“Qlobal enerji mənzərəsi”ndə Azərbaycanın mövqeyi aydın və daha işıqlı görünür

 

Dünya İqtisadi Forumunun Davosda keçirilən 40-cı — yubiley toplantısında bu həqiqət bir daha təsdiqləndi

 

Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

2011-ci ildə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi əldə etməsinin 20 ili tamam olacaq. Bu 20 il öz dövlət müstəqilliyini qoruyub saxlayan xalqımız üçün uzun və ağrılı bir dövr oldu. Çünki həm SSRİ-dən, həm də müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik etmiş diletant siyasətçilərdən qalmış çoxsaylı problemlər aradan qaldırılmalı idi. Xalq öz müdrik liderinin rəhbərliyi ilə bu problemlərin hamısını həll edə bildi. Ancaq beynəlxalq ekspertlər və dünya siyasətçiləri Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən keçən dövrü çox qısa müddət kimi qiymətləndirirlər. Hətta bir çox əcnəbi ekspertlər heyranlıqla yazırlar ki, gənc müstəqil dövlət bu qısa müddətdə o qədər islahatları necə aparıb, bütün dünyada təqdir edilən sosial-iqtisadi uğurlara necə nail ola bilib? Yəni kənardan baxan müşahidəçilər Azərbaycanın “qısa müddətdə” əldə etdiyi hərtərəfli nailiyyətlərin reallaşdırılması üçün 20 deyil, daha çox illərin gərək olduğu qənaətindədirlər. Bu baxımdan dövlət başçımızın ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində səsləndirdiyi faktlar və rəqəmlər də dünya ekspertləri tərəfindən maraqla qarşılanırdı.

Azərbaycan Prezidentinin artıq 40 dəfə keçirilən Davos Forumunda iştirakı bir çox cəhətlərdən səmərəli və əhəmiyyətli olmuşdur. Əvvəla ona görə ki, dövlət başçımız səfər çərçivəsində dünyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Bloomberq” İnformasiya Agentliyinə, “The Wall Street Journal” jurnalına verdiyi müsahibələrdə təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də siyasi-diplomatik məzmunda əldə etdiyimiz nailiyyətlərdən söz açmış, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların vəziyyəti ilə dünya ictimaiyyətini növbəti dəfə tanış etmişdir. Prezident bir daha bəyan etmişdir ki, Azərbaycan xalqı və dövləti öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən addımları atmağa hazırdır. Bunun üçün xalqın iradəsi, dövlətin imkanları, dövlət başçısının isə qətiyyəti vardır.

Prezidentin Davos səfərini əhəmiyyətli edən ikinci amil orada forum çərçivəsində təşkil edilən tədbir və görüşlərdən əlavə müxtəlif dövlət və hökumət rəsmiləri və şirkət rəhbərləri ilə görüşüb ikitərəfli maraqlara aid danışıq və müzakirələr aparılması idi. Bu görüşlər bir də ona görə səmərəli və əhəmiyyətli idi ki, həmin görüşlərin hamısı bir müddət əvvəlki təmasların davamı idi. Məsələn, Latviya Prezidenti Valdis Zatlers, İordaniya kralı II Abdullah, İsveçrə Prezidenti Doris Loyhardin, Sloveniya Prezidenti Danilo Türk, Polşa Prezidenti Lex Kaçinski, Britaniyanın Yorq Hersoqu, şahzadə Endryu ilə və başqa rəsmilərlə görüşləri əvvəlki danışıqların davam etdirilməsi baxımından olduqca əhəmiyyətli idi. “Şevron” korporasiyasının vitse-prezidenti Cey Prior, “Edisson” şirkətinin baş icraçı direktoru Umberto Kaudrino, “RWE” şirkətinin baş icraçı direktoru Yurgen Qrosman, bp şirkətinin baş icraçı direktoru Toni Heyvord və başqa rəsmilərlə keçirilən görüşlər isə bilavasitə Davos Forumunun məzmunu baxımından əhəmiyyətli idi. Çünki bu forum bilavasitə dünya iqtisadiyyatının müxtəlif qütblərini təmsil edən mərkəzlərin bir-birinə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Dünya qloballaşdıqca planetin müxtəlif yerlərində formalaşmış iqtisadi imkanların daha dərindən qaynayıb-qarışmasına zəmin yaratmaq Davos Forumunun əsas vəzifələrindəndir.

