Beynəlxalq maliyyə təşkilatları ölkəmizə
investisiya qoyuluşunun
həcmini artırır
Dünya Bankının ölkəmizlə
bağlı siyasətinin 2010-cu il üzrə başlıca
istiqamətləri magistral yolların və nəqliyyat
infrastrukturunun yenidən qurulması, enerji sisteminin modernləşdirilməsi,
su təchizatı və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, kənd
investisiyalarının təmin olunması,
suvarma-paylayıcı sistemi və idarəedilməsinin təkmilləşdirilməsi,
maliyyə xidmətlərinin inkişafı, korporativ idarəetmənin
dərinləşdirilməsi ilə bağlı layihələri
əhatə edir.
Bank, bundan başqa, təhsil
sektorunun inkişafı, pensiya və sosial təminat sistemində
islahatlara dəstək, sosial müdafiənin gücləndirilməsi,
səhiyyə sektorunda islahatların davam etdirilməsi və
digər layihələrə kredit ayırmaq niyyətindədir.
Dünya Bankı ilə yanaşı, bu nəhəng təşkilatın
aparıcı strukturlarından biri olan Beynəlxalq Maliyyə
Korporasiyası da 2010-cu ildə Azərbaycanın infrastruktur və
maliyyə-bank sektorunda bir sıra layihələrin maliyyələşdirilməsini
davam etdirəcək. Ümumilikdə, hər iki maliyyə
institutu ötən illərdə həyata keçirilən
layihələrdə iştirak etməklə yanaşı,
yeni layihələrə kredit ayrılmasında təmsil
olunmaq niyyətindədir.
Dünya Bankının
Bakı nümayəndəliyinin açıqlamasına əsasən,
2010-cu ildə qurumun maliyyələşdirəcəyi ilkin
layihələr yol şəbəkəsinin modernləşdirilməsi
və infrastrukturun yenidən qurulması ilə bağlı
olacaq. Yaxın vaxtlarda Bankın Direktorlar Şurası həmin
sahələr üzrə vəsaitlərin respublikamıza
verilməsini təsdiq edəcək. Xatırladaq ki, DB indiyədək
ölkəmizdə təkcə nəqliyyat sektoruna 1 milyard
dollardan artıq investisiya yatırıb. İpək yolu, Azərbaycandan
Rusiya sərhədinədək olan yolun çəkilişi və
digər yol infrastrukturu layihələrinə maliyyə vəsaitlərinin
yönəldilməsində əsas donor qurum da məhz
Dünya Bankıdır.
Bankın Cənubi Qafqaz
üzrə missiyasının ötən il ölkəmizə
səfəri zamanı Azərbaycan hökuməti ilə
apardığı danışıqların əsas məzmunu
da investisiya siyasətinin davam etdirilməsi ilə bağlı
olub. DB Rusiya və İran sərhədinədək olan istiqamətlərdə
magistral yolların yenidən qurulmasını maliyyələşdirməyə
razılıq verib. Ötən ilin dekabr ayında tərəflər
arasında imzalanmış kredit müqaviləsinə əsasən,
bankın ölkəmizin dəmiryol xəttinin yenidən
qurulmasına 450 milyon dollar həcmində kredit ayırması
nəzərdə tutulub. Kredit çərçivəsində
Bakı-Böyük Kəsik istiqamətində 503 kilometr
uzunluğunda dəmiryolunun əsaslı təmir edilməsi və
50 yeni lokomotivin alınması planlaşdırılır. Layihəyə
əsasən, dəmiryolunun modernləşdirilməsi və
xidmətlərin təkmilləşdirilməsi, eləcə də,
rəqabət qabiliyyətinin təmin edilməsi iqtisadi
effektivliyin artmasına səbəb olacaq,
daşınmaların tezliyi xeyli yüksəlmiş olacaq. Qeyd
edək ki, layihənin icrasının bu ildən
başlanması nəzərdə tutulur.
DB-nin 2010-cu ildə yol-nəqliyyat sistemində maliyyələşdirmək istədiyi layihələr sırasına yol hərəkətinin tənzimlənməsi, paytaxtın mərkəzi küçələrinin modernləşdirilməsi, bölgələri paytaxtla birləşdirən 1-ci dərəcəli yollarla birlikdə Bakı və şəhərətrafı yol təsərrüfatının yenidən qurulması layihələri də daxildir. Bu layihələrə 1 milyard 500 milyon dollara yaxın vəsaitin xərclənməsi planlaşdırılır. Onu da qeyd edək ki, Azərbaycan hökuməti ilə DB perspektivdə şəhərin mərkəzindəki tıxacların aradan qaldırılması üçün paytaxtla ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsini nəzərdə tutan iri layihə ilə bağlı danışıqlar aparıb və razılığa gəliblər. Həmin layihə çərçivəsində paytaxtın bir sıra prospekt və küçələrindəki yolların genişləndirilməsi, 2-3 mərtəbəli yol şəbəkələrinin salınması, avtomobillərin həm üfüqi, həm də şaquli hərəkəti üçün yeraltı keçid və tunellərin inşa edilməsi planlaşdırılır. Yol hərəkətinin tənzimlənməsi layihəsi çərçivəsində əlavə 4 dairəvi yolun çəkilişinə başlanılacaq. Tıxacların qarşısını almaq üçün süzgəc formasında dairəvi yollar tikiləcək. Suraxanı-Zabrat, Binəqədi-Dərnəgül, Tbilisi prospekti, Bayıl-Sahil qəsəbəsi və digər istiqamətlər üzrə belə yolların inşasına start verilməsi planlaşdırılır. Həmin yollar paytaxtın magistral yollarında və prospektlərdə hərəkətin stimullaşdırılmasına xidmət göstərəcək.
