanmış Azərbaycanın yaradıcı gəncləri fevralın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində mükafatlandırılmışlar.

 

2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə 2009-cu ildə beynəlxalq və yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda fərqlənənlərə “Gənclər mükafatı” təqdim olunmuşdur.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir ki, gənclər sahəsində görülən tədbirlərin həm kəmiyyəti, həm də keyfiyyəti ilbəil artmaqdadır. Ümumiyyətlə, gənclərin Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsinə ötən ildə də xüsusi diqqət yetirilmişdir.

Nazir Azərbaycan hökumətinin sabahı düşündüyünə görə bu gün gənclərə qayğı göstərdiyini söyləyərək, 2010-cu ildə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə və ölkədə yeni istedadların aşkar olunacağına əminliyini bildirmişdir.

“Gənclər mükafatı”na layiq görülənlər arasında gənc olmasına baxmayaraq, nəinki Azərbaycanda, öz istedadı ilə bütün dünyada şöhrət qazanmış gənclər də var idi. Onların arasında “Eurovision” mahnı müsabiqəsində uğurlu çıxış etmiş Aysel Teymurzadə, İsveçrədə 43-cü caz festivalının qalibi İsfar Sarabski, Polşada 64 xanalı dama üzrə dünya birinciliyində 3 qızıl medal qazanmış Famil Kamilli, 10 yaşadək qızlar arasında şahmat üzrə dünya birinciliyinin qalibi Günay Məmmədzadə və digərlərini göstərmək olar. Ümumiyyətlə, konsertlə müşayiət olunan mərasimdə 40-dək istedadlı gənc mükafatlandırılmışdır.

Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan “Gənclər mükafatı” hər il 2 fevral - Gənclər Günü münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, habelə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmiş yaradıcı gənclərə verilir.

 

 

Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 2.