Bugünkü gənclər sabahın qurucularıdır

 

Gəncliyimizin mətanətli, qüdrətli, məqsədyönlü xarakteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Müstəqil Azərbaycan dövlətinin gələcəkdə daha da inkişaf etdirilməsi, beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasında gənclərin üzərinə böyük məsuliyyət düşür. Çünki gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur.

 

Ümummilli lider Heydər Əliyev gəncliyə böyük ümid bəsləyir, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirirdi. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan ulu öndər deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Son illərin kəşməkəşli hadisələrinin, demək olar ki, bütün yükü gənclərin üzərinə düşüb. Gənclik böyük qüvvədir. Bugünkü gənclər sabahın qurucularıdır. Ən başlıcası isə nəzərə almalıyıq ki, gündən-günə mətinləşən, qüdrətlənən milli ordumuzun əsasını gənclər təşkil edir. İgid və mərd gənclərimizdən formalaşmış Azərbaycanın Milli Ordusu bu gün düşmənlərimizə layiqli müqavimət göstərməyə, işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Məhz bu baxımdan gəncliyə, yeniləşən gənc nəslə diqqət və qayğı göstərilməsi daim dövlətin prioritet hesab etdiyi sahələrdən olub.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi vaxtlarda gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli biliyə, geniş dünyagörüşə malik və savadlı olmaları üçün hər cür şərait yaratmışdır. Azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almaları və yenidən doğma Vətənə qayıdıb bilik və bacarığını öz el-obasına, Azərbaycana sərf etmələri əsas vəzifələrdən biri idi. Təbii ki, bütün bunlar ulu öndər tərəfindən böyük ustalıqla həyata keçirilirdi. Ölkənin müxtəlif yerlərində çalışan gənc mütəxəssislər respublikanı bacarıqla təmsil edirdilər. Bu siyasətin əsas məqsədlərindən biri də bacarıqlı, savadlı gəncləri bütün ölkə ərazisinə səpələyərək SSRİ-də Azərbaycan diasporunu yaratmaq idi. Gənclərimizin harada yaşaması və işləmələrindən asılı olmayaraq, əhalinin aşağı və orta deyil, yüksək təbəqəsində mövqe tutmaları üçün bütün imkanlardan istifadə olunurdu. Belə gənclərimiz Azərbaycanın milli sərvəti hesab olunurdu. Ölkənin başqa şəhərlərinə təhsil almağa göndərilən gənclər özləri ilə Azərbaycana yeni nəfəs, yeni düşüncə, yeni bilik gətirirdilər. Onların başqa şəhərlərdə, uzaq vilayətlərdə oxumaları, həmin regionun mühiti, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaları gənclərin hərtərəfli inkişafına kömək edirdi. Bütün bunlara görə gənclərimiz ümummilli lider Heydər Əliyevə borcludur.

Qeyd etmək lazımdır ki, 70-80-ci illərdə ölkənin qabaqcıl məktəblərində təhsil almış azərbaycanlı gənclər sonradan Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdə müxtəlif sahələrdə fəal iştirak etməyə başladılar. Onlar diplomat, hərbçi, təyyarəçi, mühəndis və başqa peşə sahibləri kimi müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət etdilər. Təəssüf edirik ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan naşı, dövlət idarəçiliyində təcrübəsi və qabiliyyəti olmayanların qətiyyətsizliyi ölkəni uçuruma doğru aparırdı. Hakimiyyəti öz əllərində uzun müddət qoruyub saxlamağa cəhd göstərən belələri gənclərə yalan vədlər verərək onları qarşıdurmaya cəlb etmiş, nəticədə qardaşı qardaşla üz-üzə qoymuşlar. Sərhədlərimizi qoruyan gənclərimiz ayrı-ayrı şəxsləri qorumağa təhrik edilmiş, bunun da nəticəsində ölkədə fərarilərin sayı sürətlə artmışdır. AXC-Müsavat hakimiyyəti dövründə demokratiya adı ilə gənclərimizin beynini zəhərləyən bəzi dövlət məmurları özlərinə müdafiə dəstələri düzəldərək, gənclərimizi uçuruma doğru aparmışlar. Hətta bəzi “liderlər” hakimiyyəti ələ almaq üçün gənclərimizi Vətənə xəyanət etməyə də alışdırırdılar. Nə qədər acınacaqlı olsa da, ürəkağrısı ilə qeyd edim ki, belə “liderlərin” yalan vədlərinə aldanaraq ermənilərlə danışıqlara gedən Ruslan Bəşirli ömrünün gənclik illərini həbsxana divarları arasında keçirir. Halbuki, o da digər gənclər kimi bu gün Vətən, xalq üçün nəsə faydalı bir iş görə bilərdi. Gəncləri Vətənə xəyanətə təhrik edənlər isə yenə də asudə gəzir, xarici ölkələrdən aldıqları qrantlar hesabına bahalı maşınlarda gəzir, hər cür şəraiti olan mənzillərdə yaşayırlar. Ümumiyyətlə, ulu öndərin Azərbaycan xalqı, o cümlədən gəncliyi üçün yaratdığı firavanlıqdan, asudəlikdən 1988-1993-cü illərdə əsər-əlamət qalmamışdı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan gənc nəslin formalaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bu sahənin inkişafı üçün bir sıra fərmanlar və sərəncamlar imzalandı, qərarlar qəbul edildi. 1994-cü il iyulun 26-da Prezident Heydər Əliyevin fərmanı ilə respublikada gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Bir qədər sonra isə “Gənclər siyasəti haqqında” Qanun qəbul edildi. Ulu öndərin Azərbaycan gəncliyinə böyük əhəmiyyət verdiyini, qayğı və diqqətlə yanaşmasının ən bariz nümunəsi 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi oldu. Tədbirdə ölkəmizin rayon və şəhərlərinin gənclərinin müxtəlif təbəqələrini təmsil edən 2 mindən çox nümayəndə, ulu öndər Heydər Əliyev hökumət və Milli Məclisin üzvləri iştirak edirdilər. Forumda gənclərin problemləri diqqətlə dinlənildi, bu problemlərin aradan qaldırılması üçün konkret təkliflər irəli sürüldü. Forumun böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan Prezident Heydər Əliyev bu əhəmiyyətli tədbirin keçirildiyi günü — 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi üçün 1997-ci ildə sərəncam imzaladı.