Dövlət başçımızın forum çərçivəsində keçirilən “Neft və qaz geosiyasəti: yeni sərhədlər” adlı sammitdə iştirakı barədə söz açan ekspertlər ilk növbədə bu sammitin adını yada salırlar. Çünki tədbirin adından da göründüyü kimi, bu sammitdə iştirakçıların əsas diqqət mərkəzlərindən biri məhz Azərbaycan olmuşdur. Çünki Azərbaycan müasir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Üstəlik, Azərbaycan müstəqil siyasət yeritməklə, eyni zamanda etibarlı partnyor kimi möhtəşəm nüfuz qazanmaqla Avropa üçün daha dəyərli bir ünvana çevrilmişdir. Bu baxımdan neft və geosiyasətdəki “yeni sərhədlər” mövzusu Azərbaycanın adının daha tez-tez gündəliyə gəlməsini vacib edirdi.

Dövlət başçımızın Davosda iştirak etdiyi “Qlobal enerji mənzərəsi” mövzulu toplantı isə təkcə Avropanın deyil, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin sabahını düşünən insanların bu sistemin mövcud mənzərəsini öyrənmək istəyi baxımından yüksək dəyərləndirilirdi. Siyasətçilər, dövlət başçıları və müşahidəçilər adı çəkilən iclasda öyrəndilər, baxdılar, müzakirə etdilər və məlum oldu ki, “Qlobal enerji mənzərəsi”ndə Azərbaycanın tutduğu mövqe aydın, bu mövqeyin perspektivi isə daha işıqlı, daha inamlıdır. Doğrudur, qeyd edilən iclasa qədər də dünya siyasətçilərinin Azərbaycan həqiqətləri, ölkəmizin iqtisadi imkanları barədə məlumatları var idi. Ancaq həmin məlumatları bilavasitə dövlət başçımızın öz dilindən eşidən siyasətçilərin respublikamız haqqında bilgiləri daha da zənginləşirdi.

Davosda dövlət və hökumət rəsmilərinin Azərbaycan Prezidentindən eşitmək istədikləri ilk məqam ölkəmizdə hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün müəyyən edilmiş marşrutların istiqaməti ilə bağlı idi. Elə aparıcı da dünya siyasətçilərinin marağını nəzərə alaraq Azərbaycan rəhbərinə ilk olaraq bu sualı vermişdi. Prezident İlham Əliyevin mövqeyi isə Azərbaycan xalqının və dövlətimizin mənafelərinə uyğun, dünya ölkələrinin maraqlarına cavab verən bir şəkildə idi: “İlk növbədə onu demək istərdim ki, enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Biz buna nail ola bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir”. Yəni, Azərbaycan istehsalçı ölkə olaraq istehlakçı ölkələrin, yəni Avropanın maraqlarını təmin edir. Bəs istehsalçı ölkənin — Azərbaycanın maraqları? Təbii ki, söhbət təkcə satılan neftin və qazın haqqından, əldə edilən vəsaitdən getmir. Çünki Azərbaycan öz neftini və qazını müxtəlif istiqamətlərdə sata bilər. Söhbət Azərbaycanın başqa marağından gedir. Artıq həlli 20 ilə qədər uzanan Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalmasının əsas səbəbkarlarından biri də Avropa ölkələrinin ya qətiyyətsizliyi, ya da ikili standartlarla çıxış etməsidir. Ona görə də Prezident İlham Əliyev Davosda xəbərdarlıq edir: “Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər”.

Sonda bir daha yuxarıda qeyd etdiyimiz məqamı yada salaraq əlavə edirik ki, Azərbaycanın təkcə neft-qaz sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdəki siyasəti açıq, xalqımızın və dövlətimizin mənafelərinə cavab verən, eyni zamanda tərəfdaşlarımızın maraqlarına uyğun şəkildə qurulmuşdur. Dövlətimiz və dövlət başçımız bu mövqedə qətiyyətlidir. Təkcə Davos Forumunda deyil, bütün beynəlxalq təşkilatların görmək istədiyi “mənzərədə” Azərbaycanın mövqeyi məhz bu şəkildə olub və olacaqdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 1.