Dünya Bankının aparıcı maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) da ölkəmizdə iri investisiya layihələri ilə iştirak etməkdədir. Korporasiya ötən illər ərzində infrastruktur, sənaye, bank və maliyyə sektoruna böyük həcmdə kredit ayırıb. BMK ölkəmizdə ipoteka kreditlərinin verilməsində yaxından iştirak etmək niyyətindədir. Təşkilat Azərbaycanın ipoteka bazarının inkişafı layihəsinin maliyyələşdirilməsində İpoteka Fondu ilə əməkdaşlıq edəcək. BMK kommersiya banklarına da maliyyə yardımı göstərəcək ki, həmin vəsaitlər ipoteka kreditləri məqsədilə istifadə olunacaq. Ümumiyyətlə, BMK kommersiya banklarına ipoteka proqramlarını həyata keçirməkdə və təkmilləşdirməkdə birbaşa köməklik göstərməyi planlaşdırır.
Dünya Bankının Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyasının istiqamətləri də geniş sahələri əhatə edəcək. Bankla respublikamız arasında məhsuldar əməkdaşlığın müvəffəqiyyətlə davam etməsi perspektivdə daha yeni investisiya layihələrinin gerçəkləşməsinə əlverişli zəmin yaradır.
Bu il ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən investisiya layihələrindən biri barədə də qısaca söhbət açaq. Yanvarın 21-də İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə “Marcin International” və “MYBA Agro Procects” şirkətləri arasında Xaçmaz rayonunda istixanaların, şitillik, soyuducu anbar, çeşidləmə və qablaşdırma sexinin qurulması layihəsinin həyata keçirilməsi məqsədilə birgə təsis edilən “AzAgroExport” MMC müştərək müəssisəsinin təsis müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Layihə barədə məlumat verən Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, yaradılmış əlverişli biznes mühitinin xarici sərmayəçilərdə Azərbaycan iqtisadiyyatına marağı daha da artırdığını vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçısının “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Daxili istehsalın artırılması, ixracyönümlü və idxalı əvəz edən məhsulların istehsalı, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici investisiyaların yönəldilməsi AİŞ-in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, AİŞ yeni investisiya layihələrinin müəyyənləşdirilməsi üçün yerli və beynəlxalq investorlarla yaxından əməkdaşlıq edir.
AİŞ-in Müşahidə Şurasının yanvarın 16-da keçirilmiş iclasında şirkətin Xaçmaz rayonunda inşa olunacaq müasir istixana kompleksi layihəsinə investisiya qoyulması barədə qərar qəbul edilmişdir. Bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Ümumi dəyəri 29,5 milyon ABŞ dolları olan layihəyə əsasən, yaradılacaq kompleksə istixanalarla yanaşı, şitillik, çeşidləmə və qablaşdırma sexi, soyuducu anbar və inzibati bina daxildir.
Azərbaycan İnvestisiya Şirkətinin və “Marcin International” şirkətinin hər birinin layihədə iştirak payı müvafiq olaraq 36,5 faiz, “MYBA Agro Procects” şirkətinin iştirak payı isə 27 faizdir. Layihənin həyata keçirilməsi nəticəsində
ölkə iqtisadiyyatına
18,8 milyon ABŞ dolları
həcmində xarici investisiya cəlb olunacaqdır. AİŞ-in layihədə investisiya qoyuluşu 10,7 milyon ABŞ dolları təşkil edəcək. Layihəyə
əsasən, il ərzində kompleksdə
1,4 milyon şitil, 6
min ton tərəvəz yetişdirilməsi,
istehsal olunan məhsulun 75-85 faizinin ixrac edilməsi, qalan hissəsinin isə yerli bazarlarda satılması nəzərdə tutulur.
Layihə ölkəmizin ixrac potensialının artırılması,
Azərbaycan mənşəli
məhsulların xarici
bazarlarda müsbət
imicinin formalaşması
və müasir texnologiyaların tətbiqi
baxımından əhəmiyyətlidir. Layihəyə
əsasən, 200-dən çox
daimi iş yerinin açılması
nəzərdə tutulur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 6.