Gənclərimizin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biri kimi ümummilli lider Heydər Əliyevi daim düşündürürdü. Azərbaycanlı gənclərin nüfuzlu beynəlxalq qurumlarda təmsil olunması ilə ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacağını çox yaxşı bilən ulu öndərin gərgin səyi nəticəsində Azərbaycan Avropa Şurasına daxil olmazdan əvvəl Azərbaycan gəncliyi Avropa Şurasının Gənclər və İdman Departamentinin tam hüquqlu üzvü olmuşdu. Bu da Azərbaycanı dünyada tanıtmaqda gənclərimizin aparılan demokratik islahatlarda, regional layihələrdə fəal iştirak etmələrində böyük rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı və beynəlxalq aləmə inteqrasiyası bunlarla bitmir. Bu gün Azərbaycan gəncliyinin dünya miqyasında böyük uğurlar qazanmasında tarixi şəxsiyyətin əməyi hər addımda duyulur. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycan gənclərinin həyatında əsaslı dönüş yarandı. İlk növbədə, gənclərin sağlam və fiziki cəhətdən qüvvətli yetişmələri məsələsi gündəmə gəldi. Dövlət başçımızın yüksək qayğısı nəticəsində Azərbaycan idmançılarının xoş sədaları Avropa, dünya və Olimpiya turnirlərindən eşidildi. Azərbaycan Prezidenti gənc idmançıları ruhlandırmaq üçün onların iştirak etdikləri beynəlxalq yarışları çox vaxt tribunalardan izləyir. Bu mənəvi dayaq idmançıları daha əzmkarlığa sövq edir. Məhz bunun nəticəsidir ki, son illər gənclərimiz mötəbər yarışlardan doğma Vətənə medallarla dönürlər. Vətənə döndükdən sonra isə dövlət başçısı onları qəbul edir, yüksək mükafatlarla təltifləndirir.

Gənclərin işsizlik problemi də ciddi narahatçılıq doğuran məsələlərdən biri idi. Artıq bu problem də aradan qaldırılmaq üzrədir. Son altı ildə Azərbaycanda 840 mindən çox yeni iş yerinin açılması gənclərin məşğulluq probleminin aradan qaldırılmasında böyük rol oynamışdır. Dövlət başçımızın gəncliyə yüksək diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri beynəlxalq aləmdə yüksək fəallıq nümayiş etdirirlər. Gənc azərbaycanlıların Rusiyada və digər ölkələrdə bir çox klublar təşkil etməsi dediklərimi təsdiqləyən faktlardır. Belə klublarda gənclərin təşkil etdikləri tədbirlər Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Məsələn, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Rusiyanın müxtəlif guşələrində yaşayan, işləyən, təhsil alan, tarixi Vətəni ilə sıx əlaqə saxlamağa çalışan gənc azərbaycanlıları bir yerə topladı. Bu gənclər təşkilatının təşəbbüsü ilə Rusiyanın gənclər təşkilatlarının nümayəndələri Azərbaycana gəlir, burada yaşıdları ilə görüşür, təcrübə mübadiləsi aparır, mövcud problemləri müzakirə edir, yeni dostlar tapır və Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olurlar.

Bu günlərdə Uqandanın paytaxtı Kampala şəhərində keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının VI sessiyasında Azərbaycan üçün çox mühüm hadisə baş vermişdir. Bu xoş hadisənin baş verməsində gənclərimizin böyük rolu olmuşdur. Belə ki, əlli bir ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi tədbirdə İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə “İKGF ilə İKT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Bu, gənclərimizin beynəlxalq aləmdə yüksək fəallığından xəbər verir.

Gənclik çox böyük qüvvədir. Dövlətimizin başçısının bu qüvvəni düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərir. Unutmamalıyıq ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 4 fevral.- S. 3.